Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 22:33

Canına qıyan vətəndaş - o kimdir? [Video]


-


«İşdən Sonra» verilişində artan intihar halları və onların səbəbləri müzakirə olunub.

«HAQSIZLIQ HALLARINDA İNSANLAR CANLARINA QIYIRLAR»

Psixiatr Dəyanət Rzayev intihar səbəblərini belə izah edir:

«Dünyada araşdırılmış standartlara görə, daha çox 40 yaşdan yuxarı olan insanlar, sağalmaz xəstəliyə tutulan insanlar, tənha insanlar, alkoqoliklər, narkomanlar, ağır depressiya keçirən insanlar intihara meylli olurlar. Avropada və Amerikada insanlar bir çox hallarda tənhalıqdan intihar edirlər. Azərbaycanda isə bir az fərqlidir. İntiharlar insanların daha çox ailə problemləri ilə üzləşməsi və hüquqların pozulması zamanı baş verir. İnsanlar bir-birlərinin hüquqlarını pozurlar. Məhkəmələrsə ədalətsiz qərar çıxarırlar. Haqsızlıq hallarında bizdə daha çox insanlar özünə qıyır».

Psixiatr insanların özlərinə arxayın olmağını, problemlərdən çıxış yolu axtarmağı məsləhət görür:

«Bizim cəmiyyətdə insanlar heç bir məmura, məhkəməyə ümid etməməlidir, özlərinə arxalanmalıdır. Onlar məhkəməyə müraciət edəndə gözə almalıdırlar ki, proses uzanacaq, həll olunub-olunmamağı isə sual altındadır. Problem həll etmək üçün başqa yollar axtarmalıdırlar. Məsələn, insan işdən çıxarılıbsa, başqa iş axtarmalıdır».

«İNSANLARA SƏBİRSİZLİYİ ÖYRƏTMƏK LAZIMDIR»

«İntihar hörüyü» romanının müəllifi Şəhriyar Del Geraninin fikrincə, intihar forması qeyri-adi olmalıdır:

«Mənə elə gəlir ki, intihar üsulu maraqlı olmalıdır. Zəhər içmək, körpüdən atmaq bunlar çox adi intiharlardır. Mən öz əsərimdə tanıdığım bir rəssamın intiharını yazmışam. Onun intihar prosesi maraqlıdır. Əsərin qəhrəmanı münasibətdə olduğu qadınlardan saçlarının qırıntılarını götürür. Sonunda onlardan hörük düzəldib özünü asır».

Yazıçı intiharlarda psixoloqların da rolunun olduğunu deyir:

«Məsələn, bir qadın intihar etməzdən əvvəl məktub yazır ki, ərim içir. Məlum olur ki, qadın dəfələrlə psixoloq yanında olub və psixoloq ona səbir diləyib. İnsan nə qədər səbir edə bilər? İnsanlara səbirsizliyi öyrətmək lazımdır. Onlar emosiyalarını üzə çıxarmalıdır, nəyisə vurub-dağıdıb əsəblərini çıxartmalıdırlar».

«CƏMİYYƏT İNTİHARLARA BİGANƏDİR»

Filosof Rəhman Bədəlov fərqli mədəniyyətlərdə intiharların da müxtəlif səbəbli olduğunu deyir:

«Fərqli ölkələrdə intiharların fərqli səbəbləri var. Yaponiyada təhqir olunan insanlar daha çox intihar edirlər. Şimal ölkələrində də intihar artıb. Əvvəllər əsasən qadın intiharları vardı. İndi kişi intiharları artıb. İntiharların səbəbləri də dəyişib. Ailəni dolandıra bilməyən kişilər çıxış yolunu intiharda görürlər. Digər tərəfdən vətəndaş hüquqları pozulur. Dövlətə, məhkəmələrə inamı azalan insanlar çarəni intiharda görürlər. Cəmiyyət isə intiharlara biganədir».
XS
SM
MD
LG