Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:25

Azərbaycan uğrunda böyük geosiyasi savaş gedir


Elçin Şıxlı
Elçin Şıxlı
-
Günün media icmalı - 12 noyabr

“AZƏRBAYCAN UĞRUNDA BÖYÜK GEOSİYASİ SAVAŞ GEDİR”

“Azadlıq” qəzeti 12 noyabr sayında “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı ilə müsahibə dərc edib. Rusiyanın Azərbaycana son münasibəti, Azərbaycanın Avrasiya və Gömrük İttifaqına girməsi üçün təzyiqlərlə üzləşməsi ilə bağlı sualının cavabında Elçin Şıxlı deyib: “Təəssüflər olsun ki, hazırda Azərbaycan uğrunda böyük geosiyasi savaş gedir. Biz həmin savaşın mərkəzindəyik. Biz üzümüzü Avropaya çevirərək, Rusiyadan imtina etsək, Rusiyanın ciddi problemləri olacaq. Çünki Rusiya bir çox layihələrini bizim üzərimizdən reallaşdırır. Amma bununla belə bizim hakimiyyət Rusiyaya açıq müharibə elan edə bilmir. Çünki bilir ki, bu addım atılarsa 2008-ci il avqustunda Gürcüstanın başına açılan müsibət Azərbaycana münasibətdə təkrarlana bilər. Həmin hadisələr zamanı Qərbdən Gürcüstana gözlənilən dəstək gəlmədi. Düşünürəm ki, hakimiyyət Rusiyadan gələn təzyiqləri ictimaiyyətdən gizlətmək əvəzinə bu barədə açıq danışmalıdır. Əksinə ictimaiyyət ilə açıq danışılsa, Rusiya Azərbaycana qarşı hər hansı addım ata bilməyəcək. Bizim başımızın üzərində hazırda savaş gedir. Təəssüf ki, Rusiya böyük qüvvədir və biz onun qarşısında təkbaşına duruş gətirə bilmərik. Amma Rusiyadan olan təzyiqlər, bizim birbaşa Kremlə təslim olmağımıza hesablanıb”.


“UŞAQ HÜQUQLARININ QORUNMASI İLƏ BAĞLI AZƏRBAYCAN MODEL KİMİ GÖTÜRÜLƏ BİLƏR”

yap.org saytı yazır ki, baş nazirin müavini Əli Əhmədovun fikrincə, İslam dünyasında uşaq hüquqlarının qorunması istiqamətində işlər görülərkən Azərbaycan model kimi götürülə bilər: “ Azərbaycanda həm İslam mədəniyyətindən irəli gələn ənənəyə, həm də ölkənin qanunvericiliyinə uyğun olaraq uşaqlara böyük diqqət və qayğı göstərilir. Uşaq hüquqlarının qorunması, uşaqlara qayğı Azərbaycan prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir”.

İSESCO-nun uşaq məsələləri üzrə məsul nazirlərinin IV konfransının gündəliyindəki məsələlərin önəmini vurğulayan Baş nazirin müavini urbanizasiyanın uşaqlarla bağlı bir çox problemlər yaratdığını da diqqətə çatdırıb. Əli Əhmədov əlavə edib ki, həmin problemlərin aradan qaldırılması istiqamətində müvafiq proqramın hazırlanmasına ehtiyac vardır: “Hesab edirəm ki, bu konfrans həmin problemlərin həllinə, uşaq hüquqlarının qorunmasına töhfəsini verəcəkdir”.

Arxiv foto
Arxiv foto
“UŞAQLARA QAYĞININ “AZƏRBAYCAN VERSİYASI”

“Bizim yol” qəzeti isə 12 noyabr tarixində “Uşaqlara qayğının “Azərbaycan versiyası” adlı yazısınında uşaq inkişafı göstəricilərinə görə Azərbaycan İslam ölkələri olan İran və Küveytlə, o cümlədən qonşu ölkələrlə müqayisə edilib:

“Maraqlıdır, görəsən, İslam dünyası Azərbaycanın təcrübəsindən yararlansa, nə baş verər? Məsələn, Azərbaycanda 5 yaşadək uşaqlar arasında hər min nəfərə düşən ölüm sayı 47-dir. O zaman İslam dünyasının təmsilçisi olan Küveyt Azərbaycan təcrübəsindən yararlansa və bizə çatmaq istəsə, gərək bu ölkədə hər min uşağa əlavə olaraq 36 uşaq öldürsünlər. Çünki Küveytdə müvafiq göstərici cəmi 11-dir. Elə İranda da Azərbaycan təcrübəsini mənimsəmək üçün gərək hər min uşağa əlavə olaraq 22 uşaq öldürsünlər”.

