Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:52

Elxan Qaraqan: «Azərbaycan boz, sıxıcı, passiv cəmiyyətdir»


Elxan Qaraqan
Elxan Qaraqan
-

“Bəzən insanlara həqiqət lazım deyil... Ətrafımız süni dəyərlərlə doludur”.

"Dostoyevski də öz dövrünün Beqbederi idi".

"“A” qeyri-ciddi ədəbiyyatdır, mən onu 18 yaşımda yazmışam".

"İndi də molbertim, yağlı boyalarım var, hərdən çəkirəm."



Gənc yazıçı və ifaçı Elxan Qaraqanın “Qafqazinfo”ya müsahibəsi


- İstər ədəbiyyatda, istərsə də musiqidə niyə bu qədər qalmaqala səbəb oldunuz?

- Bunun üçün xüsusi bir şey etmirəm, sadəcə, belə alınır.

- Ümumiyyətlə, yaxşıya və ya pisə - fərqi yoxdur - səbəb olmaq necə hissdir?

- Əslində çox sosial adam deyiləm. Haqqımda çox yerdə çox şeylər danışa bilərlər. İnsanların haqqımda nə fikirləşdikləri mənim daxilimdə xüsusi heç bir dəyişiklik etmir.

- Şans və istedad. Sizdə bunlardan hansı digərini üstələyib?

- Yəqin ki, birinci şansdı, sonra istedad. Ən azından mən XXI əsrdə yaşayıram. Məsələn, XVI əsrdə yaşasaydım, indi quldarlar məni hansısa bazarda satmışdılar. Genetik olaraq iki valideyndən 30 milyon uşaq dünyaya gələ bilər. Əgər biz o 30 milyon arasından seçilib dünyaya gəlmişiksə, artıq şanslıyıq.

- Gənclər arasında çox məşhursunuz. Sizi sevirlər, dinləyirlər, oxuyurlar. Gənclərə nəsə qazandırmısınızmı?

- Yazarkən onlara nəsə qazandırmaq haqqında düşünməmişəm. Elədiyimi eləmişəm. Arı bal verəndə düşünmür ki, insanlara sağlamlıq qazandırır. Onun işi bal istehsal etməkdir, edir. Mənim işim yazmaqdır, yazıram. Düşünmürəm ki, bu, insana nəsə qazandırır, ya yox.

- Bir gənc yazar kimi necə düşünürsünüz, gənclik niyə klassik ədəbiyyatdan qaçır? “Səfillər”i, “Cinayət və cəza”nı qoyub “Məhəbbət üç il yaşayır”ı oxuyur?

- Hər dövrün öz yazıçısı, öz klassikləri var. Bizim indi “klassiklər” dediyimiz yazıçıların dövründə klassika Homerin “İliada”sı olub. Onlar üçün bu ədəbiyyatı oxumaq vacib idi, amma bizim dövrümüzdə heç kəs “İliada”nı oxumur. Dostoyevski də öz dövrünün Beqbederi idi. 200 il sonra Beqbeder öz dövrünün Dostoyevskisi ola bilər, Dostoyevski isə Homeri olacaq. Məncə, insanları oxuduqlarına görə günahlandırmaq olmaz. Dünya inkişaf edir, biz inkişafı qəbul ediriksə, deməli, hər bir oğul atadan, ata da babadan ağıllıdır. Əgər hər şey inkişaf edirsə, - eləcə də mədəniyyət, bunu xüsusilə vurğulayıram, çünki deyirlər mədəniyyət getdikcə aşağı düşür, amma bu, söz olaraq deyilir, - araşdırılsa, görərlər ki, insanlar XVI-XVIII əsrlərə nisbətən indi daha mədənidir.

- Ciddi ədəbiyyat sözünü indi tez-tez eşidirik. Bir yazar kimi, Sizinçün ciddi ədəbiyyat nədir?

