Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:15

Maksim Qorkinin beynini niyə çıxarmışdılar?..


Maksim Qorki və İosif Stalin (soldan sağa)
Maksim Qorki və İosif Stalin (soldan sağa)

Zəhərlənmə versiyası o vaxt heç ləngimədən peyda olmuşdu.

-

Qorkinin beyni dərhal çıxarılıb Beyin İnstitutuna aparılmışdı...


Aleksey Boqomolov


STALİNİN QORKİYƏ BƏXŞ ELƏDİYİ ŞİRİN HƏYAT


Bir çox dahilər kimi, o da ziddiyyətli şəxsiyyətə sahib idi. Gah bolşevikləri dəstəkləyir, gah onları amansız tənqid atəşinə tuturdu, gah məhbusların müdafiəsinə qalxır, gah da amansız repressiyalara haqq qazandırırdı...

Böyük dostluq

Stalin ilə Qorki yetərincə yaxın adam idilər. Hətta bu “dostların” xasiyyətləri də bir-birinə bənzəyirdi.

Böyük rəhbər həm evdə, həm də işdə eyni şərait yaratmağı xoşlayırdı... İnqilabın “fırtına quşu” da stabilliyi xoşlayırdı. Onun İtaliyada, Krımda, Moskva yaxınlığında yerləşən Qorkidə və paytaxtın Malaya Nikitskaya küçəsindəki Ryabuşinski malikanəsində yerləşən iş kabinetləri bir-birinin eyni idilər. Hətta şair Samuil Marşak bununla bağlı zarafatla deyirdi ki, Qorki haraya gedirsə, iş otağını özüylə aparır.

Ulu rəhbər proletar yazıçısına qonaq getməkdən xoşlanırdı. Buna görə də Malaya Nikitskaya küçəsində yerləşən malikanənin ərazisi qapalı əraziyə çevrilmişdi.

Baş katibin yazara baş çəkdiyi iki fakt çox əlamətdar sayılmaqdadır. Əvvəlcə, 26 oktyabr 1932-ci il tarixdə Sovet Yazıçılar İttifaqının üzvləriylə görüş zamanı yoldaş Stalin tarixə düşən bir ifadə işlədərək, yazarları “insan qəlbinin mühəndisləri” adlandırmışdı.
Maksim Qorki
Maksim Qorki

İkinci fakt isə sonradan öz əksini bir rəssamlıq əsərində tapmışdı. Daha dəqiq desək, “Qorki Stalinə, Molotova və Voroşilova özünün “Qız və ölüm” nağılını oxuyur” tablosunda. Ulu öndərin: “Bu əsər Götenin “Faust”undan daha təsirlidir” sözləri Təhsil Nazirliyinin məmurlarını Götenin bu əsərini əlüstü məktəblərin ədəbiyyat proqramlarına salmağa məcbur eləmişdi. Axı, “xalqların rəhbəri”nin nəyi nəzərdə tutduğunu bilmək hamı üçün eyni dərəcədə vacib idi!

Stalinin Qorki ilə “dostluğunun” ən zirvə mərhələsi 1930-cu illərin əvvəllərinə təsadüf edib. Siyasi Büro iclaslarının protokolları da bunu təsdiqləməkdədir. 1931-ci ilin martından 1932-ci ilin oktyabrına qədərki dövrdə “A.M.Qorki ilə bağlı məsələlər” düz 11 dəfə gündəliyə salınıb. Sonrakı üç il yarım ərzində isə ədəbi nəşrlər barədə yazarın vur-tut iki müraciəti müzakirəyə çıxarılıb. Görünür, İosif Vissarionoviçin bu klassik yazara olan həvəsi o vaxtlar artıq öləziyibmiş.

