Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:16

“On bir gecə” – ağır mətləblər haqda yüngül roman


Mətanət Vahid
Mətanət Vahid
-

Rasim Qaracanın romanında bu dəyərli ideya bədii həllini daha yüksək səviyyədə tapmış olsaydı, onu Qarabağ mövzusunda yazılmış ən yaxşı roman hesab etmək olardı.

Hazırda isə biz sadəcə az-çox maraq doğuran həyat hekayələri oxumaqla kifayətlənmiş oluruq.



Mətanət Vahid bu məqaləsi ilə yazıçı Rasim Qaracanın “On bir gecə” romanının “Oxu zalı”nda başlanan müzakirəsinə qoşulur.


Mətanət Vahid


AĞIR MƏTLƏBLƏR HAQQINDA YÜNGÜL ROMAN


Rasim Qaracanın “On bir gecə” kitabının ikinci adı – “Savaş günlərində eşq hekayələri – Qarabağ Dekameronu” bir yandan Q.Markesin “Vəba günlərində eşq” romanına allüziya yaratsa da, digər tərəfdən Covanni Bokkaççionun “Dekameron”unu yada salır.

İtalyan intibahının ən gözəl nəsr nümunələrindən sayılan bu əsər hələ müasirlərinin belə, böyük marağına səbəb olmuşdu; ondan təsirlənərək yazılan əsərlər sırasında Franko Sakketinin “300 novella”sı, Salernolu Mazuççonun “Novellino”su və s. var.

Sonrakı dövrlərdə isə Con Kits, Şarl Pyerro, xüsusilə Uilyam Şekspir və başqaları bu süjetdən bəhrələnmişlər.

Yunan dilindən tərcüməsi “on gün” olan “Dekameron” müasir dövrdə də yazarların diqqətini cəlb etməkdədir. İngilis yazarı Fey Ueldon onun təsiri ilə 2007-ci ildə “SPA stilində Dekameron” romanını yazmışdır. Əsərin süjet xətti sadədir: orta əsrlərə aid ingilis qəsrindəki “Kasl-spa” mərkəzində yeni il ərəfəsində 10 gün ərzində dincələn imkanlı xanımlar darıxmamaq üçün maraqlı məşğuliyyət tapırlar: istirahət etdikləri müddətdə bir-birlərinə yalnız həqiqətləri olmaq şərtilə özlərinin sevgi hekayətlərini danışırlar. Bir neçə gün sonra artıq heç vaxt görüşməyəcək bu varlı-hallı xanımlar üçün bunu etmək çətin olmur. Hər biri xeyli fərqli hadisələri nəql etsə də, hekayələrin sonunda gəlinən nəticə eyni olur: kişilərə inanıb güvənməyə dəyməz.

Rasim Qaracanın “On bir gecə”si bu romana parodiyadır. Belə ki, macəralı sevgi romanlarının müəllifi xanım Ueldonun romanının əksinə olaraq, bu əsərdə düşmən mühasirəsində olan, balaca, qaranlıq komaya sığınmış, ömürlərinin bəlkə də son gecəsini yaşadığını bilən gənclər səmimi şəkildə öz eşq hekayələrini danışırlar. Hekayələrin adındakı “eşq” sözü nisbidir; kimi üçün bu, sadəcə ilk öpüşdür, kimi üçün ilk sevişmə, kimi üçünsə ürəyinə möhür vuran həqiqi sevgi.

Əsər Qarabağ mövzusunda olsa da, burada ənənəvi müharibə romanlarında alışdığımız döyüş səhnələrinin şahidi olmur, güllə səsləri eşitmirik, bu mətndə müharibənin nə səbəbini, nə də nəticəsini oxuyuruq, burada nə düşmənə nifrətin təlqini var, nə də özümüzə mərhəmətin.
Giovanni Boccaccio-nun "Dekameron"una illüstrasiya
Giovanni Boccaccio-nun "Dekameron"una illüstrasiya

Əsərin qayəsi başqadır: qəhrəmanların danışdığı bu hekayələr müharibəyə gedən insanın psixologiyasının açılmasına müəyyən dərəcədə xidmət edir. Bəlli olur ki, əsgərlərin bəziləri müharibəyə könüllü yollanıblar. (Məsələn, Ramizin hekayəsi bu sözlərlə bitir: “Bundan sonra həyatımın heç bir mənası qalmadı. Könüllü müharibəyə gəldim.” Yaxud Qaraşın hekayəsində olduğu kimi: “Cəbhəyə könüllü gəlmişəm. Yaşamağın mənimçün heç bir mənası yoxdur...” )

Bu könüllülüyün səbəbi isə sadədir: arxada onları həyata bağlayacaq bir şey qoyub gəlməyiblər. Əsərin əsas vurğusu onadır ki, ölümlə üz-üzə qalan insanların hər birinin içərisində etiraf etməyə ehtiyac duyduğu sadə, lakin ağır həqiqəti var.