- Ciddi ədəbiyyat odur ki, məsələn, Kafkanın “Metamorfoza”sını oxuyursan və bu səndə 3 il, 5 il iz qoyur, səni dəyişməyə kömək edir. Eləcə də Dostoyevskinin “İdiot”u, “Cinayət və cəza”sı. Bu əsərlər insanlıq üçün böyük dəyişikliklər edib. Qeyri-ciddi ədəbiyyat isə sadəcə oxunur, vəssalam. Məsələn, mənə görə indi “A” qeyri-ciddi ədəbiyyatdır, mən onu 18 yaşımda yazmışam. İndi 25 yaşım var və bu əsər mənə sonuncu romanlarımla müqayisədə zəif gəlir. Kafka da öz “Metamorfoza”sını 18 yaşında yazmayıb. Və mən bu gün 25 yaşlı düşüncə ilə yazıramsa bu o demək deyil ki, 40 yaşımda da belə yazacam. Elə yazıçılar var ki, ən gözəl romanlarını 60-70 yaşında yazır.

- Hisslərdən yazmağı sevirsiz, ya hadisələrdən?
Elxan Qaraqan Azadlıq Radiosunda, 2010
Elxan Qaraqan Azadlıq Radiosunda, 2010

- Hadisələrdən. Müəyyən süjet xəttinə uyğun yazmağı sevirəm. Umumiyyətlə, deyirlər ki, hisslərdən yazmaq daha çətindir, amma bu heç də düzgün fikir deyil. Hisslərdən yazmaq mənə görə salat düzəltmək kimi bir şeydir: evdə olan bütün tərəvəzləri bir-birinə qatıb salat hazırlayırsan... Düzdü, ola bilər ki, çox dadlı alınır... Amma bir də var, ördəyi duzlamaq, qızartmaq, içinə almalar qoyub yanına kartof düzmək – hələ bir çalışmaq ki, sonda dadlı olsun, - buna daha çox məharət lazımdı... Süjeti düşünmək doğrudan da istedad və səbr tələb edir. Gecə saat 3-də hansısa bir qız hansısa bir oğlana zəng vurub hisslərini bir çox yazıçıdan daha yaxşı bildirə bilər. Bu, istedad deyil, hər bir insanda olan hissdi. Amma inandırıcı süjet – bunu hər kəs bacarmır.

- Bəzən olubmu ki, özünüz də bilmədən yazdığınız romanın sonluğu dəyişib?

- Olub. Elə sonuncu “Evakuasiya” romanında mən son 150 səhifəni dəyişmişəm. Çünki oxudum və gördüm ki, son 150 səhifəyə insanlar inanmayacaq. Süjeti elə yazmalısan ki, qəhrəman bir şey edirsə, artıq onun bunu etməkdən başqa seçimi olmasın. Məsələn, oğlanla qız ikisi də türmədədir; türmə gəmidə; və gəmi batır. Heç kim onları xilas edə bilmir.

Sən yazıçı olaraq onları ordan xilas etməlisən. Əgər göydən bir kometa düşsə, gəmiyə dəyib parçalayaraq onları xilas etsə, bu artıq olur zəif süjet. Oxucu buna inanmır. Sən elə bir çıxış yolu tapmalısan ki, həm məzmun itməsin, həm də oxucu buna inansın.

- “A” kim idi?

- Anarın altereqosu idi.

- İçinizdəki hisslər öz əksini vərəqlərdə, musiqidə tapırsa, deməli, ən səmimi olduğunuz yer elə vərəqlər, notlar, mahnılardır. Bəzən əliniz hiss etmədən ruhunuz vərəqlərə gözlənilməz etiraflar edirmi?

- Mahnılarda olur. İndi daha çox baş verir bu hal, çünki artıq musiqiləri də özüm bəstələyirəm. Və beynim 3-4 hissədə işləyir, sağ yarımkürə açılır və elə hisslər çıxır ki, sən əslində onları demək istəmirdin. Amma çox şəxsi hisslərimi mahnılarda sətiraltı edirəm ki, ancaq özüm anlayım.