QULaq-ın nəğməkarı

Maksim Qorkinin redaktorluğu ilə çap olunan “Stalin adına Belomor-Baltika kanalı” adlı irihəcmli kitab indi nadir biblioqrafik nəşr sayılır. Həmin kitabda yazarın ulu rəhbərin zəhmi qarşısında necə əyildiyi aşkar sezilməkdədir.
Kitabın giriş hissəsində Qorki Stalini sadəcə “İliçin davamçısı” elan edir:

“İosif Stalinin bütün dünyadakı nüfuzu durmadan və görünməmiş sürətlə artmaqdadır... O, böyük nəzəriyyəçilərə xas dərin ağıla, yüksək səviyyədə formalaşmış iradəyə, bacarıqlı təsərrüfatçı cəsarətinə, həqiqi inqilabçıya layiq intuisiyaya sahibdir. Bu özəllikləri sayəsində o, insanların qəliz keyfiyyətlərini saf-çürük edir, onlardakı sağlam cəhətləri inkişaf etdirməklə yanaşı, insanın ən yüksək zirvəyə qalxmasına mane olan mənfi tərəflərlə amansız mübarizə aparır və məhz bu baxımdan o, Leninin yerini tutmağa layiqdir”.
ABŞ - Maksim Qorki New York-da. 1906
ABŞ - Maksim Qorki New York-da. 1906

Şöhrəti bütün Avropaya yayılan Qorkinin nüfuzundan yararlanmaqla, Stalin öz repressiyalarına bəraət qazandıracağını umurdu. Belomorkanal tikintisindən bəhs edərkən Qorki Sovet penitensiar sisteminin “məğzini” də ortaya qoyurdu:

“Bu həm də proletariatın keçmiş düşmənlərinin kütləvi şəkildə, həm də fəhlə sinfinin yüksək ixtisaslı əməkdaşlarına və dövlət əhəmiyyətli işlərin təşəbbüskarına çevirmək yönündə uğurlu bir təcrübə sayılmalıdır... Dövlətin Siyasi Baş İdarəsi (QPU) tərəfindən yürüdülən islah-əmək siyasəti bu baxımdan özünü bir daha və yüksək səviyyədə təsdiqləyib”.

Sirli ölüm

Qorkinin ölümü ilə bağlı bir sıra təxminlər mövcuddur. Zəhərlənmə versiyası o vaxt heç ləngimədən peyda olmuşdu. Cəsədin yarılmasının ölüm faktından həmən sonra, yazarın yay evindəki nahar masasında gerçəkləşdirilməsi və mərhumun beyninin çıxarılaraq, Beyin İnstitutuna aparılması faktları da bu versiyanın doğruluğuna olan inamı artırır. Cəsədin qalan qismi isə Kreml divarları yanında dəfn olunmaqdan ötrü təcili qaydada kremasiya edilmişdi. Bütün bunlara görə məsuliyyəti ictimaiyyət “xalqların rəhbəri”nin ayağına yazırdı, çünki son vaxtlar mərhumla onun arası xeyli soyuyubmuş. Şayiələrə görə, “fırtına quşu” repressiyaların bütün mümkün hədləri aşdığını orda-burda dilə gətirirmiş və hətta tezliklə İtaliyaya dönmək niyyətində imiş...
Lev Trotsky
Lev Trotsky

1938-ci ilin martında “Qorkinin zəhərlənməsi” barədə rəsmi versiya ölkə ictimaiyyətinə təqdim olundu. Bu ölümün baisi kimi isə “Antisovet mahiyyətli sağ trotskiçi blok”un mühakiməsi zamanı iç üzü ifşa olunan “xalq düşmənləri” göstərildi.

SSRİ baş prokuroru Vışinskinin həmin prosesdə səsləndirdiyi 60 səhifəlik ittihamnamənin düz 16 səhifəsi “Sovet dövlətinin görkəmli xadimlərindən S.M.Kirovun, V.R.Menjinskinin, V.V.Kuybışevin və A.M.Qorkinin qətlinə” həsr olunmuşdu.

