Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 13:55

Leonardo DiCaprio: "Biz dələduzlara haqq qazandırmırıq, onları ittiham edirik"


Leonardo DiCaprio "The Wolf of Wall Street" filmində
Leonardo DiCaprio "The Wolf of Wall Street" filmində

"The Wolf of Wall Street" filmi qalmaqal yaradıb.

-

İş o yerə çatıb ki, nadir hallarda müsahibə verən Leonardo DiCaprio da filmin müdafiəsinə qalxıb.

Deyib ki, onun baş rolda çəkildiyi film heç də dələduzların əməllərinə haqq qazandırmır, əksinə onları ittiham edir.

Söhbət rejissor Martin Scorsese-nin çəkdiyi "The Wolf of Wall Street" (Uol Strit canavarı) filmindən gedir.

Amerikanın maliyyə mərkəzindəki fırıldaqlardan bəhs edən filmi "Oscar"a real namizəd də sayanlar var. (Film artıq iki nominasiyada "Golden Globe"a da namizəddir)

DiCaprio-nun oynadığı dələduz Jordan Belfort gənc olmasına baxmayaraq fırıldaq yolu ilə o qədər pul qazanır ki, özü demiş, bilmir nəyə xərcləsin.

90-cı illərdi. Maliyyə bazarındakı belə acgöz biznesmenlərin səbəb olduğu 2008-ci ilin qlobal böhranına hələ çox var...

İnsanların etibarından sui-istifadə edib, onlara böyük dividendlər vəd edib pullarını alırsan, "fırladırsan" və... həmin pullar olur sənin... Özü də bundan kimsənin xəbəri olmur...

Filmin yaradıcıları bu "qara komediya"da mənfi qəhrəmanın "uğurları"nı, dəbdəbəli həyat tərzini mümkün qədər qabarıq təsvir ediblər ki, bu, tamaşaçını iyrəndirsin.

Amma bu cür təsviri dələduzların həyatını ideallaşdırmaq kimi anlayanlar da olub. (ardı aşağıda)



Son həftələrdə filmi daha kimlər tənqid etməyib... maliyyə fırıldaqlarının qurbanları, "Oscar" səsverməsində iştirak edən mühafizəkarlar, heyvanların hüquqlarını müdafiə edənlər...

Film real hadisələrə əsaslanır. Belfort 90-cı illərdə ifşa edilmiş "Stratton Oakmont" broker mərkəzinin təsisçisi olub.

Onun fırıldağının qurbanı olmuş şəxlərdən birinin qızı filmin yaradıcı heyətini dələduzların seks və əyləncə dolu həyatını romantikləşdirməkdə suçlayıb. Belə məclislərin birində şimpanzedən istifadə edilməsi isə heyvanların haqlarını müdafiə edənləri qıcıqlandırıb.

DiCaprio isə müsahibəsində deyib ki, Martin Scorsese kimi rejissorların belə filmlər çəkməsi alqışlanası haldır, çünki blokbaster olmayan, böyük gəlir gətirməyəcəyi əvvəldən bəlli olan belə eksperimental filmlərə sponsor tapmaq da çətindir. Belə filmlər indiki dövrdə nadir hallarda çəkilir:

"Allaha şükür ki, bu səviyyədə eksperimental filmlərin çəkilməsində maraqlı olan insanlar var. Onlar olmasa biz bu cür filmlərə baxmaq imkanından məhrum olarıq".

"The Guardian"a istinadla oxuzali.az
R.Qəmbərov
XS
SM
MD
LG