Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:10

O bayrağı tapın!


Cəmil Ünal
Cəmil Ünal
-
Ankaradakı Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil Ünal Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubiley tədbirlərində iştirak etmək üçün Müsavat Partiyasının dəvəti ilə Azərbaycana gəlib. Cəmil bəy AzadlıqRadiosunun «İz» proqramının da qonağı olub. Onunla müsahibənin birinci hissəsini sizə təqdim edirik.

--Cəmil bəy, xoş gördük sizi. Bizlərdə belə bir misal var-deyir göydə axtarırdım, yerdə əlimə düşdün. İndi mən də sizi bu böyük yubiley ərəfəsində Ankarada ziyarət etməyi arzulayırdım—özünüz Bakıya gəldiniz. Xoş gəldiniz Azərbaycana, Bakıya. Lütfən söyləyin, bu neçənci gəlişinizdir?

-- 90-cı illərdə Bakıya çox gəldim. O zaman «Mühacirət ədəbiyyatı» adlı simpozium keçirdik. Azərbaycanla Türkiyə arasında münasibət yox idi. O qapını ilk dəfə biz açdıq. Daha sonra 1992-ci ildə Elçibəy dönəmində Elçibəyin xahişi ilə mən Dövlət Torpaq Komitəsi başqanı olaraq buraya gəldim. 1993-cü il iyunun 17-dək burada qaldım. Torpaq islahatı qanununu biz hazırladıq. Həmin gün Bakı vaxtilə saat 6-da mən Türkiyəyə uçdum. Həmin gecə rəhmətlik Elçibəy də Naxçıvana getdi...O vaxtdan 2011-ci ilə qədər Azərbaycana heç gəlmədim. 2011-ci ildə Müsavat Partiyasının 100 illiyi münasibətilə təkrar sizlərə duyduğumuz həsrətə son qoymaq üçün, bərabər olmaq üçün, duyğularınızı paylaşmaq üçün buraya gəldik. İndiki gəlişimizin səbəbi M.Ə. Rəsulzadənin anadan oluşunun 130 illiyi münasibətilə Müsavat Partiyasının düzənlədiyi tədbirlərə qatılmaqdır.

--Cəmil bəy, lütfən, özünüzü bizə daha yaxından tanıdın. Harada, nə vaxt doğuldunuz? Siz də Azərbaycan kökənlisinizmi?

--Ata Vətən bura, ana yurd Türkiyə... Mən Kars doğumluyam. Liseyi-filan Karsda, universiteti Ankarada bitirdim. Ondan sonra mən Kars millət vəkili oldum uzun müddət. Politika-siyasət və bürokratinin içərisində 35 il Türkiyədə fəaliyyət göstərdim. 1954-cü ildən bu yana da türk dünyasında Azərbaycan məsələləri ilə həmvar olduq. O zaman biz universitet tələbəsiydik. Məhəmməd Əmin Rəsulzadə bəy də Azərbaycan Milli Mərkəzinin başqanı idi. O tarixə qədər—özəlliklə 27 Aprel 1920-ci ildən sonra—o fəlakət anında xaricə çıxmağa məcbur olan Azərbaycan ziyalıları—o vətənpərvər insanların çoxusu Türkiyədə qaldı. Məhəmməd Əmin Rəsulzadə də Moskvadan ayrılıb Finlandiyaya, ordan da İstanbula gəldiyi zaman əvvəlcə dağınıq olan Azərbaycan ziyalılarını bir araya toplamağa girişdi. Orada Mirzə Bala Məmmədzadənin rəhbərliyi ilə Azərbaycan Gənclər Təşkilatı quruldu. Daha sonra, qeyri-leqal olmasına baxmayaraq, Azərbaycan Milli Mərkəzi yaradıldı. Və bunlar Azərbaycan milli davasına xidmət etməyə başladılar. 1949-cu ildə isə Azərbaycan Kültür Dərnəyi quruldu. Bu il dərnək 65 yaşına çatır.

--Azərbaycan Kültür Dərnəyi—bu adda M.Əmin bəyin ruhu yaşayır. Lütfən söyləyin, bu dərnəyin yaradılışını xatırlayırsınızmı? Və onun yaradılma zərurətini bizə danışın.