- Onda, deməli, o mahnılarda tam olaraq səmimiliyinizi qorumursunuz.

- Buna səmimilik deməzdim. Bu hissin adı intimlikdir, şəxsidir. Məsələn, mən sosial şəbəkələrdə varam, amma orda ancaq mahnılarımı paylaşıram. Şəxsi həyatımı paylaşmağı sevmirəm. Şəxsi həyat, şəxsi hisslərlə Qaraqanı bir araya qatmaq istəmirəm. Əvvəl şəkillər yalnız xatirə statusu daşıyırdı. İndi xatirədən göstəriyə keçib. İnsanlar xarici ölkələrə gedib ordan şəkillərini sosial şəbəkələrdə paylaşırlar. Bu mənə səmimilikdən çox göstəri kimi gəlir.

- Hissləriniz daxilinizdə daha gözəldir, ya vərəqlərdə, mahnılarda?

- Yəqin ki, mahnıya keçəndə daha gözəl olur. Mahnı ilə yazı fotoşop kimi bir şeydir, effekt verirsən, daha gözəl olur. İstənilən hekayə, yazı, incəsənət növü həyatı rəngləmək üçündür. Bunu ancaq incəsənət bacarır. Reallıqda hər şey sıxıcı, boz və darıxdırıcıdır.

- Yazma ehtiyacını necə hiss edirsiniz? Aclıq, susuzluq kimi bu ehtiyacın da simptomları olur?

- Bəli, elədir. Gecə saat 3-də heç cür yata bilmirsən, mütləq yazmalısan. Bunun nə demək olduğu ilə özüm də maraqlandım. Bu, bəlkə də, hansısa bir bioloji xəstəlikdir. Beyin həddindən artıq sürətlə işləyir o an. Yaradıcı insan o anda beyninin hansısa bir hissəsini işə salmasa o, ağrı verəcək. Bu, əsasən, hansısa gözəl mənzərəli yerdə olarkən baş verir. Hansısa başqa ölkədə, dağın başında və ya bir göl qırağında həmin o yazma ehtiyacını hiss edirsən. Ona görə də, mən həmişə uzaq bir yerə gedəndə özümlə kağız-qələm aparıram.

- Nəyə görə məşhur qruplar çox yaşamır və qrup üzvləri sonradan solo ifaya keçir? Məsələn, ABBA, Beatles, Bony M və ya elə Dəyirmanın, HOSTun özü?

- Bütün qruplarda dostlar bir yerə yığışır və nəsə etməyə çalışır. Bu dostlar içində istedadlısı da olur, istedadsızı da. Vaxt keçir və onların içində kimlərsə seçilməyə başlayır, kimlərsə kənarda qalır. Belə halda artıq qrup halında qalmaq olmur. Bütün məşhur qruplara baxsaq görərik ki, onların içindən bir nəfər sonradan üzə çıxır. Hansılar ki, daha böyük istedadı ilə seçilir.

- Deməli, Siz də seçilib üzə çıxan istedadlı o bir nəfərsiniz?

- HOSTdan üzə çıxan yox, HOSTu üzə qaldıran. Mən belə deyərdim.

- Yəqin ki, bir dinləyici kimi özünüzü HOSTdan çox məhz elə Qaraqan olaraq istedadlı görürsünüz.

- Təbii ki, HOST daxilində də mənim yazılarımın 70%-i solo olub. Özümü həmişə orda azad hiss etmişəm. Elə HOST dövründə artıq böyük bir kütlə yalnız Qaraqan dinləyicisi idi.

- Özünüz sakit təbiətli biri olsanız da, mahnılarınızda daha çox qəzəb görünür. Bunun səbəbi nədir?

- O, qəzəb deyil, sadəcə, hisslərin artıqlığıdır, bu, temperamentimlə bağlıdır...

- “A”da yazılanları həqiqətən reallaşdırmağı düşünürdünüz?

