Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 10:01

Günel Mövlud. Uşaqlığımın son günü


Günel Mövlud
Günel Mövlud

-

"OxuZalı"nda ən çox oxunan



Atışma səsləri anamı mətbəxdə yaxalayıb. O, təzəcə bişirdiyi yeməyin altını söndürüb, tələm-tələsik qardaşlarımı geyindirərək, evin qapısını açarla bağlayıb və insanların xilas yeri kimi axışdığı Araz çayına tərəf qaçıb.

Qaçhaqaçda o, güclə yeriyən bir qarıyla toqquşub. Qarı yıxılıb.

Qardaşlarımın birini qucağına alan, birinin əlindən tutan anam, elə qarının üstündəncə adlayıb, qaçmağına davam eləyib. Qarı onun arxasınca:

- Səni görüm erməni gülləsinə tuş gələsən! – deyə qışqıraraq, ağlayıb.
..


Günel Mövlud


UŞAQLIĞIMIN SON GÜNÜ


O gündən düz iyirmi il keçib.

Kəndin o başından eşidilən atışma səsi məni qonşu kəndin evimizə bitişik tut bağında yaxaladı.

Bağdan kəndin ana yolu görünürdü. Yoldakı təkəm-seyrək maşınlar qəfildən çoxalmağa başladı. Bir neçə dəqiqənin içində yolda qışqıran, kimisə səsləyən, söyüş söyən təlaşlı adamlar, döyükən mal-qaranı qabağına qatıb, haylaya-haylaya qovan kişilər, uşaqlarının əllərindən tutub, bir-birini tapdaya-tapdaya qaçışan qadınlar, yolun ortasında dayanıb, təlaş içində uşağını, yaxınını səsləyənlərlə doldu.

Çox keçmədi, yolda yük maşınları göründü. Maşınların yük yerləri necə gəldi, ələ nə gəldi, tələm-tələsik əşyalarla doldurulmuş, əşyaların üstünə isə evlərin arvad-uşağı çıxarılmışdı. Paltar dolu rəngli boğçaların, alabəzək bağlamaların, dolayı qoyulmuş kətillərin, min cür xırdavatın üstündə oturub, balalarını qucağına sıxan qadınlar, baş verənləri anlaya bilməyən çaşqın uşaqlar ağlaşa-ağlaşa yanımdan ötürdü.

Yolda maşınlar adamlara, adamlar heyvanlara, heyvanlar geri çəkilən əsgərlərimizə qarışmışdı…

Mən anamın, atamın, qardaşlarımın aqibətini bilmədən, Cəbrayılın başqa kəndindən Bakıya qaçan yaşlı ər-arvadın maşınına minib, atışmadan, təlaş içində qaçanlardan, geri çəkilən silahlı əsgərlərimizdən uzaqlaşdım.

Maşının arxa oturacağı çıxarılıb, yerinə əşyalar doldurulmuşdu. Qadın mənim kim olduğumu bilmədən, hara qaçdığımı soruşmadan, hara, kimin yanına aparacağını bilmədən qucağına almışdı.

O gün bütün uşaqlar hamının idi…

Məni kəndimizdən Bakıya aparan kişinin adı Sovet idi…

Sonralar öyrəndim ki, atışma səsləri anamı mətbəxdə yaxalayıb. O, təzəcə bişirdiyi yeməyin altını söndürüb, tələm-tələsik qardaşlarımı geyindirərək, evin qapısını açarla bağlayıb və insanların xilas yeri kimi axışdığı Araz çayına tərəf qaçıb. Qaçhaqaçda o, güclə yeriyən bir qarıyla toqquşub. Qarı yıxılıb. Qardaşlarımın birini qucağına alan, birinin əlindən tutan anam, elə qarının üstündəncə adlayıb, qaçmağına davam eləyib. Qarı onun arxasınca:

- Səni görüm erməni gülləsinə tuş gələsən! – deyə qışqıraraq, ağlayıb.

Aradan neçə il keçsə də, anam bu hərəkətinin peşmançılığını yaşamırdı. Onun üçün dünyada ən vacib şey – iki balaca oğlunu xilas eləmək idi. O inamla deyir ki, yerə yıxdığım qarı anam olsaydı da, əyilib, onu qaldırmağa vaxt itirməzdim.

Anam minlərlə insana qoşularaq, Arazı adlayaraq, İrana keçib…

Atışmanın səs-küyü atamı babamın evində yaxalayıb. O, bacılarını maşına otuzduraraq, Beyləqana qaçıb.

Ailənin bir-birini tapması iki ay çəkdi. O vaxtdan minlərlə ailə kimi, bizim də ən çətin günlərimiz başladı.

1993-cü ilin noyabrı, məcburi köçkünlər üçün çadır şəhərciklərindən biri
1993-cü ilin noyabrı, məcburi köçkünlər üçün çadır şəhərciklərindən biri


93-ci ilin yayında, Bakıda sığındığım dayım evindən çadır şəhərciyinə gələndə, gördüyüm mənzərə dəhşət idi. Yay günüydü. Çatdığımız şəhərcik böyük çimərliyə, ya da həddən artıq izdihamlı pioner düşərgəsinə oxşayırdı.

