Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:58

İlham Şaban: «Xaricdən gətirilən benzin Gəncədə Bakıdakından ucuz olmalıdır»


İlham Şaban
İlham Şaban
-
Azərbaycanda «Premium Euro -95» markalı benzin satışa çıxarılıb. Eyni zamanda AI-95 markalı benzinlə müqayisədə onun qiymətində 13 qəpik artım var - «Premium Euro -95» 93 qəpikdən satılır.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban AzadlıqRadiosuna benzin bazarında baş verənləri şərh edir.
Gözlə

No media source currently available

0:00 0:17:12 0:00
Direct-ə keçid
- İlham bəy, aprelin 4-də AI-95 markalı benzinin qiyməti 13 qəpik artıb. Sosial şəbəkələrdə «benzin qalxıb, millət yatıb», «mən maşınımı dəyişəcəyəm» və s. bu kimi reaksiyalar olub. Gözlənilən idimi bu artım?

- Bunun obyektiv səbəbləri var və qiymət artımı gözlənilən idi. Hələ iki ay əvvəl Dövlət Neft Şirkəti Azərbaycan hökuməti qarşında məsələ qaldırmışdı ki, yüksəkoktanlı (AI-95) benzinin istehsalını dayandırır. Azərbaycanda iki neftayırma zavodu olsa da, yalnız birində - Heydər Əliyev adına zavodda benzin istehsal olunur. Bu zavoddakı texnoloji xətlər yüksəkoktanlı avtomobil benzini istehsal etməyə imkan vermir. Orda istehsal olunan AI-95 əslində AI-92 markalı benzinə aşqarlar qatılmaqla əldə olunurdu. Bu, oktan dərəcəsi müəyyən müddət üçün artırılmış benzin idi. Yəni, bu, Avropada gördüyümüz AI-95 deyildi. Neft şirkəti daxili bazarın tələbatını ödəmək üçün bütün imkanlarını AI-92-nin istehsalına yönəldib... Bu baxımdan martın 31-də Nazirlər Kabineti qərara alıb ki, AI-95 və AI-98 benzinlərinin qiymətini dövlət tənzimləməsin. Beləliklə də həmin markalı benzinlərin qiymətləri sərbəstləşdirilib. İndi AI-95-in qiyməti 91 qəpiyə də düşə bilər, 95 qəpik də ola bilər. Hazırda 93 qəpiyə satılan benzin Rumıniyadan gətirilir. Rusiyadan da, Türkmənistandan da, daha başqa yerlərdən də gətirilə bilər. Bu baxımdan qiymətlər daim dəyişəcək. Xaricdən yanacağı gətirənlər Azərbaycan bazarına nə təklif edəcəksə, qiymət də elə olacaq.
- Onda belə çıxır ki, indiyə qədər Azərbaycanda satılan «AI-95» markalı benzin saxta olub?

Neft emalı zavodu
Neft emalı zavodu
- Dövlət Neft Şirkəti bunu heç özü də gizlətməyib. Bu marka qarışıqlar vasitəsi ilə, yəni süni yolla hazırlanırdı. Çünki Azərbaycanda benzin istehsal edən zavodlar texnoloji baxımdan bunu hazırlamaq gücündə deyil. Onu da deyim ki, Rusiyanı çıxmaq şərti ilə Türkmənistandan başqa Xəzəryanı ölkələrin heç birində müasir neft emalı zavodu yoxdur. Qazaxıstanda «Avro-4» standartı olan benzin istehsal edəcək zavod 2016-17-ci ildə hazır olacaq. İranda bu məsələdən, ümumiyyətlə, söhbət getmir. Azərbaycanda isə belə zavodun 2020-ci ildən sonra işə düşəcəyi gözlənir.
- Demək qiymət dəyişmələri yenə olacaq və 93 qəpik son qiymət deyil?

- Yox, başqa ölkələrdə yanacaqdoldurma məntəqələrində müxtəlif qiymətlərlə üzləşirik. Yavaş-yavaş bunu Azərbaycanda da görməyə başlayacağıq.
- Qiymətlər nə qədər bahalaşa bilər?

- Biz qiymətlərin qalxmasından danışırıq, amma heç kim ucuzlaşmadan danışmır. Bu, Azərbaycan bazarında ilk psixoloji məqam idi. İndi AI-95 benzininin Rumıniyadan dəmiryolu ilə gətirildiyi deyilir. Doğurdan da belədirsə, onda benzinin qiyməti Böyük Kəsikdə və Gəncədə Bakıdakından ucuz olmalıdır. Rusiyadan gətirilirsə, qiymət Şimal bölgəsində paytaxtdakından ucuz olmalıdır. Axı məsafə məsələsi var. Türkmənistandan gəlsə, onda benzin Bakıda regionlardan ucuz olmalıdır.
Foto: Arxiv
Foto: Arxiv

- Azərbaycanda belə bir şey mümkündürmü? Buna imkan veriləcəkmi?

