Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:09

Azay Vəlixanov. Şairin ölümü


-
Bir zaman yerin görünəcək ustad..,
bu gün özün görünməsən də.
Sənə ithaf edirəm.


Salonda masalar divarların kənarı ilə, paralel və yanaşı olaraq qoyulmuşdu. İlk baxışdan məlum olurdu ki, hamısı yenicə düzəldilib. Pardaqlanaraq rəng vurulmadan laklanmışdılar. Stullar da masalara uyğun, kiçik və səliqəli idi.
Divarlar boyunca havadan asılmış süni və təbii yaşıl bitkilər də salona xüsusi gözəllik verirdi. Masaların arası ilə müştərilərin və kafe işcilərinin sərbəst yeriməsi ücün iki metrəyə yaxın məsafə gözlənilmişdi ki, elə bu məsafə də salonu dar və cansıxıcı olmaqdan qurtarırdı. Giriş qapısı ilə üzbəüz olaraq salonun o biri başında isə əsasən əcnəbi içkilərin reklam olunduğu, müxtəlif işığlarla bəzədilmiş xudmani, sadə olduğu qədər də cəlbedici bar yeləşirdi.
Kafenin bu və digər özünəməxsus dizayn quruluşunu yalnız gündüzlər aydın görmək mümkün idi. Axşam saatlarında isə, salonda adi lampalar söndürülərək işıqlandırmada başqa, - rəngli işıqlardan istifadə olunurdu. Bu isə, salonda əsəbləri sakitləşdirən, sakit, könül oxşayan ab - hava yaradırdı. Hiss olunurdu ki, salonu quran adam burada mümkün qədər intim yaradılmasına calışıb. Və bu problemin yüksək səviyyədə həllini tapdığı etiraf olunmalı idi.
Kafedə daima səslənən həzin musiqi də yaradılmış intimin davamı kimi anlaşıla bilərdi. Kafenin bu dizaynı müştərilərin sırasına da öz təsirini göstərirdi. Davamlı müştəriləri əsasən ortayaşlı, mədəni təbəqənin adamları təşkil edirdi. Burada soyuq yeməklərdən yeyib həzin musiqiyə qulaq asaraq dincəlmək üçün hər cür imkan vardı. Xüsusi olaraq diqqəti çəkən isə, musiqinin səsləndirilməsində qraammafondan istifadə olunması idi.
Hər gün olduğu kimi bu gün də içəridə tünlük deyildi. Masaların bir neçəsi boş idi. Kafeyə yenicə daxil olan müştərilər qapının kandarında bir qədər ayaq saxlayıb gözlərini içəridəki yarıqaranlığa öyrəşdirdikdən sonra irəliləyib münasib bildikləri yerdə otururdular. Salonu siqar və popiros tüstüsü bürüyərək görməni çətinləşdirməsinə baxmayaraq içəridə hər şey həmişə olduğu kimi xoş idi.
Qapının girəcəyindən sol güncdəki masaya aid olan stulda kafenin digər müştərilərindən nimdaş geyimi ilə fərqlənən bir kişi oturmuşdu. O, sol əlini çənəsinə söykəyərək gözlərini masasının üstündəki məchul bir nöqtəyə zilləmiş halda durub ara - sıra sağ əlinin barmaqları arasında tutduğu popirosunu dodaqlarına yaxınlaşdırıb acgözlüklə sümürür və bu zaman sağ gözünü tüstüdən qorumaq üçün qəribə tərzdə qıyırdı. 40 - 45 yaşlarında olardı. Qulaqlarının dibindən dən düşməyə başlayan saçları kişilərdə həmişə rast gəlinməyən bir tərzdə - başının düz ortasından olaraq tökülməyə başlamışdı. Bəlkə də bu səbəbdən idi ki, kişi başının keçəlləşən hissəsini örtmək üçün əmgəyində gür olan saçlarını arxaya darayırdı. Onun üst dişləri tamamilə saxnaq idi, lakin ustalıqla düzəldiyindən naşı adam üçün bunu gün işığında belə sezmək yetərincə çətin olardı.
Bu adamın fiziki görkəmindəki özəlliklərdən biri də sağ əlindəki adsız barmağının uç hissəsinin çıxıntılı olması idi. Elə bil dırnağın altındakı əti kəlbətinlə sıxıb əzmişdilər. Bundan başqa kişi ayağa qalxdığı zaman onun kürəyində azacıq anadangəlmə raxitliyin olduğunu da müşahidə etmək olardı. Ümumiyyətlə bu adam geyimi, xüsusilə xırda bağlantısı olan qalstuku ilə ilk baxışdan kənd müəllimlərini xatırladırdı.
Onunla üzbəüz isə bədənin bütün əzaları ilə əcnəbi filmlərin qəhrəmanlarını xatırladan bir qız oturmuşdu. Elə ilk baxışdan onlar arasındakı uyarsızlığı sezmək mümkün idi. Qız gənc və yaraşıqlı, kişi isə xarici görkəmi ilə diqqəti cəlb etməyən birisi idi. Qızın kafenin azsaylı fahişələrindən biri olaraq öz vəzifəsini yerinə yetirmək üçün masanın sahibi ilə oturmasını düşünmək də ağlasığmaz olardı. Çünki adətən kafe fahişələri, varlı müştərilərin masasına qonaq olmağı sevirlər. Qadının masa yoldaşı olan kişinin xarici görkəmi isə bu fikri inanılmaz edirdi. Elə aralarındakı masa da öz kasıblığı ilə onlar arasında fahişə - müştəri münasibətlərinin olmadığını bir daha təsdiq edirdi. Belə ki, onun üzərində dayaz boşqaba qoyulmuş dörd ədəd blincik, şüşə salat qabında bir neçə dilim limon və boşalmış yüz qramlıq qədəh vardı. Kənarlarında hansısa firmanın reklamı olan qara rəngli keramika külqabı və ucuz alışqan isə masanın sadələyini tamamlayırdı.
Gənc qadın və dalğın görkəmli kişinin oturduqları masaya diqqətli baxış orada başqa maraqlı məqamların olduğunu da üzə çıxarardı: Qızın önündə vərəqləri solğun olan kitabca gözə dəyirdi və qız başını aşağı əyərək solandakı rəngli işıqların işartıları altında bu kitabçanı diqqətlə oxumaqla məşğul idi.
Bu zaman xırda - xırda burulmuş saçları alnından aşağı sallanaraq, yarıqaranlıq otaqda sahibinə daha da ecazkar görkəm verirdi.
Kişi popirosunu külqabıya basaraq söndürdüyü zaman qız yavaşca dikəlsə də bir müddət gözlərini kitabdan ayırmadı. O, yalnız pıçıltı ilə oxuduğu cümləni sona çatdırdıqdan sonra gözlərini səhifədən ayırıb sol əli ilə kitabcanı ehtiyatla bağladı. Başını qaldırıb gözlərini masa yoldaşının üzünə dikdiyində isə onun cöhrəsində sevincdənmi, yaxud, kədərdənmi yarandığı məlum olmayan qəribə bir ifadə vardı. Lakin onun simasındakı bu görünüş uzun sürmədi. Bir necə saniyə sonra qız zorla da olsa gülümsəməyə çalışaraq ordlarını bükdü. Ardınca qarşısındakı adamın düz gözlərinin içinə baxaraq həzin səslə: - sənli xatirələr dağılıb evə, bağışla, otağım tör -töküntüdü - deyə pıçıldadı.
Qızın pıçıltısı kişinin üzündə istehzalı ifadə yaratdı. O, sanki yalan və iftira olduğunu bildiyi hansısa bir çıxışı növbəti dəfə dinləməyə məcbur edilmişdi. Hətta dinlədiyi sözlərə hədsiz nifrətini bildirmək üçün əlini laqeydliklə yelləməkdən belə özünü saxlaya bilmədi. Onun sonuncu hərəkəti qarşılıqlı olaraq masa yoldaşının sifətində incik bir ifadə yaratdı:
- Nədi xoşun gəlmir?
Kişi ona cavab vermək əvəzinə sağ əlinin işarəsi ilə yaxınlıqdan kecən ofisantı masaya çağırdı. Ofisant qız masaya yaxınlaşaraq heç bir söz demədən boş qədəhi götürüb getdikdən bir neçə saniyə sonra onu dolu halda gətirərək, əvvəlki yerinə qoyub uzaqlaşdı.
- Xoşun gəlmirsə nə üçün yazmısan? - qız gözlərini uzaqlaşmaqda olan ofisantın kürəyindən ayırıb həmsöhbətinin üzünə dikərək söylədi. Bu zaman onun üzündə süni incikliklə yanaşı şirin bir təbəssümün olduğu da sezilirdi.
- Sənin oxumağın üçün, - deyə cavab verən kişi bir neçə saniyə susub əlavə etdi: - o, şerlər məndən çox sənə nə isə verdiyi halda mən nə üçün onları sevməliyəm?
Bu müddət ərzində masa sahiblərindən heç biri dinmədi. Sükutu yenə də qız pozdu...

*****
Altı ay öncə tanış olmuşdular. Kafeyə təsadüfən gəlmiş kişini içəridəki sakitlik cəlb etmiş və o, ilk gündən daimi müştəriyə çevrilmişdi. Amma getdikcə onun özünəməxsus - iki ədəd blinçik, bir neçə dilim limon və 300 - 400 qram araqdan ibarət olan menyusu ofisiantları bezdirdi. Buna bir səbəb müştərinin lazımı xeyir verməməsi idisə, ikinci səbəb onun əyyaşlara məxsus menyusunun digər müştərilərin etirazına səbəb ola biləcəyi idi. Odur ki, barmen başda olmaqla ofisiantlar da bu adama əyyaş nəzərləri ilə baxıb ona son dərəcə etinasız yanaşırdılar. Kişi isə bu münasibətləri heç vecinə də almır, həftədə bir neçə dəfə kafeyə gələrək küncdəki masalardan birinə əyləşib dəyişməyən sifarişini gözləyərək popiros tüstülətməyinə davam edirdi. Kafeyə müştəriləri cəlb etmək üçün yığışan fahişələr də artıq bu kasıb müştərini tanıdıqları üçün ona biganə idilər. Elə susqun müştərinin özü də başını qaldırıb kiməsə nəzər yetirməzdi. Tədricən kafedəkilər onun gəlişinə öyrəşdi. Hamı başa düşürdü ki, bu müəmmalı adamı buraya çəkib gətirən kafedəki sakitlikdir. O, içdikcə içir, amma heç vaxt digər sərxoşlar kimi narahatçılıq yaratmırdı. Odur ki, işcilər ona xeyirsiz olduğu qədər də ziyansız müştəri nəzəri ilə baxaraq, onu acılamaqdan əl çəkdilər.
Ümumiyyətlə, bu adam kafedə olduğu zaman varlığı ilə yoğluğu hiss olunmurdu. İçəridə olduğu iki - üç saat ərzində nadir hallarda bir neçə kəlmə danışardı. Onun adətən nə zaman nə istəyə biləcəyini də ofisiantlar qabaqcadan bilirdilər. Bir müştəri kimi ona göstərilən yeganə xidmət boşalmış qədəhini doldurmaqdan ibarət idi. Qədəhin boşaldığını isə əksər hallarda sağ əlinin adsız barmağını yuxarı qaldırmaqla anladırdı.
Belə günlərdən birində kafeyə nadir hallarda gələn fahişələrdən biri sözarası onunla maraqlandı. Sadə bir sualı müqabilində kafedə hamının, - barmendən tutmuş fahişələrə kimi ağız büzdüyünü görüncə, onlarla bu adamı ələ salaraq incidib kafedən üzaqlaşdıracağına mərc gəldi. Bu zaman poiros tüstülətməkdə olan kişinin getməsi, yaxud qalması heç kim üçün maraqlı olmasa da işcilər kimi fahişələr də mərc xatirinə razılaşdılar.
Qız masaya yaxınlaşdığı zaman kişi üçüncü qədəhini yenicə içib qurtamışdı. Növbəti popirosunu odlamağa hazırlaşdığında sakitliklə gəlib onunla üzbəüz olaraq ayaq üstdə duran qıza fikir vermədi, yaxud adəti üzrə onu görməməzliyə vurdu.
