Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 08:25

Mən qatil şairəm, əziz prezidentim...


Qəşəm Nəcəfzadə
Qəşəm Nəcəfzadə
-

Bu şeir son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilib. 10 hekayə və 12 şairin şeirləri imzası göstərilmədən Münsifə göndərilib. Onun çapa münasib bildiyi 3 hekayə və 2 şairin şeirlərini "Oxu zalı"nda oxuyun.


Qəşəm Nəcəfzadə


75 illiyimdə son çıxışım...

Cənab prezident, xoş gəlmisiniz,
Verdiyiniz çiçəklərə görə sağ olun.
Mənlə şəkil çəkdirdiniz, xoşbəxtəm…
Sizinlə sol əlimlə görüşdüm, bağışlayın,
İnsultdan sonra işləmir sağ qolum.
Əziz prezidentim,
nə deyim,
30 il məktub yazmışam sizə,
yəqin verməyiblər,
qorxublar, deyəsən.
Məni sizə göstərməyiblər,
Şeir oxumaq istədim Filarmoniyada,
Siz də orda idiniz, orda.
O saat adımı pozdular
qabarlaşmış siyahidan,
Yaşlı bir şairin adını yazdılar.
Dedilər, birdən siz məni görərsiniz…
Sizə deyirdilər, kəsilib şairlərin nəsli,
Elə yazan bunlardı - qocalar.
Həmişə sizə səs verirdim,
Bilirdim siz yaxşı adamsınız,
Siz evə gedəndə maşınıza tamaşa eləyirdim,
Sizi görürdüm, baxırdınız,
Bəlkə də darıxırdınız…
40 yaşımda bir ev tikdim Bakıda,
Sökdülər.
Kirayə yaşadım bu yaşa qədər,
Bütün ömrüm bir ev tikməklə keçdi,
Heç kəsi sevmədim,
Təkcə vətənə olan sevgimi sevdim…
92-də Şuşada əsir düşdüm,
93-də Xocalıda təhqir olundum,
99-da işdən çıxarıldım,
Villaların kölgəsində üşüdüm.
40 yaşımda infakt ordeni aldım,
Mən infaktı yaxşı saxlayıram deyə ikincini
iki il keçməmiş verdilər,
Sonra da insult mukafatı…
Şahid kimi sağ qolum burdadı,
Əlil mükafatı almaq istəyirdim,
məndən pul istədilər.
Sizə məktub yazanda uşaqlarım sevinirdi,
Məktub göndərən kimi
səhəri çıxırdılar şəhərə ev bəyənməyə.
Mən qatil şairəm, əziz prezidentim,
Hər axşam onların sevgilərini öldürürdüm,
Sevgilərlə yaşamaq zülmdü.
Bu ölkənin revmatizmi oğlanlarımın boyunu yedi,
Əsgərlikdə sonuncu sırada durdular.
Kirayə evlərdə yasadıqlarından
Bəlkə bir az qorxaq oldular.
50 yaşımda şəkər mükafatı aldım,
İndi məni bütün həkimlər tanıyır,
Yaxşı bir xəstəyəm
Aydın və sadə.
Cənab prezident, siz də yaxşı adamsınız,
Sizi yenə dəstəkləyirəm mən,
Şəkər mükafatı laureatı,
Qəşəm Nəcəfzadə,
2035-ci il.
XS
SM
MD
LG