- “A” mənim ilk romanımdır, indi o fikirlərdən tamam uzağam. Orda bir şizofrenik uşağın beynindəki hadisələr təsvir olunurdu. Onu reallaşdırsaydım, mən də müəyyən qədər şizofrenik olardım. Əslində insanlar mənim nə fikirləşdiyimi görmək istəmədilər. Və indiyə kimi zənglər gəlir ki, “A”dakı qərargah haradadır?

- Nə qədər azad olduğunuzu desəniz də, yəqin ki, müəyyən qədər sərhədlər var. “Bunlar olmasa, bunu edərdim” dediyiniz bir şey varmı?

- Son illərimi savadlanmağa xərclədim. İşləmədim, ildə bir dəfə konsert verməklə rahat dolanırdım. Geri qalan vaxtımı barlarda, küçələrdə keçirə bilərdim, amma mən vaxtımı oxumağa, savadlanmağa xərclədim. O sərhədlər artıq tamam başqa bir istiqamət aldı. Artıq heç bir sərhəd mənə mane ola bilmir. Hətta xərçəng xəstəsi belə olsam, o mənim azadlığıma mane olmaz. Azadlıq sənin daxili bir hissindir. Bunu danışmaq üçün saatlarla vaxt lazımdı, bir müsahibəyə sığmaz. Təbii ki, sərhədlər var, yerin cazibə qüvvəsi də var, amma o bizə mane olmur, biz onu heç hiss etmirik.

- Həqiqətən tutduğunuz yolun arxasınca gedirdilər, ya sadəcə qızlar Sizə vurulmuşdu?

- Həm xoşları gəlir, həm hansısa ideyaya görə mənim yolumla gedirlər, həm ideyalar xoşlarına gəlir deyə məndən xoşları gəlir, həm də məndən xoşları gəldiyi üçün ideyalarımla gedirlər. Ümumiyyətlə, ideyanın keyfiyyətindən asılı olmayaraq bizim insanlar passivdir. 2000-ci ildə zəlzələ oldu, hamı çıxdı küçəyə və bir gün sonra bu hadisə unuduldu. Amma bu, Amerikada olsaydı, insanlar mitinq keçirərdi, rok qrupları “Zəlzələyə salam” adlı konsert verərdi, başqa bir tərəfdə piknik olardı. Bu da eyni təbiət hadisəsinə fərqli münasibət. Ümumiyyətlə, bizim cəmiyyət boz, sıxıcı, passiv cəmiyyətdir.

- HOSTdan Sizə nə qaldı?

- Rep mənimçün vasitə idi. Mən böyük oxucu kütləmi yığdım. İndi onlara fikirlərimi kitablarda daha rahat şəkildə və daha ciddi şəkildə təqdim edirəm. Mən repə birinci olmaqçün gəlməmişdim. Gürcüstanda festivallara gedim, Rusiyada rusca rep deyim, sonda Eminemi tapım duet oxuyum və elə ordaca ölüm qalım... Məqsədim nə şan-şöhrət, nə də nömrə bir olmaq idi. Məqsədim oxucu kütləmi yığmaq idi. Azərbaycanın keyfiyyətli gənclərini bir araya toplamaq idi.

- Əgər bu bir vasitə idisə, deməli, 4-5 il öncə bu günü ən azından təxmin edə bilirdiniz.

- Bilirdim. İnsan istənilən formada inkişaf etməlidir. Su şəlalədən axanda səsi hər yeri bürüyür, sonra çaya düşür, səsi bir az azalır, gölə, dənizə düşür, səsi daha da azalır və nəhayət, okeanda sakitləşir.

- Elə Siz də şəlalədəki damcıdan okean damcısına çevirildiniz. Repdən lirikaya keçid necə oldu?

