Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:45

Həbsdə olan «sabiqlər»in işindəki yeniliklər…


Əli İnsanov
Əli İnsanov
-
Avropa Şurasının Nazirlər Komitəsi Avropa İnsan Hüquqları Məhkəməsinin Əli İnsanovla bağlı qərarının icrasını nəzarətə götürüb. Azərbaycan hökuməti qərarı tam icra edənə qədər qərar nəzarətdə saxlanacaq.

Bu haqda Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edən Böyük Britaniyanın xarici işlər naziri William Hague sentyabrın 22-də Əli İnsanovun məktubuna göndərdiyi cavabında bildirir.

Avropa İnsan Hüquqları Məhkəməsi martın 14-də Əli İnsanovun ədalətli mühakimə hüququ haqqında iddiasını təmin edib, ona qarşı işgəncə faktını təsdiq edib. Buna görə Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan hökumətinin Əli İnsanova 10 min avro kompensasiya ödəməli olduğu haqqında qərar verib.

ƏLİ İNSANOVUN VƏKİLİ: ALİ MƏHKƏMƏ AİHM-NIN QƏRARINI İCRA ELƏMİR…

Əli İnsanovun vəkil Toğrul Babayev deyir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin Əli İnsanovun işi üzrə qərarı iyunun 14-də qüvvəyə minib. Ancaq qərarın icrası yubadılır:

«Cinayət Prosessual Məcəlləyə görə, Azərbaycan Ali Məhkəməsinin sədri plenumu çağırmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını plenuma çıxarıb baxmalıdır. Qərar baxılanda da Əli İnsanov həbsdən azad olmalıdır. Lakin 3 aydan artıq vaxt keçib. Sentyabrın 14-ə qədər bu qərar icra olunmayıb. Biz ərizəni və qərarı Ali Məhkəmənin dəftərxanasına iyulun 10-da daxil etmişik. Möhür vurulub, qəbul olunub.
Ali Məhkəmə
Ali Məhkəmə
Lakin Ali Məhkəmə deyir ki, qərar onlara daxil olmayıb. Məhkəmə qərarını icra eləmir. Buna görə də Ali Məhkəmənin sədrini məhkəməyə vermişik».

Əli İnsanovun Ali Məhkəmənin sədrinə qarşı iddiasına oktyabrın 17-də Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsində baxılacaq.

ALI MƏHKƏMƏ: İŞ YAXIN GÜNLƏRDƏ PLENUMUN GÜNDƏLİYİNƏ SALINACAQ

Ali Məhkəmənin hakimi Fərhad Kərimov AzadlıqRadiosuna bildirib ki, qərar Ali Məhkəməyə daxil olub. Yaxın günlərdə plenumun vaxtı bilinəcək:

«İş rəsmən bizə bir həftədir daxil olub. Yəqin ki, yaxın günlərdə plenumun vaxtı bilinər, gündəliyə salınar. Bununla bağlı əlavə məlumat verəcəyik».

Əli İnsanov 2005-ci ilin oktyabrında həbs edilib. Əvvəlcə dövlət çevrilişi hazırlamaqda ittiham edilib. Sonra ittiham dəyişdirilib. Məhkəmə onu iqtisadi cinayətlərə görə 11 il müddətinə azadlıqdan məhrum edib.

Bir neçə gün əvvəl Əli İnsanov vəkili vasitəsilə 9 oktyabr prezident seçkisində Milli Şuranın namizədi Cəmil Həsənlini müdafiə edəcəyi haqda bəyanat yayıb.
İlham Əliyev və Fərhad Əliyev
İlham Əliyev və Fərhad Əliyev

FƏRHAD VƏ RAFİQ ƏLİYEVLƏR ƏFV OLUNMALARINI İSTƏYİR

Əli İnsanov həbs olunan vaxt sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı, «Azpetrol» şirkətinin keçmiş rəhbəri Rafiq Əliyev də eyni aqibətlə üzləşmişdi. 2005-ci ildə dövlət çevrilişinə cəhd ittihamıyla həbs olunan Əliyev qardaşları da sonradan iqtisadi cinayətlərdə təqsirli biliniblər. Məhkəmə Fərhad Əliyevi 10, Rafiq Əliyevi 9 il azadlıqdan məhrum edib. Onların ailə üzvü Əlipənah Əliyev qardaşlarının şərlənib tutulduğunu bildirir.

Bir neçə gün əvvəl isə Fərhad və Rafiq Əliyevlər həbsxanadan prezident İlham Əliyevə əfv olunmaları üçün müraciət ünvanlayıblar. Fərhad və Rafiq Əliyevlərdən başqa, anaları Şövkət Əliyeva da əfv üçün dövlət başçına müraciət edib.
Bu haqda onların vəkili Elton Quliyev məlumat verib.

Bu ilin avqustunda Fərhad Əliyevin adından onun 9 oktyabr prezident seçkisində İlham Əliyevi dəstəkləyəcəyi barədə bəyanat da yayılmışdı.
Akif Muradverdiyev
Akif Muradverdiyev

VƏKİL: AKİF MURADVERDİYEVİN SƏHHƏTİ AĞIRDIR

2005-ci ildə həbs olunan sabiqlərdən biri də Prezident Administrasiyasının İşlər İdarəsinin keçmiş müdiri Akif Muradverdiyev idi. Həmin vaxt iqtisadi cinayətlərə yol verməkdə ittiham olunaraq 6 il azadlıqdan məhrum olunan Akif Muradverdiyev 2008-ci il yanvarın 15-də cəzası şərti sayılmaqla azadlığa buraxılmışdı. Bu ilin iyununda o, yenidən həbs olunub. Milli Təhlükəsizlik Nazirliyi onu qaçaqmalçılıqda ittiham edir. Özü ittihamları qəbul etmir.

Vəkili Mətləb Qasımov deyir ki, Akif Muradverdiyevin səhhəti indi çox ağırdır:

«Səhhəti həddindən artıq pisdir. Mədəaltı vəzi ilə bağlı böyük problemləri var. Güclü ağrıları olur. Mədəaltı vəzi bir tərəfdən, bel nahiyəsindəki yırtıq da digər tərəfdən. Səhhəti həddindən artıq ağırdır. Şəxsən özü də, mən də MTN-nin Tibb İdarəsinə köçürülməsi ilə bağlı müraciət etmişik. Hələ müraciətlərlə bağlı bizə cavab verilməyib».

Vəkil deyir ki, gələn həftə Akif Muradverdiyevin cinayət işinin yekunlaşacağı gözlənilir.
XS
SM
MD
LG