Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:06

«Yeni İran prezidenti «ana dili» məsələsinə xoşniyyətli yanaşsaydı, həbslər olmazdı»


Vahid Qarabağlı
Vahid Qarabağlı
-
«İndi mövcud olan 6 min 700 dilin yalnız beş faizindən fəal istifadə edilir və fəal dillər yaxşı sənədləşdirilib».

Bu məlumatı ABŞ Milli Coğrafiya Cəmiyyəti (National Geographic Society) yayıb. Həmin cəmiyyətin 2010-cu ilə dayanan bilgilərinə görə, dünyada hər 14 gündə bir dil sıradan çıxır. Cəmiyyət, bu gedişlə, 2100-cü ilədək daha 3 min 500 dilin məhv olacağını proqnozlaşdırır. Problemi gündəlikdə saxlamaq üçün BMT-nin Elm və Təhsil Təşkilatı – UNESCO 1999-cu ildən bəri hər il fevralın 21-də Ana Dili Günü keçirir.
Bir dilin necə məhv olduğunu araşdıran alimlər iqtisadi amili ön plana çəkirlər. Deməli, bir dilin ölümü heç də həmişə həmin dildə danışanların say azlığından qaynaqlanmır. Bəzən say çoxluğu da o dilin üzünü güldürmür. Məsələn, İran Azərbaycanındakı kimi...

O, TƏHSİL NAZİRİNƏ MƏKTUB YAZARAQ ANA DİLİNDƏ OXUMAQ İSTƏDİYİNİ BİLDİRİB

...O, hələ orta məktəbdə oxuyarkən, dəfələrlə İranın xəfiyyə orqanlarına aparılmışdı. Niyə? 250 şagirdlə birgə ölkənin təhsil nazirinə məktub göndərdiyi və ana dilində təhsilə şərait yaradılmasını istədiyi üçün. Söhbət indi İrandakı Azərbaycanlı Siyasi Məhbusların Müdafiəsi Assosiasiyasının sözçüsü Vahid Qarabağlıdan gedir.
O, İran azərbaycanlılarının öz ana dilində təhsil ala bilməməsini daha çox siyasi məsələ sayır. Fikrini belə əsaslandırır ki, İran Konstitusiyasında bütün xalqların öz ana dilində təhsil alması təsbit olunsa da, siyasi hakimiyyət bunu heç cür yaxına buraxmır. Vahid Qarabağlı hazırda Kanadada mühacir həyatı yaşamasını da ana dili tələblərindən sonra İranda üzləşdiyi təzyiqlərə bağlayır.

Onun sözlərinə görə, ana dili uğrunda mübarizə aparan minlərlə azərbaycanlı həbs edilir, zindanlara salınır. O, bir gün əvvəl Şərqi Azərbaycan əyalətinin Əhər şəhərində Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbir keçirən 100-ə yaxın azərbaycanlı fəalın tutulmasını da buna misal göstərir:

- İranda sayı 30 milyona yaxın olan azərbaycanlılar öz ana dillərində yalnız evdə və küçədə danışa bilirlər. Azərbaycanlıların ana dilini işlətmə dairəsi belə dardır. Ana dilində təhsil almaq mümkün deyil. Bunun üçün İranda bircə məktəb də yoxdur. Azərbaycanlılar dövlət idarələrində də ana dilindən geniş istifadə edə bilmirlər. Farsca təhsil aldıqlarından 7 yaşında 1-ci sinfə gedən uşaqlar fars dilini öyrənməyə məcbur olurlar. Yaşlı azərbaycanlılar təhsil almadıqları üçün öz dillərində yazıb- oxumağı bacarmırlar. Beləcə, ölkədə baş verənlərdən xəbərsiz qalırlar. Bu yolla yeni nəsillər də farslaşdırılır, öz dilindən, öz mədəniyyətindən uzaqlaşdırılır.

- Vahid bəy, İranda müxtəlif xalqlar yaşayır. Onların hamısı eyni vəziyyətdədir?

- İranda yaşayan ermənilərdən başqa heç bir xalq ana dilində təhsil ala bilmir. Ölkə əhalisinin 30 milyona yaxınını təşkil edən azərbaycanlılar, sayı milyonlarca olan kürdlər, bəluclar, ərəblər, lorlar da ana dilində təhsildən məhrumdurlar. Amma İrandakı erməni azlığın öz dilində məktəbləri var. Onlar universitetlərdə də öz dillərində olan ədəbiyyatdan istifadə edirlər.

- Niyə İrandakı azərbaycanlılara və digər millətlərə öz ana dilində təhsil almağa şərait yaradılmır?

