Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:21

Günel Mövlud. Çeynənmiş mövzular


Günel Mövlud
Günel Mövlud
-

Özlərini elə aparırlar, guya o qədər inkişaf ediblər ki, belə söhbətlər onlar üçün çoox, çoox uzaqda qalıb.

Onlar artıq belə mövzularda yazılar oxumaqdan beziblər. Belə şeylər daha onlara maraqlı deyil. Yorulublar bu söhbətlərdən.

Yəni Seymur Baycan, Əli Əkbər, Elmir Mirzəyev on beş ildi yazır, deyir, yorulmur, amma bunlar iki-üç aya, iki-üç ilə hər şeyi başa düşüb, anlayıb, həqiqətə çatıb və yorulublar...




Günel Mövlud


ÇEYNƏNMİŞ MÖVZULAR


Biz niyə eyni şeylərdən yazırıq?

Bizim yazar çevrəsinin dinlə, mentalitetlə, xalqın vərdişləri, həyat tərzi ilə bağlı yazılarına adətən reaksiyalar belə olur: bezmədiniz eyni şeyləri yazmaqdan? Bu mövzular köhnəlib artıq. Çeynənmiş mövzulardan nə qədər yazmaq olar?

Belə reaksiya verənlərin bəzilərini virtual və ya şəxsən tanıyıram. Çoxu elə adamlardı ki, standart ailələrdən çıxıblar. Çevrələri orta statistik azərbaycanlılardan ibarət olub.

Oğlanlar proseslərə qoşulanda hələ də milli mentalitet, doqquz iqlim, muğam, bakirəlik söhbəti edən adamlar olub.

Qızlar qaşlarını almağa, oğlanlarla bir yerdə kafedə oturmağa çəkinən bacılar olub.

Mütaliələri elə də zəngin olmayıb. Bayırda iki-üç saat qalmaq üçün valideynləri ilə müharibə aparmalı olublar. Oğlanlar mitinqlərə çıxmaq, qızlar qaşlarını almaq uğrunda sözün əsl mənasında mübarizə aparmalı olublar.

Bu yöndə uğurlar əldə eləyiblər.

Çevrələrini dəyişiblər, müasir insanlarla oturub-durmağa başlayıblar, az-çox öz üzərlərində işləyiblər, oxuyublar (bəziləri heç oxumayıblar da), qaşlarını alıblar, geyimlərində, həyat tərzlərində dəyişikliklər ediblər. Ciddi söhbətlərdən xəbərdar olublar.

Bununla da işlərini bitmiş hesab edirlər. Özləri bir balaca düzəlib deyə, elə bilirlər hamı düzəlib. İndi bakirəlik söhbətinə lağ eləyən həmin oğlanlar, qaşları qalın, axşam saat 8-də evə getməyə məcbur olan qızlara lağ eləyən xanımlar elə bilirlər ki, belə şeylər kəskin surətdə azalıb. Hətta elə bilirlər, bu problemlər kökündən həll olunub.

Daha mentalitet, ağsaqqal-ağbirçək, ana-bacı, yaxşı oğlan, yaxşı oğlanın bacısı söhbətləri yoxdu. Hamı onlar kimi müasir, anlayışlı, mütaliəli adamlardı. Özlərini elə aparırlar ki, guya elə əvvəldən indiki kimi, müasir adamlarla oturub-durublar. Çevrələrində heç vaxt ana-bacı, yaxşı oğlan, mentalitet, ağsaqqal-ağbirçək söhbəti eləyən adamlar olmayıb. Onlar yaxın keçmişdəki dostlarından, çevrələrindən, həyat tərzlərindən utanırlar. Guya daha çevrələrində toy edəndə yengə aparan qızlar, bakirə olmayan qızla evlənməyi təhqir hesab edən oğlanlar qalmayıb. Daha belə adamlarla ünsiyyətdə olmurlar.

Özlərini elə aparırlar, guya o qədər inkişaf ediblər ki, belə söhbətlər onlar üçün çoox, çoox uzaqda qalıb. Onlar artıq belə mövzularda yazılar oxumaqdan beziblər. Belə şeylər daha onlara maraqlı deyil. Yorulublar bu söhbətlərdən. Yəni Seymur Baycan, Əli Əkbər, Elmir Mirzəyev on beş ildi yazır, deyir, yorulmur, amma bunlar iki-üç aya, iki-üç ilə hər şeyi başa düşüb, anlayıb, həqiqətə çatıb və yorulublar. Daha maraqlı deyil onlar üçün. Eqoistlikləri də o həddədi ki, elə bilirlər, bu qədər qələm adamı neçə ildi ona görə bu mövzulardan yazırdı ki, konkret bir-iki şəxs başa düşüb, düzəlsin. O şəxs də gerçəkləri başa düşəndən sonra, elə bilir ki, başqaları üçün daha yazılmamalıdı bu mövzular.

Halbuki, adama deyərlər, qardaş, bacı, özün dəyişdin, inkişaf elədinsə, lap əla. Qaşınızı aldınız, qoltuğunuzun altını təmizlədiniz, zərli paltarlarınızı zibilliyə atdınız – lap yaxşı. İndi də başqalarını, hələ dəyişməyənləri, hələ də həmin söhbətlərdə ilişib qalanları dəyişməyə çalışın.

Elə adamları görməzdən gəlməkdənsə, onlara yuxarıdan aşağı baxmaqdansa, öz inkişaf yolunuzu onlarla paylaşın. Oxuduqlarınızı, eşitdiklərinizi, anladıqlarınızı bölüşün.

Yoxsa ki, baxırsan, keçən il qaşı Seymur Baycanın saqqalından qalın olan qızlar, bu il özünə əl gəzdiriblər deyə, tənqidi yazıların altından: Uuuf, bəsdirin dəəə, bezmədiniiiiz bu çeynənmiş mövzularda yazmaqdan?! – yazırlar.
XS
SM
MD
LG