Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:19

SMDT: «İstintaqın siyasi məqsəd daşıdığı aydın olub»


-
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində aparılan cinayət işi ilə bağlı bəyanat verib.

Bəyanatda deyilir ki, 27 oktyabr 2013-cü ildən SMDT və onun tərəfdaşı olan Könüllülərin Beynəlxalq Əməkdaşlığı (KBƏ) İctimai Birliyinə qarşı başlamış cinayət işinin nəticəsi olaraq ötən bir ay ərzində hər iki təşkilatın fəaliyyəti məhdudlaşıb:

«Bu günlərdə isə istintaq idarəsindən bildirilib ki, SMDT və KBƏ-nin rəhbər şəxsləri istintaq müddətində ölkəni tərk edə bilməzlər. Məhz bu səbəbdən SMDT sədri Anar Məmmədli noyabrın 27-29-da Vilnüsdə keçiriləcək Avropa Birliyi və Şərq tərəfdaşlığı ölkələri sammitində iştirak edə bilməyəcək.

SMDT bəyan edir ki, ilk gündən Baş Prokurorluğun apardığı cinayət işi üzrə hüquq mühafizə orqanları, o cümlədən prosesə cəlb edilmiş Vergilər, İqtisadi İnkişaf və Maliyyə nazirliklərinin əməkdaşlarının sorğularında iştirak edib. SMDT sədri Anar Məmmədli, icraçı direktoru Bəşir Süleymanlı və qurumun digər əməkdaşları, habelə KBƏ-nin rəhbəri Elnur Məmmədov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dəfələrlə şahid ifadələri veriblər. Ancaq ötən müddət ərzində istintaqın məqsədi ilə bağlı qeyri-müəyyənlik aradan qalxmayıb və cinayət işinin hüquqi əsasları bəlli olmayıb.

SMDT qeyd edir ki, istintaq zamanı şahid ifadələri alınan şəxslərdən dəfələrlə 9 oktyabr 2013-cü il prezident seçkisinin monitorinqi üzrə toplanmış məlumatlar, o cümlədən SMDT və KBƏ-nin birgə seçki fəaliyyəti araşdırılıb, bununla da istintaqın əsasən siyasi məqsəd daşıdığı aydın olub. SMDT hesab edir ki, dövlət orqanları tərəfindən seçki müşahidə təşkilatının peşəkar fəaliyyətinin araşdırılması ifadə azadlığı, birləşmək və seçki hüququna münasibətdə yolverilməzdir».
XS
SM
MD
LG