Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:25

Beynəlxalq təhlil mərkəzi yeni müdafiə nazirindən yazır


Zakir Həsənov və İlham Əliyev
Zakir Həsənov və İlham Əliyev
-
«Yeni təyin olunmuş müdafiə naziri Zakir Həsənov sələfindən miras qalan iki nazir müavinini işdən çıxarıb. İstər Səfər Əbiyevin vəzifədən uzaqlaşdırılması, istərsə onun yerinə Daxili Qoşunlar komandanının təyin olunması siyasətdə mühüm dəyişiklikdən xəbər verir. Axı həm ciddi müdafiə islahatı, həm də Azərbaycan silahlı qüvvələrində yeni antikorrupsiya dalğası başlaya bilər. Bu addım daxili asayiş və sabitliyin təmin olunmasında da ordudan daha sıx yararlanmaq niyyətindən soraq verir» – «Oxford Analytica» Təhlil və Məsləhət Mərkəzinin hazırladığı təhlildə belə deyilir.

DƏYİŞİKLİYİN TƏSİRİ:

• Ordu üçün: Bu vəzifədə uzun müddət qalmış müdafiə nazirinin əvəzlənməsi daha güclü ordunun qurulmasını hədəfləyən yeni islahatlara yol aça bilər.

• Daha geniş təsir: Türkiyə ilə hərbi əməkdaşlığı bərpa etmək baxımından ciddi addım sayıla bilər.

• Mübahisəli Dağlıq Qarabağa görə Ermənistanla gərginliyin qızışacağından rahatsızlıq arta bilər.

SONRA OLACAQLAR

Yenidən seçilmiş prezident İlham Əliyev silahlı qüvvələrinin hücum qabiliyyətini artırmaq və illər boyu Müdafiə Nazirliyində kök salmış korrupsiyanı kəsmək məqsədilə müdafiə islahatına başlaya bilər. Daxili Qoşunlar komandanının təyinatı daxili təhlükəsizlikdə silahlı qüvvələrin yeni və genişləndirilmiş rolu deməkdir. Bu, son vaxtlar yerli müxalifəti qorxutmağa və Azərbaycanda potensial itaətsizlik və sabitsizliyin əlamətlərini önləməyə yönəlik sərt tədbirlərin davamı ola bilər. Həmin addım Ermənistanda narahatlığı artıra və bu ölkənin mümkün cavabını doğura bilər.
Səfər Əniyev və İlham Əliyev
Səfər Əniyev və İlham Əliyev

TƏHLİL

İ. Əliyev 3-cü müddətə andiçmədən cəmi üç gün sonra – oktyabrın 22-də yeni kabinetinin tərkibini açıqlayıb. Uzun müddət müdafiə naziri vəzifəsini daşıyan şəxsin işdən çıxarılması gözlənilməz olub.

Azərbaycan ordusunun monitorinqini aparan bir çox təhlilçiyə görə, müdafiə nazirinin mövqeyi müdafiə islahatı üçün önəmli göstərici sayılırdı. Özəlliklə Əbiyevin mövqeyi və vəzifədə qalma müddəti Azərbaycanın hərbi qabiliyyəti və ciddi müdafiə islahatı öhdəliyinin dəyərləndirilməsində mühüm amil sayılırdı.

Son illər müdafiə xərclərindəki ciddi artım və müasir hücum silahlarının alınması belə düşünməyə əsas verirdi ki, Azərbaycanın silahlı qüvvələrinin real gücü Qarabağ müharibəsini yeniləməyə dair ritorik hədələrlə ayaqlaşa biləcək. Ancaq Əbiyevin vəzifədə qalma müddətində Müdafiə Nazirliyində korrupsiya iddiaları, təchizat prosesində şübhəli sazişlərə dair iddialar peyda olmuş, müdafiəyə ayrılan əlavə vəsaitin düzgün xərclənməsinə dair suallar yaratmışdı.

REJİMƏ SADİQ

Bununla belə, vəzifədə olduğu 18 il ərzində Əbiyevin əsas rolu hakim Əliyev ailəsini qorumaq olub. Silahlı qüvvələr real döyüş qüvvəsindən daha çox «saray gözətçisi»nə çevrilmişdi. Bu da nazirin uzunmüddətli hakimiyyətinin səbəbini açıqlayır. O, daha çox Əliyev ailəsinə (keçmiş prezident Heydər Əliyevə və onun oğlu, həm də varisi İlham Əliyevə), onların şəxsi və siyasi hakimiyyətini qorumağa sadiq qalıb.
İlham Əliyev Qubada Daxili Qoşunların hərbi şəhərciyinin açılışında-2011
İlham Əliyev Qubada Daxili Qoşunların hərbi şəhərciyinin açılışında-2011
Yalnız bu sadalananlardan sonra onun müdafiə naziri olmağı da göz önünə gəlib.

