Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:39

Şərifin dərdi var...


Rüfət Əhmədzadə
Rüfət Əhmədzadə
-

Gündəm yaradan yazarımız, publisistimiz yoxdur. Belə yazıdan yazmağa nə var ki? Gündə birini yazaram!..


Rüfət Əhmədzadə


ŞƏRİFİN DƏRDİ VAR...


Hafiz Hacıyevin sözü olmasın, “biri var, Ağayarov Şərif”. Arada bir qalmaqallı status yazır, durur... Yox, aradan cırmır. Şərif Ağayar yazır, yaradır, sözünü müdafiə edir və ədəbiyyatda öz yerini tutur.

Çoxunun “adə, hurrey” deyə onun üstünə düşdüyü, hətta bəzi yazarların gündəm yaratmaq üçün mətbuata tikanlı açıqlamalar verməyə çalışdığı vaxtda, mən Şəriflə “inboks”da söhbət etdim. Etirazımı bildirdim, narazı olduğum məqamları qeyd etdim. Ürəyimdə peşmanlıq da var idi. Düşündüm ki, indi mənə kobud və loru cavab verəcək, münasibətimiz gərginləşəcək və başım ailə işlərinə qarışdığı vaxtda artıq əsəb itkisi yaranacaqdı.

Amma əksinə oldu. Şərif Ağayar çox mədəni, qardaşyana, hətta çoxdan süfrə dostuymuşuq kimi danışdı. Fikirlərimizi bölüşdük, ortaq nöqtələr və “amma”lar tapdıq. O da öz fikrində qaldı, mən də. Amma nəticədə dostlaşdıq. Fərqli yanaşmalar da var. İlk baxışdan kobud və “kabadayı” obrazı ilə yadımda qalmış Şərif mənim üçün mədəni və anlayışlı insan təsiri bağışladı. Bu qədər tərif bəsdir. Şərifin özü də bəyənməz.

Dünən də onunla “Facebook”da azca söhbət edik. Mövzu köşə yazıları oldu. Dedim ki, mən əvvəl köşə yazıları yazırdım, indi də ara-sıra yazıram, amma belə köşə yazarı kimi gündəmdə olmaq istəmirəm. Ümumiyyətlə, əlavə qazanca və oxucu diqqətinə mənim də ehtiyacım var, amma hazırda özümü ədəbiyyata vermişəm. Düşünürəm ki, köşə yazılarının mövzularını və əlavə enerjimi bədii əsər yazmağa xərcləsəm, daha yaxşı olar. Əlli-altmış il sonra da köşələrimlə yox, əsərlərimlə yadda qalaram.
Şərif Ağayar nəsr kitabını oxucular və həmkarları üçün imzalayır.
Şərif Ağayar nəsr kitabını oxucular və həmkarları üçün imzalayır.

Kimsə əksini düşünə bilər. Şübhəsiz ki, məni də istedadsız və hətta səviyyəsiz hesab edənlər var. Lakin bunun əsaslı və ətraflı tənqidlə deyilməsini istərdim. Hansısa əsərimin və ya kitabımın təhlili ilə. Təhqirlərə təhqirlə cavab verməməyə çalışıram, istəyirəm fikirləri dəyişim. Dəyişmirsə də, olsun. Hər kəsin cəmiyyətdə öz yeri var. Davamlı köşə yazısı (esse) yazsam, 3-4 min adam baxar, hekayəmə 150-200 nəfər... Yenə də olsun. Amma hədəfim ən yaxşı hekayə yazarı olmaqdır. Oxuyuram, öyrənirəm, yazıram. Bu mənim fikirlərimdir. Görək, indi Şərif nə deyir?

Şərif deyir ki, hansı yazıçı nəsri qoyub köşə yazar? Ona pul lazımdır, əlbəttə ki, yazar dolanmaq üçün başqa nə etməlidir? O, bir neçə saytda gedən köşə yazılarından qonorar alır. Əgər hər həftə 3-4 saytda köşə yazısı çıxırsa, bu da ayda 12-15 köşə yazısı edirsə, Şərif və Şərif kimi istedadlı Azərbaycan yazarlarının maddi vəziyyəti bir az yüngülləşər. Çox yox, bir azca.

Budur, 5 kitab müəllifinin köşə yazılarına görə qonorar verən var, amma ondan hekayə istəyən yoxdur. Onun bədii yaradıcılığı könüllülük prinsipinə dayanır. İstəyir yazsın, istəmir yazmasın. Kimsə bu analoqsuz inkişaf edən ölkədə bir yazıçının qapısını kəsdirib demir ki, “al bu pulu, kitab yaz”. Ya da, “saytımız üçün davamlı hekayə yaz”.

Halbuki, cəmi bir ay əvvəl bütün cəmiyyətdə hekayə bumu var idi. Hər yerindən duran hekayə yazırdı. Elə köşə yazmaq da belədir. Hər yerindən duran köşə yazarı olub. Bizim köşə yazarları gündəmin quyruğuna düşüb. Hərəsi bir az danışır, məsələ bitir. Gündəm yaradan yazarımız, publisistimiz yoxdur. Belə yazıdan yazmağa nə var ki? Gündə birini yazaram!

Sözümün mustafası və ya oxuculara sözüm:

Əziz oxucular! Şərifin dərdi var! Mənim də dərdim var. Bütün Azərbaycan ədəbiyyatının, elə sizin də dərdiniz var. Xalq olaraq dərdliyik. Lütfən, çox xahiş edirəm, oxuduğunuz köşə yazılarının altında müəllifdən bədii əsərlər də tələb edin. Və şərhlərdə sayt rəhbərlərinə müraciət edin ki, ancaq köşələrə yox, hekayələrə də qonorar versinlər. Özüm üçün demirəm, heç Şərif üçün də. Ola bilər ki, dünya səviyyəli hekayə yazarlarımız çox azdır, amma yazıçı bədii əsərlər yazdıqca püxtələşir. Köşə yazıları yazdıqca isə yazıçı püxtələşmir, jurnalistə çevrilir!

Oxuduğunuz üçün sağ olun!

P.S.: Essedə Şərif Ağayarın adını hallandırdığıma görə, özündən icazə və ya razılıq almadım. Çünki bu yazını onun üçün yazmadım.
XS
SM
MD
LG