Gəldiyim maşın şəhərciyə girəndə qabağımıza bir dəstə qapqara, əyin-başları cır-cındır, çirkli uşaq qaçdı. Ucları qaldırıldığından, içində baş verənlər, yaşayanların açıq göründüyü saysız çadır evciklərdə vurnuxan qızlar, hərəkətsiz oturmuş qarılar, mütəkkələrə dirsəklənmiş kişilər maşına tərəf boylandı. Kişilərdən bir neçəsi qalxıb, maşına tərəf yeridi.

Ətrafa baxdım. Köçkün qadınların hardansa damazlıq tapıb, dar yerdə saxlamağa çalışdığı toyuq-cücə, hinduşkalar istidən qanadlarını yerə sərmişdilər. Bir-iki qoyun-quzu çadırların kölgəsində uzanıb, ağızlarını açaraq, ləhləyirdi. Çadırların yanlarında quraşdırılmış dirəklərdən saplıcalar, tayqulplar, su kanistrləri, çömçələr, içi allah bilir nələrlə dolu çirkli zənbillər sallanırdı. Cəmi bir neçə ay əvvəl özlərini, məişətlərini çəpərlərin, hasarların, divarların iç tərəfində gizləyən, məhrəm saxlayan ailələrin bütün məişəti, məhrəmi indi açıqda idi…Bir neçə ay əvvəl həyətdə kişi xeylağı olanda tualet tərəfə getməyə utanan qadınlar, qızlar indi şəhərciyin qırağında sıra ilə düzülmüş tualetlərə girəndə onlara yüzlərlə göz baxırdı.

İki min nəfərlik çadır şəhərciyinə girən hər maşın burada həm uşaqlar, həm böyüklər tərəfindən olmazın maraqla qarşılanırdı. İki min ailənin gözləri yola dikilmişdi, onlar hər gələn maşında xeyriyyəçilərin gəldiyini, onlara ərzaqdan, paltardan, ev əşyalarından nəsə paylayacaqlarını umurdular. O illərdə ən arzuolunan üstündə aypara şəkilləri olan iri yük maşınları idi. Bu maşınlar şəhərciyə ərzaq, paltar, xırdavat, dərman, bir sözlə ümid gətirirdilər.

Maşından düşdük. Ayaqlarım o dəqiqə gündən qovrulmuş quma batdı. Dörd tərəfdə balaca bir tala yaşıllıq görmək mümkün deyildi. Çadırların arasından keçən arxların qıraqlarında azacıq tikan kolları görmək olurdu – şəhərciyin bütün yaşıllığı bundan ibarət idi. bəzi çadırların qabağında basdırılmış balaca söyüdlər susuzluqdan və istidən saralıb, büzüşmüşdü. Çadırların böyürlərində qalaqlanan ərzaq artıqlarının üstündə milçəklər uçuşurdu.

Maşının dayandığı yer nənəmin yaşadığı çadırın yanı idi. Burada, bu çadırda nənəmin yanında yaşayacaqdım. Valideynlərim, qardaşlarım İsmayıllıda idi. balacalığımdan bronxitim olduğundan mənim orda qalmağım təhlükəli idi.

Bir ildən sonra atam Rusiyaya qazanc dalınca gedəcəkdi. Anam və qardaşlarım bura, çadır şəhərciyinə köçəcəkdilər. Ailəmizin ac, səfil, çirkli günləri başlayacaqdı. Anamın ağır işdən sürətlə qocaldığını, qardaşlarımın aclıq çəkdiyini görəcəkdim. Doyunca yemək ən böyük arzum olacaqdı. Paltarlarımız yamaqla dolacaqdı. Su tapıb, yer tapıb yuyunmaq, təmiz olmaq ən böyük möcüzələrdən biri olacaqdı. Şəhərciyin qadınlarına, qızlarına qoşulub, pambıq, tərəvəz tarlalarına işləməyə gedəcəkdim. On gündən, bir aydan bir zəhmət haqqımı alıb, anama verəcək, tarlalarda məndən on qat çox işləyən bu qadın isə qazancımızı bir yerə calayıb, bizi doyurmağa çalışacaqdı. Onun sürətlə qocaldığını görəcəkdim. Gözlərimin qabağında insanlar bir tikə çörək, bir dəst paltar artıq almaq üçün bir-birilərini didəcəkdilər. Kəndimizdə medalları, ordeni ilə öyünən, Böyük Vətən Müharibəsindən şanlı, qalib əsgər kimi çıxmış kişilərin ikiqat qatlanıb, pambıq yığdığını görəcəkdim. O tarlalarda pambıq yığmalı olan gənc oğlanlar qızlardan utanacaqdılar.

Uşaqlığım, yeniyetməliyim bu çadırda, bu şəraitdə, bu səfillikdə keçəcəkdi. Öyrəşəcəkdim, bura da alışacaqdım, hətta bu pis qoxulu, palçıqlı, zibilli yeri sevəcəkdim də. Ömrümün bir parçası olacaqdı bu şəhərcik.

On dörd il sonra isə buraya mənim kimi bağlanan, bəlkə də sevən adamları qəsəbələrə köçürüb, bircə kibrit çəkərək, həyatımızın on dörd ilini yandıracaqdılar…

Mən hələ bunları bilmirdim.

Mən nənəmi qucaqlamışdım.

Mən uşaq idim.

12 yaşım vardı…

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG