Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:06

Rus qoşunları Azərbaycandan necə çıxarıldı?


Foto: Arxiv
Foto: Arxiv
-
İndi gözlər Krıma dikilib: Rusiya oraya əlavə qoşun yeridəcəkmi?

22 il öncə ilk postsovet ilini yaşayan Azərbaycanda da dillərdə əks mənada, amma bənzər sual dolaşırdı: rus qoşunları ölkədən çıxarılacaqmı?

Azərbaycanda lövbər salmış və tərkibində 4 motoatıcı, bir hava-desant diviziyasının və 5 hərbi aerodromu olan 4-cü ordunun Azərbaycanı tərk edəcəyinə inanmayanların sayı inananlardan heç də az deyildi. Düzdür, Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətə gəlməsi inamsızların sayını tədricən əridirdi...

«RUS ORDUSU ÇOX GÜCLÜ İDİ»

«Rus qoşunlarının ölkəni tərk etməsi tələbi xalq hərəkatı başlayandan, xüsusən 20 Yanvar hadisələrindən sonra daha tez-tez səslənirdi», - AXC hakimiyyəti dövründə baş nazirin müavini, eyni zamanda Azərbaycanın Rusiyadakı səfiri çalışan Hikmət Hacızadə deyir. O, sözlərinə bunu da əlavə edir ki, rus ordusu çox güclü idi və hər hansı əməliyyata başlasaydı, Azərbaycan bunun qabağında tab gətirməzdi...

Bəs onda Elçibəy hökuməti Rusiya qoşunlarını ölkədən necə çıxara bildi?

«HƏRBİ BAZALARIN SUYUNU, İŞIĞINI KƏSİRDİLƏR»

«Böyük səylərlə, düzgün addımlarla bunu yola verdik. Ancaq onu da qeyd eləmək lazım idi ki, o vaxt Rusiya dağılırdı. Yeltsin özü də nə edəcəyini bilmirdi. Burdakı hərbçilər çox əziyyət çəkirdilər. Burada əhalinin onlara münasibəti də çox neqativ idi. Hər bir əsgərə sataşır, əsgər ailəsinə söz atırdılar. Onlar da insandırlar, bunu görür və həmişə silahla gəzmirdilər.
Hikmət Hacızadə
Hikmət Hacızadə
Əhali silah anbarlarını yarır, «praporşik»lərə pul verib silah alırdılar. Hərbi bazaların suyunu, işığını kəsirdilər. Bu, Prezident Aparatından olan göstəriş deyildi. Ümumxalq ovqatı vardı ki, çıxın gedin, bəsdir», - Hikmət Hacızadə belə deyir.

Müsahibimiz xatırlayır ki, səfir təyinatını alanda ona verilən önəmli tapşırıqlardan biri də Rusiya rəsmilərini keçmiş sovet qoşunlarını Azərbaycandan çıxarmağa razı salmaq olub:

- Əsas işi burda Əbülfəz bəy (sabiq prezident - S.A.) elədi. Mən orda Rusiyanın Xarici İşlər Nazirliyi ilə, baş qərargahın nümayəndələri ilə danışıqlar aparırdım.

- Hansısa şərt irəli sürmüşdülər?

- Şərtlər vardı, əsasən, təsərrüfat xarakterli şərtlər idi. Məsələn, evlər kimə qalacaq, silah kimə qalacaq, zabit ailələri ölkəni təhlükəsiz tərk edə biləcəklərmi? Kimsə Azərbaycanda qalmaq istəsə, onun taleyi necə olacaq? Bu kimi şərtlər idi. Özləri də getmək istəyirdilər. Rusiya qoşunlarını çıxarmaq istəməsəydi, – məsələn, Putin olsaydı, çıxarmazdı – o vaxt Rusiya güclü olsaydı, asanlıqla çıxmazdı ölkədən, mütləq döyüş olardı.