Bu rol Azərbaycan siyasəti kontekstində təbii görünürdü və atasının 2003-cü ilin sonlarında hakimiyyət mantiyasını əldə etmək üçün İlhama verdiyi mühüm dərslərdən birinə uyğun gəlir: silahlı qüvvələr hökumətə yeganə ciddi potensial hədədir. Orduya bu üzdən uzun müddət az pul ayrılıb ki, silahlı qüvvələr xeyli zəifləsin. Məqsəd Türkiyədəki kimi ordunun yerli siyasətdə rol oynamasını önləmək olub. 1993-cü ilin iyununda reneqat Surət Hüseynovun hərbi qiyam cəhdi də belə ehtiyat tədbirlərini doğruldurdu.

TƏPTƏZƏ İSLAHAT İMKANI

Əbiyevin indi işdən çıxarılması üçün motivasiyanı – gərək göstərilən səbəbləri iki mümkün ssenari ilə izah etmək olar:

Daxili manevr

Birincisi, işdən çıxarılma hökumət daxilindəki rəqib fraksiyalar arasında daxili balansda baş verən dəyişikliyi üzə çıxara bilər. Prezident, görünür, bu kontekstdə sistemdaxili rəqib gücləri yaradan elitaları çaşdırmaqla onları idarə etməyə çalışır. Yəni, düşərgələrdən birini korrupsiyaya uğramış Müdafiə Nazirliyi ilə mükafatlandırmaq şansından yararlanır.

Canlandırma islahatı

Eyni dərəcədə gerçək görünən ikinci ssenari odur ki, sözügedən addım real müdafiə islahatına başlamaq qərarından doğur. Ola bilsin, Əliyev Dağlıq Qarabağda müharibə hədələri ritorikası ilə Azərbaycanın ordusunun əsl hazırlıq durumu arasındakı illərcə sürən uyğunsuzluqdan sonra çatışmayan döyüş qabiliyyətini artırmaqla hədələrini daha təsirli etmək istəyir.
Bakıda hərbi parad - 26 iyun 2013
Bakıda hərbi parad - 26 iyun 2013

Müdafiə xərcləri illər boyu artımdan sonra 3.7 milyard dollar olub və ciddi islahat ehtiyacı məntiqi görünür. Bundan əlavə, üçüncü müddətə prezident seçiləndən sonra Əliyev real döyüş gücü yaratmaq üçün özünü daha inamlı və rahat hiss edə bilər. Özəlliklə bu islahatı, gözgörəsi və sınaqdan çıxmış sadiqliyinə görə, seçilən yeni nazir yönəldəcəksə. Vəzifədən gedən nazir sədaqətli və itaətkar olsa da, miras qalmış, atasına xidmət etmişdi.

YERLİ TƏSİRLƏR

Bu təyinata başqa bir yerli yanaşma da var. 54 yaşlı, Şərqi Almaniyada sovet zabiti olmuş Həsənovun irəli çəkilməsi yerli etirazların, xüsusən bu ilin əvvəlində regionlardakı etiraz aksiyalarının yatırılmasında Daxili Qoşunların roluna görə mükafat sayıla bilər. Üstəlik, bu təyinatla bağlı ordunun daxili təhlükəsizlikdə daha böyük rol alması daxili narazılığın daha güclü yatırılması dönəmini başlada bilər. Müxalifətin həbsi və qorxudulması ilə nəticələnən bir sıra yüksək profilli və ağır addımlardan sonra bu meylin sürəcəyi görünür.

PERSPEKTİV

Kim necə əsaslandırsa da, müdafiə nazirinin işdən çıxarılması ciddi dəyişiklikdir. Söhbət Azərbaycan silahlı qüvvələrinin rolundakı dəyişiklikdən gedir. Korrupsiyaya qarşı yeni mübarizə dalğası da başlaya bilər. Düzdür, bu, Azərbaycan ordusunda korrupsiyanın kök atdığını gözə alanda, heç də inandırıcı görünmür.
XS
SM
MD
LG