- Salam - qız onunla incə və ehtiraslı bir səslə salamlaşdı.
Ağzındakı tüstünü sona qədər havaya buraxan kişi onun salamını başını qaldırmadan, sakitliklə aldı. Bu arada qız oğrun - oğrun başını qaldırıb onu izləyən kafe işçilərinə nəzər salmağa da imkan tapdı. Kişi isə çox gümün ki, bunu hiss etmədi. O, əvvəlki tərzdə oturub popirosunu tüstülətməyə davam edirdi.
- Oturmaq olarmı?
Bu dəfə qızın səsində azacıq həyəcanla yanaşı bu həyəcanı gizlətməyə cəhd etdiyi də duyulurdu.
Kişi dinmədən, başının işarəsi ilə onun oturmasına etiraz etmədiyini bildirdikdə qız intizarla razılıq gözləyən adamlar kimi stulu çəkib onunla üzbəüz oturdu və bir neçə saniyə yerində qurcalanaraq qarşısındakı adamla tanış olmağa hazırlaşan fahişələrə məxsus işvəli görkəm aldı. Ardınca aralarında yarım dəqiqəyədək sürən sükut yarandı. Hiss olunurdu ki, qız bu anlarda kişinin diqqətini özünə cəlb etməyə çalışır. Bununla belə onun hansısa bir hərəkəti işlədib - işlətməmək barədə düşündüyünü sezmək də bir o qədər çətin deyildi. Nəhayət, o, əllərini masanın üzərində bir - birinə çarpazladı və qarşısındakı adamın düz gözlərinin içinə baxmağa çalışaraq səsinə süni ehtiras qatıb dilləndi.
- Mən fahişəyəm, kafenin fahişəsi.
O, tanışlıq məqsədi ilə dediyi sözləri sona çatdırdığı zaman kişi popirosunu külqabıya basıb söndürməklə məşğul idi. Bunu edib qurtardıqdan sonra isə tələsmədən masanın özünə tərəf olan hissəsinə tökülmüş bir neçə kül topasını üfürüb yerə saldı və yalnız bundan sonra başını qaldırıb qızın üzünə baxdı. Bu zaman onun üzündə ilk tanışlıq zamanı razı qaldığını bildirən adamlara məxsus təəbəssüm vardı.
O, - mənim də çörəyim yazı-pozudan çıxır, - dedi və əli ilə onları izləyən ofisiantlardan birinə qədəhinin boş olduğunu işarə etdi. Ardınca isə susaraq yenə də gözlərini masanın üzərindəki məchul nöqtəyə zilləyib durdu.
Bu zaman o, başını qaldırıb çağırılmadan qonağı olan masa yoldaşının üzünə nəzər yetirsə idi, onun mis kimi qızardığını, həyəcandan yanaqlarının əsdiyini görərdi.
Həqiqətən qız çox pis vəziyyətə düşmüşdü. Hiss olunurdu ki, masaya yaxınlaşdığına peşmandır. Bunu gizlətməyə çalışa da bacarmır, əllərini ovuşduraraq, yerli - yersiz boğazını arıtayıb düşdüyü pərt vəziyytdən çıxmağa çalışırdı. Lakin bu ona asan başa gəlmədi. Belə ki, aralarında başlanan süküt həyəcanı və pərtliyi daha da dərinləşməkdə idi. Qız yalnız titirəyən əllərini gizlətməyə çalışaraq cins şalvarının arxa çibindən çətinliklə popiros çıxarıb odladıqdan sonra bir qədər sakitləşdi.
Sözsüz ki, o, qarşısındakı adamdan istədiyi cavabı ala bilməmişdi. Bu cavab müxtəlif: - kinayə ilə (qız yalnız belə düşünürdü) “cox şadam”, kobudluqla, ”mənə fahişə lazım deyil”, yaxud, “məni rahat buraxın” kimi sözlərdən ibarət ola bilərdi. Və bu halda qız gözlədiyi cavablardan birinə uyğun olaraq hazırladığı sözü işlədib kişini ələ salaraq əsəbləşdirməyə nail olacağına ümid edirdi. Amma düşündüyünün əksinə olaraq kişi heç bir kobudluq etmədən qızın tanışlıq cəhdini səmimi olaraq qəbul edib cavabandırmışdı. O, hətta nəzakətlə bir növ qızı fahişə kimi qəbul etmədiyinə də işarə etmişdi.
Qız ardı - ardınca sümürdüyü popirosunu yarıya çatdırdığı zaman artıq onu bura gətirən mərc barədə düşünmürdü də. Sanki, qarşısındakı adamın bir neçə sözdən ibarət olan danışığının, eləcə də hərəkətlərinin sehrinə düşmüşdü. Ona elə gəlirdi ki, kişi onun masaya yaxınlaşmaqda olan məqsədini anlayıb. Və bunu düşündükcə sakitləşməkdə olan əlləri əvvəlki tək titrəməyə başlayırdı. O, nə edəcəyini bilməyərək əsəbi halda popirosunu tüstülətməyə davam edirdi. Qız həm də baxışlarının toqquşacağından qorxaraq gözlərini masanın üzərindəki nimcələrə dikib durmuşdu və hətta ofisiantın boş qədəhi nə vaxt dolusu ilə əvəzlədiyini belə hiss etmədi.
”Bu bizim düşündüyümüz kimi əyyaş, vecsiz adam deyil. Nə edim, üzr istəyimmi?” - həmin anlarda qızın beynində dolandırdığı fikirlər yalnız bunlar idi. Nəhayət, o, sükutu mütləq pozmaq lazım gəldiyinin vacib olduğunu anlayaraq özünü ələ almağa çalışdı. Az sonra əvvəlkindən tamamilə fərqlənən həlim, sakit bir səslə danışdı:
- Haraya yazırsınız? - həyəcandan o, fikirini sona qədər tələffüz etməyi bacarmadı. Hətta susduğu zaman narahatlıqla sözləri düzgün deyib - demədiyini də düşündü.
Kişi bir az əvvəl qutudan çıxardıb ovuşdurmaqda olduğu popirosu odlamağa tələsmədi:
- Adətən “Sirli Azərbaycan” qəzetində yazıram, kitabım isə 10 il əvvəl çapdan çıxıb.
Kişinin bu cavabından sonra qız bir anlıq heyrətdən donaraq stulda tərpənmədən qaldı. Sonra isə cəld bir hərəkətlə qalxıb masadan uzaqlaşdı.
Onun qəribə gəlişi kimi gedişi də kişiyə təsir etmədi. Onun qızın arxasınca baxmayaraq bayaqdan bəri barmaqları ilə əzib yumşaltmağa çalışdığı popirosunu dodaqları arasına qoyub odlaması bunu deməyə əsas verirdi.
Bu dəqiqələrdə qız heç kimlə bir kəlmə belə danışmadan sürətlə barmenin yanından kecib mətbəxə daxil oldu. Bir neçə saniyə sonra isə oradan çıxıb kafenin çıxış qapısına doğru yönəldi və barmenin, ofisiantların, eləcə də müştərilərin yanında oturan fahişələrin təəccüblü baxışları altında kafeni tərk etdi.

*****
Ertəsi gün axşamüstü kafeyə gələn qız onu sorğu - sual edən kafe işçilərinə ələ salacağına mərc gəldiyi adamın köhnə tanışı çıxdığını söyləməklə kifayətləndi. İşcilər onu öz maraqları daxilində, uduzduğu qonaqlığı verəcəyi ilə bağlı razılığını aldıqdan sonra, rahat buraxdılar.
Əslində isə qız bu adamla heç bir zaman rastlaşmamışdı.
Bir müddət öncə təsadüfən (o, bunu hələ də xatırlaya bilmirdi) əlinə keçmiş qəzeti varaqlayərkən əvvəlcə müəllifin kiçik köşə yazısının başlanğıcında olan bir neçə şer misrasını, daha sonra məqaləni oxumuş, sözlərin və fikirlərin dolğunluğuna heyrətlənmişdi. O, gündən bəri isə hər gün qəzet almaqla, hətta fahişə rəfiqələrinin gülüş hədəfinə də çevrilmişdi. Belə misraları qələmindən çıxaran adam qızın nəzərində yarımallah idi və qız az qala müəlliflə bir neçə saatlıq söhbət üçün canından belə keçməyə hazır idi. Amma onun düşüncələrində şairlə aralarındakı fərq yerlə göy qədər idi və adi kafe fahişəsinin dünyaya mənəviyyat dərsi keçməyə layiq olan bir adamla hansısa bir münasibəti mümkünsüzdü.
Indi isə budur, o, kiçik şəkillərinin altındakı yazılarını qəzet səhifələrindən səliqə ilə kəsib ayıraraq, kitabını şəhərin az qala bütün kitabxana və kitab dükanlarında axtarıb tapmadığı şairlə rastlaşır. Xəyallarında bu adamla yüz dəfələrlə qarşı - qarşıya duraraq məsləhətləşib, hətta bu görüşlərin çoxluğundan onların sözlərini belə əzbərləyib. Həm də xəyali görüşlərində fahişəliyini səmimi şəkildə şairə etiraf edib. Bunun müqabilində isə qarşılıqlı olaraq hansısa kinayə və kobudluqla qarşılanmayıb. İndi isə xəyali görüşləri kerçəkləşərək qarşılaşdılar. Qız özünü əsl fahişə, şair isə misralarının və təxəyyülünün sahibi kimi apardı.
Görəsən bundan sonra şair ona, sözlərinin səmimiliyinə inanacaqmı? - bu fikirlər gün ərzində qızın qəlbini didib - parçalayır, o, popirosu popirosa calayaraq sakitləşməyə çalışırdı. Hətta şairin gələcək vaxtına yaxın ofisiantlardan onun küncdəki masasına müştəri buraxmamağı da xahiş etdi. Vaxt ötdüyü zaman isə həyəcanlanmağa, şairin kafe işcilərinin ondan bezdiyini anlayaraq üzüsulu kafedən uzaqlaşdığını düşünməyə başladı. Nəhayət, ofisiantlar qızın həyəcanını başa düşüb şairin kafeyə iki gündən bir gəldiyini söylədilər. Bu halda qız bir qədər sakitləşdi və masalarda oturub onu gözləri ilə yeməyə hazır olan müştərilərə fikir vermədən evə yollandı. İndi o, yalnız səhərin tez açılması üçün erkən yatmaq barədə düşünürdü. Amma buna müvəffəq olmadan səhəri dirigözlü açdı.
*****
Ertəsi gün şairin gəlişini kafedə işcilərlə birgə fahişələr də gözləyirdi. Elə bil qızın günortadan başlayıb açıq - aydın sezilən narahatçılığı hamıya sirayət etmişdi.
Nəhayət, axşamüstü qapıda görünən şair adəti üzrə, ümumilikdə başı ilə salamlaşaraq, küncdəki boş masaya doğru addımladı. Stul çəkib üzü salona tərəf oturduqdan sonra işıqların özünə tərəf yönlənməsi anından istifadə edərək başı ilə barmenə onun sifarişini göndərməyi işarə etdi.
Bu dəqiqələrdə qız barın önündə əllərini yanına salaraq dayanmışdı. Bir sutka ərzində gözlədiyi zaman yetişsə də indi o, şairin masasına yaxınlaşmaq üçün topladığı cəsarətini büs - bütün itirmişdi. Heç danışacağı zaman ilk kəlməsinin nədən ibarət olacağını da dəqiqləşdirə bilmirdi. O, ofisiantın padnosdakı iki nimçəni və yüz qramlıq qədəhi şairin masasına qoyub uzaqlaşdığı zaman birtəhər özünü toplayıb ayaqları əsə - əsə irəli yeridi. Yarıqaranlıq salonda ehtiyatla şairin masasına yanaşdı:
- Salam, - səsi həlim və həyəcanlı idi. Şair başını qaldırıb ona ani nəzər yetirərək salamını aldı. Üzündə dünən olduğu kimi mehriban təbəssüm vardı. Bu təbəssüm qızın qəlbindəki peşmançılığı artırmaqla yanaşı, onu həm də cürətləndirdi. Başı ilə şairlə qarşı - qarşıya olan stul işarə etdi.
