Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 04:52

Seçkidən sonra ölkəni tərk edənlərin sayı bir neçə dəfə artıb...


«İkitelli» məhəlləsinin naxçıvanlı sakinləri
Gözlə

No media source currently available

0:00 0:04:29 0:00

«İkitelli» məhəlləsinin naxçıvanlı sakinləri

-
Şakir Əliyev 20 ildir Türkiyədədir. Azərbaycanda özünə iş tapa bilmədiyindən üz tutub qonşu ölkəyə. Deyir ki, əvvəllər qazandığı pulu ailəsinə göndərir və ümid edirdi ki, uşaqları böyüyər, özlərinə iş tapar və o da qayıdar Azərbaycana. İndi, üç il olar, ailəsi də Türkiyədədir. Dərdli-dərdli bildirir ki, 20 il əvvəl hər şeyin düzələcəyinə inanırdı, amma vəziyyət getdikcə daha da pisləşib, yoxsa bircə gün də qürbətdə qalmazdı:

«Mən, yoldaşım, oğlum – hamımız işləyirik. Aldığımız maaş da qane edir. Amma bizim məmləkətdə iş yoxdur ki çalışasan. O üzdən burada çətinliklərə dözməyə çalışırıq. Türkiyədəki azərbaycanlıların çox problemi var – uşaqlarımız məktəbə gedə bilmir, özümüz qaçaq çalışırıq, ayda bir dəfə ölkədən çıxış-giriş etməliyik. Çoxdur problemlərimiz. Əlbəttə, Azərbaycanda iş olsa, heç bir gün də burada qalmarıq və günü sabahdan dönərik məmləkətimizə».

MÜSTƏQİLLİKDƏN SONRA...

Şakir Əliyev son günlər Moskvadakı durumu xatırlayıb, onu da deyir ki, Rusiya ilə müqayisədə Türkiyədə çalışan azərbaycanlıların vəziyyəti daha yaxşıdır. Rusiyada çalışan Vaqif Məmmədov da bu fikri bölüşür. O, 1995-ci ildə Rusiyaya gedib. Sözlərinə görə, müharibədən sonra ölkədə iş tapılmırdı, dolanışıq çətin idi. Düşünürdü ki, hələlik, pul qazanıb ailəsinə göndərər, axı çox keçməz müstəqilliyə qovuşan Azərbaycanda yeni iş yerləri də açılar və bir gün geri dönər. Şakir Əliyev kimi Azərbaycanda iş tapa bilməyən qohum-tanışı da Vaqif Məmmədovun yanına getməli olub:
Moskva bazarında polis reydi - 2013
Moskva bazarında polis reydi - 2013
«Kim istəməz ki, öz vətənində olsun? Əlbəttə, nə qədər pis olsa da, insanın öz evi, öz vətəni daha yaxşıdır. Elə 1995-ci ildə işsizlik üzündən buralara gəldik, indi də bizi burada saxlayan əsas səbəb işsizlikdir. Ötən 20 ildə bir şey dəyişməyib».

HÖKUMƏT PROBLEMİ HƏLL EDİR?

Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü, deputat Vahid Əhmədovun sözlərinə görə, Azərbaycan hökuməti bu problemi həll etmək üçün dövlət səviyyəsində ciddi addımlar atır:

«Azərbaycanda iqtisadi vəziyyət getdikcə yaxşılaşır. Ölkənin ehtiyatları var – sənayeləşmə gedir, Sumqayıtda, Gəncədə sənaye parkları açılır, kənd təsərrüfatı üzrə pilot layihələr hazırlanır. Bu proseslər başa çatandan sonra açılan yeni iş yerlərinin sayı da artacaq. Amma heç kim vətəndaşa Rusiyada, Türkiyədə və ya digər ölkələrdə işləməyə də qadağa qoya bilməz».

SEÇKİLƏRDƏN SONRA ÖLKƏNİ TƏRK EDƏNLƏRİN SAYI ARTIB

Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin fikrincə, ötən 20 illə müqayisədə Azərbaycanda vəziyyət daha da pisləşib. Onun sözlərinə görə, azərbaycanlı miqrantların dəqiq sayı haqda nə rəsmi, nə də qeyri-rəsmi statistika olmasa da, ölkəni tərk edənlərin sayı durmadan artır:
Əlövsət Əliyev
Əlövsət Əliyev

«Sovet dövründə Azərbaycanın kəndlərində yaşayan gənc nəslə rastlaşmaq mümkün idi, kənd təsərrüfatında, təhsil və mədəniyyət və başqa sahələrdə çalışan adamlara daha çox rast gəlinirdi. Son illər Azərbaycanı kütləvi tərk edirlər. Azərbaycanda insan hüquq və azadlıqlarının pozulması ölkəni tərk edənlərin sayını çoxaldır. Adicə bir misal çəkim: Sonuncu prezident seçkilərindən sonra ölkəni tərk edənlərin sayı 2-3 ay əvvəllə müqayisədə bir neçə dəfə artıb. Azərbaycan nə öz vətəndaşlarını işlə təmin edir, nə də əməkçi immiqrant hüquqlarının qorunması üçün addımlar atır».

«ÖLÜ SAZİŞ»

Əlövsət Əliyev qonşu Gürcüstanı misal göstərərək deyir ki, oranın hökuməti öz vətəndaşları üçün xüsusi razılaşdırılmış sənəd hazırlayıb. Bu razılaşma Gürcüstan vətəndaşlarına bəzi Avropa ölkələrində fərdi icazə olmadan əmək fəaliyyətinə yol açır. Başqa sözlə, gürcülər çalışdıqları xarici ölkələrin vətəndaşları ilə bərabər hüquqa yiyələnirlər. Yəni, onların tibbi, həyat sığortası olur, təqaüd ala bilirlər.

Əlövsət Əliyev Azərbaycanın yalnız Rusiya ilə 2003-cü ildə bənzər saziş imzaladığını bildirir. O bu sazişi «ölü» adlandırır. Fikrini də onunla əsaslandırır ki, sazişdə yazılanlar elə kağız üzərində qalıb.
XS
SM
MD
LG