Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:30

"Bir günün içində ən çox oxunan yazara çevrildim”


Milorad Pavich
Milorad Pavich
-

Kitab tezliklə dünya üzrə bestsellerə çevrildi. Kitabın qadın və kişi üçün olan versiyalarını (bir-birindən cəmi bir abzas fərqlənir) sevgili cütlüklər bir-birinə hədiyyə edirdi...


Radif Kashapov


ÖLÜM YUXUYLA EYNİ SOYAD DAŞIYIR



Milorad Pavich Belqradda doğulub və elə orda da dünyasını dəyişib.


Bioqrafları onun ölüm günü kimi 2009-cu ili göstərsələr də, bu bənzərsiz yazıçı hələ də öz xəyallar aləmində yaşayır.

Heykəltaraş və fəlsəfə müəlliminin ailəsində doğulan Pavich tənqidçi və tərcüməçi kimi çalışıb, Zagreb Univerisitetində ədəbiyyat tarixi üzrə fəlsəfə elmləri doktoru olub, Paris, Vyana, Frayburq, Reqensburq və Belqrad universitetlərində müəllim işləyib.

Rus dilini gözəl bilirdi (məsəlçün, Puşkinin “Poltava” və “Yevgeniy Onegin”ini ruscadan çevirmişdi). Həmçinin alman, fransız, ingilis, qədim yunan dillərini də mükəmməl bilirdi.
"Qanun" nəşriyyatı
"Qanun" nəşriyyatı

Pavich ədəbi kariyerasına şeirlə başlayıb, onun ilk şeir toplusu 1967-ci ildə çap olunur və o uzun müddət heç bir uğur qazana bilmir. O bu haqda avtobioqrafiyasında yazırdı: “Mən uzun müddət öz ölkəmdə ən az oxunan yazar olmuşam, amma 1984-cü ildə bir günün içində ən çox oxunan yazara çevrildim”.

Həmin il onun “Xəzər sözlüyü” kitabı çapdan çıxır, üzərindən bir il keçməmiş, əsas surətləri kompyuterlər olan bu kitabı dünyanın “Yeni İliada”sı adlandırırlar.

Günümüzdə hiperteks artıq məlum və aydın bir şeydir. Yeni romanı internetə yerləşdirmək və dərhal sərbəst sayta çevirmək mümkündür (yeri gəlmişkən, Pavich-in romanının fəsillərindən biri “Yazı ləvazimatları üçün qutu” yalnız internetdə mövcuddur).

80-cı illərdə oxucunun ürəyi istədiyi kimi oxuya biləcəyi bu kitab (burada çox şey oxucunun yekunda anlayacağı sujetdən asılı idi) çoxları üçün yeni bir kəşf idi. Kitab tezliklə dünya üzrə bestsellerə çevrildi. Kitabın qadın və kişi üçün olan versiyalarını (bir-birindən cəmi bir abzas fərqlənir) sevgili cütlüklər bir-birinə hədiyyə edirdi.

“Mən həmişə ədəbiyyatı bitkin sənətdən, dövr edən sənətə çevirmək istəmişəm. Bunun üçün də mənim kitablarımın sözün əsl mənasında nə əvvəli, nə sonu var”, - deyə Pavich “Romanın əvvəli və sonu” məqaləsində yazırdı.

Onun əsərləri postmodernizm üçün əyani vəsaitdir: alluziya və semiotik izafilik, eklektika, hipertekstuallıq, əsərin formasını əsərin ideyasına çevirmək – hamısı postmodernizmin nişanələridir.

Yerli tənqidçilər onun hələ 1970-ci illərdə yazdığı erkən hekayələrini kompyuter oyunlarına bənzədərdilər: bir novellada qoyulan sualların cavabı, o biri novellada cavablandırılırdı.
Milorad Pavich
Milorad Pavich

Bunun ardınca isə ensiklopediya-roman, krossvord-roman, klepsidr-roman, soraq kitabçası-roman, Taro kartları əsasında yazılmış roman, cürbəcür ölkələrdən olan yazıçıların parodiyasından ibarət roman tipləri çap olunmağa başladı.

Oxucular isə zamanla bütün bunları normal qəbul etməyi öyrəndi. Sadəcə, qaydalara əməl et, analizdən keçir, hadisələri qavramağa çalış və müəllifin təkrarlamağı sevmədiyi daha nə kimi surprizlər hazırladığını gözlə.

Pavich “Xəzər sözlüyü” haqda yazırdı: “Bu kitabı heç də başdan-ayağa oxumaq lazım deyil, ancaq yarısını oxuya bilərsiniz, ya da kiçik bir parçasını oxuyub dayanmaq olar, belə oxu bizə lüğətləri xatırladır”.

Ədəbiyyatda formanın inqilabi dəyişikliyindən sonra Pavich-in ikinci böyük ehtirası miflər idi. O, serb ədəbiyyatı dərsliyi tərtib etmiş və bu zaman şifahi xalq ədəbiyyatına böyük diqqət vermişdi. Öz bədii kitabları üçünsə o, mənbələr uydurur, bir zamanlar mövcud olduğu ehtimal edilən dövrlərdən bəhs edirdi. Hər hadisəni bir neçə variantda yazırdı.