- Olarmı?
Şair razılıqla başını tərpətdi. Qız oturduqdan sonra srağagündən bəri deməyə hazırladığı sözlər bir anda yaddaşından silinib getdi. Titrək əllərini bir - birinə sürtərək yalnız bir kəlmə deyə bildi. Və bu kəlmələr onun dodaqlarından pıçıltı ilə çıxdı. O, ”məni bağışlayın” - dedi və səssizcə ağladı. Bir neçə saniyə ərzində dolmuş gözlərindən axan yaş yanaqlarından süzülərək çənəsinə yayıldı. Bu dəqiqələrdə şair dinmədən qutudan çıxardığı popirosu adəti üzrə əzib yumşaltmaqla məşğul idi və üzündən təbəssüm əksik olmurdu. Bu günədək kafe işciləri ilk dəfə olaraq şairin cöhrəsində təbəssüm gördükləri üçün yarıqaranlıq salonda çətiniklə də olsa təəccüb və maraqla bu təbəssümü izləməyə çalışırdılar. Onlar öz aralarında danışaraq bu nimdaş geyimli adamın qızın köhnə sevgilisi, yaxud yaxın qohumu ola biləcəyini iddia edirdilər. Aralarında hətta qızın bir zaman ərdə olduğunu, indi əri ilə qarşılaşdığını iddia edənlər də tapıldı.
Qız çantasından şairin qəzetdən kəsərək saxladığı yazılarını çıxardığı zaman sakitləşmişdi. Onun bu hərəkətini təşəkkürlə yanaşı həm də narazılıq dolu baxışlarla qarşılayan şairin utandığı da şübhəsiz idi.
Elə bu görüşdəcə qız həm utanaraq, həm də şairin ona inanmayacağınadan qorxaraq öz keçmişindən danışdı. Ögey anasının çəkdirdiyi zülmlərə baxmayaraq dünyasını dəyişmiş anası kimi müəllimə olmaq istəyən və imkan düşüncə oxuyan bir kənd qızı. Nəhayət, onun arzuladığı tələbəlik illəri. İkinci kursa kimi əmi, dayı, bibilərin yolladığı pulla kirayə haqqı ödənilir, çətinliklə də olsa dolanışıq təmin olunur. Növbəti yay tətili zamanı kəndə gəldiyində ögey ana qohumların önündə atasının qızına vaxtlı - vaxtında lazımınca pul göndərdiyi barədə yalançı iddialarla çıxış edərək daha da irəli gedib qızın Bakıda əxlaqsızlığa qurşandığını, pulunu ənlik kirşana xərclədiyini söyləyir. Ata bu arada söhbətə müdaxilə edərək etirazını bildirmək istəsə də sonda məğlub olub geri çəkilir. O, ikinci arvadından ilk uşağı olduğu zamandan belə məğlub durumdadır. Qohumlar isə iddalara tam olaraq inanmasalar da heç kim ağramayan başına dəsmal sarımaq istəmir.
Yay tətili bitdiyi zaman qız ögey anasının kənddə qalaraq atasına qayğı göstərməsi ilə bağlı tələblərinə qulaq asmayıb Bakıya yollanır. Pulu olmadığı üçün sürücüsünə yalvarıb mindiyi avtobusla Bakıya qədər ayaqüstə gedə - gedə bir daha getdiyi bu yolu qayıda bilməyəcəyini düşünür və göz yaşları içində bunun belə olacağına da and içir. Bir neçə ay rəfiqələrinin kirayələdiyi evdə qalaraq onların hesabına dolanır. Lakin bu halın uzun sürməyəcəyini anladığı üçün ilk gündən iş tapmaq məqsədilə müxtəlif şirkət və müəssisələrə üz tutur. Uzun müddətli axtarışları nəticə vermir və o, hər yerdən əli üzülmüş halda kafe, yaxud restoranların birində iş axtarmağa məcbur olur. Onu məmnuniyyətlə işə götürdükləri ilk kafedə çalışmağa başladığından bir neçə gün sonra əvvəlcə kafe sahibi, daha sonra isə barmen ona açıq şəkildə cinsi əlaqə təklif edir. Bu təklifləri göz yaşları ilə qarşılayıb rədd edən qız nəticədə dörd ay ərzində bir neçə iş yeri dəyişmək məcburiyyətində qalır.
Nəhayət, dördüncü kursun ilk smestirinə təsadüf edən, universiteti bitirməsi üçün bədənini qurban verməyə məcbur olduğu aylar. Üzütüklü, daima ət iyi verən, müştərilərdən fərqli olaraq işcilərinə qarşı münasibətdə hədsiz kobud olan kafe sahibinin heyvani şəhvəti. İtirilən qızlığı, məsumluğu ilə birgə tələbə yoldaşı olan oğlanın məhəbbəti də puç olub gedir. Və ən nəhayət, bədəni hesabına əldə etdiyi məzunluq dövrü. O, var qüvvəsi ilə kafe həyatından uzaqlaşmağa çalışaraq şəhərin demək olar ki, bütün məktəblərinə, ən aşağı saatla olsa belə iş tapmaq arzusu ilə, baş vurur. Burada isə ondan əvvəlcədən ən azı on aylıq məvacibi məbləğində pulu şirinlik adı iə rüşvət istəyirlər. Buna heç cür imkanı, kəndə qayıtmağa yeri olmadığı üçün də o, kafe həyatına qayıtmaqdan başqa yol görmür. Nə qədər çətin olsa da bu yola qayıdır. Amma bir qədər fərqli şəkildə. Bu dəfə kimlərinsə üzərində tam ağalığına imkan verməmək üçün fahişə kimi. İndi o zamandan 5 il ötüb. O, şəhərin ən qiymətli və işlək fahişələrindən biridir. Vaxtilə onu əzən taleyinə tüpürərək çalışıb hər şeyin ziddinə gedir. Az da olsa kişiləri öz qabağında əzməyə, yalvarmağa müvəffəq olur. Bununla da onu bu günə salmış taleyindən və insandan kam almağa çalışır. Ancaq bütün bu hərəkətlərin öz - özünə verdiyi riyakar bir təsəlli olduğunu da anlayır. Başqa yolu olmadığı kimi.
Qız göz yaşları içində sözünü bitirdiyi zaman şair artıq dördüncü qədəhi içib qurtarmışdı. Özünə aid olan popiros qutusu tamamilə boşaldığından əlini uzadıb icazə istəmədən qızın popirosundan birini götürdü. Dodaqları arasına qoyub odlayaraq bir müddət gözlərini masanın üzərindəki hansısa məchul nöqtəyə zilləyib durdu. Nəzərlərini masadan ayırıb qızın üzünə baxdığı zaman üzündə nə təəccüb, nə əsəb, nə də həyəcan vardı və o, qızın yanaqlarına yayılmış kirşanına baxaraq həzin bir səslə dedi:
- İnsanın bədəni özününkü deyil, zaman - zaman kimlərinsə, sonda torpağındır. Çalış ruhunu qoru.

*****
Əgər bu məsələnin allahla olan bağlılığını soruşursansa bu işdə mən yoxam. Yox əgər mənim subyektiv fikrim sənin üçün maraqlıdırsa? O, son kəlməsini hecalara bölərək dedi və susdu.
Məlum idi ki, bu hərəkətləri ilə fikirlərinin qız üçün maraqlı olub - olmadığını aydınlaşdırmaq istəyir. Qız onun məqsədini anlamaya bilməzdi. Odur ki, ixtiyarsız halda oturduğu yerdən qabağa əyilib tələskənliklə dilləndi: - hə, danış, danış.
Bu onların beşinci görüşü idi. Qız demək olar ki, ilk görüşdən başlayaraq şairi incitməməyə çalışıb ona müxtəlif suallar ünvanlayır cavabları isə körpə uşaqlar kimi əlini çənəsinə dayamaqla bacardığı qədər həssassızlıqla dinləyirdi. O hərdən tanış olmadığı zamanlarda xəyallarında şairə ünvanladığı sualların reallıqda səslənməsinə inana bilmirdi.
Onun növbəti sualı isə insanların nə üçün müxtəlif talelər yaşaması, onların maddi və mənəvi zənginliyinin, kasıblığının fərqli olmasının səbəbləri ilə bağlı idi.
- ...Hə, əgər mənim subyektiv fikrim sənin üçün maraqlıdırsa, - şair qızın razılaşdığını görüncə sözünə davam etdi: - zənnimcə təbiət bütün canlıları yaratdığı zaman növlərə böldüyü kimi insanları da beləcə nəsillərə ayırıb. Təbiətdə qoz, fındıq, alma ağacı, iribuynuzlu, xırdabuynuzlu, cütdırnaqlı və digər müxtəlif təyinatlı canlılar olduğu kimi insanlar da nəsillikcə belə yaradılıb. Əvvəlki dövrlərdə insan nəsilləri sülalələrinə və yaxud peşələrinə uyğun olaraq ayrılır və adlandırılırdı - başmaqcılar, papaqçılar, çəkməçilər və ilaxır - hər halda burada təbiətin yaratdığı genetik sirlər də inkarolunmazdır.
İndi gəl, kainatın bütün canlılarına, adamlığının, ağaclığının, heyvanlığının fərqinə varmayaraq, sadəcə canlı nəzərləri ilə baxıb onları müqayisə etməyə çalışaq. Bu arada şair popirosunu külqabıya basıb söndürdü- elə ağac var ki, bir neçə il bar verir sonra isə quruyub gedir. Digəri, bir il bar verir, növbəti ili barsızdır. Heyvanlar qısır qalır, yaxud iki balanı birdən doğur. Bu hal digər canlılar kimi insan nəsillərinə də şamil olunur. Sadəcə olaraq təbiətin yaratdığı, bir mövqe təşkil edən insan nəslinin ömrü digər canlıların ömründən uzun olduğu üçün bizlər yüksələn, yaxud enən xətti görə bilmirik. Buna bir insanın ömrü çatmır. Nəsillərin, eləcə də onları təşkil edən insanların imkanlar fərqi və dərəcəsinə gəlincə isə bayaq qeyd etdiyim kimi, verilən bar aidatı üzrə ağacın, doğulan bala, onu doğan heyvan nəslinin varı, var olmasıdır. Yəni, bar verməyən ağacdan, qısır heyvandan fərqli olaraq, ikincilərin daha çox və yaxşı yaşamaq imkanı, şansı var. Ən azından onlara göstərilən qulluq baxımından. Sual yarana bilər ki, uzun əsrlər boyu qul olmuş, yaxud hakimiyyyətdə olan nəsillərə qarşı təbiət nə üçün fərqli yanaşıb. Yenə də diqqət edək, bu fərq yalnız insan üzərində deyil. Təbiətdə həmişəyaşıl ağacların insanlar arasında oxşarı kral, şah ailələri və digərləridir. Bu oxşarlıqda maraqlı olub eynilik təşkil edən bir cəhət isə, həmşəyaşılların adətən digər canlılara sarmaşaraq yaşaması, yaşaya bilməsi, onların vasitəsi ilə yüksəklikləri fəth etməsidir. Həmdə belələrinin xeyirli, yaxud xeyirsiz olmasından asılı olmayaraq nəsillərini kəsmək müşkül məsələdir. Özləri üçün səmərə baxımından isə belələri adlarına uyğun olaraq həmşəyaşıldırlar. Həm də belə bitkilərin növləri az olduğu kimi bu tip insan nəsilləri də dünya miqyasında azdır. Qaldı ki, qul nəsillərə, ağaclar arasındakı söyüd onlarla eyni taleyi yaşayır. O, ömrü boyu bar vermədən kiminsə xidmətində durur, digər canlılara - suya, insana və sairəyə sərinlik gətirir. Bu xidmətə görə o, yaşama haqqı qazanaraq kəsilmir. Azacıq cüzi çətinlik yaratdıqda isə, ya budanır, ya da kökündən çıxarılır. Maraqlısı isə budur ki, qullar, yaxud aşağı təbəqənin adamları ömrünü itirdikdə çox az adamın heyfsləndiyi kimi barsız söyüdün ölümü də nadir hallarda təəssüf doğurur. Qaldı ki, qul yaxud aşağı təbəqə adamı oğlunun şah olmasına burada da müəyyən bağlılıq var. Bacarıqlı bağbanlar söyüd ağacına üzüm calaq etdikləri zaman tumsuz üzüm yetişdiyi kimi müqayisə olunan insan nəsillərində də belə imkanlar yaranır. Hər iki halda isə onu reallaşdıran tələblər, münbit şərait, ehtiyac və icracı əl olmalıdır. Həm də ki, bu təsadüflər nəticəsinin uzun ömürlü və davamiyyətli olması çox müşkül və müəmmalıdır. Tarixə nəzər salsaq bunu aydın görərik.