Həmin sənəddə hər şey yerli-yerində olsa da, yəni müttəhimlər “cinayəti boyunlarına alsalar” da, onları Qorkini öldürməyə sövq edən səbəblər təhlil olunsa da, bu qətlin “icra üsulu” açıqlansa da, prokuror Andrey Vışinskinin ittihamnaməsi nədənsə çox dolayı təsir bağışlayır:

“Bessonov ifadəsində deyir ki, o, 1934-cü ilin iyulunda Parisdə, Qorkiyə həmişə amansız nifrət bəsləyən Trotski ilə görüşübmüş. Qorkinin də beynəlxalq casusluğun və satqınlığın keçmiş banditi sayılan Trotskini görən gözü yox idi. Görüş zamanı Trotski Bessonova göstəriş veribmiş ki, nəyin bahasına olursa-olsun, Qorkini aradan götürmək lazımdır, çünki o, həm Stalinin yaxın dostu kimi, həm də partiyanın ana xəttinin təbliğatçısı kimi xeyli məşhurlaşıbdır”.

Daha sonra prokuror özünün qoyduğu: “Belə bir qətlin SSRİ-də baş verməsi necə və niyə mümkün olmuşdur?” sualına belə cavab verir: “Qorkinin fəal siyasi fəaliyyətinə son qoymaq üçün bəyəm düşmənin onu qətlə yetirməkdən başqa da bir yolu vardı ki?!”

Sonra Vışinski Sovet hökumətinin sabiq başçısı Aleksey Rıkovun dindirilmə protokolundan sitat gətirir: “Qorkini cəmiyyətdən izolyasiya etmək, onu haradasa qapalı bir yerdə saxlamaqla bağlı sizin hansı niyyətləriniz vardı? – Bunu təkcə bir yolla - Qorkini öldürməklə eləmək mümkün idi”.

Rus dilində gözəl bir atalar sözü var: “Oğrunun başındakı papaq da yanar (yəni - onu ələ verər – A.Y.)”. Həmin məsəl prokurorun dedikləriylə sözün tam mənasında səsləşir. Axı, 1935-ci ilin əvvəllərindən etibarən “dahi proletar yazıçısının təhlükəsizliyinin təmini” məqsədiylə Qorki, demək olar ki, ev dustağına çevrilmişdi. Bəyəm bunun özü əsl “izolyasiya” və ya “qapalı rejim” deyildi ki?!

Sonra isə ittihamnamədə yazarın “qətlə yetirilməsindən” söz açılır... Buradakı ip ucları bir-biriylə heç cür uzlaşmır. Vışinski gah “zəhərlənmə”dən, gah “yanlış müalicə üsulu”ndan bəhs edir.

Ən sonda isə prokuror anonim ekspertlərin rəyinə əsaslanaraq, belə nəticəyə gəlir ki, Qorki, bədəninə yüksək dozada ürək dərmanları vurulmaqla, “qətlə yetirilibmiş...” Bu “zəhərlənmə” faktına dəxli olan hər kəs - çekistlər Yaqoda, Kryuçkov, Bulanov və həkimlər – artıq güllələnmişdi.

Yazarın ölümündən sonra onun İtaliyada qalan arxivini ələ keçirmək üçün əsl “ov” başlanır, çünki həmin arxivdə “fırtına quşu”nun Sovet siyasətçiləri və mədəniyyət xadimləri ilə yazışmaları toplanmışdı. Buxarinin, Rıkovun və digər müxalifətçilərin məktublarının da olduğu bu arxivə yiyələnmək üçün Stalin yaman səbirsizlənirdi.

Qorkinin Sorrentodakı katibəsi Mariya Budberq hər barədə Qorkiyə yaxın bir qadın idi. NKVD-nin tapşırığına əsasən, o, sözügedən arxivin Moskvaya gətirilməsini təmin edir. Qorkinin dəfn mərasimində çəkilən fotolardan birində bu qadını görmək mümkündür: o, yoldaş Stalinin ardınca addımlayır...

Komsomolskaya pravda
Azərbaycan dilinə çevirdi – Azad YAŞAR
XS
SM
MD
LG