Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:40

Sevgisi dizinin üstdə olan... (Seçmə şeirlərdən)


Xuraman Hüseynzadə
Xuraman Hüseynzadə
-

Xuraman Hüseynzadə


Rabiyə

Sudanın əl içi boyda qəsəbəsində
doğulmusan Rabiyə
dərdin dünya boyda...
yaşın 14 olar bəlkə də
hər gecə yuxuna
çörək, süd, yumurta girir
bir də isti çörəyin qoxusu...
hər gecə yatağa ac girən birisi
başqa nə görə bilər yuxusunda
qara gözlərindən süzülən yaşlarla
üzünün kiri getmir
min-min dərdin var Rabiyə
qoşulub sel olan göz yaşlarına
minindən biri getmir.

atan acından öldü
anan dərddən havalandı
qardaşını iş istəyir deyə güllələdilər
eviniz yandı
sən sağ qaldın dünyanın üzünə tüpürməkçün...

qonşumuz Xeyransadan
soruşdum səni
həmən qızı görsən tanıyarsanmı-dedim
nişanələrini saydım
əlləri, dizləri yaralı
səsi qəhərə məğlub
dodaqlarına gülüşü
yasaqlamış dərd-qəm...
Mən o şəhərə getmirəm-dedi-
Dubaya gedirəm.

18. 11. 13


Qara kağız

yenə qapıda
bir üzündə işıqpulu yazılmış kağız
kasıblığa təslimiyyət bayrağı kimi yellənir...
o biri üzünə gözlərimi siləcəm
qaranlıqda qalanda
görməsinlər göz yaşlarımı...
mən zəif deyiləm
qaranlıqdan yox
qaranlığı aydınlatmaq üçün
gələn ağ kağızlardan qorxuram
qaranlq rəngində
zülmət rəngində
ölən ümid rəngindəki ağ kağızlardan...


Arxamca daş atsalar...

pilləkənləri
tövşüyə-tövşüyə çıxmağıma
baxma
nolsun ki ümidim
30 qəpiklik valeriana
qalıb...
bu ürək sənindi...
nolsun ki sümüklərimdə
kalsium çatmır...
ayağına daş dəysə sümüklərim sızlar
iliyimdə mielit gəzdirirəm
sənə olan sevgimdən daha az...
səni iliyimə qədər sevirəm...
arxamca daş atsalar
topuğuma dəyəcək
qarşımı kötüklə kəssələr
göyərəcək
bar verəcək
yelkənimi uçursalar
sahilə atacaq dalğalar məni...
səni başqa cür sevə bilmirəm
bilirsən...


Sahildə

gəl bir az da özümüz olaq
dənizə dərdimizi danışmayaq
məsələn
axmaq olmayaq bir günlük
qağayılara
çörək atmayaq
sol tərəfdəki dilənçi qıza bax
burnunu
koftasının qoluna silir
gözlərini sahilə...


Uşaqlar

uşaqlara baxıb
halını öyrənirik dünyanın
dünyanı uşaqlarla tanıdır bizə
böyüklər...
məsələn
bilirik ki bir tərəfdə səfalət var
acından arıqlayıb çöpə dönür
yara-xora içində
ishaldan can verir uşaqlar
digər tərəfdə
qətlə yetirilir
göyərib şişmiş üzlərində
xalqın azadlıq sevgisinin donu açılır
qanlarından inqilab qoxusu gəlir...
dünya yupyumrudu
top kimi
alma kimi
şar kimi
fırlanır
karusel kimi...
bizim balaca Tunar
qlobusla futbol
oynamaq istəmişdi bir dəfə...


Nankor

yağmadı
bitmədi
ayrıldıq...
sən
sevgisi dizinin üstdə olan
nankor birisi
mənsə sənin
tapdayıb əzdiyin çiçəklərdən
şirə çəkən
bal arısı...
XS
SM
MD
LG