Bəs nə üçün belədir sualına gəlincə isə gərək bu sualı verən adam əvvəlcə özü - öz nəsilindən ayrılmağı bacarsın. Bizlər nə qədər ki, öz nəsillərimizə bağlı olub onunla öyünəcək, onun kimi olmaq istəyəcək, yaxud onun məhdud adətləri içində itib batacağıq hər şey təbiətin qoyduğu kimi də davam edərək mənin inkişafı mümkünsüz olacaqdır. Fikir versək, müasir dünyada iki növ insan ailələri yaşamaqdadır. Biriləri sırasında hindli kastalar, ərəblərin və digər xalqların hələ də qəbilə, tayfa halında yaşayan nümayəndələri və digər mühafizəkar adlandırıla biləcək nəsillər aiddir. İkincilər isə, daim müasirliyə can atıb nəslinə inkobator sayağı yanaşaraq imkan düşüncə onu tərk edən, bunu bacaran insanlardır. Onlar özlərindən asılı olmasa belə axına düşərək daim inkişafdadırlar. Kahadan yalqız şəkildə çıxan insan nə qədər müdrük, cəsarətli və azad idisə, qəbilədən çıxan bir o qədər axmaq, qorxaq və qul halında idi. Birincisi özü fərd şəklində düşünüb hərəkət, inkişaf edirdisə, ikinci başçının düşüncələrinə rəğmən hərəkətdədir. Bir insanın gücü, təbii ki, söhbət psixolojisi sağlam olan insandan gedir, öz arzuları fonunda insana nəzərən hesablanırsa və bu nə qədər ədalətlidirsə, qəbilənin gücü qəbiləyə qarşı hesablanır və bir o qədər ədalətsizdir.
Əlbətdə bunlar yetərincə qəliz məsələlərdir. Ancaq etiraf etmək lazımdır ki, biz öz nəsillərimiz içində itib batmışıq və oradan çıxmağa nə gücümüz, nə iradəmiz, nə də təşəbbüsümüz var. Sadəcə olaraq “allahdan buyruq, ağzıma quyruq istəyirik.”
Şair son kəlməsini bitirdikdən sonra gözlənilmədən səssizcə güldü: - qulaq as əzizim, mən filosof - zad deyiləm. Sadə bir cızma - qaraçıyam. Nə üçün məndən zorla filosof düzəltməyə çalışırsan? - dedi və saxta bir hərəkətlə başını buladı.
Qıza sanki onun söhbəti bitirdiyi bu zaman çatdı. O, masanın üzərində çarpazlamış olduğu əllərini üzünə çəkərək yuxudan ayılan adamlar kimi şairin üzünə baxıb həyəcanlı bir səslə: - mən səni sevirəm şair, sən mənim canımsan, - deməkdən özünü saxlaya bilmədi. Bu səsdə illər boyu itkin düşmüş övladını tapmış anaya məxsus bir həzinlik, sevgi vardı.

******
Bəs şərəf, ləyaqət?
- Hamısı boş şeylərdir. İnsanın özünə şərəf heç bir zaman gərək deyil. Şərəf ikinci tərəflə münasibətlərdə vacibdir. Ümumiyyətlə isə bu şeylər ictimai münasibətlərdə istifadə olunur. Axı şərəf və ləyaqət “mən” in nəyinə lazımdır? Onların kriteriyaları varmı ki? Mən əminəm ki, bu nəsnələr yalnız insanların yaradıb tələb etdiyi şeylərdir. Daş dövrünün insanında şərəf və ləyaqət vardımı? O, bəyəm yaşamırdı. Axı öz dövründə kim onu şərəfsiz, ləyaqətsiz adlandırırdı? Və yaxud tarixin müxtəlif dövrlərində şərəf və ləyaqət kimi qəbul olunan hərəkət, söz sonrakı dövrdə ləyaqətsizlik kimi qəbul olunursa hansısa əxlaq kateqoriyasından danışmağa dəyərmi? 16 - cı əsrdə alman ailəsi sevimli, hörmətli qonağına arvadını, yaxud qızını təklif edərdi. Tarixin hansısa dövründə evdə kişisi olmayan qadınlar qapıdan papaq asardılar ki, yalqızam. Evdə kişi olduğu halda qapıdan papaq asan qadınlar isə əxlaqsız, ləyaqətsiz kimi cəzalandırılırdı. Birinci haldakı təklifsizlik də qonağın bir o qədər hörmətli olmadığına dəlalət edib, ümumiyyətlə, böyük hörmətsizlik hesab olunurdu.
Sadəcə olaraq insan oğlu mənən kicildikcə, güczüzləşdikcə qorxudan müxtəlif şərəf, ləyaqət kriteriyaları yaradaraq bir növ özünü sığortalamağa çalışır. Daima inkişafda olduğunu iddia etdiyimiz cəmiyyət öz maddi və mənəvi dəyərləri, qanunları ilə həqiqətənmi bu yoldadır? Əgər belədirsə icad olunan silahlar, geyimlər, qarşılıqlı münasibət formaları nədən xəbər verir?
- Yaxşı, bəs kamilliyə can atan, yaxud kamil insan? Axı onlar daim şərəfli və ləyaqətli olmağa çalışaraq belə də olublar?
- Səhvin var əzizim, kamilləşən yaxud buna çalışan insan heç zaman mənəvi dəyərlər barədə düşünmür. Əgər o, işini atıb bu dəyərlər haqda düşünərsə onların əsirinə çevrilər. İnsan şərəf və ləyaqətin içində yaşamamalıdır. Bu halda o, zaman - zaman və yaxud coğrafi mühütlər, inanclar üzrə dəyişən dəyərlər kateqoriyasının içində itib batar. İkincisi də mənim bildiyimə görə tarixdə heç bir kamil kimi qəbul olunan insan, yaxud filosof “olun” kəlməsini təlqin etməyib. Çünki onlar bunun mümkünsüzlüyünü dərk ediblər. Qarsian Baltasar və ya Makiavelliyə gəldikdə isə bu filosoflar acı həqiqətləri yazıb bunun qaçılmaz olduğunu anlatmağa çalışıblar. Babalarımızın bir növ ”olun” tələbini irəli sürən nəsihətləri yalnız diplomatiya və adi məişətdə reallığa çevrilə bilir. Cəmiyyətdə, eləcə də onun formalaşmasında isə nəsihətlər, atalar sözləri utopiyadan başqa bir şey deyil. Babalar ola bilsin ki, övladları üzərində tərbiyə mexanizmlərini həyata keçirə bimədikləri üçün sonunda usanıb nəsihət edərək - “belə edin” deməklə kifayətləniblər. Zamanında nəsihəti praktik şəkildə həyata keçirib sağlam gələcək yaratmağı bacaran insana “olun” ifadəsi yox “oldun” deyib sevinmək daha çox xeyir gətirərdi. Bu hal - hazırda uzun müddət alkaşlıq və avaralıq edib sonradan əlinə Quran alaraq yasin sürəsini öyrənən adamların nəsihətinə bənzəyir. Belələrinin “biliyindən” isə yalnız uzaq dağ kəndlərində ölüləri torpağa tapşırmaq üçün istifadə edirlər. O da ki, çərazislikdən.
Bu məsələlərdə kamil insana gəlincə isə o, şərəf və ləyaqəti içində yaşadır. Atdığı addımını cəmiyyətin qəbul etdiyi ləyaqət normalarına görə deyil, öz düşüncələrinə uyğun olaraq hesablayır. Bir cəmiyyətdə şərəfli və ləyaqətli hesab olunub yaşayan insan konkret olaraq həmin cəmiyyət içində hörmətə layiqdir. Özünə məxsus mənəvi və əxlaqi dəyərləri olan cəmiyyəti dəyişdikdə isə o, zəif, yelbeyin, xaraktersiz, hətta mənəviyyatsız bir adam hesab oluna bilər. Çünki şərəf və ləyaqət tipli dəyərlər məhdud bir cəmiyyətin insanları tərəfindən yaradılaraq qəbul olunub, məhz o cəmiyyətə hesablanaraq oradakı insanların hərəkət, yaxud hərəkətsizliyini təmin etməyə yönəlir. Ümumiyyətlə isə, şərəf, ləyaqət və bu tip şeylərin ”mənin” azadlığımı əlimdən almağa yönəldiyi də şübhəsizdir. İnsanlar bu dəyərlərin fövqündə duran qanunları icad edir, onların vasitəsilə ”məni” əzirlər. Qanunların, dəyərlərin azadlığı ”mənim” məhkumluğum üzərində qurulub. Onların varlığı”mənim” yoxluğumdur. Onlar var ikən “mən” özümünki yox, onlarınkıyam. Çünki, onlara uyğun olaraq hərəkət etməyəcəyim halda “məni” ictimaii qınaq yaxud qanunların imkan verdiyi tərzdə cəza gözləyir. Bircə şeyi də qeyd edim ki, burada söhbət qanunlara baş əymək məcburiyyətində qalan fiziki “mən” dən gedir. Mənim içimdəki “mən” isə istənilən zaman qayda və qanunlara tüpürərək də yaşaya bilər. Düzdür, bu yetərincə çətin olan məsələdir, amma mümkünsüz deyil.
- Yaxşı axı dəyərlər və onların fövqündə duran qanunların yoxluğu xaosun, anarxiyanın yaranmasına səbəb olmayacaqmı?
- Anarxiya; - bu sözləri söylədiyi zaman şairin səsində gizli bir əsəb sezildi, - nədir axı, anarxiya? Təbii ki, bu da insanın düşündüyü kateqoriyalardan, ölçü vahidlərindən biridir. Və digər düşünülənlər kimi zaman - zaman dəyişilməyə məhkumdur. Quldarlıq dövründə öküz öldürən 5 solid, qul öldürən 1 solid cərimə olunurdu. Bu gün də dünyanın bütün cinayət məcəllələrində adi insanın öldürülməsi ilə dövlət başçısının, yaxud digər rəsmi şəxslərin öldürülməsinə görə tətbiq olunan cəza ili tam fərqlidir. Necə ki, quldarlıqda azad adamın qatili qulun qatilindən daha çox cərimə ödəməli idi. Yəni, güclü tiranın öküz, azad adam, qul fərqi ilə qoyduğu qanun bu gün başqa formada qüvvədədir.
İndi dövlətlər orta əsrlərdə qanuni olan çəpərləmələri pisləyərək qanunsuz adlandırıb onları dünyanın ötüb keçdiyi feodalizm quruluşunun mənfi özəlliyi kimi qəbul edir. Digər tərəfdən isə müasir dünyanın imkanlı şəxsləri bacardığları qədər mülk əldə edib ona tam idarəciliyi həyata keçirmək hüququna malikdirlər.
Eynicinslər evlənir və hal - hazırda dövlətlər tərəfindən ardıcıllıqla rəsmiləşdirilməkdədir. Və yaxud sırf dini dəyərlərlə yaşayan insan üçün həmişə olduğu kimi bu gün də bütün kainat anarxiya içində deyilmi? Müasir insanın nəzərində 100 il öncəki dövr tamamən anarxiyaya bürünmüşdü. Əslində belə idimi, əgər belə idisə kimin, nəyin gözündə? Əlbətdəki bu günki qanunların və onların bizə aşıladığı psixozun nəticəsində. Yenə də deyirəm, bu gün bizdə qəbul olunmayan, əxlaqsızlıq kimi başa düşülən yüz il sonra da belə qalacaqmı? Bir zaman şərqli kişi cadrasız qadına fahişə nəzəri ilə baxdığı halda bu gün şərq ölkələrinin əksəriyyətində nələr baş verməkdədir. Bir zaman Azərbaycan kişisinin öz cinsindən olanla evlənməyəcəyinə və bunun dövlətdə rəsmiləşdirilməyəcəyinə qarant varmı? Və bu halda tətbiq olunacaq qanunlar nəyə hesablanacaq, insanlaramı, insanlığamı, cəmiyyətəmi? Axı o zaman da dindar adamlar var olacaq. Bəs onda belələrinin, bəlkə də ən əxlaqi kateqoriyaları qoruyub saxlayanların, hüquqları necə olacaq?
