Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 16:46

Avropa ilə viza sadələşdirilməsi yayda qüvvəyə minə bilər


-
“Azərbaycanda islahatlar sahəsində tərəqqi bərabər olmayıb. Avropa Birliyi daha çox islahat görmək istəyir”. Bunu aprelin 2-də Avropa Birliyinin Azərbaycandakı səfiri xanım Malena Mard Azərbaycan üzrə Avropa Qonşuluq Siyasətinin Tərəqqi Hesabatının təqdimatında deyib.

Martın 27-də açıqlanan hesabatda bildirilirdi ki, 2013-cü il AB-Azərbaycan ikitərəfli münasibətlərində həlledici il olub.

Enerji sahəsində bəzi addımlar atılsa da, demokratik idarəçilik və insan haqları islahatları baxımından çox az irəliləyiş əldə olunub. Prezident seçkisinin təşkili narahatlıq yaradıb.

MALİYYƏ ALƏTİ

Malena Mard
Malena Mard
Malena Mard deyir ki, ötən ilin dekabrında Avropa Birliyi Avropa Qonşuluq alətini, siyasətin dəstəklənməsi üçün maliyyə alətini qəbul edib. “2014-2020-ci illər üçün 15.4 milyard dollar ayrılıb. Bu da AB-nin Qonşuluq Siyasətinə verdiyi önəmdən irəli gəlir”.

“Tərəqqi hesabatındakı tövsiyələr ötən ilkindən elə də fərqlənmir. Avropa Birliyi tövsiyələrinin yerinə yetirilmədiyi qənaəti yaranır. AB bu tövsiyələrin yerinə yetirilməsi üçün başqa hansı tədbirlərə əl ata bilər? Bu işdə maliyyə alətinin rolunu necə görürsünüz?” AzadlıqRadiosunun bu sualına cavabında Malena Mard tövsiyələrin eyni qalması fikrilə razılaşdığını bildirib:

“Əslində bir il böyük islahatlar üçün uzun zaman deyil. Öz tərəfimizdən Azərbaycanla bir çox sahələrdə əməkdaşlığı davam etdirəcəyik. Azərbaycanla əməkdaşlıqda 3 prioritet seçmişik – qanunun aliliyi, kənd yerlərinin və regionların inkişafı. Yeni sahə təhsildir. Bu prioritetlər 2014-2020-ci illəri əhatələyir”.

ASSOSİASİYA SAZİŞİ, VİZA SADƏLƏŞDİRİLMƏSİ VƏ READMİSSİYA

Səfirin sözlərinə görə, Azərbaycanla Assosiasiya Sazişi ətrafında danışıqlar davam edir.

“Bir çox fəsillər üzrə razılıq əldə olunub. Ümid edirik ki, bu il intensiv olacaq. Paralel olaraq müasirləşdirmə naminə strategiya da imzalanacaq. Ancaq əsas iş Assosiasiya Sazişi üzərində gedəcək”.

AB ümid edir ki, Azərbaycanla imzalanan viza sadələşdirməsi və readmissiya sazişləri bu yay qüvvəyə minəcək. Sazişlər ötən il Prezident İlham Əliyevin Brüsselə səfəri zamanı imzalanıb. Bu sazişlər hər bir vətəndaşın digər ölkələrə asan səfər etməsi baxımından vacibdir.

Viza rejiminin sadələşdirilməsi və Readmissiya Sazişlərinə dair AB-Azərbaycan danışıqları 2013-cü ilin martında yekunlaşıb. Viza sazişi noyabrda Vilnüs samitində imzalanıb. AB-Azərbaycan Mobil Tərəfdaşlığı dekabrın 5-də imzalanıb.

Tərəqqi hesabatında iqtisadiyyatın şaxələndirilməsi, “Rəqabət haqqında Qanun”un qəbulu, Ümumdünya Ticarət Təşkilatına üzvlüyə dair tövsiyələr var.

