Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:35

NİDA-çı gənc: «Heç olmasa, qondarma da olsa, sübut olaydı»


Rəşadət Axundov
Rəşadət Axundov
-
“Dinc, demokratik mübarizəmiz qələbəyədək davam edəcək”.

Bunu məhkəmədə həbsdə olan NİDA-çı Rəşadət Axundov deyib. Dekabrın 8-də NİDA-çıların məhkəməsi davam etdirilib. Bu dəfə təqsirləndirilən şəxs Rəşadət Axundovun işinə baxılıb.

Məhkəməyə ilkin ifadə verməkdən imtina edən Rəşadət Axundov öz addımını belə əsaslandırıb:

“İfadə verməkdən imtina etməyimin səbəbi var. Həm yoldaşlarımla həmrəylik nümayiş etdirirəm, həm də mən və bir neçə yoldaşım əlavə olaraq 220.1-ci maddə ilə - yəni kütləvi ixtişaşlar təşkil etmədə ittiham olunuruq. Bu ittihamın qondarma olması bir tərəfə, bunu sübut edəcək heç olmasa qondarma sənəd də yoxdur. Bu durumda mənim təqsirsiz olduğumu bildirməyimə də ehtiyac yoxdur. İstintaqa verdiyim ifadələrim elan olunsun, sonra bütün suallara cavab verməyə hazıram”.

“QARŞIMA SÜBUT QOYUN”

Rəşadət Axundovun istintaqa verdiyi ifadələri elan olunub. O ifadələrində ona qarşı olan ittihamlardan özünü təqsirkar bilmədiyini deyib. Özünün həbsini siyasi sifariş adlandırıb və bunu hakimiyyətin NİDA vətəndaş hərəkatına qarşı represiyası adlandırıb.

İfadələrin ardından təqsirləndirilən şəxs dövlət ittihamçısının və vəkillərin suallarını cavablandırıb:

“Həbs olunan heyyətlə ittiham aktında göstərilən məqsədlə (10 mart aksiyası ilə bağlı) “Venesiya” kafesində heç vaxt toplaşmamışıq, heç nəyi planlaşdırmamışıq. Kafe şəhərin mərkəzində yerləşir və hər tərəfdə müşahidə kameraları var. Həmin heyyətlə və həmin məqsədlə “Venesiya”da heç vaxt görüş olmayıb. Gətirin sübutlar, videogörüntülər qoyun qarşıma, mən də deyim ki, cinayətkaram”.

Rəşadət Axundov dövlət ittihamçısının NİDA və onun həmin təşkilatdakı rolu barədə suallarını cavablandırıb. O, bildirib ki, NİDA hər zaman dinc mübarizə yolunu seçib. Rəşadət Axundov çıxışını “dinc, demokratik mübarizəmiz qələbəyədək davam edəcək” sözləri ilə bitirib.

Onun bu sözləri zalda alqışlarla qarşılanıb.

Məhkəmə yanvarın 9-da davam edəcək.

NİDA üzvləri mart-aprel aylarında həbs olunublar. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi əvvəlcə onları qanunsuz olaraq partlayıcı maddə əldə etmə, saxlama, daşıma və gəzdirmədə, zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdində günahlandırıb.

İstintaqın iddiasına görə, gənclər Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar. Daha sonra gənclərin bir neçəsinə qarşı qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama ittihamı da irəli sürülüb.

“Azad Gənclik” Təşkilatının üzvü, həbsindən sonra NİDA-ya üzv yazılan İlkin Rüstəmzadə mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı əsasında həbs olunub. Prokurorluq əvvəl ona xuliqanlıq ittihamı irəli sürüb. Sonra işə zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdi ittihamı da əlavə olunub.

Gənclər ittihamları qəbul etmir. Həbslərinin siyasi sifarişli olduğunu bildirirlər.
XS
SM
MD
LG