Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:29

Soçi 2014: Qərb hədələndi


Axtarış barədə elan.
Axtarış barədə elan.

Almaniya, Macarıstan, İtaliya, Sloveniya və Böyük Britaniya milli olimpiya komitələrinin nümayəndə heyətləri təhdidedici mesajlar alıb

Britaniya mətbuatının məlumatına görə Soçi Qış Olimpiadasında iştirak edəcək Almaniya, Macarıstan, İtaliya, Sloveniya və Böyük Britaniya milli olimpiya komitələrinin nümayəndə heyətləri təhdidedici mesajlar alıb, lakin rəsmilər təhlükənin əsassız olduğunu bildiriblər.

Avropa boyunca bir neçə milli olimpiya komitəsinin ünvanına terrorçular tərəfindən göndərildiyi söylənən hədələr, Soçi Olimpiadası ərəfəsində onsuz da mürəkkəb olan təhlükəsizlik vəziyyətində ciddi narahatlıq doğurub.

Narahatlığı artıran həm də belə bir məqamdır ki, Rusiya təhlükəsizlik orqanları Soçi Olimpiadasının “qorunma qurşağı” içərisində terrorçuların ola bilməsi barədə ehtimal irəli sürüblər.

Rusiya mediası bildirir ki, Federeal Təhqiqatlar Xidməti Soçi şəhərində intiharçı terrorçuların axtarışı ilə bağlı xəbərlər yayıb.

Bəzi məlumatlara görə, terrorçuların “ovlanmasında” FTX-yə Amerika Birləşmiş Ştatlarının Federal Təhqiqatlar Bürosu yardım göstərir.

Britaniya Milli Olimpiya Komitəsi terror hədələri aldığını təsdiqləsə də, bildirib ki, bu kimi informasiyanın mötəbərliyi şübhə doğurur.

Britaniya Olimpiya Assosiasiyasının kommunikasiya üzrə direktoru Darryl Seibel Britaniya Olimpiya Komitəsinə bir sıra başqa milli komitələrlə eyni məzmunda təhdidedici mesajlar daxil olduğunu təsdiqləyib.

“Qara dul”

Bu arada Rusiya hakimiyyət orqanları Soçi Olimpiadası üçün potensial təhlükə təşkil etdikləri bildirilən üç qadının axtarışını elan edib.

Soçi polisi “Qara dul” kimi tanınan 22 yaşlı Ruzana İbragomova-nın şəhərdə olduğu barədə xəbərdarlıq yayıb.

İbargimova Rusiya təhlükəsizlik qüvvələri ilə atışmada həlak olmuş yaraqlının dul qadınıdır.

Təhlükəsizlik rəsmiləri həmçinin 26 yaşlı Oksana Aslanova-nın və 34 yaşlı Dzhannet Tsakhayeva-nın axtarış vərəqələrini yayıb.

Xəbər verilir ki, bu qadınlar olimpiya məşəlinin Rostova gətirildiyi gün terror aktları törətməyi planlaşdırıbmışlar.

Dördüncü şübhəli qadın – Zaira Aliyeva Dağıstanda Rusiya təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

Bundan əvvəl, ötən dekabrda Volqoqrad şəhərində törədilmiş və 34 nəfərin həyatına son qoymuş iki partlayışın məsuliyyətini üzərinə götürən iki kişi Şimali Qafqazda yaraqlı dəstəyə məxsus internet saytında çıxış edib.

60 minlik ordu

Bununla belə, Rusiya prezidenti Vladimir Putin Olimpiadanın təhlükəsiz olacağına təminat verdiyini bəyan edib və bildirib ki, Moskva Soçi və onun ətrafına 60 mindən çox hüquq-mühafizə və təhlükəsizlik əməkdaşı çıxarır.

Bu, London Olimpiadasındakı təhlükəsizlik kontingentindən iki dəfə çoxdur.
Bir sıra təhlükəsizlik ekspertləri bu qənaətdədirlər ki, İbragimova və ya başqa potensial terrorçuların Soçi ətrafındakı “polad həlqə”ni keçməsi təhlükəsizlik riskini artırmır.

Şimali Qafqazda və ətraf regionlarda zorakılıqlar barədə məlumat yayan “Kavkazskiy Uzel” informasiya agentliyinin redaktoru Gregory Shvedov deyib ki, bu sayaq terror hədələri çox vaxt heç bir əsası olmadan yayılır.

Nyu York Universitetinin Rusiya təhlükəsizlik xidmətləri üzrə eksperti, professor Mark Galeotti deyib ki, terrorçuların Soçidə basqın törətmək üçün infrastruktura və lazımi miqdarda partladıcıya malik olduqlarını göstərən əlamətlər yoxdur.

Lakin ekspert bunu da əlavə edib ki, belə basqınların Soçi təhlükəsizlik qurşağının xaricində törədilməsi imkanı tamamilə realdır.
XS
SM
MD
LG