Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:48

Amerikalı ekspert: «Post-sovetizm bitdi, Azərbaycan harada olmaq istəyir?»


Jeffrey Mankoff
Jeffrey Mankoff
-
Vaşinqtonda mənzillənən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin əməkdaşı, Dövlət Departamentinin keçmiş məsləhətçisi doktor Jeffrey Mankoff ilə Qafqaz ölkələrinin siyasi orientasiyaları mövzusunda söhbət etmişik.

Ötən il onun “Böyük Qafqaz: parçalanma və inteqrasiya arasında” adlı hesabatı yerli siyasətçilərin diqqətini çəkmişdi. Bəs görəsən bu gün vəziyyət necədir: Azərbaycan, Gürcüstan və Ermənistan kimi ölkələr üzü hansı səmtə istiqamətləniblər?

Bu suala cavabda təhlilçi deyib ki, bir vaxtlar vahid ideoloji məkanda birləşən digər sosialist ölkələr kimi, qafqazlılar da uzun müddət özlərini “post-sovetçi” kimi təqdim edirdilər. Xüsusilə bu, Sovet “şineli”ndən çıxmış və yeni siyasi arenada mövcudiyyətlərini qoruyan siyasətçilər üçün yaxşı kara gələn özünətəsəlli termini idi.

İdeyanın orijinal müəllifləri isə əslində Kremldə otururdu, belə ki, post-sovetizm – vaxtı ilə Rusiyanın arxa bağçası hesab etdiyi regionu nə olur olsun eyni dəhlizdə saxlayıb, mümkün qədər təsir göstərmək arzusunu izhar etdirirdi.

İllər ötdükcə, köhnələn termin yerini tədricən Qafqaz, Mərkəzi Asiya, Şərqi Avropa və sair regionlar ilə əvəzlədi. Artıq bu gün, Mankoffa görə, “post-sovetizm”dən “əsər-əlamət qalmayıb,” hətta axtarsan, təkcə Qafqaz regionunun özündə “vəhdət əlamətlərinə” günün günorta çağı çıraqla rast gəlmək mümkündür.

Gürcüstan üzü Avropaya, Ermənistan Rusiyaya, Azərbaycan isə…

"Vilnüs sammiti ərəfəsində regionun siyasi mənzərəsinin çek-çeviri kənar müşahidəçilər üçün asanlaşıb", ekspert belə deyir.

Mankoffun təbirincə, Gürcüstan, indi “regionda Kremlin təsirlərindən ən uzaq düşmüş ölkədir,” belə ki, əksər post-sovet xaqları kimi, gürcülər də uzun illər siyasətlərində “Moskvadan mümkün qədər az asılı olmaq” ideyasına köklənıblər.

Düzdür, sonuncu president seçkiləri ölkənin siyasi gələcəyi ilə bağlı tədüdüdlər yaratsa da, bir şey aydındır ki, Tbilisi “bir daha heç vaxt Moskvanın ayağına düşməyəcək.”

Ermənistanın iqtisadi cəhətdən Rusiyadan asılılığı bu ölkənin Kremlin çətiri altında yaradılan Gömrük İttifaqına qoşulacağına az şübhə yaratsa da, siyasi baxımdan Yerevanın davranışları müəyyən ziqzaqlardan xəbər verir.

Azərbaycan isə tam əksinə, iqtisadi baxımdan -- neft və qaz boruları sayəsində -- yolunu Avropa ilə müəyyən dərəcədə birləşdirməyə müvəffəq olsa da, siyasətdə özünü Avropa dəyərlərindən hər vəchlə uzaq tutmağa çalışır...

Qaz üzərində siyasət yapmaq?

Təhlilçiyə görə, Gömrük İttifaqının məqsədi region ölkələrinin iqtisadi reinteqrasiyasına nail olmaqdırda, “Şərq tərəşdaşlığı” əslində Avropa dəyərlərinin ixracına hədəflənib.
Avropanın mühüm enerji təchizatçısı olan Azərbaycan isə Vilnüsə də qaz ilə getməyə çalışır, guya ki, “Rusiya planını seçməməsi” Bakını o saat “qərbləşdirir.”

Hərçənd, ekspert deyir, qərbdə Azərbaycanı “yaxşı başa düşürlər, yetər ki, əməkdaşlığa və özünə əl gəzdirməyə açıq olsun.”

“Əgər biz Gürcüstanla Azərbaycanın regionda və beynəlxalq səhnədə oynadığı rollara baxsaq, mübaliğəsiz deyə bilərik ki, onların heç biri Rusiyadan asılı deyil. Ancaq sual budur, Gürcüstan üzü Avropaya getdiyi halda, Azərbaycanın səmti haradır?

Bu təzadın cavabını Bakının daxildən gələn səslərə verdiyi reaksiyada, məsələn seçkiyə münasibətində axtarmaq lazımdır,” deyə təhlilçi vurğulayıb.

“Gəlin açıq danışaq,” o, əlavə edib, “Avropaya inteqrasiyanın arxa qapısı yoxdur, yeganə yol daxili siyasətdə dəyişikliklər etməkdən və iqtisadi islahatlardan keçir, Bakı isə görünür, özünü buna hazır hiss etmir.”

Rus şikarı...

Bəs Azərbaycan üçün qarşıda başqa hansı istiqamətlər mövcuddur?

Bu suala cavabda təhlilçi deyib ki, daxili siyasət Bakının təkcə Avropa yolunu çətinə salmır, həm də “Rusiyanın şikarına çevirir,” ekspert belə düşünür.

“Götürək Orxan Zeynalov məsələsini… Baş verənlər əslində Rusiyanın daxili siyasəti üçün idi. Amma əlbəttə ki, burada həm də Azərbaycana təsir elementi hiss olunurdu.”

Başqa bir problem isə Azərbaycan və Türkiyə arasında son illərin çətinlikləridir.
Mankoffa görə, çoxları şübhə etmir ki, son illər Bakı ilə Ankara arasında inamsızlıq mövcuddur və Rusiya “əlbəttə bundan istifadə etmək istəyir.”

Düzdür, Türkiyə regionda tədricən daha böyük oyunçuya çevrilir, amma Rusiyanın maraqlarına NATO-nun digər üzvlərinin əksəriyyətindən daha həssasdır.

Avropalılar üçün isə region Xəzər enerji resurslarının təchizatçısı, həmçinin Şərq Tərəfdaşlığı layihəsinin ölkələri olaraq əhəmiyyət daşıyır.
XS
SM
MD
LG