Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:43

Özəl TV-lərin 20 milyon manatı itirməkliyi


Foto: Arxiv
Foto: Arxiv
-
Sentyabrın 2-də ödənişli təşviqata qoşulan media orqanlarının müraciət vaxtı bitdi. Mərkəzi Seçki Komissiyasına müraciət edənlər arasında 21 xəbər agentliyi, 26 qəzet və jurnal var. Dörd TV və radio da seçki reklamlarından qazanmaq istəyini bildirib. Söhbət İTV-dən, «Visiontv.az» və «SİYASƏT Azərbaycan» internet televiziyalarından və «Gənclərin səsi» internet radiosundan gedir.

Dövlətdən maliyyələşən AzTV-nin yenə bu kanallar arasında olmaması öz yerində, amma özəl telekanalların ödənişli seçki reklamlarına biganəliyi həm diqqət çəkir, həm də ayrıca sual doğurur: Bu telekanallar seçki pulundan niyə boyun qaçırırlar? Axı ictimai rəydə hələ də özünü təsdiqləməyən teleserialların çəkilişinə görə məmnuniyyətlə dövlət xəzinəsindən pul uman və MTRŞ vasitəsilə alan TV-lər bundan qat-qat artıq maliyyə qaynağından niyə imtina edirlər? Suallar həm də o üzdən aktual sayılır ki, seçkiylə bağlı layihələr üzərində çalışdıqlarını özəl televiziyaların özü dilə gətirmişdi. Son bənzər məlumatı bir müddət öncə Space TV-nin səlahiyyətli təmsilçisi MediaForum saytına bildirmişdi.

Bütün bunları nəzərə alaraq, TV-lərin ödənişli təşviqatdan imtina qərarından doğan sualları həmin TV-lərə ünvanlasaq da, onların heç biri AzadlıqRadiosuna imtinanın səbəbini açıqlamadı.

İMTİNA DAHA BÖYÜK GƏLİR GƏTİRİB?

Ötən seçkilərdə medianın monitorinqini həyata keçirmiş «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev özəl kanalların seçki reklamından imtinasını «absurd» sayır.
Arif Əliyev
Arif Əliyev
Axı, normal halda, telekanallar auditoriyanı genişləndirmək və yüksək gəlir əldə etmək üçün məhz seçkilərin intizarını çəkir:

«Bu imtinaya telekanallar ancaq o halda razılaşarlar ki, həmin imtina onlara bu kampaniyaya qatılmaqdan daha çox gəlir gətirsin. İkinci vacib məqam ictimai maraqdır. Araşdırmalara görə, ictimaiyyətin 95-96 faizi üçün telekanallar hələ də əsas informasiya mənbəyidir. Medianın məqsədi ictimai maraqlara xidmət etmək, onu maraqlandırmaqdır. Faktiki olaraq telekanallar cəmiyyəti maraqlandırmaqdan və məlumatlandırmaqdan imtina ediblər».

Arif Əliyevin fikrincə, telekanallar bununla göstərdilər ki, onlardan ötrü siyasi qərar və məqsədlər ictimai maraqlardan daha üstündür. Media eksperti belə düşünür ki, telekanallar, əslində, cəmiyyəti informasiyadan məhrum qoyaraq bir növ təbliğat kampaniyasını korşaltmağa çalışıblar. Onun dediyinə görə, yerli teleşirkətlərin öz auditoriyasının maraqlarına biganəliyi göz önündədir. Yəni, normal media bazarında işləyən bu mühüm stimul Azərbaycanda işləmir.

36 SAAT ALTERNATİV FİKİR

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, özəl televiziyaların ödənişli seçki təşviqatından imtinası onları yönəldən «gözəgörünməz əl»in göstərişidir və məqsəd alternativ çıxışları minimuma endirməkdir.
Ələsgər Məmmədli
Ələsgər Məmmədli
Faktiki olaraq, istər dövlət kanalında, istərsə İTV-də namizədlərdən ən çox təbliğ olunan şəxs indiki prezidentdir:

«Hər həftə 6 kanal 6 saatadək vaxt ayırsaydı, 36 saat efir müddəti alınardı. Yəni, cəmiyyət 36 saat təşviqat eşitmiş olacaq və beləcə, alternativ fikirlər də ciddi şəkildə cəmiyyətdə yayılacaqdı».

4 MİLYON MANATLIQ İTKİ

Hüquqşünasın fikrincə, telekanalların görünən deyil, görünməz sahibləri, əslində, alternativ rəyin formalaşmasından ehtiyatlanır və alternativ namizədləri mümkün qədər təşviqatdan kənarda saxlayırlar. Onun dediyinə görə, telekanal sahibləri müstəqil olsaydılar, uyğun qiymətə minimum 6 saatlıq pullu efir vaxtından maksimum yararlanardılar. Yararlanmırlarsa, demək, asılı olduqlarını göstərirlər:

«Bir telekanal kampaniya dönəmində 6 saatdan 18 saatadək efir vaxtı ayıra bilər. Dəqiqəsi 3 min manatdan hesablayanda, bir saat 180 min manat edir. 18 saat ayıra bilirsə, bunu 180 minə vuranda, təxminən 3 milyon 600 min manat edir.
Seçki plakatı
Seçki plakatı
Yəni, bir telekanal həftəyə 6 saat ayırsa, bu, kampaniya boyu təxminən 4 milyon manat qazanc deməkdir. Ağlı başında olan hansı biznesmen bu puldan boyun qaçırar?».

ATƏT-in 2010-cu il parlament seçkilərinə dair hesabatında bildirilirdi ki, ölkənin əsas telekanalları seçki kampaniyasına çox az efir vaxtı ayırıblar. İctimai TV hər namizədə dörd dəqiqə pulsuz efir ayırmaqla yanaşı, pullu siyasi reklam da verən yeganə kanaldır. Hesabatda o da vurğulanırdı ki, rəsmi seçki kampaniyası dövründə seçki xəbərləməsində daha çox prezidentin, hökumətin və hakim partiyanın fəaliyyətinə geniş yer ayrılır. Üstəlik, dövlət rəsmilərinin işini müsbət baxımdan işıqlandırmaq meyli aydın sezilir, onların haqqında müstəqil və tənqidi fikirlərə, demək olar, rast gəlinməyib. Bütün ölkəni əhatələyən AzTV-nin seçki kampaniyasında bütün namizədlərə eyni gözlə yanaşmağa dair heç bir öhdəliyi yoxdur. Dövlət büdcəsindən maliyyələşdirilən bu televiziya, ATƏT-in sözügedən hesabatına görə, prezidentə, onun xanımına, hökumət rəsmilərinə gen-bol efir ayırıb. Özəl Space TV, Lider TV, ATV, Xəzər TV də AzTV-nin mövqeyinə oxşar mövqe sərgiləyib. ANS hakimiyyətə daha çox yer ayırsa da, İctimai TV kimi müxalifət namizədlərinə dair xəbərlər də yayıb. Nüfuzlu beynəlxalq qurum – ATƏT son parlament seçkilərində medianın seçki dönəmindəki fəaliyyətini belə qiymətləndirmişdi.

Qapını prezident seçkiləri kəsib, amma «Azərbaycan mediası, özəlliklə telekanallar necə davranacaq» sualının cavabı, hesabı öncədən bilinən futbol matçına bənzəməkdədir.
XS
SM
MD
LG