- Ölkənin hər yerində qiymətlər eyni olacaqsa, onda buna «inhisar» və ya «karter sazişi» adını vermək olar. Hökumət deyirsə ki, artıq benzinin bu növünü tənzimlənən qiymətlər siyahısından çıxarıb, məsafənin uzunluğundan, müxtəlif bazarlardan alınmasından asılı olaraq qiymətlər də fərqli olmalıdır. Bundan başqa, yanacaqdoldurma məntəqələri, heç olmasa, 1 qəpik fərqlə olsa belə öz aralarında rəqabət aparmalıdırlar.
- Bəs AI-95 markalı benzinə Azərbaycanda tələbat nə qədərdir? İldə bu benzindən nə qədər idxal oluna bilər?

- Tələbat 7 faizdən artıq deyil, AI-98-ə tələbat isə hədsiz aşağıdır, demək olar ki, yoxdur. Statistika və Gömrük komitələrinin rəsmi məlumatlarına görə, 2013-cü ildə Azərbaycana cəmi 180 ton AI-98 markalı benzin gətirilib. AI-95-ə tələbat isə ildə 60-65 min tondur. Ümumi ölkə üzrə götürsək, AI-92-yə 70 faiz, dizelə 25 faiz, AI-95-ə isə 5 faiz tələbat var. Daxili bazarda ümumilikdə 1 milyon 300 min ton benzin satılır.
- Bəz indi xaricdən AI-95 markalı benzini kim gətirir?

Bildiyim odur ki, bunu Dövlət Neft Şirkəti gətirmir.
- «Azpetrol» şirkəti ola bilərmi?

- Ola bilər, çünki onların bu işi görmək üçün «Aztrans» şirkəti var. Mənə maraqlı olan odur ki, heç olmasa, Azərbaycan reallığında hansısa sahədə doğrudan da bazar elementi olaydı.
Neft sisternləri
Neft sisternləri
Yəni, Bakıdan müxtəlif istiqamətlərə gedəndə yanacaqdoldurma məntəqələrində qiymətin dəyişməsini müşahidə edəydik.
- Bəs Rumıniyadan benzin neçəyə alınır, bu, sizə məlumdurmu?

- Gürcüstan bazarında AI-95 1 manat 8 qəpikdir. Gürcüstandan keçib Azərbaycana gəlir, əslində, bizdə baha olmalıdır, amma Azərbaycanda benzin idxalına gömrük rüsumları 15 faizdən 0-a, aksiz dərəcələri isə 1 ton üçün 250 dollardan 100-150 dollara endirilib. Yəqin, bu, ilkin dövr üçün belə olacaq. Bu o demək deyil ki, Azərbaycan baha alıb ucuz satır, sadəcə, faiz dərəcələrindəki endirim hesabına belədir. Avropada yanacaqdoldurma məntəqələrində AI-95-in 1 litri 1.20-1.30 arasındadır. Avropada bunun çox hissəsi dövlətə vergi kimi ödənilir. Azərbaycana gəldikdə isə, birincisi, bu benzin Avropadakı neftayırma zavodlarından topdansatış qiymətə alınır. İkinci isə Azərbaycan vergi hissəsini az götürür. Bundan başqa, Azərbaycan Qazaxıstan və Türkmənistanın neft məhsullarını Batumi limanına daşıyır və bu zaman geri qayıtmalı olan boş vaqonlara Rumıniya benzini doldurulur. Bu da qiymətə təsir edən amildir. Azərbaycan əlavə xərc çəkmir, geri qayıdan qatar yüklə qayıdır.
- AI-95-in bahalaşması Azərbaycanda əhalinin nisbətən ucuz AI-92-yə keçməsi ilə nəticələnə bilərmi?

- Bu olsa, ancaq adamların avamlığından ola bilər. Bizdə AI-98 işlədən də gedib qiymət fərqinə görə AI-92 vuracaq... Nəticədə avtomobillərini sıradan çıxarmış olarlar. Mən Rusiya saytlarında oxuyuram, orda da belə bir meyl olub, nəticədə adamlara xeyli ziyan dəyib.
XS
SM
MD
LG