Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:33

Günel Mövlud. Şahbaz Xuduoğlunun Qanunu


Günel Mövlud (Foto: Cahangir Yusif)
Günel Mövlud (Foto: Cahangir Yusif)
-
Azərbaycanda kitaba inanan, onunla məşğul olan, vaxtını, biznesini kitaba sərf eləyən insanlar çox azdır. Bir ölkədə ki, restoran, otel, gözəllik salonu, ətriyyat dükanı, şadlıq sarayı açıb, qaz vurub qazan doldura bilərsənsə, kitaba xərc çəkmək, kitabın biznesini qurmaq nəyə, kimə lazımdır? Bir halda ki, ömründə əlinə kitab almayanlarla dolu ölkədə hamı bütün günün restoranlarda, şadlıq saraylarında, gözəllik salonlarındadı, sən kitabı kimə satacaqsan, kimi inandıracaqsan onun vacibliyinə?
Kitaba ikrahla baxanların ölkəsində kitab biznesi qurmağın adı ideya adamı olmaqdan savayı bir şey deyil…
Şahbaz Xuduoğlu ölkədə bu işə zəhmət verənlərdən, kitaba inanlardan biridi. İllər əvvəl kitaba, ədəbiyyata üstən aşağı, ikrahla baxan, yazı yazanı və əlində kitab olanı adam yerinə qoymayan, avaraçılıqda, boşboğazlıqda ittiham edən insanların ölkəsində o kitabın təbliğatına başladı. Tədbirlər, universitetlərdə görüşlər, yarmarkalar, təqdimatlar, daha nələr…

Bir halda ki, ömründə əlinə kitab almayanlarla dolu ölkədə hamı bütün günün restoranlarda, şadlıq saraylarında, gözəllik salonlarındadı, sən kitabı kimə satacaqsan, kimi inandıracaqsan onun vacibliyinə?
Şahbaz bəyin təklifinə qədər yazarların çoxu kitabını məhdud tirajla buraxıb, dost-tanışına paylayırdı. Amma Şahbaz Xuduoğlu vaxtında bizi ayıltdı ki, pulsuz verilən kitabın dəyəri olmur. Kitabı adam o vaxt oxuyur ki, ona pul verib alsın. Necə ki, toya getməyə, gözəllik salonuna verməyə, siqaret almağa pul tapırlar, qoy insanlar kitaba pul xərcləməyə öyrənsinlər. Bu bir mədəniyyətdir.
«Ən yeni ədəbiyyat» layihəsi müasir yazarların adlarının, imzalarının, əsərlərinin daha da məşhurlaşmasına böyük dəstək oldu. Mən layihənin ətrafında baş verən xırda narazılıqlardan danışmaq istəmirəm. Amma həmin prosesi başlamağın özü kitaba xeyli maraq yaratdı. Gənc yazarlar üçün stimul oldu. Təqdimatlara, müzakirələrə nə qədər gənc qoşuldu. Nə qədər tanınmamış imza çıxdı ortalığa. Bu az iş deyil. Ölkənin biznesmenlərinin, əlində pul olan adamların pullarını müğənnilərə, modellərə, meyxanaçılara yatırdığı bir vaxta kitabın təbliğatını aparmaq böyük fədakarlıqdı.

Bəziləri deyir ki, Şahbaz Xuduoğlu bunu təmmannasız eləmir. Pul qazanır. Bu nə zehniyyətdi? Adam pul qazanmasınmı? Fırıldaqla, soyğunçuluqla, rüşvətxorluqla, xalqın sərvətini çapıb-talamaqla pul qazananlara səsini çıxara bilməyənlər kitab biznesi ilə məşğul olan adamadan tələb edirlər ki, sən kitabın başını burax, ondan pul qazanma? Adam satıcı kimi piştaxta arxasında durur, istirahət günləri yarmarka, təqdimat, müzakirə keçirir, üstəlik, acından ölməlidir?
Amma kitaba qalib gəlmək mümkün deyil… Bu, Şahbaz Xuduoğlunun Qanunu deyil, bu kitabın, elmin, işığın öz Qanunudu…
Dünən Qanun nəşriyyatı işini dayandırdı. Bu nə qədər çəkəcək, nə qədər davam edəcək, bilmirəm. Bilirəm ki, bu hücum ilk deyil. İllərdir bu nəşriyyata süni problemlər yaradılır. Gah işıqların kəsirlər, gah avadanlığı müsadirə edirlər, gah vergi gəlib çökür.
Təccüblü deyil. Kitabı olmayan rejimin kitaba, kitabla məşğul olanlara nifrət eləməyinin, təqib eləməyinin, problemlər yaratmağının səbəbi aydındı. Onlar məqsədyönlü şəkildə təhsili iflic vəziyyətə salıb, manqurd yetişdirmək istəyirlər. Sənsə kitab işinə başlayırsan, xalqın, gəncliyin əlinə kitab verirsən, kitabın, oxumağın təbliğatını aparırsan. Təbii ki, bunun qarşısını almağa çalışacaqlar.
Amma bir şeyi də bilməlidirlər. Nəşriyyatın fəaliyyətini dayandırmaq mümkündür. İşıqları kəsmək, avadanlığı aparmaq, lap məkanı, yeri əllərindən almaq, işçiləri küçədə qoymaq da mümkündür.
Amma kitaba qalib gəlmək mümkün deyil…
Bu, Şahbaz Xuduoğlunun Qanunu deyil, bu kitabın, elmin, işığın öz Qanunudu…
XS
SM
MD
LG