Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 17:13

Beynəlxalq testə Azərbaycanın «yaşı çatmır»


Foto: Arxiv
Foto: Arxiv
-
«Helen yeni velosipedi ilə gəzməyə çıxır. Əvvəlcə 10 dəqiqəyə 4 km sürür. Sonra 5 dəqiqəyə 2 km qət edir. Helen birinci, yoxsa ikinci gəzintidə velosipedini yüksək sürətlə idarə edib? Yoxsa bu faktlara əsasən bunu demək çətindir?».

Bu bir test sualıdır. 2012-ci ildə keçirilən, bu sualın da daxil olduğu testlərdə Çin məktəbliləri birinci yeri tutub. Bəlli olub ki, dünyada riyaziyyatı ən yaxşı bilən Şanxayın 15 yaşlılarıdır. Onlar 65 ölkə arasında 613 bal toplayıb. İkinci yerdə Sinqapur (573), daha sonra Honkonq (561) gəlib.

500 MİN ŞAGİRD ARASINDA AZƏRBAYCAN OLMAYIB

Beynəlxalq Tələbə Qiymətləndirməsi Proqramının (PISA) hər 3 ildən bir apardığı bu testlərdə 500 min şagird iştirak edib. Proqramı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı həyata keçirir. Məqsəd şagirdlərin riyaziyyat, təbiət elmləri sahəsində biliklərini, oxumaq bacarığını müəyyənləşdirməkdir. Şanxay məktəbliləri həmin göstəricilər üzrə də birinci yeri tutub.

Azərbaycan 2012-ci il testlərinə qatılmayıb. Məsələ bundadır ki, 3 il ondan əvvəl – 2009-cu ildə Azərbaycan 65 ölkə arasında 64-cü yeri tutub. Yəni yalnız Qırğızıstandan irəli çıxa bilib. Bundan sonra təhsil rəsmiləri bu dəyərləndirməni obyektiv saymayıb, «ikili standart» adlandırıb. Nazirlik, həmçinin, testə getməməsini yeni kurrikulumla təhsil alanların 15 yaşına çatmaması ilə izah edib. Ancaq bir məsələ var ki, PISA kurrikulum üzrə qiymətləndirmə deyil, şagirdlərin qazandığı bilikdən yararlanma, problemləri çözmə, təhlil, mühakimə, ünsiyyət qabiliyyətlərini dəyərləndirir.

QƏRAR GƏLƏN İL VERİLƏCƏK

2015-ci ildə azərbaycanlı şagirdlər PISA dəyərləndirməsinə qatılacaqmı? Ümumiyyətlə, həmin proqramla əməkdaşlıqda hansı yeniliklər var?
Təhsil Nazirliyi
Təhsil Nazirliyi
Təhsil Nazirliyi AzadlıqRadiosunun sorğusuna cavabında bildirir ki, beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirak məsələsinə böyük əhəmiyyət verir:

«Belə tədqiqatlara misal olaraq son dəfə TIMSS və PIRLS tədqiqatlarında iştirakı nümunə göstərmək olar. Bundan əlavə Təhsil Nazirliyi tərəfindən mütəmadi olaraq milli qiymətləndirmə tədqiqatları da həyata keçirilir. 2015-ci ildə beynəlxalq miqyasda həm PISA, həm də TIMSS tədqiqatlarının təşkili nəzərdə tutulur. 2016-cı ildə isə PIRLS tədqiqatı həyata keçiriləcək.

TN bu tədqiqatlardan mövcud ehtiyaclara daha uyğun olanını müəyyən edərək, Azərbaycanın da bu tədqiqatlarda iştirakını nəzərdən keçirir. Beynəlxalq qiymətləndirmə tədqiqatlarından hansının seçilməsi ilə bağlı qərar verildikdə ictimaiyyətə açıqlanacaq».

Nazirlik onu da bildirir ki, bu ilin mayında 4-cü və 6-cı siniflər arasında milli qiymətləndirmə tədqiqatının keçirilməsi planlaşdırılır.

