Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:25

Venesiya Komissiyası: «Söhbət prezidentin şərəfindən gedirsə...»


Foto: Arxiv
Foto: Arxiv
-
Avropa Şurasının Venesiya Komissiyası Azərbaycanın diffamasiyaya dair qanun layihəsinə rəy verib. Rəy cümə günü qəbul olunub, yekun formada oktyabrın 14-də yayılacağı gözlənilir.

«BU, HƏDDƏN ARTIQ ÇOXDUR»

Avropa Şurasının media təmsilçisi Andrew Cutting AzadlıqRadiosuna deyir ki, layihəyə dair bir sıra tövsiyələr açıqlanıb, eləcə də bəzi çatışmazlıqlar vurğulanıb:

«Əsas qüsurlardan biri odur ki, Azərbaycanda diffamasiyaya görə sanksiyalardan bəziləri çox sərtdir. Məsələn, ölkə başçısının şərəfindən söz gedirsə, bir neçə il həbsdə yatmaq mümkündür. Venesiya Komissiyası bunun həddən artıq çox olduğunu düşünür. Venesiya Komissiyası onu da bildirib ki, bu yaxınlarda qanunların interneti də əhatələməsindən narahatdır. Komissiyanın rəyinə görə, bu, Azərbaycanda ifadə azadlığına təzyiqi daha da artıracaq».

Komissiyanın hakimiyyətə tövsiyəsi odur ki, qanun layihəsini təqdim edərkən onun Avropa standartları, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasına uyğunluğunu təmin etsin. Eləcə də bundan əvvəl Strasburq Məhkəməsinin verdiyi 2 qərar yerinə yetirilsin. Həmin qərarlarda Azərbaycanın ifadə azadlığını pozduğu aşkarlanıb. Bu qərarlar jurnalistlər Rövşən Kəbirli və Yaşar Ağazadə, həmçinin Eynulla Fətullayevin işləri ilə əlaqədardır.

QANUNVERİCİLİKDƏN TƏCRİD OLUNMUŞ?

Cümə günü qəbul olunmuş rəydə «Diffamasiya haqqında» qanun layihəsi mülki qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində müsbət addım adlandırılır, ancaq layihənin hazırkı versiyada «ölkənin bu sahədə öhdəliklərinə tam uyğun olmadığı vurğulanır»:

«Görünür, layihə, yerli qanunvericilikdən tam təcrid olunmuş hazırlanıb və diffamasiyanın dekriminallaşdırılması yönündə heç bir irəliləyiş əldə olunmayıb».

Rəşid Hacılı
Rəşid Hacılı
Bu layihə Venesiya Komissiyasına mayda göndərilib. Həmin vaxt Media Hüquqları İnstitutu ilə Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutu birgə bəyanat yayaraq hökumətin layihədən ifadə azadlığı üçün önəmli maddələri çıxardığını bildirmişdi. Əsas məqamlar diffamasiya görə cəzaları müəyyənləşdirən və mənəvi zərərə görə kompensasiyaları məhdudlaşdıran maddələrin çıxarılması ilə bağlı idi.

SADƏCƏ ÇƏKİNDİRMƏK

Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı deyir ki, həmin maddələr jurnalistləri ağır cəzadan və yüksək məbləğdən qoruyurdu. Ona görə də Venesiya Komissiyasının rəyi tamamilə gözlənilən idi. Onun fikrincə, hakimiyyət hansısa formada bu məsələni müzakirə obyekti kimi saxlamaq iradəsi nümayiş etdirir. Prezidentin təsdiqlədiyi proqrama uyğun olaraq, qanun 2012-ci ilin sonunadək qəbul olunmalıydı. Rəşid Hacılı hakimiyyətin qəsdən bu layihənin qəbulunu yubatdığını düşünür:

«Məqsəd sadəcə çəkindirməkdir. Bu yaxınlarda bəzi maddələr ağırlaşdırıldı və internetə də aid olundu.
Ənnağı Hacıbəyli
Ənnağı Hacıbəyli
Məqsəd internet istifadəçilərini də qorxu altında saxlamaqdır ki, başqalarının şərəf və ləyaqətinə hörmətlə yanaşsınlar».

«AVTORİTAR LAYİHƏ»

Azərbaycan Hüquqşünaslar Assosiasiyasının prezidenti Ənnağı Hacıbəyli hökumətin VK-ya göndərdiyi layihəni «avtoritar» adlandırır. Onun fikrincə, bu, nəinki Avropa, hətta Azərbaycan qanunvericiliyinə uyğun saymır:

«Hökumət nəinki bu layihənin qəbuluna meylli görünmür, əksinə, müxtəlif bəhanələrlə qəbulunu əngəlləməyə çalışır».

PREZİDENTİN ŞƏRƏF VƏ LƏYAQƏTİ

Azərbaycan rəsmiləri dəfələrlə Azərbaycan cəmiyyətinin diffamasiya haqda qanunun qəbuluna hazır olmadığını bildiriblər.
Əli Həsənov
Əli Həsənov
Mayda, «Diffamasiya haqqında» qanun layihəsi yayılanda, Prezident Administrasiyanın ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov sənədin «proqressiv» xarakterli olduğunu bəyan edib:

«Bu qanun peşə şərəfini qoruyan jurnalistlərin fəaliyyətini daha da genişləndirmək məqsədi daşıyır. Elə təbliğat aparılmamalıdır ki, sanki qanunun qəbulundan sonra Azərbaycan cəmiyyətində kim kimi istəyir, necə istəyir təhqir edə, şərəf və ləyaqətini alçalda bilər. Bu, tamamilə yanlış fikir və təqdimatdır. Qanunlarımızda insanların şərəf və ləyaqətinin tapdanması cinayət kimi həmişə qalacaq, bu, cəmiyyətin, qurduğumuz dövlətin əsas prinsiplərindən biridir. Çünki insanlar kiminsə şərəfini tapdaladığına görə məsuliyyətini bilməlidir. Məsuliyyət nə qədər sərt olarsa, bizim cəmiyyət üçün bir o qədər keçərli olacaq».

Digər tərəfdən parlamentin bəzi üzvləri prezidentin şərəf və ləyaqətini qoruyacaq qanun layihəsinin hazırlandığını deyirlər. Hüquq müdafiəçilərinin fikrincə, bu, hakimiyyətin media hüququ sahəsində müsbət dəyişiklik etmək fikrində olmadığını göstərir.
XS
SM
MD
LG