Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:07

QHT-lərin Heydər Əliyev Fonduna sualı var


Elşən Həsənov
Elşən Həsənov
-
«Bir üzvü gedib QHT-dən şikayət edərsə, o QHT bağlanır, cərimələnir və sairə. Cərimələri də o həddə çatdırıblar ki, verməyə imkan da yoxdur», – «Siyasi məhbuslarsız Azərbaycan» İctimai Birliyin rəhbəri Elşən Həsənov qanunvericiliyə QHT-lərlə bağlı son dəyişikliklərdən danışır.

Fevralın 3-də prezident İlham Əliyev QHT-lərin fəaliyyətini tənzimləyən qanunlara dəyişiklikləri imzalayıb. Söhbət «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında», «Qeyri-hökumət təşkilatları haqqında», «Qrant haqqında» qanunlardan, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərdən gedir.

«NARAHATÇILIĞA ƏSAS YOXDUR»

İlkin olaraq QHT-lərin dövlət reyestrindən 90 günlük çıxarış müddəti nəzərdə tutulsa da, sonradan bu dəyişiklik çıxarıldı. Ancaq cərimələrin yüksək həddi və bir sıra digər məhdudlaşdırıcı dəyişikliklər qalıb. Son dəyişikliklərin icrasına ictimai nəzarət üçün hüquq və monitorinq komissiyası da yaradılıb. Bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından Media forum saytına bildirilib.

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli bu günlərdə bildirib ki, məqsəd QHT-lərin işində şəffaflığın təmin olunmasıdır. Onun fikrincə, vətəndaş cəmiyyəti və qeydiyyat orqanları, cəmiyyət üzvləri arasında münasibətlər daha şəffaf və dəqiq tənzimlənəcək.

Komitə sədri cərimələrin yüksək olması barədə deyilənlərə də münasibətini açıqlayıb:
Əli Hüseynli
Əli Hüseynli

«Müşahidə etmisinizsə, son illər İnzibati Xətalar Məcəlləsinin bir çox maddələrində nəzərdə tutulan cərimə sanksiyalarına yenidən baxılıb. Sanksiyaların yüksəkliyi onların təsirli olmasına yönəlib və qanunlara riayətin təmin edilməsinə hesablanıb. Fikrimcə, qanuna riayət edərək fəaliyyət göstərən QHT-lərin bununla bağlı narahatlığına heç bir səbəb yoxdur».

VƏTƏNDAŞ CƏMİYYƏTİ SEKTORU MƏMURLARIN NƏZARƏTİNƏ

Vətəndaş Cəmiyyəti Müdafiə Komitəsi fevralın 11-də bəyan edib ki, mövcud hakimiyyətin əsas siyasi xətti, «qanunvericilik siyasəti» vətəndaş cəmiyyəti qurumlarını dövlət strukturlarından, özəlliklə Ədliyyə Nazirliyindən asılı vəziyyətə salmaqdır. Komitə vətəndaş toplumuna təzyiqlərin aradan qaldırılması üçün aşağıdakı etiraz formalarından istifadə edəcəyini bildirib: Konstitusiya Məhkəməsinə müraciət; hakimiyyətə beynəlxalq sanksiyalar çağırışı; etiraz piketlərinin keçirilməsi.

Komitənin üzvü Aytəkin İmranova:
Aytəkin İmranova
Aytəkin İmranova

«Bu qanunlardan məqsəd, demək olar, nisbi müstəqilliyini saxlayan vətəndaş cəmiyyəti sektorunu tamamilə məmurların nəzarətinə salmaqdır. QHT-lərin hər bir hərəkəti və aksiyası sırf təqibə götürülür».

ƏN BÖYÜK QHT ŞƏFFAF DEYİL

Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov müdafiə komitəsi yaratmaqdansa, konkret tədbirlər həyata keçirməyin vacibliyin vurğuladı:

«Bu gün ən böyük QHT Heydər Əliyev Fondudur. Gəlin hər şeyi öz adıyla çağıraq. Ədliyyə Nazirliyinin saytına girək. Məktub yazıb soruşaq ki, nəyə görə Anar Məmmədlidən (SMDT-nin rəhbəri) soruşursunuz ki, pulu haradan alıb hara xərcləmisən, amma Heydər Əliyev Fondundan soruşmursunuz? Gəlin praktik addım ataq. Fonda məktub yazaq, soruşaq. Ən böyük QHT şəffaf deyil. Görək 100 nəfərdən (komitə üzvlərini nəzərdə tutur) neçəsi qol çəkəcək belə bir müraciətə?».

Emin Hüseynov
Emin Hüseynov
Aytəkin İmranova Heydər Əliyev Fondunun şəffaflıq məsələsinin dəfələrlə müzakirə edildiyini deyir. Onun sözlərinə görə, bu QHT-yə olan münasibətin zərrəsi digər QHT-lərə göstərilsə, həmin sektorda durum dəyişə bilər:

«Heydər Əliyev Fondunun əlahiddə səlahiyyətləri var. Bizə kiçik bir qrant gələndə xeyli sənəd tələb olunur. Məsələn, ötən həftə bank məndən təxminən 10 dənə məktub istədi ki, o pulu versin. Ancaq Pakistana 3 milyon ayırır, digər ölkələrə də. Hamı da bilir. Bu əməliyyatlar hansı qanunla həyata keçirilir, maliyyə mənbəyi haradandır?».

2 MİN 500 MANAT CƏRİMƏ

Hüquqşünas Ələsgər Məmmədli son dəyişikliklərin Avropa İnsan Hüquqları Konvensiyasının assosiasiya azadlığı, birləşmə hüququyla bağlı 11-ci maddəsini alt-üst etdiyini deyir. Üstəlik, köklü məhdudlaşdırmadan söhbət gedir:
Ələsgər Məmmədli
Ələsgər Məmmədli

«Bağlanma hüququ, qanunsuz bağlanmalar adekvat olmayan cərimələr gətirir. İnzibati Xətalar Məcəlləsindən cərimələri çıxarmışam. 12 istiqamətdə ciddi cərimələr nəzərdə tutulur. Bu cərimələrin heç biri normal qanunvericilikdə QHT fəaliyyətinə tətbiq olunacaq formada deyil. Bir tərəfdən deyirik QHT fəaliyyəti sərbəst olmalıdır, digər tərəfdən qeydiyyatsız fəaliyyətə görə 2 min 500 manat cərimə kəsirik. Bir tərəfdən fiziki şəxslərin qrant alması qeydiyyatdan keçmir, o biri tərəfdən fiziki şəxsə qrant verən beynəlxalq təşkilat cərimələnir».

Ələsgər Məmmədli 2011-ci ildən QHT sektoruna səlib yürüşünün başlandığını söyləyir. Hüquqşünasın fikrincə, Azərbaycan 2004-cü il qanunvericilik sisteminə dönməlidir.

2011-ci ildə xarici QHT-lərin önünə bir sıra şərtlər qoyulub. Sonrakı illərdə üçüncü sektorun fəaliyyətini məhdudlaşdırmağa yönəlik tədbirləri yerli və beynəlxalq hüquq-müdafiə qurumları pisləyib. Hakimiyyətə əsas çağırışlardan biri QHT-lərin qeydiyyatının sadələşdirilməsidir.
XS
SM
MD
LG