Yeri gəlmişkən, kitabda “On bir gecə”dən başqa, 3 kiçik mətn də var. “Könülsüzlər” essesində müəllif “On bir gecə”də hekayətlər vasitəsilə – dolayı yolla təqdim etdiyini birbaşa deyir:

“Yəqin ki, bütün savaşlardan sonra mutsuzluq insanların ən böyük problemi olur. Alınan travmanın mənəvi boyutları fiziki boyutlarını üstələyir, ən böyük şikəstliyi post-savaş dönəminin insanları öz könül dünyalarında yaşayırlar. Yəqin ona görə ki, savaş dönəmində bütün könüllülər cəbhəyə yollanırlar, yerdə qalanlar isə yalnız könülsüzlər olur.”
Rasim Qaraca
Rasim Qaraca

Təbii ki, bu fikirlər ətraflı polemikaya yol açır; razılaşan da olar, razılaşmayan da. Amma müəllifin həqiqəti bundan ibarətdir və “On bir gecə” romanı da elə bu həqiqətin inikası kimi meydana çıxır. Lakin təəssüf ki, olduqca bəsit və primitiv şəkildə.

Həmin essedən başqa bir parça:

“İnsanlarımız könülsüzləşiblər. Bunun təkcə bir səbəbi var; yaxın Qarabağ savaşında bütün könüllülər cəbhəyə yollanıb və çoxu da həlak olub. Yerdə biz könülsüzlər qalmışıq. Artıq biz nə dostluq etməyi, nə də sevməyi bacarırıq. Qəlb dünyamızda səbəbini fəhm edə bilmədiyimiz bir boşluq yaranıb. Düşünə bilirsizmi, vətən borcu deyərək minlərlə insan özünü müharibə adlı ət maşınının içərisinə atır. Bu insanlar toplu şəkildə Bir Millətin könlüydü deyə bilərik. Bəlkə də buna görə bütün milli hədəflərimizdə bu qədər könülsüzük. Bizi əzən sistemə qarşı heç bir dirəncimiz yoxdur.”

Əslində, bu kiçik parçada müəllif ağır bir gerçəyi – bizim millət olaraq getdikcə daha çox mütiləşməyimizin səbəbini izah edir və haqsız da deyil.

“İndi bu könülsüzlər evlənib ailə qurur və dünyaya özləri kimi könülsüz uşaqlar gətirirlər. Buna görə həyatımız gündən-günə bu cür ağırlaşmaqdadır.” – “On bir gecə” kimi realist bir əsərin ən böyük həqiqəti bu essedə, bu kəlmələrdə ifadə olunub.

Düzünü desəm, hətta bu on hekayədən ibarət kiçik romanı bu essenin yazılması üçün bir bəhanə hesab edirəm. Bu cümlələr müharibə və müharibə adamları haqqında hər şeyi daha yaxşı ifadə edir, nəinki romandakı əksəriyyəti bayağı olan hekayələr.

Əsgərlərdən bəzilərinin danışdığı hekayələr xeyli maraqsız və mənasız olsa da, digərlərinin başına gələnlər ağrılıdır və oxuduqca düşünürsən ki, müharibə bu başıbəlalı insan üçün yaşadığı həyatdan əsl “xilas” yoludur. Bununla belə, “On bir gecə”də hekayələr, əhvalatlar var, ağrı, dərd, acı, şirin xatirələr var, amma bədii mətn yoxdur.

Bu əsər onun barəsində çox söz demək imkanı yaratmır, deyilməli olanı mətn özü “danışır”. Adətən, bədii mətn haqqında deyiləcək başqa söz tapmayanda dilinin sadə və axıcı olduğunu qabardırıq.

“On bir gecə”ni də birnəfəsə oxuyub qurtarmaq mümkündür. Lakin əsərin birnəfəsə oxunması heç də həmişə onun keyfiyyət göstəricisi deyil. Sadə və axıcı təhkiyəyə malik bu romanı belletristikanın yaxşı nümunələrinə aid etmək olar. Danışılan hekayələrdə ilk nəzərə çarpan cəhət hadisəçilikdir. Hekayələrin məzmunundan bəhs etməyi lazım bilmirəm. Belə ki, bu sentimental əhvalatlarda onu bədii mətnə çevirən fərqli, orijinal heç nəyə rast gəlmək mümkün deyil: adi, sadə, hər bir kişinin başına gələ biləcək əhvalatlardır. Əsər geniş oxucu auditoriyasının zövqünə hesablanıb: deyilməli olanı müəllif sona kimi deyib bitirir. Hətta yarımçıq qalmış onuncu hekayə də durumu “xilas edə” bilmir.
Rasim Qaracanın "On bir gecə" romanından parça (Oxu)
Yəqin ki, britaniyalı rok-musiqiçi Con Lennonun “Mind Games” mahnısındakı bu misranı xatırlayanlar var: “I want you to make love, not war”. Aforizmə çevrilmiş bu məşhur fikrin orijinalının müəllifi olan amerikalı ictimai tənqidçi və folklorçu Gerşon Leqman onu ilk dəfə universitetdə mühazirə deyərkən səsləndirib:

“Savaşmayın, sevişin.”

Bu ifadə insanları müharibə düşüncəsindən uzaqlaşdırıb, sevgiyə yaxınlaşdırır. Rasim Qaracanın “On bir gecə” romanı da bütün qüsur və məziyyətləri ilə birgə bu ideyanı ifadə etməyə yönəlib: müəllif savaşa “yox”, sevgiyə “hə” deyir.

Lakin bu dəyərli ideya bədii həllini daha yüksək səviyyədə tapmış olsaydı, bu əsəri Qarabağ mövzusunda yazılmış ən yaxşı roman hesab etmək olardı. Hazırda isə biz sadəcə az-çox maraq doğuran həyat hekayələri oxumaqla kifayətlənmiş oluruq.
XS
SM
MD
LG