Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:27

Çobanyastığı və... prezident seçkisi


Seçki ilə çobanyastığının nə əlaqəsi var?
Seçki ilə çobanyastığının nə əlaqəsi var?
-
«Düzü, çobanyastığını heç başa düşmədim. Balam, «romaşka» hara, seçki hara? Qabaqlar – biz məktəbdə oxuyanda, qarşımıza çobanyastığı çıxınca, götürüb «sevir, ya sevmir?»i sınaqdan çıxarardıq. İndi bu çiçəyi seçki plakatında görüncə mat qaldım və özüm özümdən soruşdum ki, görəsən, seçki ilə çobanyastığının nə əlaqəsi var?».
46 yaşlı Bakı sakini Lətafət Əliyevanı təəccübləndirən Mərkəzi Seçki Komissiyasının prezident seçkilərinə çağıran plakatlarının birində əks olunmuş çobanyastığıdır. Kənarında da yazılıb ki, «Bu, sənin seçimindir».

PREZİDENTİ SEVƏRLƏR, YOXSA SEÇƏRLƏR?

Prezident seçkilərinə çağıran plakatlarda «Sənin səsin həlledicidir», «Hamılıqla səs verək», «Prezidenti sən seçəcəksən», «Səs verin, gələcəyinizi seçin», «Seçkiyə qatıl, səs ver, arzularına daha yaxın ol» və s. şüarlar gözə dəyir.

Psixoanalitik Elmir Əkbər deyir ki, seçki kampaniyaları hər bir ərazinin etnik psixologiyasına uyğun hazırlanmalıdır ki, camaatı cəlb edə bilsin. Onun fikrincə, indiki plakatlarda yazılan müraciətlər sovet dövründəki «Ana Vətən çağırır!» tipli şüarları xatırladır. Çobanyastığının əks olunduğu plakat Elmir Əkbərin də diqqətini çəkib:
Elmir Əkbər
Elmir Əkbər

«Çobanyastığına gəlincə, bəlkə düşünüblər ki, müəyyən yumşaqlıq və ünsiyyət ortamı yarada bilərlər. Amma bu, qeyri-ciddilik yaradır. Axı psixologiyada belə bir anlayış var – assosiativ düşüncə. Yəni, bir şeyin adını çəkincə, ya da görüncə nə xəyalına gəlirsə, o... Çobanyastığı vasitəsilə kim seçim edir? Yəqin ki, hələ düşüncəsi, ağlı tam formalaşmayan, fikri qətiləşməyən yeniyetmə. Belə çıxır ki, bu yeniyetmə ağlıyla, ürəyiylə deyil, yalnız çobanyastığının doğurduğu duyğularla öz prezidentini seçəcək? Çobanyastığını prezident seçkiləri ilə assosiasiya etmək, insanlarda şüuraltı, yəni bilincində olmadığı fikirlər oyatmaq o dərəcədə qeyri-ciddi bir şeydir ki, axırda prezident seçkilərini də çobanyastığı falıyla müəyyənləşdirmək düşüncəsinə gətirib çıxarır».

«GİZLİ DƏ OLSA...»

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli deyir ki, MSK-nın plakatlarında, əsasən, seçkilərə çağırış mesajları ön plana çıxır. Özəlliklə seçicinin seçki siyahılarında adını yoxlaması seçici fəallığına yönəlmiş addımdır. Ancaq gizli də olsa, plakatlarda siyasi məna aşılayan mesajlar da var:
Anar Məmmədli
Anar Məmmədli

«Götürək «İnkişafa səs verək» plakatını. Söhbət dərin və siyasi bir düşüncənin vurğulanmasından gedir. Axı Azərbaycanda inkişafın olmadığını, geriləmə getdiyini, sosial-iqtisadi sahədə çətinliklərin, siyasi sahədə böhranın olduğunu iddia edən siyasi qüvvələr də var. Eyni zamanda inkişafın, nailiyyətlərin baş verdiyini iddia edən hakim siyasi qüvvə də var. «İnkişafa səs verək» artıq siyasi yükü olan bir mesajdır. Plakatlarda seçici fəallığının yükü çoxdur. Ancaq təkcə plakatla-posterlə seçicini fəallaşdırmaq olmaz. Fəallıq üçün seçkiöncəsi debatlara, problemlərin dartışılmasına, ictimai diskussiyalar aparılmasına şərait yaradılmalıdır».

VƏ YENƏ ÇOBANYASTIĞI?

«Küçələrdə nə gözə dəyir və ümumiyyətlə seçkini nə yada salır?» sualını Azərbaycanın hansı vətəndaşına ünvanlasan, çox güman, eyni cavabı eşidərsən: – seçkiyə çağıran plakatlar. Təşviqat dönəmində onları yeniləri əvəzləyəcək. Bu dəfə prezidentliyə namizədlərin ayrıca plakatları. Yəni, yenə plakatlar, posterlər. Yeniyetmə seçicilərsə çox əyləncəli çobanyastığı üçün darıxacaqlar...
XS
SM
MD
LG