Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:10

Fəzail Ağamalı: «Biz ya İlham Əliyevdən imtina etməli idik, ya da Zahid Orucdan»


Fəzail Ağamalı
Fəzail Ağamalı
-
«Zahid Oruc partiyadan qovulmayıb. O, partiya üzvlüyündən çıxarılıb».

Bunu AzadlıqRadiosuna Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı müavini Zahid Orucun partiyadan çıxarılmasına münasibət bildirərkən deyib:

«Partiyanın 6-cı qurultayında qərar qəbul olundu ki, partiyamız İlham Əliyevin namizədliyini dəstəkləyir. Partiyanın bu qərarından sonra Zahid Oruc prezidentliyə namizədliyini verdiyi üçün biz də belə bir addım atdıq. Biz ya İlham Əliyevin namizədliyindən imtina etməli, ya da Zahid Orucu partiyadan çıxarmalı idik. Təbii ki, qurultayın qərarı qüvvədə qaldı və Zahid Orucu partiyadan azad etdik. Düşünürəm ki, problem bununla da öz həllini tapdı».

«NECƏ BİR YERDƏ OTURA BİLƏRİK?»

Fəzail Ağamalı bundan sonra parlamentin iclaslarında yenə də Zahid Orucla bir yerdə oturub-oturmayacağı barədə yazılanlara da aydınlıq gətirib:

«O, Ana Vətən Partiyasında yoxdursa, biz onunla necə bir yerdə otura bilərik?».

«Bəs kim yerini dəyişəcək» sualına partiya sədri belə cavab verib:

«Mən niyə yerimi dəyişməliyəm ki?».

Zahid Oruc
Zahid Oruc
ZAHİD ORUC: «DÜNYANIN XƏLQ OLUNMASININ BAŞLANĞICINDA DA BİR QOVULMA VAR»

Məsələyə Zahid Oruc da münasibət bildirib. O, partiyadan qovulmadığını deyib:

«Mənim partiyadan çıxarılmağımla bağlı yazılan xəbərlərin heç biri əlavə və əlahiddə mənfi emosiya doğurmayıb. Bundan sonra da doğurmayacaq. Partiya sıralarından azad olunmağımı sual yox, nida formasında qəbul etmişəm. Nida da o anlamı daşıyır ki, biz daha azad, daha müstəqil şəkildə seçki kampaniyasına qoşulmaq iradəsindəyik. Nidalı obraza birini də əlavə etmək istəyirəm: Dünyanın xəlq olunmasının başlanğıcında da bir qovulma var. Bu, Adəm babamızda da olub. Amma mən cənnət almasını qətiyyən yeməmişəm. Bu üzdən bir xüsusi günahı daşıdığımı da düşünmürəm. Bir qurum öz qərarını qətiləşdirib bu yolda addımlayacaqsa, biz onlara da uğurlar arzulayırıq».

Parlament iclasında Fəzail Ağamalı ilə bir yerdə oturub-oturmayacağına gəlincə, Zahid Oruc bunu gələcəyin öhdəsinə buraxdığını deyib:

«Mən ən adi kreslolarda da oturmağa hazıram. Bu baxımdan da məsələ qarşıdakı dönəmdə cavabını tapacaq. Bu, problem deyil».
XS
SM
MD
LG