Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:47

M.Ə. Rəsulzadənin «Siyasi portret»i belə yazıldı


-
«Nə qədər eniş-yoxuşlu tale yaşasalar da, sonda M.Ə. Rəsulzadə və çiyindaşlarının başlıca istəyi gerçəkləşdi»

Bu sözləri Cümhuriyyət dövrünün tanınmış araşdırıcılarından tarix elmləri doktoru Aydın Balayev M. Ə. Rəsulzadənin 130 illiyinə həsr olunmuş yeni kitabının «Nəticə»sində yazıb.

O GÜN GƏLƏCƏK?!

Aydın Balayev Kərim Yaycılının vaxtilə Rəsulzadənin ölümü münasibətilə yazdığı şeirdəki istəyin gerçəkləşmədiyindən də üzüntüsünü ifadə edib. Kərim bəyin:
Sar köksünə Ankara, yurdumun zinyətini, Günü gəlincə istər, səndən əmanətini» - misralarını xatırladan Aydın Balayev o günün hələ gəlib çatmadığını və nə vaxtsa çatıb-çatmayacağının qeyri-müəyyənliyini də bildirib: «Ən kədərlisi odur ki, 1918-20 illərdə mövcud olan ADR-in davamçısı sayılan Azərbaycan Respublikasında bu cümhuriyyəti quranların birinin də (?!) məzarı yoxdur... Bəzilərinin heç məzarının yeri bilinmir, çünki onlar bolşevik cəlladlarının əliylə məhv edilib»

BAKI KİTAB KLUBU NƏŞR EDİB

«Mamed Əmin Rasulzade – 1884-1955 – Politiçeskiy portret»(Məhəmməd Əmin Rəsulzadə – 1884-1955 – Siyasi portret) adlanan bu kitabı Bakı Kitab Klubu çap edərək işıq üzünə çıxarıb.

Yeni nəşrdə M.Ə. Rəsulzadənin həyatının bütün dönəmləri – siyasi meydana atılışından Azərbaycanın müstəqilliyi uğrunda mühacirət şəraitində apardığı mübarizəsinədək böyük bir dövr əksini tapıb.

M. Ə. Rəsulzadəni XX əsr Azərbaycanının ən parlaq siyasi fiqurlarından adlandıran müəllif, onu dövlət yaratmaqla nəticələnmiş Azərbaycançılıq ideologiyasının banisi kimi səciyyələndirir.

ƏSAS DİQQƏT - 1917-20-Cİ İLLƏR

Kitabda M. Ə. Rəsulzadənin 1917-20-ci illərdəki fəaliyyəti əsas diqqət hədəfində saxlanır.
Müəllifin fikrincə, Azərbaycan türklərinin azadlıq mücadiləsinin rəhbəri olan Rəsulzadə təkcə milli hərəkatın strateji xəttini müəyyənləşdirməyib, müsəlman Şərqində ilk demokratik respublikanın – Azərbaycan Cümhuriyyətinin doğuluş və təkamülünə başçılıq edib.

YENİ SƏNƏDLƏR VAR

Müxtəlif ölkələrin arxivlərindən toplanan və xeyli hissəsindən ilk dəfə istifadə edilən tarixi sənədlərə dayanan Aydın Balayev M. Əmin bəyin mühacirətdəki fəaliyyətini bu yeni sənədlərin işığında təkrar dəyərləndirib.

CÜMHURİYYƏT ARAŞDIRICILARI BİR ARADA

Kitabın elmi redaktorları tarix elmləri doktoru M Quboqlo (Rusiya) və Paris Ali İctimai Tədqiqatlar Məktəbinin doktoru G. Mamulia, rəyçiləri Ege Universitetinin professoru A. Y. Akpınar (Türkiyə) və moskvalı alim S. İshakovdur (Rusiya).

MARAQLI FOTOLAR YER ALIB

«Siyasi portret»də M. Ə. Rəsulzadənin həyatının müxtəlif dövrlərində çəkilmiş maraqlı fotolar da yer alıb. M. Əmin bəyin Parisdə yaşadığı evin görüntüsü, dəfn fotoları, Ankaradakı Rəsulzadə liseyinin fotosu diqqət çəkir.

MÜSTƏQİL AZƏRBAYCAN GERÇƏYƏ ÇEVRİLDİ
«Siyasi portet»in sonluğunda Aydın Balayev Rəsulzadə kimi parlaq şəxsiyyətə həsr etdiyi kitabı minor notlarla tamamlamaq istəmədiyini dilə gətirib: «Nə qədər eniş-yoxuşlu tale yaşasalar da, M.Ə. Rəsulzadə və çiyindaşlarının başlıca istəyi gerçəkləşdi. Uğrunda çarpışdıqları, min cür əzabdan keçdikləri, həm qələbə sevinci, həm də məğlubiyyət acısı daddıqları müstəqil Azərbaycan gerçəyə çevrildi!... Çağdaş dünyanın siyasi xəritəsində müstəqil Azərbaycan Respublikasının danılmaz yeri var».

«SƏN, MƏLƏKLƏRİN GÜLÜŞÜNDƏN, AHULARIN DURUŞUNDAN YARANDIN!»—ƏHMƏD CAVAD

Aydın Balayevin fikrincə, ən dahi heykəltəraş belə Rəsulzadənin yaratdığının yanında aciz qala bilər: «Hətta ən görkəmli heykəltəraş da, çətin ki, nə vaxtsa və haradasa ADR liderlərinə müstəqil Azərbaycan dövlətindən və onun üçrəngli bayrağından - çağdaş milli Azərbaycan dövlətinin banisi M. Ə. Rəsulzadənin ucaltdığı bayraqdan daha möhtəşəm bir abidə ucalda bilsin».

BÖYÜK YUBİLEYƏ İKİ KİTAB - TƏŞƏKKÜRLƏR, AYDIN BƏY!

Ötən ilin sonlarında Aydın Balayevin M. Ə. Rəsulzadənin 130 illiyinə həsr olunmuş daha bir kitabı – «Мамед Эмин Расулзаде. Период эмиграции (1922-1943). На чужих берегах. (Məhəmməd Əmin Rəsulzadə. Mühacirət dövrü (1922-1943) Yad sahillərdə») Rusiyanın «Maska» nəşriyyatında çapdan çıxmışdı.
XS
SM
MD
LG