Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:35

«Heç kəs bilmir ki, Yanukovych Avropa Birliyini neçəyə satıb»


Rusiya - Prezident Putin (sağda) ukraynalı həmkarı Yanukovich-i qəbul edir, 22 oktyabr 2012
Rusiya - Prezident Putin (sağda) ukraynalı həmkarı Yanukovich-i qəbul edir, 22 oktyabr 2012
-

"Ukrayna Avropadır! Ukrayna Avropadır!”

Bu şüar noyabrın 21-də axşam Kiyev küçələrində səslənib. Ukrayna hökuməti Avropa Birliyi ilə sıx əməkdaşlıq haqda razılaşmanın imzalanmasını təxirə salan kimi paytaxtda minə yaxın müxalifətçi küçələrə çıxıb.

Aksiya iştirakçısı Roman Nedzelskiy deyir ki, hökumətin qərarına görə xəcalət çəkir. Həm də bir vətəndaş kimi qəzəblidir: “Onlar bizə söz vermişdilər ki, üzü Avropaya doğru gedirik, amma indi məlum olur ki, bu, sadəcə, “kim çox pul verər” oyunu imiş.

UDAR partiyasının sədri, məşhur boksçu Vitaly Klitschko da aksiyada çıxış edərək prezidenti tənqid atəşinə tutub:

“Nə mən bilmirəm, nə də yəqin heç kim heç zaman bilməyəcək ki, prezident Yanukovich Avropa Birliyini neçəyə satıb. O, Avropa Komissiyasının prezidenti Barosso-ya da nəsə vəd edib, Polşa prezidenti Komorowski-yə də nəsə söz verib, Almaniya kansleri Merkel-ə nəsə vəd edib. O hamıya nəsə söz verib. Bu adam sözünü hörmətdən salıb. Artıq Avropa Birliyində də heç bir nüfuzu qalmayıb”.
Klitschko Kiyevdəki aksiyada çıxış edir, 22 noyabr 2013
Klitschko Kiyevdəki aksiyada çıxış edir, 22 noyabr 2013

Müxalifət noyabrın 24-də daha böyük aksiya keçirəcəyini bəyan edib.

"Taktiki addım"

Bu ayın axırı Ukrayna Vilnüs sammitində Avropa Birliyi ilə “Assosiasiya sazişi” bağlamalı idi. Hökumət sazişin imzalanmasının ertələnməsini sırf iqtisadi səbəblərlə izah edir. Deyir ki, bu, “taktiki addım”dır və məqsədləri hələ də Avropa Birliyi ilə inteqrasiya olaraq qalır, amma onlara müəyyən qədər vaxt lazımdır ki, Rusiya ilə münasibətləri normallaşdırsınlar.

Parlamentdə müxalifətçi deputatlar baş nazir Azarovun çıxışını pozub “ar olsun” qışqırıblar. Bildiriblər ki, parlamentdə hökumətə etimadsızlıq səsverməsi keçirəcəklər.

Avropa Birliyi də Ukraynanın sazişi ertələmək qərarına təəssüflənib, amma suveren ölkənin qərarına hörmətlə yanaşdığını qeyd edib. Amerika isə bir daha əminliyini bildirib ki, Ukraynanın Avropa Birliyi ilə inteqrasiyası onun inkişafı və rifahına yol açır.

Son aylarda Rusiya Ukraynanın, özünün rəhbərlik etdiyi Gömrük İttifaqına qoşumasına çalışır. Bu bloka Qazaxıstan və Belorus daxildir, Ermənistan da bu yaxınlarda ittifaqa girəcəyini bildirib.

2015-ci il seçkiləri...
Yanukovich və Timoshenko-nun rəqabəti, karikatura
Yanukovich və Timoshenko-nun rəqabəti, karikatura

Bəziləri hesab edirlər ki, prezident Yanukovich 2015-ci ilin prezident seçkilərinə qədər sazişi imzalamaq istəmir. Çünki sazişin reallaşması üçün AB Ukrayna hökumətindən müxalifət lideri Yuliya Timoshenko-nu həbsdən azad etməyi tələb edir, Yanukovich isə ikinci müddətə prezident seçilmək yarışında Timoshenko-nun ona güclü rəqib olacağından ehtiyat edir.

Rusiya prezidenti Vladimir Putin isə Rusiyanın Ukraynaya təzyiqlər etməsi haqda ittihamları rədd edir.

"Əksinə biz Ukraynaya avropalı müttəfiqlərimiz tərəfindən təzyiq edildiyini eşidirik. Hətta kütləvi etirazların təşkil edilməsinə yardım etmələrinə qədər. Təzyiq budur. Şantaj budur. Ukrayna və onun rəhbərliyinin bu şantajlara boyun əyib-əyməyəcəyi isə yaxın günlərdə bilinəcək”.

Avropa Birliyinin Şərq tərəfdaşlığına dair Vilnüs sammiti noyabrın 28-29-da baş tutmalıdır.
XS
SM
MD
LG