Müəllif yazır ki, uşaq ölümlərinin sayına görə, Azərbaycan təqribən 200 ölkə arasında 61-cidir: “Bəli, uşaqların ölüm riskinə ən çox məruz qaldığı 61 ölkədən biriyik. Gürcüstan bu reytinqdə 91-ci, Ermənistan isə 102-cidir. İndi baş nazirin müavini bu sahədə vəziyyətin daha yaxşı olduğu 140 ölkəyə məsləhət görük ki, özlərini bizim günümüzə salsınlar”.

“MƏRKƏZİ BANKIN YERİNDƏ BİNA TİKİLMƏLİYDİ”

Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbəy Qasımzadənin APA-ya verdiyi müsahibəsində Mərkəzi Bankın 28 may metrosu yaxınlığında yerləşməsinə münasibətini bildirib:

“Vaxtilə Mərkəzi Bankın binası tikiləndə mən Bakının baş memarı idim. Bu işin qəti əleyhinə idim. Həmin binanın nə layihəsini təsdiqlədim, nə də inşaat pasportunu verdim. Amma şərait belə gətirdi ki, onu tikdilər. Mərkəzi Bankın yerində bina tikilməməliydi! Füzuli meydanından başlayan xiyaban Dəmir Yol Vağzalında başa çatmalıydı. Bu bina onun qarşısını kəsdi. Heydər Əliyev Sarayı çoxdan tikildiyinə görə, orda qala bilərdi. Mən baş memar kimi Mərkəzi Bankın binasının yerini Tiflis prospektindəki idman sarayının arxasında görürdüm. Orda böyük bir təpə var. Hətta həmin yerin pasportunu da vermişdim ki, orda böyük kompleks yarada bilərdilər. Banklar, ofislər, hündür mərtəbəli binalar və s. Bilirsiniz, tarixi mühitdə hündür binaların yerləşməsi düzgün deyil”.

Arxiv foto
Arxiv foto
“ÖZBAŞINA TİKİNTİYƏ MÜLKİYYƏT HÜQUQUNU TANIMAĞIN ÜÇ ŞƏRTİ”

Mediaforum.az saytında özbaşına tikintiyə mülkiyyət hüququnu tanımağın üç şərti barədə oxumaq olar. Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi Tahir Əliyev bildirir ki, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Amma Mülki Məcəllənin müəyyən etdiyi tələblər daxilində həmin tikintiyə dair mülkiyyət hüququ əldə etmək mümkündür:

“Mülki Məcəllənin tələblərinə əsasən, yalnız məhkəmə yolu ilə özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilər. Özbaşına tikintiyə mülkiyyət hüququ o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Mülki Məcəllənin bu tələbi ikinci əsas şərtdir. Sonuncu şərt isə həmin tikintinin saxlanması digər şəxslərin hüquqları və qanunla qorunan mənafelərini pozmaması və ya fiziki şəxslərin həyatı və ya sağlamlığı üçün təhlükə yaratmamasıdır”.

Özbaşına tikinti aparmış şəxs həmin tikintiyə mülkiyyət hüququ əldə etmək üçün öncə məhkəməyə müraciət etməli, məhkəmə tikinti aparılmış torpaq sahəsinin həmin şəxsin mülkiyyətində olmasını və digər şəxslərin hüquqları və qanunla qorunan mənafelərini pozub-pozmadığını və ya fiziki şəxslərin həyatı və ya sağlamlığı üçün təhlükə yaradıb-yaratmadığını araşdırmalıdır. Yalnız göstərilən şərtlər daxilində şəxs özbaşına tikintiyə mülkiyyət hüququ əldə edə bilər.
XS
SM
MD
LG