NƏTİCƏLƏR TƏHLİL OLUNUR

Qeyd edək ki, PISA testlərinin nəticələri açıqlanan kimi, hər bir ölkənin metodikası təhlil olunur. Ötən ilin dekabrında 2012-ci ilin nəticələri açıqlananda bəlli olub ki, Serbiya məktəbliləri öz ölkəsində yüksək qiymət alsa da, testlərdə zəif nəticə göstərib. Yaxud «The Guardian» «Britaniya PISA nəticələrindən nə öyrənə bilər?» başlıqlı yazıda qeyd edirdi ki, bu testlər onlarla ölkədə yaxşı öyrətmə və məktəb rəhbərliyinin gücünü göstərir. Ancaq müəllif Asiya ölkələrinin siyahının başında olmasından narahatlığını da gizlətmirdi.
Foto: Arxiv
Foto: Arxiv
Şanxay təhsilində individuallığın olmaması vurğulanırdı.

Cənubi Koreya məktəblilərinin yüksək göstəriciləri daha çox çalışmaları ilə izah olunurdu.

ÜZMƏYİ BİLMƏDƏN SUYA ATILMAQDANSA...

Orta məktəb müəllimi, təhsil üzrə ekspert Nabatəli Qulamoğlunun fikrincə, PISA testləri ölkə məktəbliləri üçün xeyli çətindir. Yəni həmin testlərdə qoyulan tələblərlə ölkədə keçilən dərslərin məzmunu arasında uyğunsuzluq var və məzmuna uyğun dəyişiklik etmək gərəkdir:

«Bizdə hər şey elə köhnə qaydada gedir. Məsələn, elə bilirlər ki, riyaziyyatdan söhbət gedirsə, mütləq iki qatarın sürəti barədə məsələ olmalıdır. Yaxud iki nöqtə arasındakı məsafə müqayisə olunmalıdır və sairə. Ancaq əslində daha çox təhlil qabiliyyəti öyrədilməlidir».

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev də nazirliyin mövqeyini paylaşdığını deyir. O yada salır ki, ölkə cəmi 7 ildir yeni kurrikulum tətbiq edir. Təhsildəki dəyişikliklərin də, demək olar, hamısı kurrikulumla bağlıdır. Ekspert PISA əməkdaşlığın davam etdiyini düşünür:

«Nəticə almaq üçün məhsul verən yaxşı ağac, məhsul verən torpaq lazımdır. Bizdə hələ o səviyyədə deyil. Ona görə də Təhsil Nazirliyinin yanaşmasını ağıllı yanaşma sayıram. Üzməyi bilmədən tələsik suya atılmaqdansa, öyrənib atılmaq lazımdır».

Altay Göyüşov
Altay Göyüşov
KÜLƏK BELƏ ƏSSƏ...

Bakı Dövlət Universitetinin dosenti Altay Göyüşov Azərbaycanın 2012-ci ildə PISA testlərinə qatılmamasını 3 il əvvəlki nəticənin ölkənin «inkişaf propoqandasına zidd» olmasıyla bağlayır. Onun fikrincə, hökumət məhz nəticələrin biabırçı olacağından qorxub testlərə getməyib. Ekspert son illər islahat adıyla həyata keçirilən tədbirlərin də görüntü xarakteri daşıdığını söyləyir:

«Belə başqatan arqumentlərdən dəfələrlə istifadə ediblər. 1992-ci ildə doğulanların qəbul imtahanlarında pis nəticələriylə bağlı bir deputata sual verəndə demişdi ki, onların doğulduğu il stress dövrünə düşüb və o uşaqların guya ağlı çatmır».

Bəs görəsən Azərbaycanın PISA testlərinə qatılıb heç olmasa, orta göstəricilərə uyğun yer tutması neçə ilə baş verə bilər? Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu:

«Yadıma Molla Nəsrəddinin lətifəsini saldınız. Külək belə əssə, heç neçə ilə. Nə qədər ki, təhsil sistemimizdə islahat getməyib, heç mümkün olmayacaq».
XS
SM
MD
LG