Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 10:14

Krımdan… Çəmənzəminlinin 30-a yaxın məqaləsi tapıldı


Yusif Vəzir Çəmənzəminli (1887-1943)
Yusif Vəzir Çəmənzəminli (1887-1943)
-
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Şəlalə Ana Hümmətli görkəmli Azərbaycan ədibi Yusif Vəzir Çəmənzəminlinin indiyədək naməlum olan 30-a yaxın məqaləsini tapıb.

Əlyazmalar İnstitutundan AzadlıqRadiosuna verilən xəbərə görə, məqalələr 1918-1920-ci illərdə Krımın Ağməscid (Simferopol) şəhərində nəşr olunan «Millət» qəzetində dərc edilibmiş.

Tədqiqatçının fikrincə, «Yusif Vəzirov», «Y.» imzaları ilə çap edilən məqalələr yazıçının ədəbi irsinin, Azərbaycan-Krım ədəbi əlaqələrinin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Xatırladaq ki, müstəqil Ukrayna Respublikası yaranandan sonra Azərbaycan Demokratik Cümhuriyyəti Yusif Vəziri Ukraynada diplomatik nümayəndə təyin etmişdi (Vikipediya)

Diplomatik nümayəndəliyin əsas məqsədi Azərbaycanı Rusiya ictimaiyyətinə tanıtmaq idi.

Nümayəndəlik müsamirələr təşkil edir, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti, ticarəti və iqtisadiyyatı haqqında məqalələr yazıb mətbuatda çap etdirirdi.

Yusif Vəzir həmin təşkilatda işlədiyi dövrdə «Azərbaycanın Muxtariyyatı» və «Biz kimik və istədiyimiz nədir?» kitablarını yazıb çap etdirir.

1918-ci ildə vətəndaş müharibəsi ilə əlaqədar Azərbaycanla rabitə kəsilir.

Yusif Vəzir vətəndə baş verən hadisələrdən heç bir informasiya almadığı üçün tutduğu vəzifəsini müavininə tapşırıb Simferopola gedir

Orada bir neçə ay ləngidiyi üçün ədliyyə direktorluğunda məsləhətçi işləyir. Krımdakı «Millət» qəzetində məqalələr çap etdirir. Litva tatarlarının tarixi ilə maraqlanaraq onların yaranması və vəziyyəti haqqında tədqiqat aparıb yazdığı «Litva tatarları» adlı kitabçasını da 1919-cu ildə Simferopolda (Ağ məscid) çap etdirir.

Tapılan yazılar həmin dövrlərdə «Millət» qəzetində dərc olunan məqalələrdir.
XS
SM
MD
LG