Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:02

Prezidentlik yarışı həlledici mərhələyə qədəm qoydu [Video]


Azərbaycanda seçki təbliğatı başlanır
Gözlə

No media source currently available

0:00 0:03:27 0:00
-
Sentyabrın 16-da prezidentliyə namizədlərin seçkiöncəsi təşviqatı başlanıb. Artıq seçki məntəqələrinin qarşısındakı lövhələrdə namizədlərdən bir neçəsinin plakatlarını görmək mümkündür.

Təşviqat kampaniyasının ilk günündə MSK püşkatma yolu ilə prezidentliyə namizədlərin İctimai Teleradioda çıxış ardıcıllığını müəyyənləşdirdi: 1. Zahid Oruc. 2. İlham Əliyev. 3. İqbal Ağazadə. 4. İlyas İsmayılov. 5. Hafiz Hacıyev. 6. Fərəc Quliyev. 7. Sərdar Cəlaloğlu. 8. Araz Əlizadə. 9. Qüdrət Həsənquliyev. 10. Cəmil Həsənli.

TƏŞVİQAT KAMPANİYASI OKTYABRIN 8-DƏ BAŞA ÇATACAQ

Təşviqat kampaniyası oktyabrın 8-də – səsvermənin başlanmasına 24 saat qalmış başa çatacaq.

Seçkiöncəsi təşviqatın gedişində KİV-də, o cümlədən onlayn mediada və küçələrdə təbliğat materiallarından istifadə edilə, qapalı yerlərdə, açıq meydan və meydançalarda isə seçicilərlə görüşlər keçirilə bilər.
Mərkəzi Seçki Komissiyasında prezidentliyə namizədlərə ayrılmış ödənişsiz efir vaxtının bölgüsü ilə bağlı püşkatma keçirilib - 16 sentyabr 2013
Mərkəzi Seçki Komissiyasında prezidentliyə namizədlərə ayrılmış ödənişsiz efir vaxtının bölgüsü ilə bağlı püşkatma keçirilib - 16 sentyabr 2013

Namizədlər İTV və İctimai Radionun efirində, «Azərbaycan», «Xalq», «Respublika» və «Bakinski raboçiy» dövlət qəzetlərinin səhifələrində pulsuz təşviqat aparacaqlar.

İctimai televiziya və radioda pulsuz təşviqata 3 saat, yəni, hər namizədə 18 dəqiqə pulsuz təşviqat vaxtı ayrılacaq. Namizədlər (və ya onların səlahiyyətli nümayəndələri) həftənin tək günləri İctimai Radioda (axşam saat 9-da), cüt günləri İctimai Televiziyada (axşam saat 7-də) 6 dəqiqə pulsuz efir vaxtından yararlanacaqlar.

Pullu təşviqata gəlincə, 21 informasiya agentliyi və onlayn media, 26 qəzet və jurnal, İTV və bir 2 onlayn televiziya siyasi reklam yerləşdirmək istəyini bildirib.

İLK HESABAT

Sentyabrın 16-da iki QHT - Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDTM) ilə Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyi prezident seçkisinin ilkin mərhələsi ilə bağlı aralıq hesabatlarını açıqlayıb.
Bəşir Süleymanlı
Bəşir Süleymanlı

Aralıq hesabat seçki kampaniyasının başlanma, namizədlərin irəli sürülmə və qeydə alınma, imzaların toplanma və qeydiyyat dövrünü, seçki komissiyalarının bütün səviyyələr üzrə fəaliyyətini əhatə edir.

Monitorinq 125 seçki dairəsindən 89-unu əhatə edib.

SMDTM-nin icraçı direktoru Bəşir Süleymanlı əvvəlki seçkilərlə müqayisədə builki kampaniyada imzalar toplanarkən vətəndaşlara daha az təzyiq göstərildiyini bildirib. Acaq o, sözlərinə bunu da əlavə edib:

«Yalnız Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevlə bağlı imzatoplama kampaniyasının yerlərdə seçicilər arasında aparılması müşahidə edilməyib. Hesabatımızda səhiyyə və təhsil ocaqlarında işləyən insanlar vasitəsilə imzalar toplanması barədə faktlar var».

Anar Məmmədli
Anar Məmmədli
Qurumun rəhbəri Anar Məmmədlinin fikrincə, kütləvi pozuntuların olmaması kampaniyanın yerli qanunvericiliyə və beynəlxalq standartlara uyğunluğu kimi başa düşülməməlidir. Seçki kampaniyası müddətinin 120 gündən 60 günə endirilməsi namizədlər üçün çətinliklər törədir. Anar Məmmədlinin dediyinə görə, belə süni maneələr ucbatından İlqar Məmmədovun xeyrinə imzaları ancaq 12 gün yığmaq mümkün olub:

«İlqar Məmmədovun namizədliyini daha əvvəl qeydə alsaydılar, kampaniya daha yüksək səviyyədə keçə bilərdi».

ƏLİ ƏLİYEV MSK-NI MƏHKƏMƏYƏ VERİB

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev Mərkəzi Seçki Komissiyasını məhkəməyə verib. Buna səbəb MSK-nın onun prezidentliyə namizədliyinin qeydə almamasıdır.
Əli Əliyev
Əli Əliyev
İddia ərizəsini Bakı Apellyasiya Məhkəməsinə təqdim edən Əli Əliyev məhkəmədən MSK-nın imtina qərarının ləğvini istəyir.

İddiaya sentyabrın 17-də baxılacaq.

MİLLİ ŞURANIN SEÇKİ KAMPANİYASINA RÜSTƏM İBRAHİMBƏYOV RƏHBƏRLİK EDƏCƏK

Milli Şuranın seçki kampaniyasının Rüstəm İbrahimbəyovun başçılığı ilə aparılacağını qurumun prezidentliyə namizədi Cəmil Həsənli söyləyib.

O, sentyabrın 16-da keçirdiyi mətbuat konfransında özünün London səfərindən söz açıb və orada Böyük Britaniya-Azərbaycan münasibətləri barədə fikir mübadiləsi aparıldığını bildirib. Cəmil Həsənlinin dediyinə görə, Britaniya Kral İnstitutunda Milli Şuranın təqdimatı olub:
Cəmil Həsənli
Cəmil Həsənli

«Biz düşünürdük ki, Rüstəm İbrahimbəyovla Londonda görüşəcəyik. Amma müəyyən səbəblərdən görüş sentyabrın 15-də Tbilisidə keçirildi. Rüstəm İbrahimbəyov mənə dedi ki, Milli Şuranın sədri olaraq bütün proseslərdə sonadək iştirak etmək fikrindədir. O, Milli Şuranın sədrliyindən istefa verəcəyinə dair iddiaların yanlış olduğunu bildirdi və qeyd etdi ki, əzmlə Milli Şuranın seçki kampaniyasına rəhbərlik edəcək».

Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.

Prezidentlik uğrunda 10 nəfər mübarizə aparır: indiki prezident, hakim Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev, Ümid Partiyasının lideri, Milli Məclisin deputatı İqbal Ağazadə, parlamentin deputatı, öz təşəbbüsü ilə namizədliyini verən Zahid Oruc, Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə, Bütöv Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Azərbaycan Partiyasının sədri Hafiz Hacıyev, Milli Dirçəliş Partiyasının sədri, deputat Fərəc Quliyev, Demokratik Qüvvələrin Milli Şurasının nümayəndəsi Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov və Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu.
XS
SM
MD
LG