Pavich sonsuz məkanda və ixtiyari zamanda düşünürdü: onun dünyasında “həmişə” və “indi” daima kəsişir, o eyni zamanda həm nə vaxtsa mövcud olmuş xəzərlərdən, XVII əsr rahiblərindən və yaxın zamanlarda müasir Çarqradda yaşayan iki professorun qatillərindən bəhs edir.

Pavich-in mətnlərini ənənəvi məntiqlə anlamaq mümkün deyil, o mətnlərdə quşlar bir baxışla göydən yerə düşür, sükut içində saçlar çiçək açır, insan isə gəmi kompasına çevrilir: “...o öz oxu ətrafında fırlanırdı və dünyanın dörd bir yanını görə bilirdi, amma bu biçarənin nə yuxarını, nə də aşağını görmək imkanı varıydı, göy və yerdə baş verənlər onun üçün naməlum olaraq qalmışdı”.

Pavich-in əsərlərinin özünəməxsusluğu ondadır ki, orda hadisələrin heç də bir süjet ətrafında toplanması gərəkmir – sadəcə, yazılanları oxuyub gerçəkliyə uyğunlaşdırmaq lazım gəlir. Bu cəhətdən Pavich hekayə ustalığı, parodiyalar və çoxtərkibli romanlara görə ədəbi kaleydoskoplar müəllifi Kortasar və Borges-i xatırladır.

Kortasarda olduğu kimi, Pavich də əsas diqqətini süjetin gözlənilməz inkişafı üzərində toplayır, onun əsərlərində ətraf aləmin irrasionallığı insanın özündən doğur, beləliklə Kortasara xas şəkildə gündəlik həyat hekayələri faciəvi hadisələrə başlanğıc verir.
Borges
Borges

Borges-də olduğu kimi Pavich də əsərlərində xəyallara geniş yer verir və əfsanəvi məkanların sakinlərini və oradakı predmetləri əsər boyu səpələməyi sevirdi. Bu serb dahisini “Yaddaş möcüzəsi Funes” novellasının qəhrəmanının yerinə tam qoymaq olardı, çünki o bütün hiss etdiklərini yadda saxlamışdı.

Borges-in cinayətkarlar haqda hazırladığı “Ümumdünya alçaqlıq tarixi” toplusunu Pavich “sözlük”lərinin şəklinə salmaq olardı və əlbəttə Kortasarın “Toplu modeli” də Pavich-in dəst-xəttinə yaxın idi. Eynilə Pavich-inkilər kimi, o topluları da istənilən yerdən, istənilən qədər və istənilən ardıcıllıqla oxumaq mümkündür!

Diqqətli oxucu Pavich-in yaradıcılığı ilə Faulkner-in “Gurultu və qəzəb”i, Sternin “Tristram Şendi”si, Joyce-un “Uliss”i arasında paralellər apara bilər. Pavich dağınıq süjet xəttini oxucuları təəccübləndirmək üçün düşünən bir yazıçı deyildi, o, dünya ədəbiyyatının labüd inkişafına yön verməyə xidmət göstərmiş bir yazıçı idi.

Axı o ömrünün böyük bir hissəsini yad dillərdəki mətnlərin tədqiqinə sərf etmişdi. O deyirdi: “Hiss edirəm ki, kitablar əvvəl-axır hədiyyəlik əşya statusunu itirəcək. İnsanlar onarı oxuyub nə edəcəklərini anlamayacaqlar. Hələ oxumaqlarına da şübhə edirəm. Parisdə Sena çayının kənarında şüşədən tikilmiş Fransua Mitteran adına nəhəng kitabxana, get-gedə oxucularını itirir. Öz nəvəmə fikir verirəm, görürəm o kitabdansa videooyun, yaxud musiqi CD-si hədiyyə almağı sevir”.

Bütün bunlara baxmayaraq Pavich öz dövründə “book reader”lərin yayılmasını dəstəkləyən ilk yazarlardan idi (kağız kitablar üçün meşələrin qırılmasını istəmirdi), karandaşla və qələmlə yazsa da, mətnləri kompyuterdə yığırdı. Birlikdə bir neçə kitab yazdığı arvadı Yasmin Mixayloviçlə on-line oyunlar oynamağı sevirdi. Sonuncu romanı “Muşka. Sevgi haqda üç qısa qeyri-xətti roman” lap yaxın zamanlarda serb və rus dilində çap olunub.

Ömrünün son illərində Pavich top4top.ru saytında bloq yazırdı. Son dövrlər səksən yaşlı yazar “Serb ölülər kitabı” adlı əsəri üzərində işləyirdi.

Pavich son müsahibələrinin birində deyirdi: “Düşünürəm ki, ölüm bizim həyatımızın bitdiyi və başqa gələcəyə sahib olduğumuz andır”.

Son yazılarının birində isə yazırdı: “Ölüm yuxuyla eyni soyadı daşıyır, amma o soyad bizə məlum deyil”.

Çevirdi: Namiq Hüseynli
XS
SM
MD
LG