TAM İŞLƏNMƏYƏN POTENSİAL

“AB Azərbaycan üçün böyük ticarət tərəfdaşı və investordur. Ancaq potensial tam istifadə olunmayıb. Biz- AB olaraq Azərbaycanla islahatlar üzərində işləməyə hazırıq,” Malena Mard belə deyib.

O, yaxşı idarəçilik və demokratiya sahəsində çox az tərəqqi gördüklərini söyləyib. QHT qanunvericiliyinə dəyişikliklərlə bağlı AB narahatlığını bildirib. Belə ki, seçki qanunvericiliyinin ATƏT/DTİHB-nin tövsiyələrinə uyğunlaşdırılmasına çağırış var. Qarşıdan gələn bələdiyyə və parlament seçkilərinədək bu qanunvericilik səmərəli şəkildə icra olunsun.

“Avropa Birliyi öz tövsiyələrinin yerinə yetirilməsində iddialıdır. Bu, səmimi və açıq dialoqa əsaslanmalıdır”.

HÖKUMƏTİN XALQ QARŞISINDA MƏSULİYYƏTİ

Malena Mard AB-nin qətnamələrinə dair Azərbaycan hökuməti ilə intensiv iş aparıldığını bildirib. O, Azərbaycanda daha çox tərəqqi, tövsiyələrin yerinə yetirilməsini görmək istəyirik:

“Ancaq sonucda hökumət Azərbaycan xalqı qarşısında məsuliyyət daşıyır. Azərbaycan xalqı özü mülki cəmiyyət, demokratiyanın inkişafında fəal iştirak etməlidir”

Səfir deyib ki, hesabatda tövsiyələrdən biri də Azərbaycanda korrupsiyaya qarşı mübarizəyə dair milli proqramın həyata keçirilməsi ilə bağlıdır. AB səfiri hesabatda Azərbaycanda "ASAN xidmət"in uğurlu fəaliyyəti barədə qeyd olunduğunu da bildirib: "Qürur duyuruq ki, AB-nin "ASAN xidmət"in işində az da olsa payı var".

Malena Mard deyir ki, AB-nin siyasətini enerji, yaxud insan haqlarına bölmək olar:
“Siyasət vahiddir – Azərbaycanla münasibətləri inkişaf etdirmək. Enerji əməkdaşlığının inkişafını istəyirik. Ancaq insan haqları və idarəçilik sahəsində də tərəqqi görmək istəyirik. Ticarət və digər məsələlər də buraya aiddir. Münasibətləri ancaq bir sahədə qurmaq mümkün deyil. Şərq Tərəfdaşlığı Proqramı dəyərlərə əsaslanır”.

LİSSABONDAN VLADİVOSTOKA QƏDƏR

Dağlıq Qarabağ münaqişəsinə gəlincə, AB münaqişəyə dair danışıqlar aparan tərəf deyil. Ancaq AB Minsk qrupunu dəstəkləyir:

“Biz hamının qalib olacağı həll variantı istəyirik. Bu, Lissabondan-Vladivostoka qədər bir ərazini əhatələyir. Ancaq Qarabağ münaqişəsi ilə Krım, Dnestryanı münaqişələrini eyniləşdirmək olmaz. Hər bir münaqişənin öz formatı, özəlliyi var. Kompleks prosedurlara əməl etmək lazımdır. Krım münaqişəsinin regiona təsiri olacaq”.
Aprelin 1-də Avropa Komissiyası Şengen qaydalarının sadələşdirilməsi üçün təkliflərlə çıxış edib. Əsas məqsəd səyahətləri asanlaşdırmaqdır. Ancaq Malena Mard-ın sözlərinə görə, bu, öncə üzv ölkələrlə müzakirə olunmalıdır. Bu halda elə Azərbaycan vətəndaşları da AB-də daha uzun müddətə - 90 gündən bir ilə qədər qala biləcəklər. Ancaq Avropa Komissiyasının təklifini üzv dövlətlər hələ qəbul etməlidir.
XS
SM
MD
LG