-
Azərbaycan PEN-klubunun prezidenti, Xalq Yazıçısı Çingiz Abdullayev və klubun vitse-prezidenti Natiq Rəsulzadə Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda qurumun fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirib.
Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, mətbuat konfransında Çingiz Abdullayev PEN-klubun elektron kitab nəşri və yayılması üçün imkanlarının genişləndiriləcəyini bildirib.
Mətbuat konfransında qeyd edilib ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə PEN-klubun yeni saytı yaradılacaqdır. Saytda Azərbaycan yazıçılarının, əsasən gənclərin əsərləri Azərbaycan, rus, ingilis və başqa dillərdə dünya oxucusuna çatdırılacaq.
Eləcə də, sentyabrın 25-dən PEN-klubun təşkilatçılığı ilə AYB-in “Natəvan” klubunda hər ay müntəzəm ustad dərsləri keçiriləcəyi bildirilib. Tanınmış yazıçı və şairlər gənc yazarların yaradıcılıqlarının formalaşmasına öz töhfələrini verəcək və onların yaradıcılıq imkanlarının genişlənməsinə yardımçı olacaq.
PEN-klubun vitse-prezidenti Natiq Rəsulzadə ustad dərsləri çərçivəsində xarici ölkələrin tanınmış yazıçıları, Nobel mükafatı laureatları ilə görüşlərin keçirilməsinin də nəzərdə tutulduğunu bildirib.
Məqsəd Azərbaycan yazıçılarının əsərlərinin dünya ədəbiyyatsevərlərinə çatdırılmasına və dünya yazıçılarının əsərlərinin Azərbaycan oxucularına təqdim edilməsinə yardımçı olmaqdır.