Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:35

Tələbə oğluna kirayə ev axtaran ata: «O evlərdə heyvan da saxlamazlar»


Foto: Arxiv
Foto: Arxiv
-
– Neçəyə ev axtarırsan, söylə, sənin üçün sərfəli qiymətə nəsə tapaq...

– Bahadır, o qiymət çox bahadır...

– Ondan ucuzunu tapmaq da çətindir...

İndi kirayə ev bazarında alverin şıdırğı dövrüdür. Ali məktəblərdə dərslərin başlanmasına daha az vaxt qaldıqca, kirayə ev axtaranların da sayı çoxalır. Ev dəllalları deyir ki, yəqin bu üzdən kirayə qiymətlərin də ən baha vaxtıdır.

TƏLƏBƏLƏR HƏYƏT EVLƏRİNƏ ÜSTÜNLÜK VERİR

Ev dəllalı Əmir Məmmədovun dediyinə görə, indi onlara ən çox tələbələr üz tutur:

«Həmişəki kimi Bakıya axın çoxdur. Tələbələri də bunun üstünə gələ bilərik. Qiymətlərdəki bahalaşma da bu səbəbdəndir. Birotaqlı, şəraiti – içində avadanlığı, olan evin qiyməti 350 manatdır. O da şəhərin mərkəzi hissəsində yox a, «Nərimanov», «Gənclik» metrosu tərəfdə. Bu üzdən tələblər daha çox həyət evlərində qalmağa üstünlük verir. Ev sahibi ilə eyni həyətdəki bir otağın qiyməti 160-180 manatdır. Danışıb qiyməti 20 manat da aşağı salmaq olur...».

Ucarlı Vaqif Əzizli ali məktəbə girəndə çox sevinib, amma indi o sevincdən əsər-əlamət qalmayıb.
Foto: Arxiv
Foto: Arxiv
Oğlunun kirayə mənzil müşkülünü çözmək üçün atası da rayondan gəlib. O da, Vaqif də ev axtarmaqdan yorulublar:

«Bahalıqdır – 200-250 manatdan aşağı ev yoxdur. Ucuz qiymətə evlər var, ancaq onlar da zirzəmiyə oxşayır. Orada necə dərs oxuya bilərəm?».

«KƏNDDƏ O EVLƏRDƏ HEYVAN DA SAXLAMAZLAR»...

Vaqifin atası Nəriman Əzizli deyir ki, təklif edilən həyət evlərinin çoxu onu xeyli təəccübləndirib:

«Nə bilim, vallah. Bu üç gündə mənə elə evlər göstəriblər ki, kənddə o evlərdə heç heyvan saxlamazlar. Bu uşaq orada necə qala bilər? Canım çıxacaq, daha yaxşı ev axtaracağam. Yəqin o da xeyli baha olar».

ÖTƏN İLƏ BAXANDA, KİRAYƏ QİYMƏTLƏRİ 20 FAİZDƏN ÇOX ARTIB

Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin sədri Ramil Osmanlının dediyinə görə, iyulun əvvəlindən avqustun sonlarına, bəzən sentyabrın ortalarınadək kirayə bazarında qiymətlər yüksək olur.
Ramil Osmanlı
Ramil Osmanlı
Bahalığın bir səbəbi də yataqxanalarda yer tapmayan tələbələrin sayca çoxluğudur. Bu il satlıq ev qiymətlərinin yüksəlməsi də kirayə qiymətlərini artırıb:

«Bu da bazar üçün xarakterikdir. Mənzillərin qiyməti bahalaşanda kirayə qiymətləri də ona uyğun artır. Kirayə qiymətlərində ikitərəfli artıma yol açılır. Ötən ilin eyni dövrü ilə müqayisədə kirayə qiymətlərində 20 faizdən çox artım var. Bu gün bazarda ortatəmirli, tam kommunal şəraitli, təchizatlı birotaqlı mənzillərin minimal kirayə qiyməti 250 manatdan başlayır. Fərdi yaşayış evlərində qiymətlər nisbətən ucuz olsa da, belə evlər ya şəhər mərkəzindən uzaqdadır, ya da lap ucqarlarda».

Sözügedən ictimai birliyin araşdırmalarına görə, Bakının mərkəzində kirayə ev istəyən gərək azı 1000 manatı gözdən çıxarsın. Orta qiymət 1146 manatdır. Ən ucuz qiymət Sabunçu, Suraxanı, Xəzər və Qaradağ rayonlarında təklif edilir – ortalama 274 manat. Şəhər mərkəzinə daha yaxın 2-ci və 3-cü ərazilərdə orta qiymət təxminən 740 manatdır.

Bəs tələbələr niyə yataqxanalarda qala bilmirlər? Hansı xoşbəxt tələbələr yataqxanada yer tapırlar? Hansı ali məktəblərin yataqxanası var? Belə sualların cavablarını AzadlıqRadiosunun növbəti reportajlarında izləyə biləcəksiniz.
XS
SM
MD
LG