Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:58

«Sovetski» etiraz [Video]


-


«Sovetski»ni kim sökür? Yerində kim, nə tikəcək?

Sakinlər nəyə etiraz edir? Verilən kompensasiyaya, yoxsa köhnə məhəllənin tarixdən silinəcəyinə?


«Sovetski» sakini Tahirə Rzayeva, hüquqşünas Emin Abbasov və ekspert Zöhrab İsmayıl bu haqda danışıblar.

«İSTƏDİYİMİZ MƏBLƏĞİ VERMƏSƏLƏR, ÇIXMAYACAĞIQ»

«Sovetski» sakini Tahirə Rzayeva verilən kompensasiyanın ədalətsiz olduğunu deyir:

«Vəziyyətimiz çox pisdir. Sakinlər kirayə saxlamaqla, kiçik bizneslə dolanırlar. Mən özüm çayxana işlədirəm. Çörəyim ordan çıxır. Hər kvadratmetrə 1500 manat kompensasiya ilə biz heç nə edə bilmərik. Evlərin qiyməti çox bahadır. Haradan ev alaq, harada iş tapaq. Oğlum, qızım alitəhsilli, işsiz. İstədiyimiz məbləği verməsələr çıxmayacağıq...».

«BU KÖÇÜRMƏNİ DÖVLƏT EHTİYACI HESAB ETMƏK OLMAZ»

Hüquqşünas Emin Abbasovun fikrincə, bu köçürülməni dövlət ehtiyaclı hesab etmək olmaz:

««Sovetski» ilə bağlı köçürmələrdə hüquqi bir qüsur var. Bakı şəhər İcra Hakimiyyətinin 12 dekabr 501 saylı sərəncamına əsasən, şəhərin bu hissəsinin abadlaşdırılması üçün əhalinin köçürülməsi nəzərdə tutulur. Ancaq «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanuna əsasən, dövlət əhəmiyyətli yolların, kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi hallarında torpaqlar dövlət ehtiyacları üçün alına bilər. Başqa bir tərəfdən xüsusi mülkiyyətin dövlət tərəfindən alınmasını Nazirlər Kabineti həyata keçirir, Bakı şəhər İcra Hakimiyyəti deyil. Bu baxımdan «Sovetski»dən əhalinin köçürülməsini dövlət ehtiyacları kateqoriyasına aid etmək olmaz...».

«Torpaqlar dövlət ehtiyacları üçün alınırsa belə, bu zaman qanunun tələbləri gözlənilməlidir. Vətəndaşın mülkiyyətində olan əmlakı da, torpağı da nəzərə alınmalıdır. Mülkiyyətindən məhrum olanlara ədalətli əvəz verilməlidir. Bazar qiyməti əsasında kompensasiya olmalıdır...».

«KÖÇÜRÜLMƏDƏN İNSANLAR İTİRMƏLİ DEYİL, QAZANMALIDIRLAR»

İqtisadçı Zöhrab İsmayıl ərazidəki bütün əmlaklara vahid yanaşmanı doğru hesab etmir:

«Ümumiyyətlə, böyük bir ərazidə qiyməti müxtəlif olan mülkiyyətlər var. Bu baxımdan mülklərə vahid yanaşma sual yaradır. İkinci bir tərəfdən, 1500 manatın da nə üçün nəzərdə tutulduğu da bilinmir. Ola bilsin ki, bu qiymətə də evlər olsun ərazidə. Ancaq daha bahalı obyektlər də var. İnsanlar köçürülərsə, sosial vəziyyətlərini yaxşılaşdırılmalıdır. Bu prosesdə onlar itirməli deyil, qazanmalıdırlar. Çünki onlar özləri təklif etmirlər əmlaklarını...».

«Elə evlər var ki, 20 kvadratdır, 4-5 nəfər bir yerdə yaşayırlar. İnsanların alternativləri olmalıdır. Birincisi onlara müvafiq, uyğun mənzillər təklif olunmalıdır. Qəbul etməzlərsə, pul kompensasiyası verilməlidir. Bu insanlar köçürülərkən həm də mənəvi zərər çəkirlər. İş yerləri, məktəbləri yaxınlıqdadırsa, çətinlik yaranır köçürülərkən. Həyatları, kommunikasiyaları dağılır. Onların sosial problemlərini həll etmək ehtiyacları yaranır. Bütün bunlar nəzərə alınmalıdır...».
XS
SM
MD
LG