Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:17

Bir neçə otel QHT-lərə yer vermir


Foto: Arxiv
Foto: Arxiv
-
İlin əvvəlindən bəri bəzi QHT-lərin iri mehmanxanalarda tədbir keçirməsinə icazə verilməməsi vətəndaş cəmiyyətinə basqıların yeni dalğası kimi dəyərləndirilir. Artıq bir neçə QHT bənzər problemlə üzləşib.

«BOŞ YERİMİZ OLSA, DEYƏRİK...»

«Azad İqtisadiyyata Yardım» İctimai Birliyi yanvarın sonunda «Park Inn» otelinə üz tutaraq fevralın 8-9-da, 14-də və 27-də tədbir üçün yer sifariş edib. Müqavilə hazırlanarkən onlara bildirilib ki, dövlət qurumları zalların hamısını icarəyə götürdüyündən bütün tədbirlər ləğv olunub. QHT daha sonra «İctimai maliyyəyə effektiv nəzarət sistemi» layihəsi çərçivəsində jurnalist müsabiqəsinin mükafatlandırma mərasimini keçirmək üçün «Sapphire» otelinə müraciət edib. Müqavilə bağlanıb, pul ödənilib, amma...

Birliyin sədri Zöhrab İsmayılın sözlərinə görə, bu oteldən açıq şəkildə deyilib ki, onlara zəng olunub və tədbirin keçirilməməsi tapşırılıb. Bundan sonra ödəniş ləğv edilib. «Excelsior» oteli həmin tarixlərdə yerlərin dolu olduğunu bildirib. «Avropa» və «Qafqaz» otelləri isə dərhal imtina edib:

«Otellərdən «Hilton» və «Hyatt Regency»dən çox maraqlı cavab aldıq. Dedilər ki, «Boş yerimiz yoxdur və yaxın bir neçə ay ərzində boş yerimiz olsa, sizə deyərik». Görürük ki, bu arada tanınmış QHT-lərdən həmin yerlərdə tədbir keçirən olmayıb. O birilərdən tədbir keçirən varsa da, tərəflərdən biri dövlət qurumu olub».

«ISR Plaza»dan gələn cavab belə olub: «Sizə məlumat vermək istəyirik ki, binanın yanğından mühafizə sistemi köhnə olduğuna görə təcili təmir işlərinə başlamalıyıq və mart ayında keçiriləcək bütün tədbirləri ləğv etmişik».
Rəsul Cəfərov
Rəsul Cəfərov

«HAQQI ÇƏK»

Yer problemi yerli vətəndaş cəmiyyəti üçün yeni olmasa da, ilin əvvəlindən yenidən «qaynamağa» başlayıb. «Art For Democracy» yarışmasının mükafatlandırma mərasiminə də yer tapılmayıb. Hüquq müdafiəçisi Rəsul Cəfərov deyir ki, fevralda keçirilməli tədbir martın 8-də baş tutub. Sərgiyə qalereya tipli yer axtarıblar, ancaq 10-a yaxın qalereyadan «yox» cavabı alıblar. Səbəbinə gəlincə:

«Səbəbini mövzuya bağlayıblar (müsabiqənin adı belə olub – «Haqqı çək» – A.K.). Şəkillərə, fotolara, digər işlərə yer verməkdən çəkinirdilər. Fərdi qaydada işlərə böyük maraq göstərir, ancaq çörəkpulunu itirmək qorxusundan imtina edirdilər. Bu yerin özündə də bizdən xahiş ediblər ki, hara olduğu bilinməsin».

«ŞAM İŞIĞINA DA ETİRAZ GƏLİB»

Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin fevralda «ISR Plaza» otelində planlaşdırılan tədbiri də ləğv olunub. Mərkəzin rəhbəri Leyla Əliyevanın sözlərinə görə, tədbirə qatılmaqdan ötrü Bakıya xarici spikerlər gəlibmiş. Konfransa bir gün qalmış onlara deyilib ki, oteldə işıq problemi yaranıb:

«Dedim ki, bəlkə şam işığında keçirim tədbiri? Əvvəl heç nə demədilər, amma axşam mənə yazdılar ki, «şamlarla da çox qaranlıq olacaq, siz orada heç nə görə bilməyəcəksiniz»».

ISR Plaza
ISR Plaza
«BİR GÜN İŞLƏYİR, BİR GÜN YOX»

«ISR Plaza» otelinin ictimaiyyətlə əlaqələr meneceri Nuriyə Hüseynova problemin həqiqətən işıqdan qaynaqlandığını söyləyir:

– Bizdə elektrik şəbəkəsində problem vardı. Bəzi yerlərdə işləmirdi, hələ də işləmir. Qısaqapanma olmasından qorxuruq.

– Yəni hələ də təmir olunmayıb?

– Vallah, bir gün işləyir, bir gün işləmir. Ona görə konfranslara yer ayırmağa qorxuruq. İnsanların təhlükəsizlik məsələsi var, axı.

– Heç bir tədbir keçirilmir sizdə? Hökumətyönlü qurumların tədbirlərinə icazə verilməsinə dair fikirlər var...

– Yox, yox. Yenə deyirəm, işıq problemi vardı. Avadanlıq quraşdıran uşaqlar da gördülər ki, qısaqapanma oldu.

Zöhrab İsmayıl bir qrup fəal, müstəqil QHT-yə qadağanın yüksək səviyyələrdə verilən qərardan qaynaqlanmasını istisna etmir:

«Otelləri günahkar görmürük. Biz tutaq ki, «Sapphire»i məhkəməyə verə bilərik, lap uda da bilərik, cərimə ödəyərlər. Ancaq bununla heç nəyə nail olmayacağıq. Səbəbkar onlar deyil. Səbəbkar kənardadır, onlara təzyiq olunur».

Leyla Əliyeva
Leyla Əliyeva
EKSTREMİST QÜVVƏLƏR YETİŞDİRMƏK?

Leyla Əliyeva qurumun ötən il də bir neçə oteldən rədd cavabı aldığını deyir. Prezident seçkisindən əvvəl problem səngisə də, indi yenidən üzə çıxıb. Onun fikrincə, məqsəd – vətəndaş cəmiyyətinə nəzarətdir, ancaq bu, «pis tendensiyadır»– axı hakimiyyət ziyalı, dünyəvi, mötədil QHT-ləri radikallaşmağa sövq edir:

«Otellərə biz o qədər gəlir verirdik. Əlbəttə, onların maraqlarına uyğundur ki, biz tədbir keçirək. Bu nəzarəti hökumət həyata keçirir, normal cəmiyyətin olmasını istəmirlər. Deyirlər ki, «ya radikallaşın, ya da ekstremist olun». Məhdudlaşdıranda özləri ekstremist qüvvələr yetişdirmiş olurlar».

2011-ci ildən bəri QHT-lərlə bağlı qanunvericiliyə dəyişikliklər vətəndaş cəmiyyətinə təzyiq kimi dəyərləndirilib. AXCP-nin Bakının mərkəzindəki qərargahından çıxarılmasını, QHT-lərin otel problemini hakimiyyətin özəl mülkiyyət sahiblərini də siyasi təzyiq altında saxlamaq cəhdi sayanlar var. Yerli və beynəlxalq hüquq müdafiə qurumları dəfələrlə hakimiyyəti bütün siyasi opponentlər və tənqidçilərin ifadə, sərbəst toplaşma və birləşmə azadlıqlarını təmin etməyə çağırıb.
XS
SM
MD
LG