Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:04

İqtisadçılar prezidentin fikri ilə razı deyillər


İlham Əliyev
İlham Əliyev
-
Prezident dekabrın 23-də Bakı və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramının icrasının yekunlarına həsr olunmuş müşavirə keçirib.

O, müşavirədə paytaxtın abadlaşdırılmasından tutmuş son qiymət artımınadək bir sıra məsələlərə toxunub. Qaz, su və yanacaq tariflərinin qiymətlərinə də münasibət bildirən dövlət başçısı dünyada ən aşağı tariflərin Azərbaycanda olduğunu vurğulayıb.

GÜRCÜSTAN MİSALI, FRANSA NÜMUNƏSİ...

Prezidentin həmin fikrini bölüşməyənlər də var. «İqtisadi Təşəbbüslərə Yardım» İctimai Birliyi sədrinin müavini Rövşən Ağayev «ən ucuz» tariflər məsələsinə hər hansı inkişaf etmiş Avropa ölkəsini yox, Gürcüstanı misal çəkir:

«İndi Tbilisi meriyasının saytında bir material oxuduğumdan Gürcüstanı misal çəkirəm. Bu ölkə iqtisadi göstəricilər, əhalinin gəlirləri baxımından da bizə yaxındır. Misal üçün, orada su və elektrik enerjisinin qiymətinə baxıram – bizdəki qiymətlərlə elə bir ciddi fərq yoxdur. Elə onlarda da elektrik enerjisinin hər kilovatı 6 qəpikdir. Onlarda qaz bir qədər bahadır. Ona da normal baxmaq lazımdır, Gürcüstan neft-qaz ölkəsi deyil, axı. Ola bilər, qiymətlər nominal baxımdan bizdə aşağıdır. Məsələn, inkişaf etmiş Fransada elektrik enerjisinin bir kilovatı 18 sentdir, yəni bizdən 2.5 dəfə bahadır».

«AVROPADA BİZDƏN İKİ DƏFƏ UCUZLUQ VAR»

Rövşən Ağayevə görə, müqayisə aparanda yaxşı olar ki, tariflərinin nominal müqayisəsi yox, maaşla müqayisə aparılsın:

«Misal üçün, bizdə 1 kubmetr suyun qiyməti 30 qəpikdir, orta gəlirimiz 300 manat. Bu o deməkdir ki, həmin pula 1000 kubmetr su işlədə bilərik. Avropada suyun bir kubu 1 avrodursa və maaş 2 min avrodursa, demək, avropalılar biraylıq maaşlarına 2 min kubmetr su ala bilirlər. Yəni Avropada suyun bir kubu bizdən 3 dəfə baha olsa da, onu əldə etmək imkanları bizdən 2 dəfə çoxdur.
Rövşən Ağayev
Rövşən Ağayev
Bu da o deməkdir ki, onlarda bizdən 2 dəfə ucuzluqdur. Müqayisəni belə aparmaq lazımdır».

«RƏQABƏT OLMAYACAQSA, KEYFİYYƏT DƏ OLMAYACAQ»

Prezidentin şəhər təsərrüfatı ilə bağlı dediklərindənsə Rövşən Ağayevin diqqətini iki məsələ çəkib. Bunlardan biri nəqliyyat, digəri kommunal sektorla bağlıdır:

«Prezident dedi ki, avtobuslar yenilənməlidir və həm də xüsusi vurğuladı ki, bu işə dövlətin də dəstək verməsi mümkündür. Yəni, prezident dövlət hesabına avtobus gətirilməsinin mesajını verdi. Biz isə hesab edirik ki, nəqliyyat sahəsi tam özəlləşməli və dövlət bu sahədə tənzimləyici rol oynamalıdır. Kommunal sektora gəlincə, «Azərsu», «Azəristilik», «Azəriqaz», ARDNŞ, «Azərenerji», «Bakıelektrikşəbəkə», mülkiyyəti dövlətdə qalmaq şərti ilə, bu sahədə təcrübəsi olan beynəlxalq şirkətlərə uzunmüddətli idarəetməyə verilməlidir. Bunun pis, ya yaxşı nümunəsini «Barmek»də görmüşdük. Əks halda, kommunal sektorda rəqabət olmayacaq və rəqabət olmayacaqsa, demək, keyfiyyət də olmayacaq».

«8 İLDƏ 8 İRİ DÖVLƏT ŞİRKƏTİNƏ 15 MİLYARD MANAT PUL AYRILIB»

Azərbaycan iqtisadiyyatının liberal deyil, daha çox inzibati üsullarla yönəldildiyini bildirən iqtisadçı Qadir İbrahimli buna misal kimi prezidentin son çıxışını göstərir:
Qadir İbrahimli
Qadir İbrahimli

«Prezidentin çıxışı da bunun məntiqi davamı idi. Misal üçün, «Bakıelektrikşəbəkə» «Barmek»ə icarəyə veriləndən sonra dövlətin xərcləri müəyyən qədər yüngülləşmişdi. Ancaq həmin şirkətdən geri alınandan sonra dövlət bu sahəyə 600 milyon manat investisiya yatırıb. Halbuki o vaxtadək həmin vəsaiti «Barmek» yatırırdı».

Qadir İbrahimli deyir ki, son 8 ildə 8 iri vergiödəyicisi olan dövlət şirkətinə dövlət büdcəsindən 15 milyard manat pul ayrılıb. İqtisadçının fikrincə, həmin şirkətlərin özünün qazandıqları gəlirdən investisiya yatırmaq imkanları var:

«Dövlətin inhisarında olan iri vergiödəyicilərinin gəliri ilbəil artsa da, dövlət bu sahələrə investisiya qoyur. Əvəzində həmin şirkətlərin büdcəyə vergi ödəmələri ilbəil azalır. Sonda Nazirlər Kabineti bu şirkətlərin vergi borclarını ləğv etmək barədə qərar verir. Təkcə 8 iri vergiödəyicisinin 2 milyarda yaxın vergi borcu var».

Qadir İbrahimliyə görə, bu sahələr nüfuzlu iri şirkətlərə icarəyə verilsə, bu sahənin inkişafı üçün bütün vəsaiti həmin şirkətlər xərcləyər. Beləcə, dövlət üzərinə düşən ağır yükdən azad olar və vəsait digər sahələrin inkişafına yönəldilər.
XS
SM
MD
LG