Deməli, qanunlar çoxluğun və gücün hesabına formalaşır və bilavasitə gücə söykənməklə ona da xidmət edir. Onların dəyişilməsi isə zahiridir. Bəli, onlar həmişə zahirən dəyişir, mahiyyət etibarı isə hər şey daima olduğu kimi kimlərəsə sərf etdiyi halda qalırlar. Sadəcə, qədim dövrlərdə qanun bir nəfərin iradəsini ifadə etdiyi üçün biz o dövrü pisləyir, avtaritar rejim kimi qəbul edirik. İndi isə qanunlar güya çoxluq, seçkilər, vətəndaş cəmiyyətləri, nə bilim nələr tərəfindən düşünülüb müdafiə olunduğu üçün diqqəti cəlb etmir. Belə demək olarsa müasir dünya qanunların totalitarizmi altında yaşamaqdadır. Bununla belə deyərdim ki, avtoritarizm adlandırılan zamanlarda insan hüquqları indikindən daha mütləq idi. Heç olmasa insanı buxovlayan mənəvi dəyər kimi zadlar az idi. Bu gün birisi ictimai yerdə gəyirərsə camaatın qınağına tuş gələr. Oxumuşam ki, vətəndaşlar hansısa dövlətdə kecə evdə alt paltarda gəzməyə, tüpürməyə hətta xoruldamağa görə cərimə ödəməlidir. Amma həm də o dövlətərdə 18 yaşdan yuxarı uşağın böyüklərlə birgə oturub pornoqrafik film seyr etmək hüququ var!?
Şair sözünü bitirib yorğunluqla əlini yellədi: - heç bilmirəm bu sözlər bizim nəyimizə gərəkdir? - deyib gülümsünərək qıza baxdı. Amma bir neçə saniyə susduqdan sonra sanki ürəyini gəmirməkdə olan fikirləri deməkdən özünü saxlaya bilmədi: - eşitmisənmi ki, qanun şahdır,şah qanun deyil?
Qız razılıqla başını tərpətdi.
- Şah nə ücündür? - bu sualın sahibi olaraq özü də onu cavablandırdı - o, istənilən halda insan hüquqlarını bu və ya digər formada pozmaq üçündür. Sadəcə, bunu müasir dövrdə tənzimləmə, balanslaşdırma adı ilə maskirovka edirlər.
Şairin sözünü bitirməsi ilə qız əlləri ilə gözlərini ovxalayaraq bir müddət tərpənməz qaldı. Sonra isə gözlənilməz cəldliklə dikəlib şairin önündəki araq dolu qədəhi götürərək başına çəkdi. Başını bulayaraq şairin təbəssüm dolu cöhrəsinə baxdığı zaman onun gözləri yaşarmışdı.

*****
- Bəs nə üçün bütün bildiklərini yazmırsan?
- Yazmaq.
Bu sözün ardınca şair danışmağa tələsmədi. Yalnız növbəti popirosunu odlayıb bir neçə dəfə dərindən sümürdükdən sonra sözünə davam etdi:
- “Yazılar iki halda uğur gətirir. Yazıldığından az müddət, yaxud uzun illər, hətta əsrlər sonra. Birinci halda yazıcı günün və ictimaiyyətin tələbini anlayaraq bu haqda da yazır. Kitab qısa bir vaxt ərzində populyarlaşıb sahibinə uğur və pul gətirir. Yeri gəlmişkən onu da deyim ki, şərqdə, sifarişsiz olduğu halda, yazılarından əldə etdiyi gəlir hesabına varlanan naşir tanımıram.
İkinci halda isə, yazıcı təxəyyülünün məhsulu olan əsər onun sağlığında qətiyyən gündəmdə olmur. Ölümündən sonra təsadüfən oxunur, məğzi, dəyəri anlaşılır və vaxtı ilə həmin müəllifin adını it dəftərinə belə salmayan kütlə, dövlət yaxud cəmiyyət ölümündən sonra onu qəhrəman, dahi kimi qəbul edərək öz babası adlandırıb bu adamla fəxr edir. İyrənc şəkildə: - “görün də, mənə aid olan bir şəxs necə əsərlər yaradıb” - deyə adamı mənimsəməyə çalışır. Ancaq bu zaman da ondan qidalanamğa deyil, qazanmağa calışır.”
Bu arada şair bir neçə saniyə susub durdu,daha sonra əsəbi şəkildə başını bulayaraq sözünə davam etdi - (hiss olunurdu ki, o, qarşısında qadın olmasa idi düşünmədən sərt bir söyüş söyərdi) Nizamiyə ölümündən əsrlər sonra heykəllər qoyulması ona gərəkmidir? Bəlkə də gərək olardı. Amma mən əminəm ki, Nizaminin ruhu əmindir ki, kütlənin və dövlətin ona heykəllər qoymasının səbəbi özünə olan böyük sevgidən, yaxud gec də olsa öz günahlarını yumaq istəyindən irəli gəlmir. Zamanında onun əsərlərindən faydalananlarolduğu kimi bu gündə kimlərsə onun adından faydalanmağa cəhd göstərir. Bəli, dövründə varlılar ona özlərinə sərfəli poemalar yazdığına görə şair deyib hörmət bəsləyirdi. Qara camaat isə, Nizamiyə gözəl söz ustadı olduğuna görə deyil, şeyx olduğu üçün yalmanırdı. Belə münasibətin kökündə isə dinin aşıladığı müxtəlif hisslər durması şübhəsizdir. Deyilənləri anlamaq üçün dövrünün qara camaatı və Füzuli münasibətlərinə nəzər yetirmək kifayətdir.
Bundan başqa, əgər dövlət, yaxud cəmiyyət öz yazarlarına belə lütf göstərirsə yaxın keçmişin Əliağa Vahid, Cəfər Cabbarlı kimi söz sənətkarlarının hələ də sağ olan övladlarını nə üçün yada salmır. Söhbət dövlətin və xalqın kecmişindən, inkişafından getdikdə isə, hamı bu sənətkarlarla öyündüyünü söyləyir. Bu da özlüyündə riyakarlıqdan başqa bir şey deyil. Digər millətlərdə olduğu kimi bizimkilər də dədəsinə olan hörməti onu qətlə yetirib üstündə ağlamaqla diqqətə çatdırmaq istəyir. Belə münasibət isə mənə gərək deyil. Mən bu günki hökümət, dövlət və kütlənin çaldığı havaya uyğun olaraq oynayıb onların maraqları daxilində əsərlər yarada bilmərəm. Yaza biləcəklərimsə bu gün kimə isə gərək deyil. Və inanmıram ki, bu gedişlə kiməsə gərək olsun. Söylədiklərim quran ayəsi deyil. Hamısı mənim subyektiv fikirlərimdir. İnsan oğlu isə həmişə öz arşınını düz hesab edir. İnanmıram ki, tarixdə qalmış sənətkarların hansısa biri ancaq və ancaq gələcək nəsillər üçün şüarı ilə əsər yaratmaq eşqinə düşüb. Burada ruhi rahatlıqla yanaşı dolanışıq məsələsi də öndə olub.
*****
- Yaxşı, bəs sənin ən böyük arzun nədir şair?
- Arzummu? - şair gülümsündü. O, ixtiyarsız olaraq təbəssümünə qatılan kədəri gizləyə bilməmişdi:
- Arzum arzusuzluqdur.
Qız cavabın ciddi ola biləcəyini anlayırdı. Bununla belə şairin ifadələrində istehzanın olduğunu da nəzərdən qaçıra bilməzdi.
- Şair, axı mən ciddi soruşuram - bu dəfə o, səsinə saxta bir inciklik qataraq danışdı.
Onun bu narazıçılığı müqabilində masa yoldaşı yerində qurcalanıb qabağa əyilərək vacib bir söz deməyə hazırlaşan həmsöhbət görkəmi aldı. Ardınca bir neçə saniyə nə isə haqda düşünüb dilləndi:
- Bilirsən nədir arzum? - bu qeyri - müəyyən şəkildə verilmiş suala təbii ki, özü də cavab verməli idi və o, belə də etdi: “arzum odur ki, heç kimsənin olmadığı, sakit bir adada evim olsun. Ailəmin qarşısında başcılıq borclarımı bütöv şəkildə (bu sözləri deyərkən o, bunun mümkünsüzlüyünə əminliyini bildirirmiş kimi təəssüflə əlini yellədi) ödödikdən sonra həmin evə çəkilim. Oxumaq arzusunda olduğum müxtəlif ədəbiyyat anlaya biləcəyim dillərə tərcümədə əlimin altında olsun. Gün ərzində oxuyum, yazım. Axşamlar isə dostlar, məni başa düşə bilən insanlar, qonaq gəlsin. Oturub içək, içək. Lazım gəlsə elmi məsələlər zəmnində söyüş söyüb, bir - birimizi təhqir də edək. Lap qədim Yunanıstandakı kimi. Bircə kimsə kiməsə əl qaldırmasın. Hamı anlasın ki, bütün bu çılğınlıqlar elmi mübahisələrdən doğmadır. Daha sonra hamı arada heç bir inciklik olmadan evinə dağılışsın. Dostlar gəldikləri kimi sakitcə də çıxıb getsinlər. Mən isə uzanıb düşünüm. Elə bir cihaz olsun ki, mən dodağımı belə tərpətmədən beynimdən gəlib kecən fikirləri yaddaşına köcürsün”.
Bu kəlmələri bitirib o, bayaqdan bəri yumşaltmaqda olduğu popirosunu dodaqları arasına qoyub odlayaraq sözünə davam etdi - heç bilirsənmi ki, necə gözəl əsərlər yaranar? - dedi və ardınca sual dolu nəzərələrlə çiyinlərini çəkdi - bəlkə də mənə belə gəlir.
Şair bu dəqiqələrdə bu vaxta qədər heç kimə demədiyi xəyali arzusunu dilinə gətirmişdi. Bunu nə üçün etdiyini özü də anlamırdı. Amma demədiyi, qəlbinin dərinliklərində qoruyub saxladığı, daha bir arzu da qaldı. O, qarşısında oturub əllərini bir - birinə çarpazlayaraq məlul görkəmdə ona diqqət kəsilən, baxışlarından şairin arzuladıqlarını yerinə yetirmək üçün alışıb - yanan və bu imkansızlığına körpə uşaqlar kimi təssüfləndiyi açıq - aydın sezilən, qıza baxıb düşünürdü - kaş tanıdıqlarımın yarısı məni sənin kimi sevib, anlayardı.

*****
Qız blokun girəcəyində iki kvadratmetrlik yerə döşənmiş metlaxın üzərinə çıxdığı zaman dikdaban ayaqqabıları taqqıltı yaratdı.Tak, tuk, tak..
...Şairi həmin gün cox gözlədi. Saatlar 11-i göstərərkən ümidləri tamam üzüldü. Bu vaxtdan sonra şairin gəlməyəcəyinə əmin olduğu üçün onu masalarına dəvət etməyə hazır olan müştərilərə fikir vermədən işçilərlə sağollaşıb evə yollandı.