«KEÇMİŞ SSRİ-DƏ RUS QOŞUNLARINI BİRİNCİ AZƏRBAYCAN ÇIXARDI»

Elçibəy hakimiyyətində baş nazir postunu tutmuş Pənah Hüseyn xatırladır ki, SSRİ dağılandan sonra birinci Azərbaycan rus qoşununu çıxardı:
Pənah Hüseyn
Pənah Hüseyn

«Həmin vaxt Rusiya istəyirdi ki, Azərbaycan rəhbərliyi ilə qoşununun burda qalmasını razılaşdıran müqavilə imzalasın. Amma Əbülfəz Elçibəy buna müqavimət göstərirdi, israr edirdi ki, qoşun ölkəni tərk etsin. O zaman başqa ölkə qoşununun ərazisində qalmasına razı olan dövlət bu ordunun kommunal təchizatını təmin etməli idi. Azərbaycan bu təminatı öhdəsinə götürmədi. Danışıqlar bir neçə ay çəkdi. Siyasi danışıqlardan başqa qeyri-siyasi yollara da əl atıldı ki, bunun üstündə dayanmaq istəmirəm».

Bu «qeyri-siyasi yolları» Hikmət Hacızadə açıqlayır. Deyir ki, silah-sursatın Azərbaycanda saxlanması üçün 4-cü ordunun rəhbərliyinə külli-miqdarda pul verilib.

«YELTSİN İSTƏYİRDİ Kİ...»

1992-93-cü illərdə Ali Sovetə rəhbərlik etmiş İsa Qəmbər deyir ki, Azərbaycan BMT-yə qəbul olunmuş müstəqil dövlət kimi davranaraq öz ölkəsinin ərazisində başqa ölkənin qoşununu istəmədi:

«Bu mövqe aydın şəkildə Rusiya hakimiyyəti dairələrinə təqdim olunmuşdu. Rusiya Azərbaycanın bu qanuni mövqeyindən xoşlanmasa da, buna getməyə məcbur oldu».

İsa Qəmbər
İsa Qəmbər
İsa Qəmbər onu da əlavə edir ki, həmin dövrdə Rusiya prezidenti Yeltsin ölkəsini beynəlxalq konvensiyalara hörmət edən müstəqil dövlət kimi tanıtmaq istəyirdi.

RUSİYA QOŞUNU YENİDƏN AZƏRBAYCANA QAYIDA BİLƏRMİ?

Hikmət Hacızadə: «Tarixdə hər şey ola bilər, Üçüncü Dünya müharibəsi də başlaya bilər. Ancaq bu çox çətin məsələdir. Məsələn, Ukrayna üzərində böyük müharibə başlasa, onda dünyanın hər yerindən Rusiyanın üzərinə basqın olacaq. Bu məqamda Rusiya Azərbaycana da girə bilər. Hər halda ölkəmizin şimalında böyük rus ordusu var».

Pənah Hüseyn: «Əslində o vaxt rus ordusunu çıxardığımız üçün bizi tənqid edənlər də vardı. Amma Ukrayna hadisələri göstərdi ki, vaxtilə rus qoşununun bircə bazasının da Azərbaycanda qalmasına razılıq versəydik, onlar hansısa məqamda ölkənin daxili işinə qarışa bilərdilər».

İsa Qəmbər: «Bunu mümkün saymıram, çünki Rusiya ilə bu sahədə əməkdaşlıq heç bir şəkildə mümkün deyil. Biz Müsavat Partiyası olaraq ölkənin Avro-atlantik inteqrasiyasında maraqlıyıq. Ölkənin və bölgənin təhlükəsizliyinin qorunmasını da məhz bu inteqrasiyada görürük. Ona görə də Rusiyanın Azərbaycana qayıdacağını mümkün saymıram».

Artıq Rusiyanın Azərbaycanda sonuncu hərbi obyekti də ləğv edilib.

Ötən ilədək Qəbələ Radiolokasiya Stansiyasını işlədən Rusiya bu hərbi bazanın istismarını Azərbaycana təhvil verib.
XS
SM
MD
LG