Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:09

Azərbaycanda 134 siyasi məhbus olduğu bildirilir


Leyla Yunus
Leyla Yunus
-
Ötən bir ildə Azərbaycanda siyasi məhbus siyahısına daha 50 nəfər əlavə olunub. Bir il bundan öncə ölkədə 84 siyasi məhbus vardı, indi bu say 135-ə çatıb. Üstəlik, bir neçə il əvvəl siyasi məhbusların çoxu OMON-çular idisə, hazırda bu üstünlük dini kəsimdən olan insanlara aiddir.

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus yanvarın 23-də siyasi məhbus siyahısını açıqlayıb. Hüquq müdafiəçisinin sözlərinə görə, ölkədə 38 vicdan və 96 siyasi məhbus var. Repressiyalara məruz qalanlardan 116-sı barəsində məhkəmə hökmü çıxarılıb, 6 nəfər hələ istintaq altındadır, 12 nəfərin məhkəməsi davam edir.

VİCDAN MƏHBUSLARI – JURNALİSTLƏR, BLOQQERLƏR

Siyasi məhbus siyasi fəaliyyətinə, hakimiyyətə qarşı çıxdığına, onu tənqid etdiyinə görə həbs olunan şəxslərə deyilir. Bu saxlanma zamanı ifadə, vicdan, din, ifadə, sərbəst toplaşma və birləşmə azadlıqları kimi əsas hüquq və azadlıqları pozulur. Siyasi məhbusun saxlanması şəraiti adətən digərlərindən fərqlənir.

Beynəlxalq hüquq-müdafiə təşkilatı – «Amnesty International» bildirir ki, vicdan məhbusu da siyasi məhbusdur. Ancaq vicdan məhbusu siyasi, dini baxışlarına, etnik, irqi, dil və iqtisadi statusuna, cinsi oriyentasiyasına görə həbs olunur, yaxud azadlığı məhdudlaşdırılır. Zorakılıqdan istifadə edən, yaxud təbliğ edənlər vicdan məhbusu sayılmır.

«Vicdan məhbusları arasında daha çox jurnalist və bloqqerləri görürük. Onlar 11 nəfərdir. 10 nəfər isə gənc fəaldır. Bu, açıq-aydın göstərir ki, hakimiyyət məhz sosial şəbəkələrdə fəallıqdan, gənc nəsildən qorxur», - Leyla Yunus belə deyir.

«SƏNƏDLƏRİMİZİ DƏ MƏHV ETDİLƏR»

«Samir tutulanda heç bir xəstəliyi yox idi. İndi şəkər xəstəliyinə tutulub, görmə qabiliyyətini də itirib. Bəzi orqanlarında ağrılar var, getdikcə də artır».

Bunu bir neçə ay öncə 6 il həbs cəzası almış Samir Hüseynovun həyat yoldaşı Xəyalə İsmayılova deyir. Samir «Eurovision» vaxtı gey-paradın keçirilməsinə etiraz etdiyinə görə həbs olunub. Yaxınları onun hələ də təcridxanada saxlandığını deyirlər. Xəyalə İsmayılova deyir ki, hər dəfə dava-dərman aparanda da problemlə üzləşirlər. Samirin xəstəliyi apellyasiya məhkəməsində də qaldırılıb:

«Vəkilimiz iddia qaldırdı, xəstəliyi barədə sənədlər də təqdim etdik. Ancaq sənədlərimizi məhv etdilər və dedilər ki, Samir xəstə-zad deyil».

Dindarların Təhsil Nazirliyi qarşısında etiraz aksiyası - 5 oktyabr 2012
Dindarların Təhsil Nazirliyi qarşısında etiraz aksiyası - 5 oktyabr 2012
DİNDAR KƏSİMDƏN OLANLARIN BİRİ BURAXILIR, DÖRDÜ TUTULUR

İslamçıların Hüquqlarını Müdafiə Komitəsinin sədri Natiq Kərimovun sözlərinə görə, hazırda ölkədə 70-dən çox inanclı şəxs həbsdədir.

«Bir nəfər şərti cəzayla buraxılırsa, onun yerinə dördü həbs olunur», - o, sözlərinə əlavə edir:

«İncili tərcümə edən alim Musa Rzanı Talenin (ilahiyyatçı Tale Bağırzadə – A.K.) məhkəməsində tutublar. Azı 3-5 il iş verəcəklər. Guya polisi döyüb. Özünün heç 45-50 kilo çəkisi yoxdur».

Hüquq müdafiəçisi Leyla Yunus da siyasi məhbuslar arasında dini kəsimdən olan insanların sayının artdığını vurğulayır:

«Siyasi məhbuslardan ən böyük qrupu dini fəallardır. Bu, hakimiyyətin qorxduğu ən böyük kəsimi göstərir. Əgər 1993-97-ci illərdə siyasi məhbusların siyahısında əksəriyyəti OMON-çular, Müdafiə Nazirliyinin rəsmiləri idisə, bu gün bu çoxluq dindarlardan ibarətdir».