Çox güman ki, şairin vacib işi çıxmışdı. Qız onun gəlməməsinin səbəbini yalnız bununla bağlayaraq özünə təsəlli verirdi. Odur ki, ertəsi gün evdən çıxan kimi köşkdən qəzet alıb səhifələrdə şairin yazısını axtardı. On altı səhifəni bir neçə dəfə ələk - vələk etsə də, şairin köşəsinə rast gəlmədi. Səhər - səhər olduğu üçün qız kafeyə getmədən saat dördə kimi şəhərdə ayağı tutduqca gəzdi. Saatlar 16.00 göstərərkən taqətdən düşdüyünü anlayıb, həm də səhərdən bəri heç nə yemədiyini xatırladı. Əl çantasını axtarsa da yemək ala biləcəyi qədər pul tapa bilmədi. Şairlə tanış olduğu gündən sonra ayda bir, yaxud iki dəfə müştərilərlə yatağa girirdi. Aldığı pulu qənaətlə işlədir, yalnız ev kirayəsinə və gündəlik yeməyinə çatdırmaqla kifayətlənirdi.
Salona girdiyi zaman barmen və gündüz növbəsinin iki ofisantı onun belə erkən gəlməsinin səbəbini anlasalar da heç nə demədilər. Ona mənalı nəzərlərlə baxıb bic - bic gülümsəməklə kifayətləndilər. Qız da heç nə danışmadan çantasında olan - qalan pulu masanın üstünə töküb yeməyə bir şey istədi.
Axşamüstü səbri tamamilə tükənmişdi. Barmenin yanında popirosu - popirosa calayaraq gözlərini saatın əqrbləri üzərinə zilləyib durduğu zaman ona elə gəldi ki, əqrəblərdən daş asılıb. Barmendən bir neçə dəfə saatın düz olub - olmadığını soruşduqdan sonra səbri tamamilə tükəndi. Şairin şerlərindən bir misranı xatırlayaraq acı -acı gülümsünüb ürəyində onunla danışdı: ”düz demirsən şair, saatda yaxşı vaxt getmir”.
Şair gəlmədi. Saat 10 - da ümidi üzülən qız ağlamaq dərəcəsində idi. Və ayaqyoluna girib bir müddət səssizcə ağlamaqdan da özünü saxlaya bilmədi. Üz - gözünü qaydasına salıb barmenin yanına qayıtdığı zaman kafedə qala bilməyəcəyini anlayaraq fahişə qızların birindən borc alıb evə yollandı. Onun bu hərəkəti qarşılığında isə heç kim dinmədi.
...Nə qədər qəribə olsa da ara - sıra insanlar bir - birlərini anlamağı bacarırlar.

*****
Qarşıdakı bir həftə ərzində şairdən səs - soraq çıxmadı. O, nə kafedə göründü, nə də qəzetdə yazılarına rast gəlindi. Qız o günlərdə nə edəcəyini bilməyərək az qala dəli olmaq dərəcəsinə çatırdı. Əlində şairi axtarıb tapa bilməsi üçün heç bir ünvan yox idi. O, şairlə aralarında olan söhbətlərin detallarını xatırladıqca dişlərini bir - birinə sıxıb: - ilahi o, heç mənim adımı da bilmirdi, - deyə düşünürdü.
Şair ondan heç zaman adını soruşmamış, qız özü də bunu deməmişdi.
Ötən günlər ərzində şairi dəfələrlə yuxuda görsə də onunla danışa bilməmişdi. Yuxularında sanki qızın dodaqlarını kilidləyirdilər. Şair isə daima gülümsəyir, dinmədən popirosu popiposa calayırdı. Qız yalnız gecəyarı, göz yaşları içində ayılaraq, şairlə xəyalı görüşlərində danışmaqla təsəlli tapırdı və nə üçünsə hər dəfə bu görüş uzun müddətli ayrılıqlarından sonra ilk görüş olurdu:
- “Harda idin şair”?
Şair günahkar halda çiyinlərini çəkir:
- “İşim çıxmışdı.., elə - belə.”
Qız özü də şairin harada ola biləcəyini aydınlaşdırmaqda çətinlik çəkdiyi üçün onun xəyalının əvəzinə əsaslı cavab verə bilmirdi.
Şairin kafeyə gəlməməsindən keçən onuncu gün köşkdən qəzet alıb tələskənliklə vərəqləyən qız ağlına gələn fikirdən az qaldı dəli olsun; şairi tapa bilməyin bircə və çox asan yolu var idi. Qəzetin redaksiyasına zəng etmək.
Bu günədək belə bir fikrin nə üçün ağlına gəlmədiyinə təəccüblənən qız bir andaca arxaya çevrilib addımlığında olan köşkdən telefon jetonu istədi. Satıcıdan jetonun qurtardığını eşitdikdə isə bütün vücudunu çuğlayan bir əsəblə dönüb küçə aşağı addımladı. Bir neçə addımdan sonra yuxudan ayılan adamlar kimi yerində durub jetonu haradan tapa biləcəyini aydınlaşdıraraq sürətlə geri dönüb əks istiqamətə, metroya tərəf qaçmağa başladı. Keçidin pilləkənlərindən düşə - düşə əl çantasını açıb mobil telefonunu çıxardı. Operatorun balansda kifayət qədər kontur olmadığını elan etməyə hazırlaşan səsini sona qədər dinləmədən telefonu söndürdü. Əmin idi ki, ən ucuz kart ala bilməsi üçün belə pulu çatmayacaq. Odur ki, çantasını axtarmaqdan vaz keçib yoluna davam etdi.
Jetonu metro kassasından deyil, keçiddə paltar satan oğlanlardan tapa bildi. Bundan sonra isə bir müddət səs - küysüz bir yerdə telefon aparatı tapa bilmək üçün münasib yer axtardı.
Nömrəni yığmağa başladığı ilk 10 dəqiqə ərzində xətt məşğul göstərirdi. Amma qız sonralar özünə də qəribə görünən bir səbrlə dözüb bu müddət ərzində dayanmadan nömrəni yığmaqdan usanmadı. Nəhayət, xəttin o biri başından kişi səsi eşidildi:
- Xəbər qəzeti.
Qız özünü ələ almağa çalışdı:
- Alo, salam.
Qarşılıqlı olaraq onun salamını aldılar.
- Zəhmət olmasa, şairi olarmı? - o, nə üçünsə şairin adını söyləməyə ehtiyac görmədi.
Buna doğrudan da ehtiyac yox imiş. Xətdəki kişi düşünmədən şairin işdə olmadığını bildirdi. Qız hələ də ötüb kecmək bilməyən həyəcanını biruzə verməməyə çalışdı:
- Bilmirsiniz nə vaxt gələr? - deyə soruşdu.
- Kimdir ki, soruşan?
- Tanışıdır.
Kişinin səsində əsəbilik duyuldu:
- Xanım, tanışsınız amma bilmirsiniz ki, şair xəstədir hə!?
Qız belə bir cavab gözləmədiyi üçün duruxdu.
- Necə yəni? Nə olub ki, şairə?
Onun suallarını cavablandıran səsdəki əsəbilik bu dəfə daha da artdı:
- Deyirsiniz tanışam amma bilmirsiniz ki, şair neçə illərdir ürək xəstəsidir?
Qıza elə gəldi ki, kişi sözünü bitirib dəstəyi asacaq. Özünü tamam itirdi. Növbəti sualını (danışığı bitirdiyi zaman o, bu sualı hansı tərzdə verdiyini xatırlaya bilmirdi) düşünmədən verdi:
- Xahiş edirəm, şairin ünvanını, ya da əl telefonunu mənə verin.
- Ay xanım belə olmaz axı, siz necə tanışsınız ki, tanışınızın telefonunuda bilmirsiniz. Belə olmaz, - kişi səsində artmaqda olan narazılıqla bu sözü bir daha təkrara etdi: - bura redaksiyadır, bizim işimiz - gücümüz var axı.
Ardınca dəstəkdən əlaqənin kəsildiyini andıran qısa fit səsləri eşidildi. Qız kişinin səsindən şairin səhhəti ilə bağlı nigarancılığı duymuşdu. Odur ki, səsin sahibindən zərrə qədər də incimədi və ətrafdakı adamların nə düşünəcəyinin fərqində olmayaraq əllərini üzünə qapayıb səssicə ağladı.
*****
Kafe işciləri son zamanlar qızın kədərli olmasının səbəbini şairin gəlməməsi ilə bağlı olduğunu anlasalar da heç kim bunu sona qədər izah edə bilmirdi. Şairin kimliyi, onun adi bir kafe fahişısi ilə münasibətlərinin forması hamı üçün sirr olaraq qalmaqda idi. Qız özü isə kafeyə gəlib oranı tərk edənə qədər heç kimlə danışmadan barmenin yanında oturub qalırdı. Qaranlıq qarışdığı zamanlarda gözlərini qapıya zilləyib durur, şairin gələ biləcəyi vaxt ötdükdən sonra isə ardı - ardınca bir neçə popiros çəkib kafeni tərk edirdi. O günlərdə tamamilə pulsuz qalıb aldığı borcun hesabına dolanmasına baxmayaraq, onu daima masalarına dəvət edən müştərilərə fikir vermirdi. Yaxınlaşan yarı sərxoş müştəriləri isə yüksək qiymət deməklə rədd edirdi. Həftə sonu köhnə müştərilərindən biri onun dediyi qiymətlə razılaşdı. Qız könülsüz də olsa onunla yatağa getmək məcburiyyətində qaldı. Əldə etdiyi pulla borclarını və ötən aydan qalmış kirayə haqqını ödədi. Yerdə qalan azacıq pul isə yalnız bir neçə qutu popiros almağa kifayət etdi.
Şairin kafeyə gəlməməsindən keçən 18 - ci gün kafeyə gec və könülsüz gəldi. Salona girdiyi zaman axşam saatları olmasına baxmayaraq içəridə işıqlar hələ də yanırdı. Arxaya çevrilib qapını örtməkdə olan qızın beynindən ani olaraq işıqların hələ də yanması sual kimi ötüb keçdi. Bunu aydınlaşdırmaq üçün başını qaldırıb bar tərəfə boylananda barmenin mənalı və təbəssüm dolu baxışlarını gördü. Bir şey anlaya bilməsə də onun təbəssümünə təbəssümlə cavab vermək üçün zorla da olsa gülümsəməyə çalışaraq irəli yeridi. Və bu zaman adəti üzrə sola meyllənib şairin daim oturduğu künc masaya doğru boylandı. Gözlərinə inanmadı. Şair gəlmişdi və qız onu görüncə qara basmasından qorxaraq nəzərlərini küncə doğru zilləyib qaldı. Şübhə ola bilməzdi. Özü idi. Bu anda salonun işıqları söndürüldü. Artıq hər şey aydın idi və qız sonuncu hərəkətinə görə ürəyində barmenə yüz dəfələrlə minnətdarlıq etdi.
Salona rəngli işıqların düşməsi ilə yarıqaranlıqlaşan otaqda şairin seuleti əcaib bir kölgə də yaratdı. Qız nə edəcəyini bilmirdi. Ona elə gəldi ki, şairlə aralarında olan üç - dörd addımlıq məsafəni qət edə bilməyərək yıxılacaq. Həyəcandan bütün bədəni əsən qız arxada qalan saniyələr ərzində özünü ələ almağa çalışdı və dörd addımlıq məsafəni az qala qaçaraq şəkildə qət edib özünü şairin üstünə atdı.
Hərəkətlərini idarə edə bilmədən şairin başını qucaqlayıb ağlayır, sakitcə hönkürərək göz yaşları içində onun saçlarından, boynundan öpürdü. Yaxınlıqdakı masalarda müştəri olmadığından onların bu görüşünü yalnız işcilər və fahişələr sezib izləyirdilər. Bu görüş kədər doğuran bir səhnə idi və hətta onu izləyən qadınlardan bir neçəsi özünü saxlaya bilməyib ağladı da.
Nəhayət, incə bir hərəkətlə boynuna dolanmış qolları açan şair pıçıltı ilə qızdan sakitləşməsini xahiş etdi. Onun özünə məxsus sakit, həzin səsi qızı yenidən kövrəltdi. O, özünü ələ almaqda çətinlik çəkərək səssizcə ağlamağına davam edirdi. Şairi elə qucaqlamışdı ki, sanki kimsə onu əlindən almağa çalışırdı. Özünə gəlib sakitləşdikcə şairin qucaqlamış olduğu çiyinlərindən onun bu müddət ərzində hədsiz arıqladığını hiss edib yenidən kövrəlirdi.
