Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:34

Freedom House: "Azərbaycanda repressiv media mühiti daha da pisləşib"


«Media Azadlığı 2014»
«Media Azadlığı 2014»
-

«Freedom House» təşkilatının media azadlığına dair son hesabatında deyilir ki, Avrasiya ölkələri bu sahədə bütün dünyad ən aşağı reytinqə malikdir və bu ərazidə heç bir ölkə «azad» kateqoriyasına daxil edilməyib.

ABŞ-da mənzillənmiş bu təşkilat mayın 1-də «Media Azadlığı 2014: «Media azadlığı son on ilin ən aşağı həddinə çatıb»» adlı illik hesabatını açıqlayıb. Bu hesabatda 197 ölkə mediasının 2013-cü ildəki durumu əksini tapıb.

Hesabata görə, Rusiyada vəziyyət bərbad olaraq qalır. Bu ölkədə «RIA Novosti» xəbər agentliyi bağlanıb və hökumət internet üzərinə əlavə hüquqi məhdudiyyətlər qoyub.

Sənəddə deyilir ki, Rusiya yerli mediaya nəzarəti daha da gücləndirib, eyni zamanda dəfələrlə bloqosferin və xarici xəbər mənbələrinin sıxışdırılmasına cəhd göstərib.

Ukrayna da 2013-cü ilin «azad olmayan ölkə»ləri sırasında yer alıb. Bu zaman Avromeydan olaylarını işıqlandıran jurnalistlərə hücumlar əsas götürülüb.
Freedom house
Freedom house


«Media azadlığı - 2014» layihəsinin direktoru Karin Karlekar-ın sözlərinə görə, Ukraynada fiziki zorakılıq halları və əsas siyasi hadisələri işıqlandıran jurnalistlərə hücumlar kəskin çoxalıb.

Belarus, Türkmənistan, Özbəkistan və İran mətbuat azadlığına görə dünyanın ən pis 8 ölkəsi sırasında qalır.

Karlekar həmin ölkələrdə media mühitinin çox əlverişsiz olduğuna diqqət çəkir: «burada müstəqil səslər dövlət repressiyaları və təqibləri ilə batırılır».

O, Mərkəzi Asiyanın başqa yerlərində də media mühitinin bərbad durumda olduğunu bildirir.

Hesabatda «azad olmayan» kateqoriyasına düşsə də, Qırğızıstanda baş verən müsbət dəyişikliklər təqdir edilir.

Karlekar-ın sözlərinə görə, 2013-cü il boyunca Qırğızıstanda fiziki hücum və məhdudlaşdırıcı qanunlardan mətbuat əleyhinə istifadə halları azalıb.

Azərbaycan mediasının da durumu hesabatda əksini tapıb. Sənəddə deyilir ki, bu ölkədə hökumət jurnalist və bloggerlərin internet fəaliyyətini və telefon danışıqlarını güdür və bunu get-gedə artırır. Nəticədə onsuz da mövcud repressiv media mühiti daha da pisləşir.

MEDİA AZADLIĞININ YÜKSƏK SƏVİYYƏSİNƏ GÖRƏ FƏRQLƏNƏNLƏR...

Hesabatda Azərbaycanda internet azadlığını məhdudlaşdıran tədbirlərin də həyata keçirildiyi bildirilir.

«Freedom House» qonşu Gürcüstanda kabel operatorlarından bütün telekanalları yaymağı tələb edən qanunvericiliyin qəbuluna müsbət meyl kimi diqqət çəkir.
Təşkilat Avrasiyada «qismən azad» kateqoriyasına yalnız Gürcüstan və Moldovanı daxil edib və dünyada media azadlığının yüksək səviyyəsinə görə Avropanı fərqləndirib.

Bununla belə, sənəddə bir sıra Avropa ölkələrində baş vermiş geriləmələr də diqqətə yetirilir.

Məsələn, rəsmilərin mediaya düşmən münasibəti və hücumları ucbatından Çernoqoriyada vəziyyət pisləşib. Burada cəzasızlıq mühiti yaranıb, jurnalistlər və xəbər qurumları bomba hücumlarına məruz qalırlar.

Münaqişə şəraitində olan Əfqanıstan və İraqda əsas çətinlik güvənliyin olmamasından və jurnalistlərin fiziki hədələnməsindən qaynaqlanır. Bu ölkələrdə 2013-cü ildə baş vermiş jurnalist qətllərinə də diqqət çəkilir.