- Birincisi, bəzən insanlara həqiqət lazım deyil, ikincisi, bu həqiqətləri biləndən sonra da heç nə dəyişmir, üçüncüsü, daha vacib həqiqətlər var. Əsas da elə bu üçüncüdür. Məsələn, ata və oğul dalaşır. Oğul ataya sübut etmək istəyir ki, ata səhvdir və ya əksinə. Bu davaya ana da qarışır və bütün evdə dava olur. Mən bunu misal çəkərək Azərbaycanı, onun siyasi və ictimai problemlərini nəzərdə tuturam. Və sən də bu davaya qoşulub öz sözünü demək istəyirsən. Amma bircə dəfə pəncərəni açmaq bəsdir ki, sən göydən bir böyük kometa gəldiyini görəsən. Artıq bundan sonra kimin səhv, kimin düz olduğunun və eyni zamanda kimin tərəfində olmağının heç bir əhəmiyyəti yoxdur. Artıq çamadanları yığıb evi tərk etmək lazımdır. İnsan inkişaf etdikcə, siyasi görüşdən fəlsəfi görüşə, fəlsəfi görüşdən tarix fəlsəfəsinə və ordan da gedib Kvant fizikasına çatanda ona Toppuş bacının efirdə etdikləri maraqlı olmur. Daha vacib həqiqətlər var. (ardı aşağıda)

Qaraqan Moskvada
- Ağlınıza yeni maraqlı bir süjet xətti gələndə onu ilk olaraq mahnıya köçürürsünüz, ya nəsrə?

- Bir-birini əvəz edir. Birindən sıxılanda o birinə keçirsən. Kitab oxuyanda da 4-5-ni birdən oxuyuram. Birindən bezəndə digərinə keçirəm. Belə yaşamaq daha yaxşıdır.

- İfaçı Qaraqan yazıçı Qaraqanı qısqanırmı?

- Yenə eyni qiymətləndirməyə gəlib çıxırıq. Parlaqlıq və ya qeyri-parlaqlıq. Mənim məqsədim ümumilikdə parlamaq deyil. Musiqi və ədəbiyyat. Onlar mənim hissələrimdir. Necə sağ əl sol ələ paxıllıq edə bilər?!

- “Qaraqan” təxəllüsü hardan yaranıb?

- 13-14 yaşımda bu təxəllüsü fikirləşmişdim. Sonra başladım universitetə hazırlaşmağa və unudulub getdi. Mahnı oxumağa, roman yazmağa başlayanda bu təxəllüsü geri qaytardım. Yəni xüsusi oturub buna vaxt ayırmamışam ki, hansı təxəllüslə çıxış edim.

- Hansının yükü ağırdır: “Qara”nın, ya “Qan”ın?

- Bilmirəm. Heç bu haqda düşünməmişəm. Qaraqan deyəndə artıq ağıla “qanı qara adam” deyil, elə Qaraqan gəlir. Bütün yazılar, mahnılar və fikirlər... Məncə, söz mənə anlam verməkdən, haradasa mən bu sözə anlam yüklədim.

- Musiqi və ədəbiyyat yaradıcılığınızı əks etdirməyə kifayət edirmi?

- Təbii ki, yox. Bu, gələcəkdə film də ola bilər, rəsm də ola bilər, cəmiyyət də ola bilər. İnsan beyni bir yerdə dayanmır. Mussolini gözəl skripkaçı idi, amma skripkaçı olaraq qalmadı. Əgər 25 yaşımda bunları edirəmsə, kifayətdir. Deməli, bu qədər yaşı boşa itirməmişəm. Əgər 45 yaşımda da bu nöqtədə qalacamsa, bu, artıq problemdir.

- Əvvəl rəssamlıq ilə də məşğul olmusunuz. Amma internetdə, sosial şəbəkələrdə çəkdiyiniz heç bir rəsmə rast gəlimirik.

