Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:53

Bir dəm ölüm


Foto: Arxiv
Foto: Arxiv
-
...Mərhuma – gənc qadına qurulmuş yas çadırının qarşısında ayaqüstə zorla dayanmışdı. Həyat yoldaşı idi. Gəlib-gedən başsağlığı verir, ölümün səbəbini soruşurdular. Adil güclə eşidilə biləcək səslə «dəm qazından» deyirdi. O və azyaşlı oğlu yatan vaxt həyat yoldaşı Güllü hamamda dəm qazından ölmüşdü...

Havalar soyuyandan bəri dəm qazından ölüm xəbərləri ard-arda düzülür. Dəm qazı bəzən tək bir adamın deyil, bütöv bir ailənin həyatına son qoyur.

Adilin qonşusu Ənvər Məmmədov deyir ki, bütün qonşular kimi o da bu hadisədən sarsılıb. Gecə-gündüz bilmədən, gözünü evindəki qaz sobasından çəkmir:

«Elə bil, dəm qazından ölümlər mövsümünü yaşayırıq. Az qala, hər gün bəd xəbər eşidirik. Bizim evdəki soba da əldədüzəltmədir. Qaz istismar idarəsinə müraciət edəndə gəlib baxmırlar. Nə etmək lazımdır, bilmirik...».

10 GÜNƏ AZI 40 ADAM

Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun sözlərinə görə, havalar soyuyandan dəm qazından zəhərlənmələrlə bağlı müraciətlərin sayı gün-gündən artır. Dekabrın 10 günü boyunca azı 40 adam mərkəzə üz tutub. Müraciət edənlər bəxti gətirib sağ qalanlardır. Həkim onlara göstərilməli ilkin yardımdan söz açır:
Foto: Arxiv
Foto: Arxiv

«Xəstə huşunu itirməyibsə, hadisə baş verən mühitdən təmiz havaya çıxarılmalıdır. Dəm qazı zəhərlənməsindən bədənin hərarəti düşür. Onun üstü isti yorğanla örtülməlidir. İsti içki verilməlidir. Bir müddət sonra həkim müayinəsindən keçməlidir».

DƏM QAZI NƏDƏN YARANIR?

Ekspertlərin sözünə görə, dəm qazı müxtəlif səbəblərdən yaranır. Odundan da dəm qazı yarana bilər. Kommunal xidmətlər üzrə ekspert Ələkbər Ağasıyev deyir ki, səbəblərdən biri qazın keyfiyyəti, digəri cihazlarla bağlı ola bilər:

«Dəm qazı natamam yanma məhsuludur. Bu zaman digər oksidlərlə birlikdə karbon qazı – el arasında «dəm qazı» adlanan zəhərli maddə əmələ gəlir. Bu, istehsal olunmuş qazın emal nöqsanlarından da yarana bilər. Dəm qazının soba və su qızdırıcılarından sızması da mümkündür».

Ekspert dəm qazının binaların tüstü bacalarının yararsız durumundan da qaynaqlandığını söyləyir. Tüstü bacaları ildə azı bir dəfə təmizlənməlidir.

«AZƏRİQAZ»: QAZ KEYFİYYƏTLİDİR

«Azəriqaz» İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Araz Ağayev problemin qazın tərkibi ilə bağlı olmadığını deyir. Çünki yayda da, qışda da əhaliyə eyni keyfiyyətdə qaz verilir:
Qaz sayğacı
Qaz sayğacı

«Azərbaycanda sakinlərə də, hüquqi şəxs olan abonentlərə də verilən qazın keyfiyyəti dövlətlərarası standartların tələblərinə tam uyğundur. Dəm qazı yanacaq məhsullarının natamam yanma prosesində əmələ gəlir. Bizim edə biləcəyimiz yalnız əhalini qazdan istifadədə təhlükəsizlik qaydalarına maksimum riayət etməyə çağırmaqdır».

Araz Ağayev deyir ki, «Azəriqaz» qazdan ehtiyatlı davranmaqla bağlı reklamlar, maarifləndirici roliklər hazırlayır. Tüstü bacalarını təmizləmək abonentlərin vəzifəsidir.

Standartlaşma Metrologiya və Patent üzrə Dövlət Komitəsi yaxın günlərdə keyfiyyətsiz sobalarla bağlı yenidən yoxlamalara başlayacaq.

Fövqəladə Hallar Nazirliyi də bu günlərdə dəm qazı ilə bağlı əhaliyə müraciət edib. Nazirlik bildirir ki, son zamanlar qaz cihazlarının istismarı zamanı əhali arasında dəm qazından zəhərlənmə halları artıb.

Nazirlik əhalini mənzildə qızdırıcıların havaçəkmə borularının düzgün işləməsinə nəzarət etməyə, tüstü borusu olmayan sobaları almamağa çağırır.
XS
SM
MD
LG