Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:39

Məhbus anası: «Bir ildir bizə yuxu iynəsi vurublar ki, susun, səsinizi çıxarmayın...»


təqsirləndirilənlərin valideynləri
təqsirləndirilənlərin valideynləri
-
Bu gün – fevralın 26-da İsmayıllı olaylarına görə ittiham edilənlərin valideynləri RİH binası önünə toplaşaraq, dövlət ittihamçısının övladlarına həbs cəzası istəməsinə etirazlarını bildiriblər.

Valideynləri icra hakimiyyəti başçısı Mirdaməd Sadıqov qəbul edib. Görüşə polis rəisi, prokuror, məhkəmənin hakimi və başqa rəsmilər də qatılıblar.

ACLIQ AKSİYASI XƏBƏRİ YALANLANIR

Fevralın 24-də keçirilən məhkəmə iclasında prokuror həmin hadisələrdə ittiham olunan 18 nəfərə 4 il 3 aydan 9 ilədək iş istəyib. Bəzi müttəhimlərə 5, 6 və 8 il həbs cəzası tələb edilib.

Ertəsi gün təqsirləndirilən şəxslərin ədalətli hökm tələbiylə aclıq aksiyasına başladığı xəbəri yayılıb. Bu barədə mediaya təqsirləndirilənlərin vəkili məlumat verib.

İcra hakimiyyətindəki görüşdən çıxan valideynlərin AzadlıqRadiosuna bildirdiyinə görə, onlar övladlarının aclıq aksiyasına dəstək üçün icra hakimiyyəti qarşısına toplaşıblar və dərhal icra hakimiyyətinə dəvət olunublar. Rəsmilər həbsxana rəhbərliyinə istinadla aclıq aksiyası barədə xəbəri yalanlayıblar.

«BU NECƏ TƏŞKİLATÇILIQDIR?»

Təqsirləndirilən Elşən İsmayıllının anası Pakizə xanım deyir ki, onlar övladlarının aclıq etmədiyinə əmin olmaq üçün övladları ilə görüş tələb ediblər. Pakizə İsmayıllı istənilən cəzanın ədalətsiz olduğunu deyir. Ana məhkəmə prosesinin birtərəfli aparıldığını, müdafiə tərəfinin vəsatətlərini prokurorun rədd etdiyini xatırladır. Elşənə 6 il yarım iş istənilib:

«Evində yatana da, küçədən keçənə də, tamaşaya yığılana da 6 il yarım istənilib. Bu necə ədalətli hökm olacaq? Həmin gecə yanğında olmayıb Elşən, 40 km uzaqda yaşayırıq. Ertəsi günü atamın, yəni babasının hüzrünə gedib. Atamın evi Axundov küçəsindədir, həmin küçədə ani görüntüsü var. Tutub basıblar ki, «təşkilatçısan, İlqar Məmmədov və Tofiq Yaqublu ilə birgə aksiya təşkil etmisən. Daş atıb icranı dağıtmısınız, camaatı təxribata çəkmisiniz». Belə şeylər olmayıb. 40 km uzaqda ailəsinin yanında olub uşaq, bu necə təşkilatçılıqdır?».

«DEYİBLƏR Kİ, MÜTLƏQ YATMALISAN»

Başqa bir təqsirləndirilən Səxavət Səmədova da 6 il yarım iş istənilib. Anası Dilşad xanım deyir ki, onlara hər şeyin yaxşı qurtaracağı vəd olunub. O, hadisə baş verən oteldə çalışan oğlunun otel əmlakını yanğından qurtarmaq istədiyini söyləyir:

«Uşaq gecə 12-yə işləmiş xəbəri eşidib gedib ora. Yanğının içindən bir televizor və divanı çıxarıb. Sonradan aparıb təhvil də verib. Deyib ki, heyfi gəldiyindən belə edib. Ancaq dedilər ki, «mütləq içəridə yatmalısan, bu əşyaları evə aparmısan». Oğlum da etiraf edir ki, evə aparmışam, ancaq gətirib qaytarmışam, yanırdı, otelin işçisiyəm mən».

«BUNLARI TUTURLAR, PREZİDENT DƏ ÖZÜNÜ YAXŞI GÖSTƏRMƏK ÜÇÜN ƏFV EDİR»

Görüşdə həbs olunanların il ərzində əfv fərmanıyla azadlığa çıxacağı da istisna olunmayıb. Ancaq Pakizə İsmayıllı buna şübhəylə yanaşır:

«Deməli, bunları tuturlar, prezident özünü yaxşı göstərməkdən ötrü sonra əfv edir. Heç buna da inanmıram. Bir ildir bizə yuxu iynəsi vurublar ki, «susun, səsinizi çıxarmayın», axırda da belə oldu».

Ötən il yanvarın 23 və 24-də İsmayıllıda icra başçısının istefası ilə nəticələnən iğtişaşlara görə 18 nəfər saxlanıb. Onlar ictimai asayişi pozmaq və hakimiyyət nümayəndələrinə qarşı zor işlətməkdə ittiham olunurlar. Həmin hadisələrdə «Çıraq» otelinin inzibatçısı və daha bir nəfərin yerli sakinləri təhqir etməsindən sonra bir qrup sakin oteli və onun həyətində olan maşınları yandırıb. Bundan sonra yerli camaatla təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib. Müdafiə tərəfi ittihamları rədd edir, həbslərin siyasi motivli olduğunu deyir.

Prokuror REAL-ın lideri İlqar Məmmədova 8, Müsavat başqanının müavini Tofiq Yaqubluya 7 il həbs cəzası istəyir.
XS
SM
MD
LG