- İndi də molbertim, yağlı boyalarım var, hərdən çəkirəm. Nümayiş etdirməyi sevmirəm. Çünki bu mənə heç nə vermir. İndi dəyərlər dəyişib. Əvvəl insanların sirlərini bilmək MTN-in işi idi, amma indi ona ehtiyac da yoxdur. İnsanlar könüllü hər şeylərini sosial şəbəkələrdə paylaşır. Məncə, yaxın 5-10 ildə tam əks sindrom başlayacaq. İnsanlar sosial şəbəkələrdəki bütün şəkilləri, məlumatları silmək istəyəcəklər. Şəxsi həyatlarını özgə gözlərdən qorumaq istəyəcəklər.

- İnternetin, sosial şəbəkələrin belə sürətlə inkişafı sizi qorxudur?

- İnsanlıq üçün qorxmuram. İndi dünyaya bir bomba düşsün və bütün hər şey məhv olsun, mən yenə də öz inkişafım haqda düşünəcəm. Hər bir fərd bu dünyaya gələndə öz yolunu gedir. Amerika Kanadayla birləşəcək və s., - bunlar mənə maraqlı deyil. Daha doğrusu, mənim missiyam deyil.

- Yəni “bütün bunlardan mənə nə var” deyirsiniz?

- Hardasa, hə. O mənada yox ki, “millət necə tarac olur-olsun, nə işim var”. O mənada ki, millət necə tarac olur-olsun, bəs mənim işimin adı nədir? Eləcə də hər bir fərd öz individual axtarışlarında və inkişafında olmalıdır. Millətə də ancaq bu cür kömək olmaq mümkündür.

- Qaraqana Hava, Od, Su, Torpaqla yanaşı daha nələr lazımdır?

- Ümumiyyətlə, aza qane olan insanam. Hansısa rayona və ya kəndə gedəndə də özümü çox rahat hiss edirəm. Düşünmürəm ki, burda məndən niyə müsahibə almırlar. Orda hansısa at görüb onu sığallayacam. Atları çox sevirəm. Ayda heç olmasa bir dəfə at çapmağa gedirəm. Bulaq suyunu, təbiəti sevirəm. Natural yaşamağı çox sevirəm. Orada əsl dəyərlərin nə olduğunu görürsən. Amma şəhər həyatı sənə süni dəyərlər sırıyır.

Nahar vaxtı yaxşı qızardılmış toyuq sənin xoşbəxtliyinin bir hissəsidir. Bu toyuğun qiyməti 3 manatdır, bir manat da yağı, mayonezi, filan. Eyni toyuğu Teleqüllədəki restoranda 30 manata yeyirsən, amma dadda heç nə dəyişmir. Nə etsələr də, o toyuğu dinozavra çevirə bilməzlər, o elə toyuq olaraq qalacaq. Ona görə də, qiyməti 10 dəfə artırmağa ehtiyac yoxdur. Əsas onun dəyərini biləsən. Bu yaxınlarda Amerikada çox maraqlı bir elmi konfrans oldu. Yaxın 10 ildə xüsusi eynəklər hazırlanması nəzərdə tutulub. Bu eynəyi taxmaqla biz qarşımızdakı paltarın, maşının, satışa qoyulmuş hər bir əşyanın istehsal qiymətini görəcəyik. Məsələn, 3000 avroluq Versace kostyumunun parçası, sapı, düyməsi, tikilişi ümumilikdə neçə avroya başa gəlibsə, göstəriləcək. Bu o deməkdir ki, qarşıdan post kapitalizm dövrü gəlir. Biz indi buna doğru gedirik və artıq dəyərləri özümüz müəyyənləşdirməyi bacarmalıyıq. Bilməliyik ki, 5 karat brilyantın xammalı cəmi 20 dollardır, onu Latın Amerikasındakı yetim uşaqlar alın təri və zülmlə palçıqdan çıxarırlar. İnsanlar səmada parlayan milyardlarla ulduzu qoyub hansısa daş-qaşdan yapışırlar. Dediyim kimi, ətrafımız süni dəyərlərlə doludur.

Nihal
XS
SM
MD
LG