--Mən 1954-cü ildən dərnəyin içərisindəydim. 1955-ci ildə də Əmin bəy rəhmətlik oldu... Ondan sonra da bu dərnəkdəydim və 25 ildir ki, bu dərnəyin rəhbəriyəm. Dərnəyin qurulmasının ən önəmli səbəbi də Azərbaycan milli dövlətinin siyasətinin platforması oldu. Rəsulzadə Azərbaycan Kültür Dərnəyinin «Xalq evləri» salonunda təşkil elədiyi ilk toplantısında çıxış etdi. Bundan sonra da Azərbaycan Kültür Dərnəyi Azərbaycan milli davasının leqal platforma mərkəzi oldu və o gündən də «Azərbaycan türk kültür dərgisi» yayım orqanı ilə bərabər eyni fəaliyyətdə, eyni xətdə davam edir.

--Cəmil bəy, siz 1954-cü ildə dərnəyə gələrkən hələ mühacirətçilərin çoxu sağ idi. Rəsulzadəni də görə bildiniz... Kimlər vardı o dönəmdə, mühacirətçilər arasında münasibət necə idi?

--Məhəmməd Əmin bəyin ən böyük özəlliyi birliyi, bərabərliyi təmin edən bir dövlət adamı olması idi. Əlbəttə ki, yurddışına bir çox insan getmişdi, sıxıntılar içərisində, pərişan halda... Bir dağınıqlıq vardı. Dediyim kimi, Əmin bəyin ən böyük özəlliyi bu insanları bir dava ətrafında toplaya bilmiş olmasıdır. Özü və ətrafındakıların, əlbəttə ki, bir ruh çöküntüsü, böyük sıxıntılar içərisində olmasına baxmayaraq, Məhəmməd Əmin Rəsulzadə bəyin şəxsiyyəti o sıxıntıları unutdura bilmişdi... Azərbaycan milli davasını Vətəndən kənarda, özəlliklə Avropanın hər guşəsində davam etdirə bilmək üçün o imanlı insanları yan-yana gətirə bilmişdi. Təbii ki, Əmin bəyin özünün də sıxıntıları vardı. İmkansızlıq, maddi sıxıntı içərisində yaşamasına baxmayaraq, davasından heç bir şəkildə əl götürən insan deyildi. Amma özü üçün heç bir şey istəməzdi... Zatən oraya gəldiyi zaman qoynunda gətirdiyi Azərbaycanın üçrəngli bayrağı və qurduğu Müsavat Partiyası vardı. Bu 3 yoldaş bərabər gəlmişdilər. Üçrəngli bayraq da vəfatına qədər özündəydi, vəfatından sonra da bizlərə əmanət edilmişdi. Xatırlayırsınızsa, 7 dekabr 1918-ci ildə Rəsulzadənin «Bir kərə yüksələn bayraq, bir daha enməz!» dediyi o bayraq bizə əmanət idi. Bizlər o bayrağı eyni təmizliklə saxladıq və 1992-ci ildə Elçibəy iqtidarı dönəmində Ankarada açılan Azərbaycan Səfirliyinə --Elçibəyə təqdim edilmək üçün verdik. İndi o bayraq haradadır, bilmirəm...

-- Müsavat Partiyası da bayrağın harada olduğunu bilmir?

--Biz dövlətə təslim etdik. Amma 1992-ci ildə Elçibəy hakimiyyətdən ayrıldıqdan sonra nə oldu, bilmirəm...

-- Bəlkə Tarix muzeyindədir, ya AXCP qərargahında? Mütləq araşdırarıq.

-- Mən buradan sayın hakimiyyətə səslənmək istəyirəm. O bayrağı, heç olmasa, yanvarın 31-də parlamentin üzərinə asın! Bu, onların keçmişinin şərəfli bir nişanəsidir!... Əmanətlərin biri də Müsavat Partiyası idi. Bu partiya Azərbaycanın milli dövlətini quran, önəmli bir milli quruluşdur. Məhəmməd Əmin Rəsulzadənin bundan 100 il əvvəl ortaya qoyduğu fikirlər ciddi araşdırılsa, ən demokratik ölkələrin proqramlarında belə olmayan haqlar—qadın haqlarından tutmuş insan haqlarına qədər hər şey orada var. Demokratik qurum olaraq Müsavat Partiyası bugünkü milli dövlətin qurulmasında öncüllük etmişdir. Və Müsavatı da 1992-ci ildə biz buraya qaytardıq və o gündən bu yana Müsavat Partiyası hörmətli İsa Qəmbər başqanlığında eynən fəaliyyətinə davam etdirməkdədir. Kültür dərnəyi hər zaman Azərbaycanın xaricdəki ocağı olub. Bu ocaq sönməyən bir ocaqdır. Sizin 65 illik mədəniyyətiniz bu ocaqdadır. Tarixiniz ocaqdadır. Yaşanan acı, dadlı günlərin məskənidir ora.