«STRAESSER-İN HESABATINDAN SONRA STRESS ALDI»

«Yoldaşıyla restoranda çörək yediyi yerdə başına torba salıb tutdular ki, dövlət çevrilişi etmisən, özü də konstitusiyanı dəyişdirmisən. Düz 10 ay uşağımıza həsrət qaldıq, görə bilmədik», - bunu isə başqa bir siyasi məhbus Səid Dadaşbəylinin anası Qətibə Qarayeva deyir.
Qətibə Qarayeva
Qətibə Qarayeva

Səid Dadaşbəyli və onun qrupunun üzvlərini 2007-ci ildə MTN xüsusi əməliyyatla həbs edib. Onlar dövlət çevrilişi həyata keçirməkdə, mütəşəkkil dəstə yaratmaqda, soyğunçuluqda, partlayıcı maddə, döyüş sursatı, narkotik maddə saxlamaqda ittiham olunaraq 12-14 il müddətinə azadlıqdan məhrum ediliblər:

«Deyir məhkəmə olanda onlara deyiblər ki, 2-3 il yatacaqsız, bu ölkənin siyasətidir, sizi buraxacaqlar. Elə bilirdi ki, ötən il onu buraxacaqlar. 2013-cü il yanvarın 23-də Christoph Straesser-in hesabatı keçməyəndə, o bərk stress alıb xəstəxanaya düşdü. Hələ indi özünə gəlir».

Düz bir il bundan öncə Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi Christoph Straesser-in hazırladığı qətnamə layihəsi rədd edilib.

Sənəddə Azərbaycanda siyasi məhbus probleminin həll olunmadığı, ölkənin bu sahədə götürdüyü öhdəliklərin yerinə yetirmədiyi vurğulanırdı. Azərbaycan tərəfi hesabatın qüsurlu olduğunu deyirdi. Səsvermədə qətnamə layihəsi rədd edilib, 79 nəfər lehinə, 125 nəfər əleyhinə səs verib.

İlham Əliyev
İlham Əliyev
«APREORİY SİYASİ MƏHBUS OLA BİLMƏZ»

Bundan sonra hakimiyyət rəsmiləri siyasi məhbuslarla bağlı arqumentlərini həmin sənədin qəbul edilməməsi ilə əsaslandırmağa başlayıblar.

«Sizin sualınıza ən yaxşı cavab AŞPA-nın 2013-cü ilin yanvarında verdiyi qərardır», - Prezident İlham Əliyev bir neçə gün öncə Brüsseldə AzadlıqRadiosunun sualına cavabında belə deyib. Prezident «siyasi məhbus» terminin müəyyənləşdirilmiş mənasının olmadığını da vurğulayıb:

««Azərbaycanda siyasi məhbus yoxdur» fikri həmçinin Avropanın və dünyanın ən vacib institutlarından biri olan AŞPA tərəfindən təsdiq edilir. Azərbaycan 10 ildən artıqdır ki, Avropa Şurasının üzvüdür, biz Avropa İnsan Haqları Məhkəməsinin üzvüyük, bu da o deməkdir ki, Azərbaycanda apreoriy siyasi məhbus ola bilməz. Kimə qarşısa ədalətsiz davranış baş veribsə, bu haqda həmişə Avropa məhkəməsinə müraciət etmək imkanı var və biz də bu qurumun qərarlarının həmişə əməl edirik».

Hazırda NİDA Hərəkatı üzvlərinin, İsmayıllı məhbuslarının məhkəməsi gedir. Hüquq müdafiəçisi Leyla Yunus düşünür ki, Müsavat başqanının müavini Yadigar Sadıqova 6 il iş kəsilməsi daha kəskin qərarların veriləcəyini göstərir.
Fuad Ağayev
Fuad Ağayev

MƏNƏVİ ZİYAN ALAN POLİSLƏR

Vəkil Fuad Ağayev isə deyir ki, İsmayıllı məhbuslarının məhkəməsində müdafiə tərəfinin vəsatətləri əksər hallarda rədd edilir. Vəkil prosesdə zərərçəkmiş kimi dindirilən polis əməkdaşlarının ifadələrindəki uyğunsuzluqlardan danışır:

«Onlardan zərərçəkmiş kimi ifadə alınıb. Deyiblər onlara daş atılıb, post patrul manqasının əməkdaşlarının hamısına daş dəyib, ancaq daş hamının buşlatına dəyib. Buşlat da qalın olduğundan xəsarət alan olmayıb. Ancaq bizə mənəvi ziyan dəyib».

Leyla Yunus məhz bir il öncə AŞPA-da sözügedən qətnamənin rədd olunmasından sonra ölkədə siyasi məhbusların sayının artdığını vurğulayır. O, AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Joseph Debono Grech və Pedro Agramunt-un həmin hesabatın əleyhinə çıxdığını da sözlərinə əlavə edir.

Həmməruzəçilər yanvarın 21-dən 23-dək Azərbaycanda səfər ediblər. Məqsəd Azərbaycanın qurum qarşısındakı öhdəliklərinin monitorinqi idi. Bir il bundan öncə AŞPA-nın həmin sessiyasında Azərbaycanla bağlı qəbul edilmiş qətnamədə siyasi məhbuslar, eləcə də bir sıra öhdəliklərə dair tövsiyələr yer almışdı.
XS
SM
MD
LG