Uzun müddət danışmadan bir - birlərinin gözlərinin içinə baxaraq durdular. Şair təbəssümlə, qız isə qeyri - müəyyən, utancaq və inciklik dolu baxışlarlarla. Həmişəkindən fərqli olaraq bu dəfə sükutu şair pozdu. Günahkar adamlara məxsus bir səslə - bağışla, gələ bilmirdim - dedi.
O, bu sözü qızın yaratdığı xəyali görüşlərdə də eynilə söyləmişdi. Şairdən nə üçün gələ bilməməsinin səbəbini soruşmağa dəyməzdi. Əvvəla qız bunun səbəbini bilir, soruşmaqla şairi incidə biləcəyindən ehtiyat edirdi. Bununla belə əlinin dalı ilə göz yaşlarını sildiyi zaman redaksiyaya zəng etdiyini dedi. Şair onun bu sözləri qarşılığında gülümsəməklə kifayətləndi. Bu arada ofisiant qız təbəssümlə masaya yaxınlaşıb bir şey sifariş edib - etməyəcəklərini soruşdu. Qız dinməyib şairin cavabını gözlədi. Şair isə minnətdarlıq edərək heç nə istəmədiyini söylədi.
“Deməli içmək olmaz” - qız bu fikirləri həmişəki kimi popirosu - popirosa calayan şairə baxaraq ürəyindən keçirdi.
Ofisiantın uzaqlaşmasından sonra şair gözlənilmədən qıza küçədə gəzişməyi təklif etdi. Kafedən çıxdıqları zaman şair plaşının, qız isə dəri gödəkcəsinin boyunluğunu qaldırdı. Üzüaşağı addımlamağa başladılar. Bir neçə addım sonra qız hiss olunmayan bir tərzdə şairin qoluna girdi. Şair də öz növbəsində onun bu hərəkətini qızı qolu ilə özünə sıxmaqla cavablandırdı. Yüz addımadək olan bir məsafəni dinməzcə keçdilər. Heç biri danışmaq istəmirdi. Hər ikisinin nə isə barədə düşündüyü şübhəsiz olsa da, üzlərindən bu fikirlərin nədən ibarət ola biləcəyini anlamaq mümkünsüz idi.
Ümumiyyətlə elə zamanlar olur ki, həmin vaxt insan ixtiyarsız olaraq adi vaxtlarda düşünə bilmədikləri barədə dərin düşüncələrə dalır. Deyilənə görə, insanın keçirdiyi bir günü belə geri qaytarmaq, təkrarlamaq mümkün deyil. Əslində isə insanın düşüncələri təkrar olunmazdır. İnsan bir gün ərzində yaşadığı günü öz imkanları daxilində bir neçə dəfə təkrarlamaq imkanındadır. O, günün başlaması ilə eyni yeməyi yeyib eyni adamların əhatəsində otura, keçən günki söhbətləri nöqtəsindən vergülünədək təkrar danışa bilər. Zamanlar fərqli olsa belə günü eyni ilə təkrarlamaq mümkündür. Düşüncələr isə gəldiyində insanın özündən asılı olmur. İnsan bu gün beynində doğurub çək - çevir etdiyi düşüncələri ertəsi gün olduğu kimi təkrarlaya bilmir. Fikirlər ya qırılır, ya da təhrif olunmuş formada alınır. Hər nə sirdirsə də çox gümün ki, bunun insanın ruhu ilə bağlılığı vardır. Düşüncələr ruha məxsusudur. İnsan ruhunun kimliyi, necəliyi onun düşüncələrində əksini tapır. Bu isə insanın özündən başqa ətrafdakılar üçün sirr olaraq qalmasına imkan yaradır. Bununla belə düşüncələr həmişə bütünlüklə hərəkəti və xarakteri formalaşdıra bilmir ki, bunun da öz müsbət və mənfi tərəfləri var.
Dayanacağı ötüb keçməkdə olduqları zaman uğuldayan payız küləyi qızın ağzından çıxan kəlmələri qapıb apardı - sənin üçün darıxmışdım şair.
O, bərk darıxmışdım demədi. Sanki bu sözün səmimiyyətinə xələl gətirə biləcəyindən qorxdu.
Şair minnətdarlıqla gülümsündü: - “mən də”.
Bir müddət aralarında yenidən sükut başlandı. Çox qəribə bir vəziyyət yaranmışdı. Qız nə isə demək, nə isə barəsində danışmaq istəsə də bunun üçün mövzu tapa bilmirdi.
İşıqforun köməyi ilə küçəni keçdikdən sonra irəlidə kimsənin olmadığı bir yol başlanırdı. Qız danışa bilməməsinə əsəbləşməyə başlasa da şairlə qol - qola girib yerimək bu dəqiqələrdə onun üçün dünyada ən xoş olan bir şey idi. Növbəti addımında o, şairin qolundan ayrılıb üzü şairə tərəf olmaqla geriyə addımlamağa başladı:
- Uşaq olmaq istəyirəm, şair; - dedi, - balaca bir uşaq.
Şair onun bu hərəkətlərinə güldü və eşidə bilməsi üçün yüksək səslə: - ol, kim mane olur ki, - deyib üzbəüz addımlayan qıza baxdı. Qız isə eşitdiyi sözlərə cavab olaraq əllərini kənarlara açdı: - adamlar.
Şair onun bu hərəkətini təbəssüümlə qarşıladı: - ”onlar sənə həmişə mane olacaqlar, səni özününkü olmağa qoymamaq üçün. Amma sən onlara fikir vermə”.
Bu sözlər səslənərkən qız ayaq saxlayıb çevrilərək ehmalca şairin qoluna girdi. Başını onun köksünə sıxaraq sağ əli ilə plaşın üstündən belini qucaqladı. Bu vəziyyətdə o, həm də şairin danışıqlarını asanlıqla eşidə biləcəyinə ümid edirdi. Şair də qızın son hərəkəti ilə onu dinləməyə hazırlaşdığını anlayıb söhbətinə davam etdi:
- Bilirsənmi, insanın yaşını böyüklüyə, kicikliyə bölmək elə insanların özünə məxsusdur. Uşaqlar və böyüklər arasında bir elə əsaslı fərq yoxdur. Biz istənilən körpəyə yaxınlaşıb ondan sənin arzun nədir deyə soruşsaq onlarla arzu haqda danışacaq: kuklası, maşını olmaqdan tutmuş, kim bilir nələrə qədər. Və təbii ki, böyüdükçə arzuların formatı və miqyası da dəyişir. Bizlər uşaqlardan böyüklərə məxsus hərəkət və fikirlər tələb etmədən bütün hərəkətlərini onların yaş dövrünə xas yanaşma kimi qəbul edirik. Onlar böyüklərə məxsus hərəkətlərə cəhd etdikdə isə biz bunun əleyhinə olub azyaşlıları tənqidə məruz qoyuruq. Əslində isə müharibə oyunu qurub yaxşı atıcı olmaq istəyən uşaqla müharibə törədib qalib gəlmək istəyən böyük arasında nə fərq var ki? Eləcə də evcik - evcik oynadığı zaman uşaqlarına xəstələnməməsi üçün iynə vuran qızcığazla ailədə yaxşı ana olan qadın arasında. Birincilərin düşüncəsində öldürmək arzusu və istəyi formalaşır. İkincilərdə isə yaxşı qadın olmaq. Formalaşmanın genişlənib dolğunlaşdığı zaman, eləcə də münbit şərait yarandığı vaxtda düşüncələri reallaşdırmağa, yəni icra etməyə nə çətinlik var ki? Belə məsələlərdə biz olaraq cəmiyyətin münasibətinə gəlincə isə, bayaq dediyim kimi azyaşlıların hərəkətləri tərəfimizdən tənqidə məruz qalır. Böyüklərin oyununu isə şəraitə uyğun olaraq ya qəbul, ya da rədd edirik. Buna misal olaraq cəmiyyətlərin XX əsrin ən böyük oyununu oynamış Lenin və Hitlerə olan münasibətini göstərə bilərəm. Beləliklə, bizlər həyatda həmişə oyun oynayırıq: kiçik yaşlarımızda uşaqlara məxsus, böyüyəndə isə böyüklərə. Tarazlaşmanı isə ətrafdakı insanlar,cəmiyyət deyilən kütlə aparır. Bundan başqa hər bir insan böyüklüyün istənilən çağında gözlənilmədən uşaqlara məxsus hərəkət edir. Az sonra bu haqda düşündükdə isə hərəkətləri özünə belə qəribə və gülməli görünür. Çəmiyyətə gəldikdə isə o, insandan uşaq, yaxud böyük yaşlarında şəxsinə məxsus deyil, öz istəklərinə uyğun hərəkət etməsini tələb edir. Bir də görürsən ki, kütlə yığışıb dinc uşaqlar kimi sülh bağlamaq istəyən adamı fikrindən daşındırır, yaxud onu ədalətsiz bir müharibəyə sövq edir.
Bu sözlərdən sonra şair şirin - şirin gülümsündü: - bu haqda çox danışmaq olar, qismət olsa bir zaman hər şeyi ətraflı müzakirə edərik. Bircə şeyi unutma ki, hər kəs öz həyatını yaşamağa haqlı, borclu və məhkumdur - dedi. Bu sözlərin ardınca o, səssiscə gülərək əlavə etdi: - ümumiyyətlə isə calış mənim danışdıqlarıma çox aludə olmayasan.
Şair söhbəti bitirdiyi zaman artıq metronun yanındakı işıqlı bir dükanın yanına çatmışdılar. Burada şair qolunu ehmalca qızın qolundan ayırıb cibindən çıxardığı kitabçanın son vərəqlərindən birinə qeydlər etdikdən sonra vərəqi kitabçadan ayırıb qıza uzatdaraq: - deyəsən ilan - qurbağa çıxdı, bax gör oxuya bilirsənmi, - deyib cavab gözləmədən nə yazdığını anlatdı: - ünvanımdır.
Qız yazılanları birnəfəsə oxuyub başı ilə oxunaqlı olduğunu təsdiqlədi.
Gec idi. Belə küləkli havada şairi ayaqüstə saxlamaq olmazdı.
- Deməli belə, hələlik ayrılmalıyıq.
Şair də öz növbəsində təbəssümlə başını qaldırıb endirdi:
- Hə, hələlik.
Qız əmin idi ki, bir neçə saniyə belə davam etsə özünü saxlaya bilməyib ağlayacaq. Artıq dodaqları səyriməyə başlamışdı. Odur ki, yüngül bir hərəkətlə irəli atılıb şairin boynuna sarıldı. Bir neçə saniyə tərpənməz qaldıqdan sonra isə addımını geri ataraq çevrilib şosseyə tərəf qaçdı. Özü də bilmədi nə üçün. Onun keçməkdə olduğu yolun hər iki tərəfində metroya giriş var idi. Bu anlarda şair popiros odlayıb nəzərləri ilə maşınlardan gözlənərək yolu keçməkdə olan qızı izləyirdi.
Qız yolun düz ortasına çatdığı zaman yadına vacib bir iş düşmüş adamlar kimi dayanıb geri döndü və hər iki tərəfindən şütüyən maşınları vecinə almadan əllərini havada oynadaraq şairi səslədi:
- Şair, gələndə sənə nə gətirim?
Səs yetərincə güclü və qorxunc şəkildə uğuldayıb ətrafa yayıldı. Şairin yanından ötüb metroya doğru hərəkət edən adamlar da qızın dediyi sözləri eşidib gülümsünürdülər.
Şair qızın nə dediyini anlamışdı. Onun da üzü gülürdü. Qıza cavab verməyin lazım olduğunu bilir, bununla belə görkəminə ciddi ifadə verərək tələsmədən fikirləşirdi. Nəhayət, əllərini ovuclayıb ağzına tutduqdan sonra yolun ortasında duraraq onun cavabını gözləməkdə olan qıza səsləndi:
- Heyva mürəbbəsi - dedi və istədiyi mürəbbəni az gətirilməsinə işarə olaraq adsız barmaqları ilə kiçik şüşə qabın görünüşünü yaratdı. Onun bu hərəkəti qarşılığında qız güldü. Təbii ki, şairin nə demək istədiyini anlamışdı və yubanmadan qarşısındakı maşını buraxaraq metronun girişinə doğru qaçdı. Pilləkənlərlə enməmişdən qabaq isə yolun o biri üzünə, bayaq şairlə birgə durduqları yerə boylandı. Şair orada yox idi. Qız nəzərləri ilə onu axtarıb tapdı. Şair dayanacaqdan ötüb üzüyuxarı addımlamaqda idi. Qız nəzərləri ilə onu tapıb izləməkdə olduğu zaman şair əlini qaldırıb yanından ötüb keçməkdə olan taksini saxlatdı. Qapını açıb sürücü ilə qısaca olaraq danışdıqdan sonra isə plaşının ətəklərini yığıb maşına oturdu.