--Ankaradakı Azərbaycan Kültür Dərnəyi indi hansı şəraitdə fəaliyyət göstərir? İlk illərdəkindən fərqi nədədir? Hədəflər nə şəkildə dəyişib?

--Təbii ki, Azərbaycan dediyimiz zaman biz ancaq şimaldakı Azərbaycanı göz önünə almırıq. Azərbaycan bir bütündür! Bu gün Güney Azərbaycana, İrana baxdığımız zaman, İran dövlət olaraq fars, millət olaraq türkdür. Orada türkün minillik möhürü var! Təbriz mənim paytaxtımdır! İnşallah, 3 paytaxt bizə çox gələr--Bakı, Təbriz, Ankara. Əlbəttə ki, gün gələcək, başkəndlər də birə enəcək. Azərbaycan Kültür Dərnəyinin fəaliyyət sahəsi içərisində 30 milyon soydaşımızın yaşadığı Güney də var. Azərbaycan dövləti bu gün, istər-istəməz, Güneyə soyuq baxır. Bizim sizə də söyləyəcəklərimiz var: yaxınlarda seçki keçirdiniz və orada «gözəl» bir örnək oldu. Dünyanın heç bir demokratik ölkəsində iqtidar partiyasının yüzdə 85 səs aldığı görünməmiş olduğu halda, Azərbaycanda bu, görülə bildi... Və o seçkilərdə Qarabağ məsələsindən heç danışmadınız... Əcəba, Qarabağ sizin məsələ olmaqdan çıxdımı? 1994-də Bişkek protokolu ilə atəşkəs elan olundu. Amma ordan zorla köçürülən Azərbaycan türkləri nəzərə alınmadı. O gündən 20 il keçib. Görün, biz Qarabağın həllini kimlərə təslim etdik?! Minsk qrupuna--ruslara, fransızlara, amerikalılara. Qarabağı işğal edən ruslardır! Və bu torpaqları ermənilərə əmanət ediblər. Amma biz nədənsə Rusiyanı işğal etdiyi torpaqlarda xəta var—deyə vəkil tutduq... O sizə yardımçı olmaz! Biz də bunları söyləyəndə, dilə gətirəndə, zaman-zaman tənqidə tutuluruq. Guya biz müxalifət tərəfdarıyıq, iqtidar əleyhdarıyıq. Xeyr! Milli davada əleyhdarlıq olmur!

Rəhmətlik Heydər Əliyev zamanından belə bugünkü iqtidar Koçaryanla, Sarkisyanla, Nalbandyanla 50 dəfə görüşüb. Nə olar, bir gün də müxalifətlə yanyana gəlsəniz?! Milli davanı bərabər yürütsəniz?! Birlik və bərabərlik içərisində milli davaya sahib olduğunuzu dünya ictimai fikrinə duyursanız—o milli davaya daha faydalı olmazmı?! Nədən Koçaryanla oturmağı, Sarkisyanla qucaqlaşmağı, Nalbandyanla eyni masanı paylaşmağı içimizə sindiririk, amma Azərbaycan müxalifəti ilə yanyana gəlməyi özümüzə sığışdırmırıq?! Bütün bunları bizim söyləməyimiz lazımdır! Biz sizin yurddışındakı səsinizik, dilinizik, zaman-zaman söyləyə bilmədiklərinizi biz riskə gedərək söyləmək zorundayıq. Ocağın vəzifəsi budur! Ara-sıra «diaspor» deyilən söz eşidirik. Türkiyədə diaspor olurmu? Türkiyədə hər ev diaspordur! Ona görə də, para-pul xərcləyib bir takım insanlara «diaspor» deyə iş tapşırmayın!

Diaspor qapımız hər zaman sizə açıqdır. İnşallah, Ankaraya gəldiyiniz zaman ocağımızı da görərsiniz.

--İnşallah! Əmin bəyin məzarını da ziyarət edərik!

--Mütləq! Ora sizin keçmişinizdir...

«İz» davam edəcək. Fevralın 2-də saat 23-də AzadlıqRadiosunda Cəmil Ünalla söhbətin tamamını da dinləyə bilərsiniz.
XS
SM
MD
LG