KARİN KARLEKAR: «AZƏRBAYCAN... YANLIŞ İSTİQAMƏTDƏ HƏRƏKƏT EDİR»

«Mətbuat azadlığı – 2014» layihəsinin direktoru Karin Karlekar AzadlıqRadiosuna müsahibəsində də sözügedən hesabata dayanaraq, Avrasiya məkanına daxil postsovet ölkələrində medianın durumunu dəyərləndirib. Aprelin 29-da gerçəkləşdirilən həmin müsahibədən bəzi məqamları diqqətinizə yetiririk.

RUSİYA BARƏDƏ

«Yayım mediasının əksəriyyəti dövlət nəzarətindədir və bunu özəl çap mediası haqqında da demək mümkündür.

​Beləcə, internet Rusiyada ifadə azadlığının yeganə məkanı olaraq qalır. Ötən il internet materiallarına görə məhkəməyə yol açan qanunvericiliyin qəbulu internetə nəzarət məqsədi güdür».

UKRAYNA BARƏDƏ


«2013-cü ilin sonlarında – Avromeydan hərəkatı və etirazlar başlananda bu hadisələri işıqlandıran jurnalistlərə hücumların şahidi olduq. Beləcə, fiziki zorakılıq halları və Ukraynada baş verən əsas siyasi hadisələri işıqlandırmaq istəyən jurnalistlərə hücumlar artdı».

BELARUS, İRAN, TÜRKMƏNİSTAN VƏ ÖZBƏKİSTAN BARƏDƏ

«Belarus, İran, Türkmənistan və Özbəkistan ən pis səkkiz ölkə sırasındadır... Bu ölkələrin hamısında media mühiti son dərəcə məhdudlaşdırılıb. Bu ölkələrdə heç bir özəl media qurumu yoxdur. İnternet mediasının təsir gücü də çox azdır. Hətta internet üçün də məhdud mühit var. Burada hər hansı müstəqil səs dövlət repressiyaları və təqiblərlə batırılır».

MƏRKƏZİ ASİYA BARƏDƏ

«Ümumiyyətlə, Mərkəzi Asiyada vəziyyət son dərəcə ümidsizdir. Biz buradakı beş ölkədən ikisini – Türkmənistan və Özbəkistanı «pislərin pisi» kateqoriyasına daxil etmişik. Qazaxıstan və Tacikistanın da göstəriciləri çox pisdir. Bu ölkələrin hamısında media mühiti, deyərdim ki, güclü şəkildə məhdudlaşdırılıb və bu mühit getdikcə pisləşir. Bu yaxınlarda Qazaxıstanda qanundan istifadə və cinayət məcəlləsinin dəyişdirilməsi cəhdləri çoxalıb».

QIRĞIZISTAN BARƏDƏ

«Qırğızıstan, doğrudan da Mərkəzi Asiyanın parlaq nöqtəsidir. Bu ölkə «azad olmayan ölkələr» kateqoriyasına daxildir, amma onun kəmiyyət göstəriciləri başqalarından yaxşıdır. Üstəlik, bu il də Qırğızıstanda bəzi müsbət meyl və inkişafı görürük. Əslində, burada mənfi meyllər azalmaqdadır. Söhbət fiziki hücum və məhdudlaşdırıcı qanunların sayca azalmasından gedir».

QAFQAZ BARƏDƏ


«Azərbaycan çox pis qiymətləndirilib. Bu ölkə yanlış istiqamətdə, mən deyərdim ki, əsasən, internetdə olub-qalan az-çox müstəqil səslərin də boğulması istiqamətində hərəkət edir.

Şərait Ermənistandakından bir azca yaxşıdır. Gürcüstanda müəyyən yaxşılaşma müşahidə etmişik. Bəzi müsbət meyllər ona görə yaranıb ki, ötən il müxtəlif kabel xidməti provayder və yayımçılarının müxtəlif məzmunlu işinə yol açan qanunvericilik qəbul olunub.

iz Gürcüstanda jurnalistlərə hücumların azaldığını da müşahidə edirik. Bu, ona görə önəmlidir ki, ötən il ölkədə seçkilər keçirilib».

MOLDOVA BARƏDƏ

«Son bir neçə ildə yayım mühitinin genişlənməsini, çox sayda televiziya və radio stansiyaları açılmasını, ölkədə media müxtəlifliyinin yaxşılaşmasını görmüşük. Daha az məhdudiyyətli mühitin oturuşması üçün bir sıra qanunlara düzəlişlərin də şahidi olmuşuq. Hakimiyyət tənqidə daha çox dözümlülük göstərir. Beləcə, daha çox informasiya axınına imkan yaranır».
XS
SM
MD
LG