- Bir siyasətdir bu. Ölkə konstitusiyasının 15-ci maddəsində digər xalqların öz ana dilində təhsil alması təsbit olunub. Amma aparılan siyasət bunun tam əksinədir. İran hakimiyyəti hesab edir ki, ölkədəki xalqlara həmin hüquqlar verilsə, bu ölkənin parçalanmasını gətirib çıxara bilər.

- Fevralın 21-də Əhər şəhərində 100-ə yaxın azərbaycanlının həbs olunması barədə məlumat yayılıb. Belə məlumatlar nə dərəcədə doğrudur?

- Əlbəttə, doğrudur. Azərbaycanlılar Beynəlxalq Ana Dili Günü ilə bağlı bir evdə tədbir keçirərkən, polis və təhlükəsizlik qüvvələri həmin evə hücum çəkiblər. 100-ə yaxın fəal saxlanaraq polisə aparılıb. Onlardan 63 nəfərinin adı bizə məlumdur. Saxlananların arasında ana dili və digər milli-mədəni hüquqlar uğrunda apardıqları mübarizəyə görə dəfələrlə həbsə düşən Abbas Lisani, Əsgər Əkbərzadə, Rəhim Qulami, İbrahim Rəşidi də var. Hamısı Əhər şəhər polisindədirlər. Son məlumata görə, həbs olunanların ailə üzvləri onların azad olunması üçün polis bölməsinin qarşısına yığışıblar. Hələ ki, saxlananların səhhəti, saxlanma şəraiti ilə bağlı yaxınlarına heç bir məlumat verilmir.

- Təbrizdə məktəbə gedən şagird ana dilində ədəbiyyatdan istifadə edə bilir?

- Yox. Təbriz məktəblərində azərbaycanlı müəllim azərbaycanlı şagirdə fars dilində dərs keçir. Yəni iki azərbaycanlı bir-biri ilə öz ana dilində deyil, farsca danışır. Ola bilər, öz aralarında müəllimlə şagird Azərbaycan dilində danışsın, amma tədris fars dilindədir.

- İranın yeni prezidenti seçki kampaniyası dönəmində vəd vermişdi ki, bu məsələ həllini tapacaq. Bu istiqamətdə hansısa işlər görülür? İran hakimiyyəti ölkədə yaşayan xalqların öz ana dilində təhsil almasına meyllənir?

- Dedim ki, ölkə konstitusiyasında bu məsələ çoxdan var. Bunu özləri qəbul ediblər. İndiki prezident bu məsələni seçki kampaniyası vaxtı dilə gətirdi. Amma görünən odur ki, buna əməl olunmur, əksinə, ana dili ilə bağlı toplantı keçirənlər həbs edilir. İranın yeni prezidentinin bu məsələyə münasibəti xoşniyyətli olsaydı, belə həbslər olmazdı.

- Onda belə çıxır ki, vəd öz yerində, İran Konstitusiyası pozulur...

- Bəli. İran insan hüquqları ilə bağlı beynəlxalq sənədlərə də imza atıb. Amma buna əməl etmir. Çox acınacaqlıdır ki, qeyri-fars olanlar məktəbdə ərəbcəni, ingiliscəni öyrənir, amma öz ana dilini öyrənməyə imkan verilmir. İndiki dövrdə bu qəbuledilməz bir məsələdir.

- Siz İranda ana dili ilə bağlı aksiyalara qatılmısınız?

- Ərdəbildə orta məktəbdə oxuyarkən, ana dilində təhsil almaq üçün məktəbimizin 250 şagirdindən imza toplayıb İranın təhsil nazirinə göndərdim. Bundan sonra məni 3-4 dəfə milli təhlükəsizlik nazirliyinə çağırıb sorğu-suala tutdular. Məktəb direktoru, sonra təhsil naziri soruşdu ki, niyə belə bir addım atmısan. Dedilər, sənin etdiklərin pantürkizmdir. Məndə sual yarandı ki, nədən öz ana dilimizdə təhsil almayaq? Bildirdim ki, öz dilində təhsil almayan şagirdlərin universitetlərə qəbul olmaq və başqa ali rütbələrə qalxmaq şansları azalır. Bunun elmi araşdırmalarla üzə çıxarıldığını qeyd etdim. Bildirdim ki, biz də şagird olaraq bu suallara cavab tapmaq istəyirik. O vaxt yaşım az olduğu üçün həbs eləmədilər. Amma xəbərdarlıq etdilər ki, bu hal təkrarlansa həbs olunacaqsan. Bundan sonra mən ölkəni tərk etdim. İki il Türkiyədə yaşadım, indi 26 yaşım var. Hazırda Kanadada yaşayıram və burda təhsil alıram.
XS
SM
MD
LG