Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:44

Bir seçki dastanı: Yekun protokolu imzalamayanlar


Akif Qurbanov
Akif Qurbanov
-
Prezident seçkiləri ilə bağlı hazırlanan yekun protokola Mərkəzi Seçki Komissiyasının 18 komissiya üzvündən yalnız biri, Ümid Partiyasının nümayəndəsi Akif Qurbanov imza atmayıb. Dediyinə görə, bu məsələ onun təmsil etdiyi partiyada müzakirə olunmayıb və qərarı özü verib:

«Təmsil etdiyim partiyanın «seçkilər azad və ədalətli keçirilib» şəklində bir mövqeyi olmayıb. Yerli və beynəlxalq müşahidəçilər kimi, mənim də gəldiyim qənaət budur ki, prezident seçkiləri Azərbaycanın beynəlxalq standartlar çərçivəsində götürdüyü öhdəliklərə cavab verməyib. Eyni zamanda seçki konstitusiya və seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq azad, ədalətli və şəffaf keçirilməyib».

Akif Qurbanov daha əvvəllər də seçkilərlə bağlı yekun protokollara imza atmayıb. MSK üzvünün fikrincə, sənədi imzalamaması hüquqi baxımdan heç bir şeyi dəyişməsə də, bu prosesin problemli olmasına diqqət çəkir:

«Təbii, mən hüquqi nəticə əldə olunacaq deyə, imza atmamışam, öz mövqeyimi ifadə edərək belə bir addım atmışam. Onu da deyim ki, imza atmamaqla mən nə xüsusi xəyallara qapılmışam, nə də qəhrəmanlıq nümayiş etdirmək fikirində olmuşam».

«13 SEÇKİDƏN YALNIZ BİRİNİN YEKUN PROTOKOLUNU İMZALAMIŞAM»

Seçkilərin yekun protokollarına imza atmamaq yeni məsələ deyil. MSK-da təmsil olunan Müsavat və Vətəndaş Həmrəyliyi partiyalarının nümayəndələri də daha əvvəlki seçkilərdə belə davranıblar. 2000-2006-cı illərdə MSK-da Müsavat Partiyasını təmsil edən Vidadi Mahmudlunun dediyinə görə, o, 13 seçkidən yalnız birində yekun protokollara imza atıb:

«12 seçkidə yekun protokola imza atmamışam, yalınız 2005-ci ildə keçirilən parlament seçkiləri ilə bağlı yekun protokola xüsusi rəylə imza atmışam.
Vidadi Mahmudlu
Vidadi Mahmudlu
Həmin seçkilərdə Müsavatdan beş nəfər deputat seçilmişdi».

Vidadi Mahmudlunun dediyinə görə, o vaxt yekun protokola imza atmasını daha çox onun təmsil etdiyi müxalifət tənqidə tutsa da, özü bu addımını qəbahətli saymır:

«2003-cü ilin prezident seçkilərində də protokola imza atmamışdım. O vaxt mənə hər hansı təzyiq də olmamışdı. Düzdür, bəzi KİV-lərdə hansı maraqlardansa bu faktlar təhrif edildi. MSK-da komissiya üzvünə hər hansı təzyiq olunmur ki, bu sənədə imza at, ya atma. Bu, şəxsin öz seçimidir».

Vidadi Mahmudlu deyir ki, 2005-ci ildə yekun protokola imza atandan sonra təmsil etdiyi düşərgədən təzyiqlər olub:

«O vaxtadək olan 12 seçkidəki davranışım, eləcə də 2003-cü il seçkilərindəki çətin siyasi şəraitdə atdığım addım unuduldu. Bunları qiymətləndirən olmadı».

Vidadi Mahmudlunun fikrincə, yekun protokola imza atıb-atmamaq məsələsinə müxtəlif siyasi baxışlardan yanaşmaq ciddi problemlər yaradır və o, həmin problemləri yaşayıb.

«İMZA ATMADIĞIM ÜÇÜN EYVANA DA ÇIXA BİLMİRDİM»

2003-2005-ci illərdə keçirilən seçkilərin yekun protokollarına imzan atmayan MSK üzvlərindən biri də Ənvər Əliyevdir. Dediyinə görə, bu addımı ona çox baha başa gəlib. Yaşadığı evin eyvanına da çıxmaqdan çəkindiyi anlar olub. Amma ən güclü təzyiqləri 2003-cü ilin prezident seçkisindən sonra yaşayıb:
Ənvər Əliyev
Ənvər Əliyev

«Aylarla toya, ya da yasa gedə bilmirdim. Hara gedirdimsə, məni 5-6 nəfər izləyirdi. Nə zülmlər çəkdiyimi qonşular görürdülər. Çörək almağa gedəndə də dolama yollardan keçirdim. Bütün pul qazana biləcəyim kanallardan məni uzaqlaşdırdılar. Akademiyadan aldığım 115 manata dolanmaq məcburiyyətində qaldım. Evimizdə aylarla ət üzü görmədik. Eyvana çıxmağa haqqım yox idi, ağacların altından məni güdürdülər».

TƏZYİQLƏRDƏN ÖNCƏ VERİLƏN VƏDLƏR

Ənvər Əliyevin dediyinə görə, təzyiqlərdən əvvəl ona çoxlu şirnikləndirici təklif gəlib. Onları rədd edəndən sonra təzyiqlər başlanıb:

«Prezident seçkilərində Sabir Rüstəmxanlının qardaşı Əlövsət Əliyevlə oturmuşduq. Bir nəfər yaxınlaşdı ki, filankəs deyir şəhərin harasında, neçə otaqlı ev istəyirsə, maşın istəyirsə, verə bilər. Bundan başqa 1 milıyon da ayrıca pul təklif edilib. Onların vəkilləri gəlib bizi kənara çəkib deyirdilər ki, protokola imza at, hesabını ver, pulu köçürək hesaba. Hətta o vaxt nümayəndələrdən birinə zarafatla dedim ki, pulu manatla verirsiniz, yoxsa dollarla. Dedi, indi bir milyonu kimdir manatla verən...».

Nə baş versə də, Ənvər Əliyev deyir ki, seçkinin yekun protokoluna imza atmamağına və ona təklif olunan milyonları götürmədiyə peşman deyil.
XS
SM
MD
LG