Avtomobilin qapısının örtülməsi ilə eyni vaxtda qız ixtiyarsız olaraq sürətli geri çevrilib asfaltın üstünə atıldı. Maşın yolundan ehtiyat etməyərək yolu keçməyə başladı.
...Bərabərində tormozlayan xarici markalı avtomobilin sürücüsü narazılıqla başını bulayır. Bir addımlığında yerə mıxlanan sərnişin avtobusunun sürücüsü isə pəncərədən başını çıxarıb qışqırır. Külək onun səsini eşidilməz edərək uzaqlara aparır. Nədənsə qız onu eşitmək halında deyil.
Yolun ikinci tərəfinə keçdiyi zaman şairin mindiyi taksi xeyli uzaqlaşmışdı. İşıqları hələ də görünən maşının dalınca baxdığı zaman ağlamaqdan özünü saxlaya bilmədi. Bununla belə maşına çatacağı halda əlindən gələcək bir şey olmadığını xatırlayıb göz yaşları içində acı - acı gülümsündü.
Metronun girişinə tərəf hərəkət etməyə başlamamışdan əvvəl çantasını açaraq oradan çıxardığı ipək yaylığı başına bağlayıb ardınca qara rəngli eynək geyindi. Yalnız bununla az sonra düşəcəyi metroda qızarmış gözlərini adamlardan gizləyə bilərdi.
Pilləkənlərlə endiyi zaman öz - özü ilə danışmağa başladı: - “deməli, şair avtobusa minə bilmədiyi halda mənimlə görüşə gəlib. Taksi ilə. Gedəndə də taksi ilə getdi. Hansı pulla? Neçə vaxtdır işləmir. Bu da mənim ona xeyirim” - dedi və fikirlərinin gətirdiyi əsəb içində yumruqlarını sıxıb: - “ mütləq, mütləq biri gün şairgilə gedib ona pul vermək lazımdır” - dedi. Növbəti addımında isə əminliklə pıçıldadı: - “yox götürməyəcək”. Ardınca isə özünə təsəlli verirmiş kimi, - deyərəm ki, borc verirəm, ya da ki, - son ifadəsini bir neçə dəfə təkrar edərək sanki vaxt qazanıb yeni bir bəhanə tapmağa çalışdı: - ya da ki, deyərəm yeni kitabını kafe işciləri almağa hazırlaşır, çapdan sonra razılaşarıq, -dedi və ardınca öz fikirlərinə etiraz edərək başını buladı: - “yox, yox olmaz, şairi yalan söyləmək günahdır”.
Qatara minərkən isə əsəbdən dişlərini bir - birinə sıxaraq: - “hər halda bir şey fikiləşərəm” - dedi.
*****
Girəcəkdə azacıq sola meyllənərək dayandı. Dərindən nəfəs alıb bir müddət tərpənmədən durduqdan sonra liftin düyməsini basdı. İşləmədiyini görüncə əsəbiliklə başını bulayaraq kiçik qapıları yumruğu ilə döyəçləməkdən özünü saxlaya bilmədi. Bu yolla qəfil gələn hirsini azacıq da olsa soyudub, sağa dönərək pilləkənə doğru addımladı.
”İlahi, gör indi şair nə çəkir. Belə adamın yaşadığı blokun da lifti işləməmiş olarmı?” - qız bu sözləri dodaqaltı, yalnız özünün eşidə biləcəyi tərzdə dedi. Birinci mərtəbənin yarısına çatdığı zaman başını qaldrıb nəzərləri ilə çıxacağı mənzilə qalan yolu ölçdükdən sonra bir daha deyindi - ”hökümət deyil ki, eşşəkbaş yığınıdır”.
İkinci mərtəbədə növbəti dəfə nəfəsini dərmək üçün ayaq saxladı. Xəyalları bir anda onu şairin mənzilinə apardı: qapını çox güman ki, onun üzünə şairin həyat yoldaşı açaraq nurlu və göyçək sifətinə (nə üçünsə şairin həyat yoldaşı qızın xəyalında belə canlanırdı) təbəssüm qatıb qonağı içəri dəvət edəcək. Heç kimliyini də soruşmayacaq. Şairə baş çəkməyə o qədər adam gələ bilər ki!? Nəhayət, o, hələ qapının kandarında olarkən otaqların birindən şair çıxaraq şirin təbəssümü ilə qapıda utancaq halda durmuş qonağa yaxınlaşıb görüçəcək. Bəlkə sinəsinə sıxıb saçlarından da öpdü. Bununla da qonağın onun üçün əziz olduğunu həyat yoldaşına anlatmış olacaq: ”Kim bilir, bəlkə mənim haqqımda artıq həyat yoldaşına danışıb”.
Bu xəyalın və onun gətirdiyi gücün təsiri altında 4 - cü mərtəbəyə nə zaman gəlib çatdığını bilmədi. Dəhlizin sağındakı qapının önündə dayanaraq diqqətlə dəmir lövhənin üzərinə vurulmuş nömrəni oxudu. Düz gəlmişdi. Rəqəm şairin ötən gün verdiyi ünvanda göstərilən mənzil sayı ilə eyni idi. Yarım dəqiqiyədək nə edəcəyini düşünüb daşınaraq qapının önündə hərəkətsiz qaldı.
Şairin evi ilə üzbəüz mənzildən ağlayan körpə səsi eşidilirdi. ”Ağlama balaca, icazə ver qapını döyüm” - qız ürəyində yanıqlı səsi olan həmin körpə ilə danışdı. Sol əlində tutduğu mürəbbə dolu bankanın qoyulduğu salafan torbanı ehtiyatla sağ əlinə ötürdü. Bundan sonra azacıq keyləşmiş barmaqlarını oynadaraq əlini qaldırıb zəngi basdı.
”Tərsliyə bax, bu da işləmir” - onun zəngin çalmaması qarşılığıında münasibəti belə oldu. Ardınca əlini büküb dörd barmağının qatlandığı yerlə seyf qapını yavaşca taqqıldatdı. Ayağını bir addım geriyə qoyub gözlərini kiçik gözlüyə dikdi - “kim olduğumu yoxlayıb açaçaqlar”.
Saniyələr bir - birini əvəzləsə də mənzildən hənirti gəlmədi və bu halda o, addımını bir az əvvəl götürdüyü yerə qoyub qapını yenidən döydü. Qıza elə gəldi ki, bu dəfə taqqıltı daha yüksəkdən səsləndi. Hər halda bir neçə saniyə sonra mənzildən qadın səsi eşidildi: ”gəlin, acıqdır”. Duruxub nə edəcəyini qərarlaşdırmağa çalışdığı zaman qapı səssizcə açıldı. Kandarda başı çalmalı, gözlərindən yenicə ağlamış olduğu aydın sezilən bir qadın göründü. O, heç bir söz demədən qıza baxıb sakit olduğu qədər kövrək bir səslə -“gəlin, icəri gəlin” - dedi. Tanımadığı bu qadınn kövrək səsi qızın bayaqdan bəri üzünə verməyə hazırlaşdığı təbəssümünü bir andaca pərtliklə əvəzlədi. Onu qarşılayan qadının nəzərləri altında ayağını bir addım irəli qoyduğu zaman o, artıq mənzildə idi. Başını qaldırıb salamaşmaq istədikdə nəzərləri kiçik dəhlizdən yarısı aydın görünən otağın divarına asılmış olan böyüdülmüş fotoşəkilə sancıldı. Şairinki idi. Sol küncünə qara rəngli lent sarınmışdı.
...Kürəyinin ardınca başının divara dəyərək çıxartdığı taqqıltıya otaqlardan hansındansa bir neçə qadın yüyürüb gəlir. Bu zaman o, müvazinətini saxlaya bilmədən divarla aşağıya sürüşür. Əlində tutduğu salafanın içindəki banka döşəməyə dəyərək parçalandığı zaman o, artıq əllərini üzünə qapayaraq oturub. Sanki boğulmaq üzrədir. Ağlamaq istəsə də səsi çıxmır, nəfəsi boğazında tıxanıb qalaraq lal adamların zarıltısını andırır. Kimsə bu arada ona stəkan dolu su uzadır. Ətrafda baş verməkdə olan hər şey ona yuxu kimi gəlir. Bədəni yuxuda dəhşətli hadisələrdən qaçmağa can atıb buna nail ola bilməyən adamlarınkı kimi süstdür. Sol əlini arxasındakı divara pərçim edib zorla dikəlir. Özünü hələ də yarıaçıq olan qapıdan çölə atır. Deyəsən onu arxadan səsləyirlər. Geri dönmək iqtidarında deyil, bunu etməyə heç luzum da görmür. Məhəccərdən tutub sərxoş adamlara məxsus addımlarla aşağıya enir. Blokun ağzında nəzərlərini həyətin ortasındakı xeyir - şər evinin önünə yığışmış adamlar cəlb edir. Bayaq heç fikir verməyibmiş...
Sola dönərək həyətin çıxacağına doğru addımladığı zaman çantasından popiros çıxarıb odlayır. Ətrafda oynayan uşaqlar onun küçənin ortasında sərbəstcəsinə popiros çəkməsinə maraqla tamaşa edir. Rastlaşdığı, çox güman ki, yas yerinə gedən, qadınlar da onun bu sərbəstliyini narazı baxışarla qarşılayır. Hətta dodaqaltı deyinirlər də. Amma o, gördüklərini qavramaq imkanında deyil. Sürətlə həyətdən çıxıb qarşısılaşdığı ilk taksini saxlayır. Ağlına gələn bir ünvanı söylədikdən sonra sönməkdə olan popirosundan yenisini odlayır. Şairin son görüşdə dediyi sözləri: - səni istəməsəydim görüşməyə gələrdimmi? - xatırlayır. Bayaqdan bəri kilidlənmiş dodaqları - öləcəyini bilirdi, görüşməyə gəlmişdi - sözlərini pıçıldayır. Bu acı xatırlamadan sonra keyliyi açılır. Əllərini üzünə qapayıb hönkür - hönkür ağlayır.
*****
Üç gün sonra post patrul xidmətinin əməkdaşları dənizkənarı parkdakı oturacaqların birində 25 - 30 yaşlarında olan qadın meyiti aşkarladılar. Meyit yarıldığı zaman məlum oldu ki, qadın yüksək dozalı yuxu dərmanları qəbul etmək nəticəsində dünyasını dəyişib. Tədqiqat aparan müstəntiqə belə gözəl və gənc qadının nə üçün intihar etməsinin səbəblərindən daha çox maraqlı gələn meyt aşkarlandığı sahədəki səhnə idi. Qız ölümündən əvvəl yenicə alındığı şübhəsiz olan iri kitay saatını haradansa tapıb gətirdiyi qutunun üzərinə qoyaraq düz onun qarşısında oturmuşdu. Sağ əlini çənəsinə dayaq etməklə tərpənməz qaldığı duruşundan hiss olunurdu ki, onun yumulu gözləri hələ ölümündən əvvəl, uzun müddət əqrəblərin üzərinə dikili qalıb.
Bu səhnənin səbəbləri üzərində bir müddət baş sındıran müstəntiqin fikirlərinə, qızın əl çantasından çıxan kiçik kitabçanın ikinci səhifəsində rastladığı şerin son misrasını oxudugu zaman aydınlıq gəldi.
Söndür ekranları, ta bundan belə
nə filmə, nə də ki həyata baxaq.
Deyirlər saatda yaxşı vaxt gedir –
gəl gedək oturub saata baxaq.
XS
SM
MD
LG