Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:27

Sərgiyə çıxan şərablar, bağda qalan üzümlər...


Gəncədə keçirilən şərab festivalından görüntü
Gəncədə keçirilən şərab festivalından görüntü
-
Gəncədə keçirilən şərab festivalında təkcə Qərb bölgəsində istehsal olunan 38 adda şərab növü nümayiş edildi. Festivala qatılanlar həvəslə məhsulun istehsalından, satışından, hətta dünya bazarındakı reytinqlərindən danışırdılar.

Bölgədəki müxtəlif sort göz oxşayan üzüm bağları da məhsuldarlıqdan, bərəkətdən xəbər verir. Di gəl ki, istehsalçılardan fərqli olaraq fermerlər heç də durumlarının göründüyü kimi yaxşı olmadığını deyirlər.

Samux rayonunda üzüm bağları ilə tanınan fermer Nəriman Ələkbərov deyir ki, 6 ildir, texniki sort üzüm əkmir. Səbəb şərabçıların onların üzümlərin almamasıdır:

«6 İL OLAR Kİ, TEXNİKİ SORT ÜZÜM ƏKMİRƏM»

Naik Məmmədhəsənov
Naik Məmmədhəsənov
«Əvvəl 20-25 hektar üzüm sahələrim olub. 6 il olar ki, texniki sort üzüm əkmirəm. Əvvəllər 98-ci illərdə Gürcüstandan gəlib alırdılar. Başqa adamlar evdə çaxır düzəldirdilər, alırdılar. Sonra «Gəncə şərab 2» başladı işə, Göygöldə açılan zavod gəlib alırdı. Sonra əhalidən torpaq alıb özləri üzüm yetişdirdilər, tonlarla üzümlərimiz əlimizdə qaldı, sata bilmədik. Axırda məcbur olduq texniki sortları ləğv edib süfrə sortlarına keçdik. Süfrə sortlarının satışında da problemlər çoxdur. Məhsul kənara satışa çıxmır».

Fermer deyir ki, məhsulu yetişdirmək üçün texniki imkanlar yaxşıdır. Yaxşı su çiləyici, traktor, habelə lazımı gübrələr də var... Problem satışdadır.

ÜZÜM ÖLKƏDƏN KƏNARA ÇIXMIR...

«Fərqli bir şərait yaradılmalıdır. Əhalinin gur yerində üzüm yarmarkalarının keçirilməsinə, bazardan ucuz satılmasına şərait yaradılsın. Praktiki cəhətdən istehsalçının respublikadan kənarda satmağa imkanı yoxdur».

3 ildir ki, Fransa şirkətləri ilə əməkdaşlıq edən Tovuz Baltiya MMC-nin direktoru Naik Məmmədhəsənov deyir ki, istehsal etdiyi şərablar üçün kifayət qədər üzüm sahələri var. Kənardan üzüm almağa ehtiyacları yoxdur.

Tovuz Ərazi kənd təsərrüfatı İdarəsinin sədri Canpolad Qəhrəmanov da deyir ki, bölgədəki şərab istehsalçıları fermerlərdən üzüm almır:

ÖZÜ ÜZÜM ƏKİB, ÖZÜ ŞƏRAB İSTEHSAL EDƏNLƏR...

«500 tona qədər saxlama kameralarına üzüm qoymuşuq. Texniki sortların azalmasının səbəbi şərab istehsalının azalması, sovetlər dönəmindəki kimi olmamasıdır. Dünya bazarına çıxmaq sahibkarların imkanı daxilində deyil. Bizdə Baltiya MMC var, öz məhsulların istehsal edirlər, öz sahələri var».

Canpolad Qəhrəmanov bununla belə deyir ki, dadlı üzümlərin bu ilki satış qiyməti fermerə sərf edir. Bildirir ki, bazarlarda üzümün kilosunun qiyməti 50 qəpikdən ucuz deyil.

Qərb bölgəsində hazırda 2 min hektar üzüm sahəsi var. Onlardan 1500 hektarı məhsuldar, yerdə qalan isə yeni salınmış cavan üzüm bağlarıdır. Bölgədəki üzümçülük təsərrüfatlarının məhsulunun cəmi 38 faizini texniki sortlar təşkil edir.

Hələlik, zəhmətinin bəhrəsini görməyən fermer Nəriman Ələkbərov üzüm satışına əlverişli şərait yaradılacağına ümid edir.

«ÜZÜM BAĞLARINI AZALTMAĞA ƏLİM GƏLMİR»

«Üzüm bağlarını azaltmağa əlim gəlmir. Üzüm bitkisinə böyük sevgim var».
XS
SM
MD
LG