Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:35

SALAM. Üzeyirlə Üzeyirin fərqi


Salam Sarvan
Salam Sarvan
-

...Bir dəqiqə dayan e, ciddi mütaliəsini fəxrlə gözümüzə soxan tanıdığım qələm adamları var ki, taksi saxlatdıranda iki barmağını ağzına salıb fıt çalırlar.

Yaxşı yadıma düşdü, dostumuz Həmid Herisçidən çox ciddi ədəbiyyat oxuyan varmı, bu gün pirlərin qarşısında ələm gəzdirməklə məşğıl.
..


Salam Sarvan


ÜZEYİRLƏ ÜZEYİRİN FƏRQİ


Kül keçəlin başına...

Sən canın, camaatın dərdinə bax: niyə Azərbaycanın futbolu yoxdu, niyə ədəbiyyatı yoxdu, niyə musiqisi yoxdu, niyə elmi yoxdu? Əşi, yoxdu, canın sağ!
Sənə ədəbiyyat lazımdırsa, o gərək elə Azərbaycanda olsun? Sən onu Almaniyada tap oxu da. Sənə musiqi lazımdırsa İtaliyadan dinlə də.

Milli təəssübkeşlik heç də həmişə məcburi deyil. Nədən biz o iddiadayıq ki, bu balaca ölkədə hər şey olmalı. Böyük ədəbiyyat da, böyük musiqi də, böyük elm də...? Axı sən niyə istəyirsən ki, Arximed hansısa qanunu kəşf edərkən “evrika” qışqırığını məhz bizim Bayıl hamamındakı teştdə çiməndə eləməliydi və adı da Axmed olmalıydı? Nə dəxli?

Neyləməli, elə coğrafiya var ki, orada “torpaq yetişdirmir”. Ümumən isə torpağın yetişdirdiyinin təyinatı müxtəlif: məsələn, alma Qubada yığılıb satılmaqçündü, İngiltərədə Nyutonun başına düşməkçün.

Yəni, ey kamanəbru, tale deyilən məsələ də var. Bu zəhərə dönmüş alma tərsliyinə salıb fiziklərimizin başına düşmürsə, fizika insitutunun günahı nə?! Vallah, ciddiyəm.

Bu tərəfdən də yazar dostlarımız narahat olmaqda ki, niyə bizdə kitab oxuyan yox? Oxuyanlar da niyə ciddi ədəbiyyata deyil, boz, sarı, qazanqırmızı ədəbiyyata meyilli?

Gündə üç dəfə divara çırpsam da, başıma girmir. Ki, yazar dostlarımız niyə istəyirlər ki, camaat məhz ciddi ədəbiyyat oxusun? Noolacaq ki?! Onda camaatın mədəni səviyyəsi artacaq? Bəşəri dəyərlərə tapınacaq? Təfəkkürü dəyişəcək? Ciddiləşəcək?

Vay-vaay, ciddi ədəbiyyatın topluma yaxşı mənada təsir edəcəyini düşünənlər nə qədər sadəlövh. Sənə vətənimizdə yüzlərlə taxtabaş və saxtabaş göstərərəm ki, dünyanın istənilən ciddi romanında istənilən personajın cikini də bilirlər, bikini də.

Kitablar səviyyə artırandısa, Homerdən Nabokovacan yüzdən çox dünya ədəbiyyatı nəhənglərinin dilimizə tərcüməsinin korrekturasını eləmiş Təvəkkül keçəlliyin bu səviyyəsində qalmazdı.

Su quyunun özündə gərək. Toplumun təbii istedadı, Allahdangəlmə hazırlığı olmasa, alınmaz ki, alınmaz. Mahiyyətcə problemli toplumun kitab oxumaması daha yaxşı. Çün həmin kitablardan ancaq zərərli şeyləri götürəcək. Yüz illərdi camaat Quranı oxuyur da, ondan götürdüyü nə?

Qoy oturmuşuq sən Allah, Cırtdanın nağılını oxuyaraq Devliyi deyil, Cırtdanlığı əxz eləyən oxucu kütləsi heç dünəndən olmasın.

Bir dəqiqə dayan e, ciddi mütaliəsini fəxrlə gözümüzə soxan tanıdığım qələm adamları var ki, taksi saxlatdıranda iki barmağını ağzına salıb fıt çalırlar. Yaxşı yadıma düşdü, dostumuz Həmid Herisçidən çox ciddi ədəbiyyat oxuyan varmı, bu gün pirlərin qarşısında ələm gəzdirməklə məşğıl.

Elə biri mən, nə qədər kitab oxuyuram, amma adam ola bilmirəm ki, bilmirəm, alman ola bilmirəm ki, bilmirəm.

İndi gör nə deyəcəyəm və necə qətiyyətlə deyəcəyəm. Bu zövq məsələsinin əhəmiyyətini çox da şişirtməyə dəyməz e. Əslində, Üzeyir Hacıbəyova, yoxsa Üzeyir Mehdizadəyə qulaq asmaqdan ibarət zövq, səviyyə fərqinin bu adi, sadə həyatımızda heç bir rolu, heç bir isti-soyuğu yox. Yəni, adamdan soruşarlar da: “Zövqlü olub zövqsüzdən hansı fərqli həyat tərzi keçirirsən, hansı fərqli məişəti yaşayırsan?”

Tük keçəlin başına.

teleqraf.com
XS
SM
MD
LG