Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:59

Kasparov: Mədəniyyətlər toqquşması Rusiyanı parçalayır


Garry Kasparov
Garry Kasparov
-
Keçmiş Sovet İttifaqının dərin bilicisi, Amerika təhlilçisi və yazıçısı Paul Goble şahmat üzrə keçmiş dünya çempionu, bakılı Garry Kasparov-un Rusiya Federasiyası barədə düşüncələrindən yazıb.

Kasparov bu qənaətdədir ki, mədəniyyətlərin toqquşması Rusiyanı təkcə Qafqaz və Mərkəzi Asiyadan ayırmır, bu toqquşma Rusiyanın özünü parçalayır. Onun fikrincə, nə etnik ruslar, nə də qafqazlılar özlərini bir xalqın nümayəndələri kimi görmürlər.

Keçmiş şahmat çempionu özünün internet saytında yerləşdirdiyi essedə yazır ki, bu parçalanma tarixdən, mədəniyyətdən və bu yaxınlarda buraxılmış siyasi səhvlərdən irəli gəlir.

O yazır ki, bu parçalanma Rusiyanı «canlı meyit»ə çevirir.

XALQ=VƏTƏNDAŞLARIN İTTİFAQI

Kasparov inanır ki, irəlidə yalnız iki yol var: ya Şimali Qafqazın adamları təkcə federal pulu yox, həm də vahid mədəniyyət və vətəndaş kimliyini qəbul edirlər, ya da onlar hər mənada Rusiyanın bir parçası olmurlar:

«Aydındır ki, çağdaş dövlət vətəndaşların siyasi ittifaqıdır. Lakin bu da tamamilə aydındır ki, belə bir ittifaq müəyyən bir ərazinin sakinlərinin sadəcə cəmi ola bilməz. Xalq yalnız bundan ibarətdirsə, o, yaşamayacaq».

Kasparov-un fikrincə, əksinə, bu ittifaq özünün bütün üzvləri tərəfindən paylaşılan təməl dəyərlərə, ortaq mədəniyyətə, əgər varsa, şərikli tarixi yaddaşa əsaslanmalıdır:
«Ləzginka»
«Ləzginka»

«Bütün bunlar təkcə kağız üzərində və ya rəsmi hökumət sənədlərində yox, xalqın qəlbində və şüurunda mövcud olmalıdır. Yalnız və yalnız bundan sonra bunu xalq adlandırmaq olar».

«QAFQAZLILARA YADPLANETLİ KİMİ BAXIRLAR»

Şahmat üzrə keçmiş dünya çempionu yazır ki, bir çox Rusiya şərhçiləri xalqı, milləti və etnosu sinonim sayırlar. Lakin bu, nə ümumilikdə, nə də Rusiya Federasiyası üçün keçərlidir. Onun fikrincə, xalqı «müstəsna etnik icma» səviyyəsinə endirmək yanlışdır.

Kasparov inanır ki, xalq təkcə etnik vahid kimi yox, həm də mədəni və siyasi icma kimi qəbul olunmalıdır.

Kasparov-un fikrincə, «Ləzginka» rəqsinin «Manej» meydanında qadağası moskvalıların döşünə yatırsa, bu, ksenofobiya kimi qəbul edilməməlidir. Sadəcə olaraq ruslar qeyri-ixtiyari şəkildə öz mədəni kimliklərini yad ünsürlərdən qorumağa çalışırlar:

«Tamamilə aydındır ki, Şimali Qafqaz problemini həll etmədən rus siyasi xalqını müzakirə etməyə dəyməz. Şimali Qafqazın adamları özlərini Rusiya siyasi icmasının bir parçası saymırlar, rusların çoxu isə «Şimali Qafqaz millətini» öz həmvətənləri yox, yadplanetli hesab edirlər».

Mikhail Gorbachev
Mikhail Gorbachev
«SSRİ-NİN BƏXTİ GORBACHEV-DƏN ƏVVƏL BAĞLANMIŞDI»

Kasparov-un qənaətincə, hazırda Rusiyanı Şimali Qafqazla yalnız oraya axan federal pul birləşdirir. O deyir ki, bunu etmək ruslar üçün xoşagəlməz bir şeydir. Ələlxüsus da yada salanda ki, bu pullar birinci çeçen müharibəsində Rusiyanı məğlub edənlərə gedir. Şimali Qafqaz camaatı bu pulu öz malı kimi alır və münasibətini dəyişməyə cəhd də etmir.

Kasparov yazır ki, Sovet İttifaqının bəxti hələ Gorbachev hakimiyyətə gəlməzdən əvvəl bağlanmışdı. SSRİ-də yeni «sovet xalqı» yaratmaq cəhdləri iflasa uğramışdı:

«Vətəndaşlar özlərini vahid bir xalqın nümayəndəsi hesab etmirlərsə, belə bir xalqı yalnız güc hesabına bir müddət, ilk ciddi böhrana qədər bir yerdə saxlamaq olar».

Kasparov yazır ki, Rusiyada bu böhran artıq yetişib.

Tərcümə etdi: Zülfüqar Rüfətoğlu
XS
SM
MD
LG