Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:45

Seçimli abortlar


Arxiv foto
Arxiv foto
-

Nino Xaradze


Təxminən 4 ay öncə Gürcüstan patriarxı özünün Pasxa müraciətində abortun yasaqlanmasını təklif edib. Aborta tam qadağa qoyulmasının qorxulu tərəfləri təkcə səhiyyə sistemində deyil, parlament komitəsində də dartışılıb.

Şəxsi əqidəsinə görə abort etməyən mama-ginekoloq Mziya Gambashidze deyir:

«Nəbadə. Qadağan olunarsa, qanunsuz edəcəklər. Kommunizm dövründə antisanitariya ucbatından çox qadın ölüb, belə ölümlərə görə ginekoloqlar həbsə atılırdı. Qadağalar çıxış yolu deyil. Bununla məsələni həll etmək olmaz».

Səhiyyə haqqında qanuna görə, yalnız lisenziyası - rəsmi icazəsi olan həkimlər lisenziyalı tibb ocaqlarında könüllülərin hamiləliyini sonlandıra bilərlər. Hamiləyə 12 həftəlik dölün abortu zamanı düşünmək üçün 3 gün vaxt verilir. Seçim qadının ixtiyarına buraxılır. Qanuna görə, 12 həftədən sonra abort yalnız tibbi və sosial göstərişlə mümkündür.

Qeyd edək ki, məhz 12-ci həftədə ultrasəs müayinəsi ilə uşağın cinsini müəyyənləşdirmək olar.

«ABORT ÜÇÜN HƏKİM RƏYİ TƏLƏB OLUNACAQ»

Parlamentin səhiyyə komitəsinin sədri Dimitri Khundadze 12 həftəlik müddətin azaldılmasına razı deyil. O, parlament tətildən qayıdan kimi - sentyabr ayında sağlamlığın qorunması qanununa müəyyən tənzimləyici düzəlişlər ediləcəyini də bildirir.

Dimitri Khundadze
Dimitri Khundadze
Deputatın sözlərinə görə, hamiləliyin sonlandırılması üçün hamiləyə verilən möhlət 3 gündən 5 günə qaldırıla, ailəni bu addımdan çəkindirməkdən ötrü psixoloq məsləhəti də təklif oluna bilər. Abort üçün həkimdən rəsmi rəy istənməsi də mümkündür:

«Abort etdirmək üçün həkim rəyi tələb olunacaq və bu əməliyyat valideynlərin razılığı ilə baş verəcək. Bu, həm də qadın hüquqları ilə bağlıdır. Biz uşağın cinsinə görə tibbi yönləndirmə və müdaxilələlərə imkan yaratmamalıyıq».

Dimitri Khundadze ötən ay baş nazirin təşəbbüsü ilə yaradılan Gürcüstan Demoqrafik Oyanış Fondunun da nümayəndəsidir. Dediyinə görə, fond hazırda aborta qarşı layihə üzərində çalışır. Hamilələr üçün məsləhətlərin təşkili və bu işə psixoloqların cəlb edilməsi də nəzərdə tutulub.

TƏBİİ DOĞUŞA 500, QEYSƏRİYYƏYƏ 800 LARİ...

Dimitri Khundadze-nin fikrincə, vahid sığorta sistemi çərçivəsində sosial müdafiəsiz ailələlərin maliyyələşdirilməsi də abort statistikasına müsbət təsir göstərəcək. İyulun 1-dən - sağlamlığın vahid sığorta sistemi işə düşəndən bəri hər təbii doğuşa 500 lari (təxminən 250 man. – red.), qeysəriyyə əməliyyatına 800 lari (400 man. – red.) ödənilir.

Dimitri Khundadze deyir ki, artıq layihə çərçivəsində 4 min doğuş ödənilib və bu statistika yaxşılaşmaqdadır. Deputatın fikrincə, beləcə, mövcud durum dəyişəcək və abort istəyən qadınların sayı azalacaq. Onun sözlərinə görə, selektiv abortlara yol açan və sayca çoxaldan əsas amillərdən biri elə sosial şərtlərdir:

«Çoxları yoxsulluğa görə həkimə gedə bilmirdi. Doğuş üçün pulu olmadığından, çıxış yolunu abortda görürdülər. Fikrimcə, abort və onun aqibəti mövzsusunda ideoloji iş aparmalı olacağıq».

ABORTU QADAĞAN ETMƏK LAZIMDIR...

Nino Tsikhistavi
Nino Tsikhistavi
«Qafqaz Qadınları Şəbəkəsi»nin rəhbəri, hüquq müdafiəçisi Nino Tsikhistavi Avropa Birliyi Parlament Assambleyasının bir neçə il öncə dərc etdirdiyi məlumatları xatırlayır. Həmin məlumatlarda Gürcüstanın ən çox selektiv abort edən 4 ölkədən biri olduğu qeyd edilirdi. Hüquq müdafiəçisinin fikrincə, problemi çözmək üçün ciddi qanunverici platforma yaratmaq lazımdır:

«Selektiv abortun sayını minimuma endirmək lazımdır. Qanunvericiliklə yanaşı, bütün hüquqi sistem aborta qarşı durmalıdır».

AzadlıqRadiosunun Gürcüstan xidməti abortla bağlı paytaxt sakinlərinin münasibətini öyrənib. Əksəriyyət problemin seksual məsələlərdəki bilgisizlikdən və sosial problemlərdən qaynaqlandığını düşünür:

- Abort yalnız həkim göstərişi ilə olmalıdır. Arzuolunmaz hamiləlik bilgisizliyin nəticəsidir, Günləri saymağı öyrətmək, ya da prezervativdən istifadə etmək lazımdır.

- Abort ən böyük günahdır. Ancaq çoxlu uşağı necə böyüdəsən, necə yedirdəsən?...

- Aborta yalnız zəruri hallarda icazə verilməlidir. Bütövlükdə isə abortu qadağan etmək lazımdır.
XS
SM
MD
LG